Azərbaycan davamlı inkişaf yolundadır

 

Bunu statistik rəqəmlər də təsdiqləyir

 

 Respublikamızda həyata keçirilən sosial-iqtisadi inkişaf kursu 2012-ci ildə də ölkə iqtisadiyyatının bütün sahələrinin davamlı inkişafını təmin edərək müsbət sosial-iqtisadi nəticələrin əldə edilməsini şərtləndirib. Beynəlxalq iqtisadi münasibətlərə, hüquqi normalara cavab verən, dövlətin, xalqın milli maraqlarına əsaslanan irimiqyaslı, məqsədyönlü islahatlar ölkəmizin qüdrətini və nüfuzunu  daha da artırıb, davamlı inkişafı və xalqın rifahının daha da yaxşılaşdırılmasını təmin edib.

Azərbaycan iqtisadiyyatının 2012-ci ilin ötən dövründə inkişafı mürəkkəb qlobal iqtisadi mühitdə baş vermişdir.  Belə bir şəraitdə Azərbaycan iqtisadiyyatı yüksək dayanıqlıq nümayiş etdirmişdir. Bu isə ölkədə həyata keçirilən iqtisadi siyasətin düzgünlüyünü və dərin elmi yanaşmalar üzərində formalaşdırıldığını təsdiqləyir.

Hazırda ölkəmizin iqtisadi mövqeyi əlverişlidir, strateji valyuta ehtiyatları potensial makroiqtisadi riskləri tam neytrallaşdıra bilən səviyyədədir. İqtisadi artım əsasən qeyri-neft sektorundan qaynaqlanır. İnflyasiya optimal idarə olunur və təkrəqəmli səviyyədədir. Manatın mübadilə məzənnəsi sabitdir. Bank sektoru yüksək maliyyə dayanıqlığına malikdir. Bütün bunlar Azərbaycanın seçdiyi inkişaf yolunun tam düzgün olduğunu, zamanın tələblərinə cavab verdiyini, ölkənin qazandığı uğurların miqyasının daha da genişlənməsinə xidmət etdiyini, iqtisadi islahatların düzgün aparıldığını göstərir.

2012-ci ilin yeddi ayının makroiqtisadi göstəricilərinin ötən ilin yanvar-iyul aylarının nəticələri ilə müqayisəsi ölkənin həm iqtisadi, həm də sosial sahələrinin dinamik inkişaf etdiyinə dəlalət edir. Yeddi ay ərzində məhsul istehsalı çoxalmış, xidmətlərin çeşidi genişlənmiş, yeni yerləri açılmış, əhalinin həyat səviyyəsi yüksəlmişdir.

2012-ci ilin yanvar-iyul aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi daxili məhsul istehsalı 1.6 faiz, yaxud müqayisəli qiymətlərlə 476.5 milyon manat artaraq 30.8 milyard manata çatmışdır. ÜDM-in 67.4 faizi məhsul istehsalı sahələrində, o cümlədən 52.3 faizi sənayedə, 9.6 faizi inşaat kompleksində, 5.5 faizi kənd təsərrüfatında yaradılmışdır.

Azərbaycan hakimiyyətinin qarşıya qoyduğu əsas məqsədlərdən biri iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını təmin etmək, xüsusən yeni istehsal sahələrinin fəaliyyətini stimullaşdırmaqdır. Məlum olduğu kimi, bunun üçün artıq neçə illərdir ki, Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə ayrı-ayrı sahibkarlara güzəştli kreditlər ayrılır. Sahibkarlıq fəaliyyətinə yaradılan gözəl şəraitin nəticəsidir ki, bu ilin əvvəlindən ölkədə 2500-dən artıq hüquqi şəxs qeydə alınmışdır. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı qəbul olunmuş dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının qeyri-neft sektorunda dayanıqlı inkişafı təmin etmişdir. İqtisadiyyatın diversifikasiyası nəticəsində istehsalemal müəssisələri, xidmət və digər infrastruktur müasirləşdirilmiş, prioritet sahələrə iri həcmli investisiyaların yönəldilməsi yeni müəssisələrin açılmasına zəmin yaratmışdır. Təbii ki, bunların bir qismi istehsal fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərdir. İstehsalla məşğul olan müəssisələrin sayının artması isə təbii ki, ÜDM-də istehsalın payını əhəmiyyətli dərəcədə artırır.

Azərbaycanın iqtisadi uğurlarını şərtləndirən amillərdən biri də, heç şübhəsiz ki, özünün təbii sərvətlərindən, o cümlədən də neft-qaz ehtiyatlarından səmərəli istifadə olunmasıdır. Bu səmərəliliyin nəticəsidir ki, 2012-cu ilin əvvəlindən indiyədək Azərbaycanda strateji valyuta ehtiyatlarının həcmi artıb. İndi bu göstərici 44 milyard dollar  təşkil edir. Göstərilən həcmdə valyuta ehtiyatı Azərbaycana iqtisadi sahədə istənilən layihəni uğurla reallaşdırmağa imkan verir.

Maliyyə ehtiyatlarının artması digər sahələrin, xüsusən ordunun döyüş qabiliyyətinin artırılmasını və hərbi sənaye kompleksinin inkişafını da şərtləndirir. Azərbaycan Silahlı Qüvvələrinin sürətlə qüdrətlənməsi, modern imkanlara malik peşəkar orduya çevrilməsi, hərbi sənayemizin isə istehsal etdiyi silah-sursat və hərbi texnika ilə dünya bazarlarında özünə yer tapması günümüzün reallığıdır.

İqtisadi sferada yaşanan inkişaf və əldə edilən nailiyyətlər əhalinin maddi rifah halının yüksəlməsinə öz töhfələrini verərək bu sahədə vəziyyətin daha da yaxşılaşmasına, gəlirlərin artmasına da əhəmiyyətli təsir göstərir. Belə ki, 2012-ci ilin yanvar-iyul ayları ərzində əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,9 faiz artaraq 18,2 milyard manata çatmış, onun hər nəfərə düşən həcmi orta hesabla 1992,8 manatya ayda 284,7 manat təşkil etmişdir. Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 10,3 faiz üstələyərək 12,3 faiz olmuşdur.

Cari ilin 1 avqust tarixinə respublikamızda 629 min 129 nəfər ailə üzvünü əhatə edən 141 min 378 ailəyə ünvanlı dövlət sosial yardımı təyin edilib. Ayda orta hesabla hər ailəyə 110,26 manat, hər ailə üzvünə isə 24,78 manat ünvanlı yardım ödənilir.

Beləliklə, bu ilin arxada qalan dövrünün yekunları Azərbaycanda inkişafın davamlı olduğunu, ölkəmizdə makroiqtisadi sabitliyin uğurla qorunduğunu tam qətiyyətlə deməyə əsas verir. Bu isə ondan irəli gəlir ki, Azərbaycan hakimiyyətinin həyata keçirdiyi inkişaf kursunun təməlində dərindən düşünülmüş elmi əsaslar, dövlətin və xalqın maraqlarının təmin olunması dayanır.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2012.- 31 avqust.- S. 1.