Son yadigarı “Ana” oldu
Tamaşaçıları ilk dəfə heyrətləndirəndə 19, son yadigarını çəkəndə isə 49 yaşı olub Hüseyn Əhmədovun. Həyat eşqli, sənətsevər bir insan idi. Gah portret üzərində işləyərdi, gah heykəl düzəldərdi, gah da... Mütaliəni çox sevərdi. Cəfər Cabbarlının "Ana" şeiri dilinin əzbəri idi.
İllərlə canında gəzdirdiyi xəstəlik və müharibədən gətirdiyi "nişanə"lər birləşərək ona əziyyət verirdi. Bütün ağrı-acılara sinə gərərək arzuladığı əsəri tamamlamaq üçün saatlarla işləyirdi. Doğulduğu yurdun bütün gözəllikləri qanına elə hopmuşdu ki, nə yaratsaydı qeyri-adi alınırdı. Müxtəlif boyaların cilvəsində həmişə təbiətin rəngini axtarırdı. Ən böyük arzularından biri isə "Ana" portreti yaratmaq idi. Tələsik yox, asudə, rahat vaxtların birində bu əsəri işləmək fikri beynindən çıxmırdı. Anası Güllərin müdrik baxışları xəyalından çəkilməzdi. Həyat yoldaşı Mələknisənin də qayğısı onu riqqətə gətirirdi. Bu iki xanımın qarşısındakı borcunu möhtəşəm bir əsərlə tamamlamaq istəyirdi. Həkimlər ona işləməyi məsləhət bilmirdilər. Ailədə də narahatlıq var idi. Amma Hüseyn istəyində qərarlı oldu. Heç bir xahiş, məsləhət onu yolundan döndərə bilmədi. Çətinliklə olsa da, ömrünün son günlərində bu əsəri tamamladı. "Ana" əslində Hüseyn Əhmədovun sənət aləmində son yadigarı oldu.
Ötən əsrin 30-cu illərində Azərbaycan heykəltəraşlığının inkişafında yeni mərhələ başladı. Sənətə istedadların davamlı gəlişi bu sahənin parlaqlığını daha da qabarıq şərtləndirdi. Azərbaycanlı gənclərin Moskva və Sankt-Peterburq kimi şəhərlərdəki ali məktəbi bitirib Bakıya qayıtmaları məhz bu sahənin peşəkar surətdə tərəqqisinə start verdi. Azərbaycan portret heykəltəraşlığının inkişafında önəmli rol oynamış sənətkarlar sırasında Hüseyn Məhəmməd oğlu Əhmədovun özünəməxsus fədakarlığı var.
O, 1915-ci ilin martında Şuşada doğulub. Doğma şəhərdə
bir məktəbin qapısını döyməyə
macal tapmamış atası Məhəmməd
kişi ailəsini başına yığaraq Bakıya köçüb. İçərişəhərdə sığınacaq tapıblar. Neft mədənlərində işə düzələn
ata övladlarını
oxutmaq, onları gələcəkdə yaxşı
işlərin qulpundan
yapışan, maddi çətinliklərdən uzaq,
xoşbəxt görmək
istəyib.
Qədim şəhərsalma mədəniyyətinin
bir çox atributlarını özündə
əks etdirən İçərişəhər balaca Hüseyni məftun etmişdi. Xüsusilə Çəmbərəkəndin ən yuxarı məhəlləsinə qalxıb
Xəzəri seyr etməyi çox sevərdi. Hüseyngilin ailəsi elə
bir zamanda Bakıya gəlmişdi ki, Azərbaycanda sovet hakimiyyəti təzəcə qurulmuşdu.
Onun gözləri önündə
məscidlər, məbədlər
uçurdulurdu. Gördüklərini yaddaşına yığsa
da, hansı bir hissin təsirindənsə
onları həm də karandaşla kağız üzərinə
çəkərdi. Nəhayət, şəhərdəki 4 saylı
məktəbin şagirdi
oldu. Dərslərini yaxşı oxuyardı.
Amma əsas məşğuliyyəti
şəkil çəkmək
olardı. Məhəmməd
kişi çox çalışdı
ki, oğlunu bu "pis vərdiş"dən
ayırsın, amma bacarmadı. Təbiətən dindar olan ataya elə gəlirdi ki, şəkil çəkmək
günahdır. Nə cəzalanmaq,
nə təpinmək Hüseyni sevimli peşəsindən ayıra
bilmədi. Məhəmməd
kişi bir də onda
xəbər tutdu ki, Hüseyn rəssamlıq məktəbində
oxuyur. Hüseynin qeydlərindən: "Rəssamlıq
məktəbinə qəbul
olunanda sevincimdən yerə-göyə sığmırdım
ki, rəssam olacağam. Fırçamı
cürbəcür rənglərə
batırıb ağ kətan üzərində şəkil
çəkəcəyəm. Gördüklərimi, düşündüklərimi
istədiyim kimi çəkəcəyəm. Heç kim
fırçamı mənim
əlimdən ala bilməyəcək.
