Əli Əlirzayev: Kiçik sahibkarlıq iqtisadiyyatın motoru rolunu oynamalıdır

 

   Suallarımızı Milli Məclisin İqtisadi siyasət komissiyasının keçmiş sədr müavini, iqtisad elmləri doktoru, professor, əməkdar elm xadimi Əli Əlirzayev cavablandırır.

 

   - Əli müəllim, Azərbaycanda kiçik sahibkarlığın vəziyyəti, onlara dövlət tərəfindən edilən diqqət sizi qane edirmi?

   - İndi sahibkarlıq haqqında qanunlar, normativ hüquqi sənədlər olmasına baxmayaraq, sahibkarlığın inkişafının problemləri var. Bu, təkcə dövlət tənzimlənməsinə aid deyil. Sahibkarlığın problemləri əsasən ondan ibarətdir ki, onların dövlətlə, bir-birinə olan münasibətləri, istehsal istiqamətləri, bazar münasibətləri, yəni istehsal olunmuş məhsulun, xidmətin bazara çıxarılması, onun üçün alıcı tapılması, yerləşdirilməsi kimi problemləri var. Bazar iqtisadiyyatının da problemləri var. Əlbəttə, bu gün makroiqtisadi səviyyədə götürsək, bazar tipli iqtisadiyyat modelinə uyğun olaraq kiçik sahibkarlığa diqqət qaneedici deyil. Başqa ölkələrdə Ümumi Daxili Məhsulun (ÜDM) 60-70 faizini kiçik sahibkarlıq təmin edirsə, Azərbaycanda bu, çox aşağıdır. Yəni bu gün kiçik sahibkarlıq iqtisadiyyatın motoru rolunu, yəni aparıcı həlqə rolunu oynamır. Ona görə də hesab etmirəm ki, bu gün Azərbaycanda sahibkarlıq tamamilə başqa ölkələrdə olduğu kimidir. Bundan başqa, sahibkarlığın inkişafında müəyyən əngəllər var. Sahibkarların kredit resursları ilə təmin olunması, sahibkarlıq məhsullarının satılması, alınması, yerləşdirilməsi, qablaşdırılmasında problemlər qalmaqdadır.

   - Sadaladığınız bu nöqsanların aradan qaldırılması üçün nələri etmək lazımdır, sizin hansı təklifləriniz var?

   - Birinci növbədə aşkarlıq olmalıdır. Maliyyə sanksiyaları az olmalı, maliyyə amnistiyaları olmalıdır. Dövlət sahibkarlığından daha çox kiçik sahibkarlıq inkişaf etdirilməlidir. Bu sahədə stimul yaradılmalıdır. Kiçik sahibkarlıq dövlət nəzarət mexanizmlərindən uzaq olmalıdır. Dövlətin tənzimləməsində yumşaqlıq olmalıdır. Özələşmədə bir sıra problemlər aradan qaldırılmalıdır. Doğrudur, müəssisələrin çoxu özəlləşdirilib, amma özəlləşmədən sonrakı mərhələlərdə hələ də onların inkişaf etmək problemləri var. Bundan başqa, kiçik sahibkarlığın inkişafı üçün kiçik kreditlər verilsə, yaxşı olar. Ona görə də sahibkarlığın inkişafı həm dövlət tənzimlənməsi olaraq həyata keçirilməli, həm də bayaq dediyim kimi, sahibkarların bir-birinə olan münasibəti tənzimlənməlidir ki, alqı-satqı, sifariş məsələsi tamamilə tez, kəsilməz, fasiləsiz olsun. Məsələn, deyək ki, kəndli öz kənd təsərrüfatı məhsulunun satışı ilə məşğul olmamalıdır. Bunun üçün firmalar yaradılmalıdır və o firmalar gəlib onun evinin qabağından məhsulunu alıb aparıb satmalıdır. Qiymətlər də əvvəlcədən müqavilə ilə müəyyənləşməlidir. Dövlət istənilən vaxt kənd təsərrüfatına, yəni sahibkarlığın növlərinə uyğun olaraq müəyyən dotasiyalar verə bilər. Dotasiya da o olmamalıdır ki, əvəzsiz qaytarılsın. Vergi tətili deyilən prinsip olmalıdır ki, sahibkar 3-4 il vergi verməsin, canlansın və canlanandan sonra vergisini ödəsin. Bu kimi məsələlər həllini tapmalıdır.

   - Sizcə, kiçik sahibkarların məhsul istehsalında payının artırılması üçün nə etmək lazımdır?

