Sosial-iqtisadi
inkişafın yüksəliş mərhələsi
Azərbaycanın sosial dövlət
quruculuğu sahəsində əldə etdiyi zəngin təcrübə
digər ölkələr üçün model rolunu oynaya bilər
Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadi siyasətin mahiyyətindən irəli gələrək ötən 9 ildə qarşıya qoyulmuş başlıca vəzifələr əhalinin sosial rifah halının yaxşılaşdırılmasından, abadlıq-quruculuq işlərinin daha sürətlə aparılmasından, xidmət və infrastruktur sahələrində işin müasir dövrün tələblərinə uyğunlaşdırılmasından ibarətdir. Bu illərdə həyata keçirilmiş çoxşaxəli tədbirlər sistemi həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə miqyaslı, konkret və ünvanlı olması ilə diqqət çəkir. Ölkə başçısı yeni dövrün tələblərinə uyğun olaraq Azərbaycanın bütün regionlarının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün konkret vəzifələr müəyyənləşdirmişdir.
2008-ci ilin 15 oktyabrında mövcud siyasi kursun ictimaiyyət tərəfindən birmənalı dəstəklənməsini təmin edən ən başlıca amillərdən biri də Azərbaycanın ötən illərdə əldə etdiyi yüksək sosial-iqtisadi nailiyyətlərdir. Respublikamızın sosial dövlət quruculuğu sahəsində əldə etdiyi zəngin təcrübə analoji inkişaf yoluna yeni qədəm qoymuş digər ölkələr üçün model rolunu oynaya bilər. Prezident İlham Əliyev ötən 9 ildə respublikada dinamik sosial-iqtisadi tərəqqini təmin edən ictimai-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin qorunub saxlanması, ölkənin beynəlxalq arenada nüfuz və mövqelərinin möhkəmləndirilməsi, ictimai həyatın bütün sahələrində proqressiv islahatların aparılması istiqamətində mühüm addımlar atmışdır. Ötən müddətdə həyata keçirilən siyasət, ölkənin demokratik inkişafı, sosial-iqtisadi, mədəni tərəqqisi yolunda atılan bütün addımlar məhz vətəndaşların rifahına, firavanlığına hesablanmışdır.
Neft gəlirlərinin iqtisadiyyatın vacib sahələrinə, xüsusən də qeyri-neft sektoruna, istehsal sahibkarlığına yönəldilməsi, yeni müəssisələrin açılması yolu ilə işsizlik probleminin aradan qaldırılması, bir sözlə, əhalinin sosial müdafiə tədbirlərinin gücləndirilməsi Azərbaycanda həyata keçirilən sosialyönümlü iqtisadi siyasətin ana xəttini təşkil edir. Dövlət başçısı iqtisadi inkişafa yalnız neft amili hesabına nail olmağı məqbul saymayaraq tarazlı və davamlı tərəqqi naminə qeyri-neft sektoruna xüsusi diqqət yetirilməsinin vacibliyini önə çəkir. Bu siyasət neftdən asılılığı azaltmaqla ölkədəki dinamik iqtisadi inkişaf tempini sabit saxlamağa imkan verən fundamental əsasların yaradılmasını nəzərdə tutur.
2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları sosial siyasətin Azərbaycan üçün yenə də prioritet məsələlərdən biri olduğunu təsdiqləyir. Qeyri-neft iqtisadiyyatımız 11,3 faiz artıb. Bu müddətdə inflyasiya cəmi 2,2 faiz olub. Əhalinin pul gəlirləri 14,2 faiz artıb. Yəni inflyasiya ilə əhalinin pul gəlirlərində 12 faiz fərq var. Cari ilin altı ayında dövlət büdcəsinə daxil olan vəsaitin 32,3 faizi sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilib. Bu da 2011-ci ilin eyni dövrü ilə müqayisədə 19,2 faiz çoxdur. Bu müddətdə investisiya xərclərindən elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 514 milyon manat vəsait istifadə olunub. Ötən dövr ərzində, yəni ilin 6 ayında 46 min yeni iş yeri açılıb ki, onlardan 37 mini daimidir.