Heç atam da...".
Onu məktəbə
dövrünün tanınmış
rəssamı və bu təhsil ocağının müəllimi
Əzim Əzimzadə
qəbul etmişdi.
Təhsilinin elə ilk günlərindən
Hüseyn Əhmədov
heykəltəraşlığa bağlandı. O, boyakarlıq şöbəsində oxusa
da, heykəltəraşlıq
sənətini tədris
edən müəllimlərin
dərslərinə daha
çox həvəs göstərirdi. Gili ovxalayaraq ondan
kiçik fiqurlar düzəltmək Hüseynin
xoşuna gələrdi.
O zaman Bakının mədəni həyatında
maraqlı bir hadisə baş verdi. Şərqin böyük şairi Ə.Firdovsinin 1000 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilirdi. Teatrlarda şairin
"Şahnamə" poeması
əsasında tamaşalar
hazırlanır, mədəniyyət
ocaqlarında onun yaradıcılığını əks etdirən sərgilər təşkil
edilirdi. "Bakinski
raboçi" qəzetinin
1934-cü il 29 sentyabr nömrəsində
yazdığına görə
Ədəbiyyat Muzeyində
rəssam Rüstəm
Mustafayevin tərtibat verdiyi sərginin təntənəli açılışı
olub. Həmin sərgidə tanınmış
rəssam və heykəltəraşlarla yanaşı,
sənətdə ilk addımlarını
atan gənclər də iştirak ediblər. İki gənc heykəltəraşın
- Fuad Əbdürrəhmanovun
"Atıcı", Hüseyn
Əhmədovun "Firdovsinin
portreti" nümayiş
etdirildi. Portret heykəltəraşlığının
bariz nümunəsi olan bu əsərlər
təsdiqləyirdi ki,
hər iki gənc çox istedadlıdır. Öyrənəndə
ki Hüseyn Əhmədovun hələ
19 yaşı var, ona tövsiyə etdilər ki, mütləq ali
rəssamlıq məktəblərinin
birində oxusun.
Hüseyn
Əhmədov Bakı
Rəssamlıq Məktəbini
bitirən kimi Sankt-Peterburqa gedərək sənədlərini Rəssamlıq
Akademiyasının heykəltəraşlıq
fakültəsinə verdi. O, təhsil illərində dünya şöhrətli heykəltəraş
Viktor Aleksandroviç Sinayskidən
dərs aldı. Hüseyn Əhmədovun akademiya divarları arasında heykəltəraşlıq
sənətinin ən
dərin sirlərini öyrənməklə bərabər,
yaşadığı şəhərin
möhtəşəm memarlıq
və monumental heykəltəraşlıq
əsərləri və
zəngin muzeylərində
saxlanan şedevrlərlə
də tanış
oldu. Aldığı mükəmməl təhsil, məşhur peşə ustaları ilə təmas Hüseyn Əhmədovun bir heykəltəraş-sənətkar
kimi püxtələşməsinə,
yetişməsinə imkan
yaratdı. Hüseyn Əhmədov
heykəltəraşlığın texnikasını, sənətkarlıq
xüsusiyyətlərini dərindən
mənimsədi. Lakin
bu xoşbəxt illərdə tələbə
Hüseynin həyatında
xoşagəlməz bir
hadisə də baş verdi.
Gecə-gündüz yorulmadan çalışmaq,
hər şeyə maraq göstərmək, öyrənməyə can atmaq,
gününü muzeylərdə
keçirmək, bəzən
yağışın, qarın
altında saatlarla dayanmaq onun səhhətində
problemlər yaratdı.
O, Bakıya həm dərin zəngin biliklə, həm də yad şəhərdə
tapdığı xəstəliklə
qayıtdı.
Xüsusi əzmkarlıqla yaradıcılığa
başlayan Hüseyn Əhmədov respublikanın
tanınmış heykəltəraşları
ilə birlikdə müxtəlif layihələr
üzərində çalışırdı. Paytaxtın küçə
və xiyabanlarında
ucaldılması nəzərdə
tutulan heykəltəraşlıq
əsərlərinin eskizlərinin
hazırlanmasında iştirak
edirdi. Bununla bərabər özünün
yaradıcılığında üstünlük verdiyi portret janrı idi. Azərbaycanın dahi şəxsiyyətlərinin,
əmək adamlarının,
qəhrəmanlarının, şairlərinin obrazlarını
heykəllərdə canlandırmaq
onun arzusu idi.
O, böyük məhəbbətlə
dahi Azərbaycan şairi Mirzə Ələkbər Sabirin heykəlini işlədi. Üç metr hündürlükdə
olan abidə şairin vətəni Şamaxıda ucaldıldı.
