Gəncə
ölməz şairin yubileyinə
hazırdır
Nizami Gəncəvi - 870
Bu günlərdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illiyinə hazırlığın vəziyyəti şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə geniş müzakirə edilmişdir. Tədbiri açan şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev "Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyinin keçirilməsi haqqında" dövlət başçısı İlham Əliyevin 2011-ci il 23 dekabr tarixli sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar görülən işlər barədə ətraflı məlumat verdi və qarşıda duran vəzifələrdən danışdı.
Yubileyə hazırlıqla əlaqədar olaraq neçə vaxtdır ki, şəhərdə mütəxəssislərdən ibarət ictimai komissiya fəaliyyət göstərir. Toplantıda komissiyanın sədri, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Fuad Əliyevin hesabatı dinlənildi. Qeyd olundu ki, Prezidentin müvafiq sərəncamından sonra şairin vətənində genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilmiş, ulu şairin zəngin ədəbi irsinin təbliği sahəsində çox mühüm tədbirlər görülmüşdür.
Gəncə Regional Elm Mərkəzinin nəzdində Nizami irsini öyrənən elmi-tədqiqat institutu fəaliyyətə başlamış, altı şöbədən ibarət Nizami Mərkəzi yaradılmışdır. Yubileyin tədbirlər planına uyğun olaraq professor Xəlil Yusifli tərəfindən "Leyli və Məcnun" poeması əruz vəznində tərcümə edilmiş, Samir Pişnamazzadənin "Nizami Gəncəvi yaradıcılığına əxilik ideologiyasının təsiri" adlı monoqrafiyası, tanınmış alim Əfrasiyab Vəkilovun "Blokadalı Leninqradda Nizami yubileyi" kitabı, Mübariz Yusifovun "Nizamidə azərbaycançılıq" əsəri, habelə, 31 alimin iştirakı ilə hazırlanmış "Gəncə şəhərinin tarixi" kitabı çap edilmişdir. Bundan başqa, Avstriya və Böyük Britaniya kitabxanalarında, Saltıkov-Şedrin adına Rusiya milli kitabxanasında qorunan "Xəmsə" əlyazmalarının surətləri kitab şəklində nəşrə hazırlanmışdır. "Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi" adlı kitab və şairin sözlərinə bəstələnmiş musiqilərdən ibarət kompakt disk hazırlanmışdır.
Şəhər təhsil idarəsində, Gəncə Dövlət, Aqrar və Texnologiya universitetlərində, Müəllimlər İnstitutunun Gəncə filialında, Humanitar Kollecdə və Çağ Öyrətim Liseyində Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş praktik konfranslar keçirilmiş, ölməz şairin zəngin ədəbi-fəlsəfi irsi ətrafında elmi məruzələr dinlənilmişdir.
Professor Kərim Kərimovun tərtib etdiyi "Nizami yaradıcılığı miniatürlərdə" monoqrafiyası əsasında sənətşünas Sevda Qurbanəliyeva tərəfindən "Nizami əsərləri miniatürlərdə" toplusu nəfis şəkildə nəşr edilmişdir.
Yubileyə hazırlıqla əlaqədar dünyanın bir sıra tanınmış alimləri bu mühüm işə cəlb olunmuşlar. Almaniyalı nizamişünas Sevil Fuks Gəncə Regional Elm Mərkəzində üç günlük seminar keçirmiş, öz ölkəsində bu sahədəki elmi nailiyyətləri ilə bağlı geniş məruzə ilə çıxış etmişdir.
Misirin İsgəndəriyyə kitabxanasının rəhbəri doktor İsmayıl Serageldinin Nizami irsinin təbliğindəki fəaliyyəti xüsusi qeyd olunmalıdır. Gəncədə İ.Serageldi ilə birlikdə dahi şairin yubileyi münasibətilə böyük tədbirlər planı hazırlanmışdır. Nizami kitabxanasının və beynəlxalq mərkəzin yaradılması, nüfuzlu elm xadimlərinin təmsil olunduğu himayədarlar şurasının təşkili və hər il Gəncədə onun toplantısının keçirilməsi; Drezden, Vatikan kitabxanalarında, Metropolit muzeyində qorunan "Xəmsə"; Dədə Qorqud əlyazmalarının şəhərimizə gətirilməsi və başqa tədbirlər nəzərdə tutulmuşdur.
Ulu Nizaminin yubileyinə az qalır.
Genişmiqyaslı tədbirlər sentyabr
ayının sonunda keçiriləcəkdir. Toplantıda yubiley
tədbirlərinə, eləcə
də beynəlxalq konfransa dəvət olunacaq xarici qonaqların adları açıqlandı və
onlara qayğı və diqqət göstərilməsi üçün
müvafiq təşkilatlara
konkret tapşırıqlar
verildi.
Əhməd
İSAYEV
Azərbaycan.- 2012.- 29 avqust.- S. 5.