Ümumiyyətlə, dövlətin sosialyönümlü siyasəti bazar münasibətlərinin və sahibkarlıq fəaliyyətinin azadlığını saxlamaqla, vəsait və ehtiyatların düşüncəli surətdə yenidən bölüşdürülməsinə imkan verən yüksək iqtisadi inkişaf vasitəsilə həyata keçirilə bilər. Sosialyönümlü dövlətin əsasında insan ləyaqəti, ədalət, məsuliyyət, fərdin maddi statusunun kəskin fərqliliyini aradan qaldırmaq məqsədləri durur. Bu, ictimai həyatı humanistləşdirmək, cəmiyyətdə qarşıdurmanın azalması, vətəndaş həmrəyliyinin formalaşması, bütün sosial qrup və fərdlərin mənəviyyatının artmasının labüd yoludur. Qərbin sosial məsələlərə geniş yer verən bir sıra ölkələrinin inkişaf təcrübəsi bazar azadlığı və dövlətin iqtisadiyyata təsiri arasındakı balansın nə qədər çətinliklə əldə olunduğunu göstərir. Yüksək sosial xərclərin təmin olunması bəzən vergilərin qalxmasına gətirib çıxarır, bu isə istehsal sahələri üçün maneə yaradır. Hökumət belə hallarda sosial proqramları müvəqqəti azaltmağa məcbur olur. Yəni ən inkişaf etmiş dövlətlərin təcrübəsində də sosial-iqtisadi və mədəni hüquqların təmini ilə bağlı böyük çətinliklər yaranır. Azərbaycanın milli inkişaf modeli isə elə uzaqgörənliklə düşünülmüşdür ki, dövlətin sosialyönümlü siyasəti azad bazar iqtisadiyyatının tələbləri ilə kəskin ziddiyyətlər doğurmur.
2012-ci ilin ötən dövrünün ən yaddaqalan sosial layihələrindən biri də ölkə başçısının 2012-ci il 14 mart tarixdə vətəndaşların keçmiş SSRİ Əmanət Bankında qalan əmanətlərinin fərdi birdəfəlik qaytarılmasını nəzərdə tutan xüsusi fərman imzalamasıdır. Vətəndaşları uzun illərdən bəri qayğılandıran bu məsələnin uğurlu həllini tapması sosial məsələlərin həllinin ölkə başçısının daimi diqqət mərkəzində olduğunu göstərir. Fərmanın icrası üçün ilkin olaraq 1 milyard manata yaxın vəsait nəzərdə tutulur və bu da 2 milyon 400 min şəxsi əhatə edəcəkdir.
Dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin son iclasında bu məsələnin həllini ədalətli təşəbbüs kimi dəyərləndirərək bildirib: "Sosial məsələlərin həlli daim diqqət mərkəzində olmuşdur, bu gün də belədir. Bu ilin yaddaqalan əlamətlərindən biri də sovet dövründən qalmış, yəni batmış əmanətlərin kompensasiyasıdır. Yenə də demək istəyirəm ki, Azərbaycan dövləti o əmanətlərə heç bir hüquqi, yaxud da ki, mənəvi məsuliyyət və öhdəlik daşımır. Azərbaycan müstəqil dövlətdir. Azərbaycan müstəqil dövlət kimi bütün öhdəliklərini yerinə yetirir.