   - Kiçik sahibkarlığın rolu Azərbaycan iqtisadiyyatında, ÜDM-nin formalaşmasında rolu azdır. İndi Azərbayacana kənd təsərrüfatı məhsullarının çoxu xaricdən gətirilir. Hansı ki, bunlar hamısı kiçik sahibkarlıq məhsuludur. Soğan, kartof, meyvə, ət və süd məhsulları, konservlər niyə əsasən xaricdən gətirilməlidir? Azərbaycanda bunlar niyə bazar tələbatına uyğun istehsal olunmamalıdır? Bunların hamısını kiçik sahibkarlıqla həll edə bilərik. Bunlar kənd təsərrüfatının inkişafı, kiçik sahibkarlıqla həll olunası məsələlərdi.

   Kiçik sahibkarların məhsul istehsalında payının artırılması üçün onlara stimul yaratmaq lazımdır. Kiçik sahibkarlıq nədir? Kiçik sahibkarlıq ondan ibarətdir ki, orda ailə üzvləri çalışır, işçilərinin sayına, istahsalın miqdarına görə bu kiçik sayılır. Əgər ondan çox məhsul istehsal edirsə və yaxud 50-dən yuxarı işçisi varsa, orta sahibkarlıq sayılır. Yəni bu şərti olaraq normativ sənədlərlə aktlaşdırılan, qanunla tənzimlənən sahibkarlıq növüdür. Kiçik sahibkarlıq ona görədir ki, məşğulluq artsın, investisiya tələb etməsin. Əgər bu gün torpaqların hamısı özəlləşdirilibsə, uzun müddətli istifadəyə verilibsə, bu torpaqlar kiçik sahibkarlıq obyekti kimi istifadə olunmalıdır. Əgər kəndli torpağı əkirsə, onu suvarmağa su tapa bilmirsə, məhsul istehsalı zamanı onu kübrə ilə, kombaynla təmin edə bilmirsə, kiçik sahibkar ikinci dəfə riskə getməyəcək. Çünki onun qoyduğu vəsait bir ildə qayıdıb gəlməyəcək və ona görə də ikinci ili vəsait tapmayacaq. Burda kiçik sahibkar həm vəsait qoyur, həm də onun ailəsi əmək sərf edir. Bu baxımdan kiçik sahibkarlıq üçün bütün xərclər ödənməlidir. Bunun üçün xərclər, normativlər hesablanmalıdır ki, bir ailənin yaşaması, yaxud bir tələbənin oxuması üçün nə qədər vəsait lazımdır. Bu vəsait həcmində də sahibkarın illik gəliri olmalıdır. Bu gəlirdən aşağı olan sahibkardan vergi tutulmamalıdır, onlar vergi ödəməməlidir, onlara uzun müddətli kredit, vergi tətili verilməlidir ki, o sahibkarlığı inkişaf etdirsin. Qaldı ki, dövlət tənzimlənməsinə, kiçik sahibkarlıqda olan məhdudiyyətlər aradan götürülməlidir. Kiçik sahibkarlığı inkişaf etdirmək üçün onunla əlaqəli olan digər sahibkarlıq növlərini də inkişaf etdirmək lazımdır. Əgər bir sahə inkişaf edib, digər sahə inkişaf etməyəcəksə, bu normal iqtisadiyyat deyil, bununla ümumi sahibkarlıq inkişaf etməyəcək. Yəni bu gün xidmət də, maşınqayırma da, kənd təsərrüfatı da inkişaf etməlidir. Bunun üçün də müəyyən şərait yaradılmalı, hesablamalar aparılmalıdır.

  - Azərbaycanda Sahibkarlığa Kömək Milli Fondu kiçik və orta sahibkarlara kreditlər verirlər. Ümumiyyətlə, bu sahibkarlıq növlərinin kredit təminatının yaxşılaşdırılması üçün adıçəkilən fondun xəttilə ayrılan vəsaitin artırılmasına, verilmə şərtlərində dəyişikliklərə ehtiyac varmı?