İkinci Dünya müharibəsi zamanı Hüseyn Əhmədov könüllü
olaraq cəbhəyə
gedib. Ağır döyüşlər, dözülməz şərait
onsuz da səhhətində problem olan
Hüseynin sağlamlığını
daha da zəiflədir.
O, 1943-cü ildə Kursk şəhərinin
faşistlərdən azad
olunması uğrunda gedən döyüşlərdə
ağır yaralanıb.
Bir qədər hərbi hospitalda müalicə alsa da, yenidən
döyüşə yararlı
sayılmayıb. Ordu sıralarından
tərxis olunaraq Bakıya qayıdıb.
O vaxt sənətkarın
emalatxanası şəhərin
mərkəzindəki alman
kirxasında yerləşirdi.
O, burada dövrünün
məşhur rəssamları
ilə qonşu idi. Sabsay, Fuad Əbdürrəhmanov,
Cəlal Qaryağdı
və başqaları
ilə tez-tez görüşərdi. 1945-ci ildə Babəkin atlı fiqurunun
eskizlərini və kiçik modelini hazırlayıb. Əsər Babəkin simasında
xalqımızın qəhrəmanlıq
tarixini əks etdirən monumental bir abidə kimi nəzərdə tutulmuşdur.
Vaxtilə Hüseyn Əhmədovla dostluq etmiş xalq rəssamı Sadıq Şərifzadə xatirələrində
yazırdı: "Babəkin
obrazını yaratmaq
üçün Hüseyn
daim axtarışda idi. Babəkin yaşadığı dövrə aid kitablar oxuyur, tarixçilərlə
məsləhətləşərdi.
Öyrəndiklərini mənimlə
də bölüşürdü...
Atın plastikasını
Hüseyn qədər
bilən ikinci sənətkar yox
idi. O, atın hər hərəkətini
heykəldə canlandıra
bilirdi. Onun "Babək"i xalqımızın
qəhrəmanlığını əks etdirən simvol, şəhərimizin
isə ən gözəl atlı
heykəli olmalı idi". Amma bəlli deyil ki, bu iş
niyə tamamlanmayıb.
Hüseyn Əhmədov portret yaratmaqda əvəzsiz idi. Az müddət ərzində
xeyli əsərə imza atmışdı. Əlbəttə, o dövrün tələblərinə
görə inqilabçıların,
Leninin, Stalinin heykəlləri hazırlanırdı.
Təbii
ki, Hüseyn Əhmədovun yaradıcılığında
da bu sifarişlər
öz əks-sədasını
tapırdı. Abdulla Şaiqin,
Sovet İttifaqı Qəhrəmanları - Qafur
Məmmədov, Gəray
Əsədov, Xəlil
Məmmədov, Məzahir
Abbasov kimi insanların büst-portretlərini
yaradan Hüseyn Əhmədov özünün
müharibədən sonrakı
əsərlərini Azərbaycanın
igid oğullarına həsr edib.
Hüseyn Əhmədov çox məhsuldar heykəltəraş
idi. O, bir-birinin ardınca
Şamama Həsənovanın,
Bəsti Bağırovanın
büstlərini, Nazim
Hikmətin portretini yaratdı. Onun yaddaşında ən
çox qalan böyük türk şairi Nazim Hikmətin portreti üzərində işləyərkən
unudulmaz Nazimlə Moskvada görüşdüyü
günlər idi.
Heykəltəraşın həyat
yoldaşı Mələknisə
xanımın xatirələrindən:
"Hüseyn Bakıya
qayıtdıqdan sonra
elə hey Nazim Hikmətdən, onunla görüşlərindən, şairin
xoş, sadə xasiyyətindən danışardı".
...Xəstəlik və müharibədən gətirdiyi
qəlpələr Hüseyn
Əhmədovu incidirdi.
O, bütün həyat
eşqi və yaradıcılıq həvəsi
ilə ağrıları
azaltmaq istəsə də, daha əvvəlki
kimi inadla, müntəzəm işləyə
bilmirdi. Müəyyən fasilələr yaranırdı.
Təbiətindəki həssaslıq ona
xoşagəlməz bir
hadisə ilə üzləşəcəyini sanki
yavaşca pıçıldayırdı.
Özü də duyurdu
ki, ağrıların
əlindən qurtula bilmir. Həkimin də, dava-dərmanın
da bir xeyri
yoxdur. Ömür qatarının dayanacağı
yaxınlaşırdı. Ona görə də bütün gücünü
toplayaraq illərlə
qəlbində gəzdirdiyi
bir arzunu reallaşdırdı. Bu, "Ana" portreti 49 yaşlı heykəltəraşın sənət
dünyasına bəxş
etdiyi son yadigar oldu!
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2012.- 30 avqust.- S. 5.