Ancaq nəzərə alsaq ki, sovet dövründə 2 milyon 400 min əmanətçi var idi və insanlar bu əmanətlərin qaytarılmasını, kompensasiyasını gözləyirdi, yenə də siyasətimizin sosial xarakterini və sosial ədalət prinsiplərini daha da gücləndirmək üçün belə bir qərar qəbul edildi. Deyə bilərəm ki, postsovet məkanında ən işlək, ən səmərəli, ən ədalətli və insanlar üçün ən məqbul variant məhz Azərbaycanda tətbiq edilir. Həm müddət baxımından - çünki cəmi 2 il ərzində bütün kompensasiyalar ödəniləcək, - eyni zamanda verilən məbləğ baxımından. Əgər biz sovet rublunu manatla deyil, dollarla müqayisə etsək, kompensasiyalar təqribən birəbeş, birə-altı əmsalı əsasında ödənilir. Bu da postsovet məkanında ən yüksək əmsaldır. Artıq proses başlanmışdır. Minlərlə, on minlərlə insan artıq müraciət etmişdir. Minlərlə insan öz əmanətlərini almışdır və bu proses 2013-cü ilin sonuna qədər başa çatmalıdır".
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulamışdır ki, sosial-iqtisadi hüquqların müdafiəsi sahəsində dövlətin əsas vəzifəsi mütərəqqi iqtisadi və sosial islahatları həyata keçirmək, iqtisadi inkişaf prosesində hər bir vətəndaşın iştirakını təmin etmək, mövcud potensialdan hər bir fərdin bacarıq və qabiliyyətinə görə ədalətli şəkildə yararlanmasına şərait yaratmaqdır. Xüsusi vurğulamaq lazımdır ki, insana qayğı və hörmət prinsipinə əsaslanan liberal siyasət nəticəsində bu gün hər bir vətəndaşın əmək hüququ da yüksək səviyyədə qorunur. Bazar münasibətlərinin, demokratik inkişafın tərəfdarı olan Azərbaycan Prezidenti bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə həmkarlar təşkilatlarının roluna yüksək önəm verir və milli iqtisadiyyatın sürətli yüksəliş mərhələsində əmək münasibətlərinin hüquqi çərçivədə tənzimlənməsini cəmiyyətin mənəvi təkamül yolu ilə inkişafının mühüm şərti sayır.
Müasir dünya təcrübəsi göstərir ki, istənilən cəmiyyətdə sosial ədalət prinsiplərinin bərqərar olmasında, o cümlədən əmək hüquqlarının qorunmasında həmkarlar ittifaqları getdikcə daha böyük rol oynamağa başlayır. Bu mənada həmkarlar ittifaqlarının inkişafı, tutduğu mövqeyin davamlı şəkildə güclənməsi təbii olaraq cəmiyyətin özünün ümdə tələblərindən birinə çevrilir. ABŞ, Avropa kimi inkişaf etmiş ölkələrdə cəmiyyətin sosial-iqtisadi həyatına təsir imkanları böyük olan kifayət qədər güclü həmkarlar ittifaqları formalaşmışdır. Onların təsiri altında isə işəgötürənlər tərəfindən işçiyə yüksək şərait yaradılması nəticə etibarilə əmək məhsuldarlığına müsbət istiqamətdə təsir göstərir.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra yeni istehsal prosesində sosial xarakterli bazar münasibətləri istiqamətləri seçilmişdir. Bu istiqamətlərin seçilməsi bütün istehsal xidmət sahələrində işçilərin sosial əmək şəraitinin təkmilləşdirilməsinə, o cümlədən onlar üçün zərərsiz iş şəraitinin yaradılmasına, əməyin hərtərəfli mühafizəsinə və bununla insan amilinin ön plana çəkilməsinə prioritet xarakter verir. Qeyd edilənlər kontekstində bu gün həmkarlar ittifaqlarının Azərbaycanın sosial-iqtisadi və ictimai-siyasi həyatında xüsusi bir çəkiyə sahib olduğunu sezmək elə də çətin deyildir.
Son 9 ilin yekunları deməyə əsas verir ki, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətin ali məqsədi Azərbaycanın hər bir vətəndaşı üçün layiqli və firavan həyat tərzinin təmin olunması, ölkədə azad və demokratik cəmiyyətin qurulmasıdır. Bütün bu proseslərdə Azərbaycan Prezidentinə ən böyük dəstək xalqdan gəlir.
Elnur HACALIYEV
Azərbaycan.- 2012.- 30 avqust.- S. 3.