Bakı şəhərində Su İdmanı Sarayının tikintisi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanda su idmanı növlərinin inkişaf etdirilməsi, su idmanının müxtəlif növləri üzrə yerli və beynəlxalq səviyyəli yarışların təşkili məqsədi ilə qərara alıram:

 

1. Bakı şəhəri ərazisində müasir standartlara cavab verən Su İdmanı Sarayı tikilsin.  

2. Su İdmanı Sarayının layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 2-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı səhəri, 30 avqust 2012-ci il

 

Azərbaycan.- 2012.- 31 avqust.- S. 1.