   - Bu fond hazırda 100 milyon manatdan artıq kredit verir. Ümumi işlər görlür, ayrı-ayrı regionlarda, bəzi önəmli sahibkrlıq növlərinə, məhsulların satış qəbulu, onların saxlanılması, anbar təsərrüfatı, soyuducu texnologiyaların alınmasına yaxud da emal sənayesinin inkişafına vəsait verirlər. Bu məsələlər nəzəri cəhətdən əhəmiyyət kəsb edir özünün praktiki əhəmiyyətini göstərir. Regionlardd ayrılan bu vəsaitlərə nəzarət edilir onlar istifadə olunur. Əlbəttə ki, verilən kreditlərin həcmi daha da çox ola bilər. Burada aşkarlıq prinsipi daha da yayılsa, yaxşı olar. Məsələn, həmin verilən kreditlərin hansı istiqamətdə istifadəsi xüsusi bülletenlərdə, sahibkarlığa aid olan jurnallarda, yaxud da televiziyada əhaliyə aşkar olunmalıdır. Elə sahibkarlıq sahələri var ki, onlara daha çox kredit, üstünlük verilməlidir. Bu məsələdə təkmilləşmə lazımdır. İndiki Azərbaycan iqtisadiyyatının inkişafı, maliyyə potensialının yüksək olduğu bir şəraitdə həmin fond vasitəsilə kiçik orta sahibkarlara verilən kreditlərin həcmi artırıla bilər.

  - Azərbaycanda ÜDM istehsalında xidmət sektorunun payı azdır. Sizcə, bu, həmin sahədə çalışan sahibkarlıq subyektlərinin zəif olması ilə bağlıdır, yoxsa?

   - İndi pullu pulsuz xidmət növləri var. Elə xidmət sahələri var ki, dövlət tərəfindən tənzimlənir. Təhsil, səhiyyə, mədəniyyət, elm s. xidmətlərin çoxu dövlətin tənzimlənməsi ilə həyata keçirilir. Sahibkarlıq obyekti kimi xidmət sferası indi bazarla əlaqədardır. Bazar da ondan ibarətdir ki, rəqabət mühiti şəraitində dövlət xidmətinə daha çox üstünlük verilir, nəinki sahibkarlıq xidmətinə. Pullu xidmətdən istifadə etmək üçün ilk növbədə əhalinin vəziyyəti yaxşı olmalıdır. Gəlirləri olmadan pullu xidmətdən istifadə az olacaq, bu zaman əhalinin hər bir xidmətdən istifadə etməyə maddi imkanı olmur. Mən uzun müddət bunu araşdırmışam. İndi Azərbaycanda istehlak strukturunda xidmətin payı hardasa 10-11 faizdir. Amma ABŞ-da 30-40 faizə qədərdir. Yəni bu xidmət daha üstün sayılır. Birinci maddi təminat ödənməlidir ki, özəl xidmət sektoru da inkişaf etsin. Ona görə Azərbaycanda maddi təminat qədər aşağıdırsa, xidmətə tələbat da bir o qədər aşağı olacaq. Bax, bunun obyektiv səbəbi bundan ibarətdir. Yəni maddi rifah, əhalinin həyat səviyyəsi, gəlirlərinin aşağı olması xidmət sferasının inkişafına mane olur. Xidmətin az olması əhalinin həyat səviyyəsinin, o cümlədən yoxsulluq həddinin müəyyən olunmasında mühüm rol oynayır. Ona görə biz təkcə elə adambaşına düşən istehlak səviyyəsinin artımı ilə yox, həm xidmətin payı ilə ölçürük. Xidmət kriteriyası keyfiyyət kriteriyasıdır. Yəni əhali maddi təminatını ödəyir, xidmətə daha çox ehtiyac yaranır. Bu sahəyə uzunmüddətli kredit ayırmaqla, bir-iki ilə tənzimləmək heç cür mümkün deyil. Bu yalnız əhalinin maddi rifahı ilə asılı məsələdir. Maddi təminat ödənməyincə, xidmətə təminat da az olacaq. Həmçinin xidmətin keyfiyyəti yaxşılaşmayınca, ona olan tələbat da az olacaq.

  - Sizin vaxtilə üzvü olduğunuz Milli Məclisin İqtisadi siyasət komitəsi uzun müddətdir ki, Rəqabət Məcəlləsini qəbul etdirə bilmir. Sizcə, bu, nəylə bağlıdır?

  - Rəqabətlə bağlı sahibkarlıq qanununda da bir hissə var. Amma Rəqabət Məcəlləsi kimi bir qanunun olması daha yaxşıdır mən bunu alqışlayıram. Bu qanun layihəsi daha geniş mənada bütün aspektləri, tərəfləri əhatə edir. Sənəddə müəyyən nüanslar - rəqabətin təşkili məsələləri, rəqabətdə vəzifə bölgüləri - var. Yəqin ki, işlənə-işlənə axırda təsdiq olunacaq.

 

   

Aqil ASLAN

 

Ekspress.- 2012.- 30 avqust.- S. 9.