Tarixiliklə müasirliyin vəhdəti - Naxçıvan

 

 Naxçıvan Muxtar Respublikasının, xüsusən də Naxçıvan şəhərinin gündən-günə gözəlləşməsi, tarixiliklə müasirliyin vəhdətində inkişaf etməsi hər birimizin qəlbində böyük sevinc, iftixar hissi yaradır. Könülləri oxşayan, ürəklərə fərəh gətirən yaraşıqlı, müasir binalar, geniş və səliqəli yollar, gül-çiçəkli parklar, xiyabanlar artıq hər gün yenisiylə qarşılaşacağına inandığımız həyat həqiqətlərinə çevrilib. Demək olar ki, hər gün şəhərimizi yaxşılığa, gözəlliyə doğru daha bir yeniliyi ilə qarşılayırıq.

Yaradanlar, yaşadanlar ölməz olur, deyirlər. Bu, doğrudan da belədir.  Qurub-yaradan insanlar öz işləri ilə adlarını da əbədi olaraq xalqın və dövlətin tarixinə yazırlar.  Ona görə qurmaq, yaratmaq həm də yaşatmaq deməkdir. Naxçıvan şəhərində bu sürətli, intensiv quruculuq işləri nəinki hər bir şəhər sakininin, respublikamızın digər bölgələrindən, hətta yaxın və uzaq ölkələrdən gələn qonaqların da ürəyincədir. Düşünürsən ki, bu işlər Vətən sevgisindən, yurd təəssübkeşliyindən, torpağa bağlılıqdan qaynaqlanır. Təqdirəlayiq haldır ki, quruculuq proseslərində Naxçıvanın qədim naxışı itib-batmır, əksinə, daha qabarıq görünür, göz oxşayır. Şəhər öz qədimliyi və müasirliyi ilə bizi özünə cəlb edir. Bir növ tarixi naxışla, bugünkü baxışla Naxçıvan şəhəri gözəlləşir, böyüyür.

Bu yerdə bir hadisəni xatırlatmaq istəyirəm. Yaxın günlərin söhbətidir. Naxçıvan şəhərində Heydər Əliyev Muzeyinin qarşısında qrup halında gəzişən turistlərin Anadoludan olduqlarını hiss edincə yaxınlaşıb söhbət etdik.  Ərzincanlı olduğunu söyləyən Faruk Süleymanın "Yaxın arxadaşlarımızla həftə sonunu fərqli keçirmək üçün Naxçıvana gəlməyi qərara aldıq. Naxçıvanın çox gözəl şəhər olduğunu eşitmişdik və gözlərimizlə görmək, istirahət etmək üçün də buranı seçdik. Qərarımızda da yanılmamışıq. Hətta deyərdim ki, adətən biz Qərbə doğru getdikcə Avropaya yaxınlaşdığımız halda bu dəfə Şərqə doğru gəlməklə Avropaya gəldiyimizi düşünürük", - sözləri Naxçıvanın nə dərəcədə müasir bir şəhər olduğuna əcnəbi qonağın şəhadəti idi.

Hər bir sənət adamı öz işi ilə zamanın nəbzini tutmağa çalışır.  Bu baxımdan hər yazılan əsər kimi hər qurulan, tikilən də, ilk növbədə, öz zamanının salnaməsini yaratmalıdır, Naxçıvan şəhəri kimi. Naxçıvanın gözəlliyi bizim mənəvi dünyamıza da sirayət edir. Küçələrdə addımladıqca, parklarda dincimizi aldıqca, fərqli  zövqlü dizaynlı binaların önündən keçdikcə necə qürurlanmayasan, necə zövq almayasan... Gözəllik olan yerdə mənəvi aləm də zəngin olur.  Bu gözəllik gözlər önündə günü-gündən öz ahəngini dəyişirsə, Naxçıvanımız çiçəklikdən gülüstanlığa dönürsə, bu, həm də ruhun qidası deməkdir. Dünənlə bu günü müqayisə etmək gəncliklə qocalığı, baharla payızı müqayisə etmək kimidir.

Qədim Naxçıvanın 15-20 il əvvəlki görünüşü ilə bu gününü müqayisə edəndə gözlərimiz önündə təzadlı bir mənzərə canlanır. Nəinki 15-20, hətta 5-10 il, 2-3 il əvvəlki illə bugünkü görünüşünü, təmizliyini, səliqəliliyini müqayisə edə bilmirsən. 20 il əvvəl küçələrində nizamsız, pərakəndə halda səpələnmiş köşklərdən, mağazalardan, qarışıq küçə ticarətindən yol tapıb yerimək mümkün olmayan Naxçıvan bu gün  öz səliqəsi, sadə və müasir görkəmi, geniş küçələri, yaraşıqlı gülüstanları ilə dünyanın ən abad şəhərlərini xatırladır.  Yeni tipli, dünya standartlarına uyğun binaları, yaşıllıq və xiyabanları, rəngarəng görünüşlü abidələri, məktəbləri ilə doğma Naxçıvan nəhəng bir bayram xonçasına bənzəyir.

Şərqin qapısı sayılan qədim Naxçıvan torpağı, bax beləcə, günbəgün müasirləşir. Dünyanın nadir memarlıq incilərindən sayılan Mömünə Xatun, Yusif Küseyroğlu türbələri  ilə bir cərgədə  milli üslubda yeni tarixi abidələr tikilir, tarixin yaddaşına nəqş olunur.  Naxçıvan tarixiliklə müasirliyin vəhdətində böyüyən, işıqlaşan, könülaçan bir məkana çevrilir.

 

 

Elxan MƏMMƏDOV

 

Azərbaycan.- 2012.- 30 avqust.- S. 4.