Bakıda Mədəniyyətlərarası dialoqun inkişafında medianın rolu mövzusunda beynəlxalq seminar keçirilmişdir

 

 Avqustun 28-də Bakıda TÜRKSOY, İSESKO və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə "Mədəniyyətlərarası dialoqun inkişafında medianın rolu" mövzusunda beynəlxalq seminar keçirilmişdir.

Seminarda Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistan kütləvi informasiya vasitələrinin, həmçinin TÜRKSOY-unİSESKO-nun nümayəndələri iştirak etmişlər.

Seminarı açan TÜRKSOY-un Azərbaycan üzrə təmsilçisi Elçin Qafarlı tədbirin əhəmiyyətindən danışmış, onun Azərbaycanda keçirilməsinin heç də təsadüf olmadığını qeyd etmişdir. Gələn il TÜRKSOY-un 20 illik yubileyinin qeyd olunacağını vurğulayan E.Qafarlı ulu öndər Heydər Əliyevin xeyir-duası ilə yaradılmış bu qurumun bir çox beynəlxalq layihələrə imza atdığını bildirmişdir. Qeyd olunmuşdur ki, uğurlu fəaliyyətlərlə dolu bu 20 il türkdilli xalqların mədəni həyatının canlanması baxımından qızıl illər kimi qiymətləndirilir. Milli mədəniyyətin və ənənəvi dəyərlərin əhəmiyyət qazandığı son dövrdə TÜRKSOY çoxtərəfli mədəni əməkdaşlıq istiqamətində mühüm işlər görmüşdür.

Mədəniyyətlərarası dialoqun gücləndirilməsində medianın rolunun əvəzedilməz olduğunu deyən E.Qafarlı bildirmişdir: "Türk mədəniyyətini dünyaya təqdim edən jurnalistlərə üç ildir ki, "TÜRKSOY-un mətbuat mükafatı" təqdim edilir. Diqqətə çatdırılmışdır ki, mədəniyyətlərarası dialoqun gücləndirilməsində KİV-lərin iştirakının daha da artırılması və rolunun inkişafı istiqamətində beynəlxalq mədəni təşkilatların diqqət və dəstəyi davam etdirilməlidir.

Seminarda İSESKO-nun baş katibinin müavini Muhtar Ahmedin adından təşkilatın müraciəti oxunmuşdur.

Mədəniyyət və Turizm Nazirliyi beynəlxalq əlaqələr şöbəsinin müdiri Vasif Eyvazzadə Azərbaycan mədəniyyətinin təbliğində bir çox  işlərin görüldüyünü bildirmiş, mədəniyyətlərarası dialoqun  çox vacib bir məsələ olduğunu qeyd etmişdir. Bildirmişdir ki, bu, artıq qlobal bir prosesə çevrilmiş və Azərbaycan bu prosesin əsas tərəfdaşıdır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva tərəfindən irəli sürülən təşəbbüslər mədəniyyətlərarası dialoqun inkişafında böyük əks-sədaya səbəb olmuşdur. O, qeyd etmişdir ki, mədəniyyətlərarası dialoqun inkişafında mediadan çox şey asılıdır.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirmişdir ki, hazırda mədəniyyətlərarası dialoqun sağlam məcrada inkişaf etdirilməsi məsələsi olduqca aktualdır. Bəşəriyyətin indiyə qədər keçib gəldiyi yol sübut edir ki, mədəniyyətlərarası dialoq olmadan dünya yalnız fəlakətlərə sürüklənə bilər.

V.Səfərli bildirmişdir ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi və bilavasitə təşkilatçılığı ilə ölkəmizdə reallaşdırılan nüfuzlu beynəlxalq mədəniyyət tədbirləri respublikamızı dünyanın mədəni həyatının mərkəzinə çevirmişdir. Qeyd edilmişdir ki, müasir mədəniyyətlərarası dialoqun təşviqində jurnalist peşəkarlığının da rolu böyükdür. Belə ki, bu gün dünyada baş verən real hadisələr və bu hadisələrin kütləvi informasiya vasitələrində əksi jurnalistin mövqeyindən və ya konkret siyasi sifarişdən asılıdır. Hər bir jurnalist ictimai fikirdə hər hansı mənfi obrazın yaradılmasının nə ilə nəticələndiyini çox yaxşı dərk etməlidir. 

Milli Məclisin deputatı Qənirə Paşayeva mədəniyyətlərarası dialoqun inkişafında medianın rolundan danışaraq demişdir: "Mədəniyyətlərarası dialoqla bağlı gərginlik getdikcə artır. Burada media ən böyük gücdür. Media istərsə, bu gərginliyi azaldarbu sahədə ciddi inkişafa nail ola bilər".

Q.Paşayeva medianı bu istiqamətdə maarifləndirməyə diqqət yetirməyə və obyektiv aparmağa çağırmışdır.

Sonra "Qərbə doğru axan çay" sənədli filminin təqdimatı olmuşdur. 

Seminarda çıxış edən Türkiyənin Baxçaşəhər Universitetinin Mədəniyyət Araşdırma Mərkəzinin direktoru Agah Karlıağa tədbirin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, mədəniyyət uzun bir müddətin və zəngin bir təcrübənin məhsuludur. Mədəniyyətin formalaşmasında medianın üzərinə böyük vəzifə düşür. Cəmiyyətə sağlam məlumatın çatdırılmasında və ondan uyğun, əlverişli şəkildə istifadəsində medianın rolu vacibdir.

Tədbirdə çıxış edən Qırğızıstan "AKİ-Press"in redaktoru Yıldız Orospakova, Tacikistanın "Axşam" qəzetinin sayt redaktoru Nəzərəli Pirnəzərov, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, Özbəkistanın "CA-news" Orta Asiya xəbər xidmətinin nümayəndəsi Ümidə Maniyazova, türkiyəli prodüserrejissor Çingiz Göktaş mədəniyyətlərarası dialoqun inkişafında medianın üzərinə düşən vəzifələrdən danışmış və bu istiqamətdə türkdilli media nümayəndələrini həmrəyliyə çağırmışlar.

Seminar müzakirələrlə davam etdirilmişdir.

Sonda seminar iştirakçıları adından tövsiyə xarakterli sənəd qəbul olunmuşdur.

Qeyd edək ki, beynəlxalq seminar üç gün davam edəcəkdir. Seminar iştirakçılarının Azərbaycan Dövlət Teleqraf Agentliyində, Türkdilli Ölkələrin Parlament Assambleyasında, Mədəniyyət və Turizm Nazirliyində, Azərbaycan Mətbuat Şurasında görüşləri nəzərdə tutulmuşdur.

 

 

  Azərbaycan.- 2012.- 29 avqust.- S. 5.