Qubadlılar doğma torpağa qayıdacaqları günü gözləyirlər

 

Qubadlının işğalından 19 il keçir

 

İşğal tariximizin daha bir günü - 1993-cü il avqustun 31-i Qubadlının tarixinə qara hərflərlə yazılıb. Həmin günləri yada salmaq, xatırlamaq qəmli, kədərlidir. Min illərlə yaşadıqları yurd yerlərini məcbur olub tərk edən insanların müsibətlərini, iztirablarını göz qarşısında canlandırmaq dəhşətlidir, nəinki onları görmək. Həmin gün 30 mindən çox sakin el-obasından didərgin düşdü. 19 ildir ki, qubadlılar doğma yurdun həsrəti ilə yaşayır və ora dönəcəkləri günü gözləyirlər. Rayonun bərəkətli düzləri, göz oxşayan dağları, kəndləri, səhiyyə, ticarət, mədəniyyət, idman obyektləri düşmənin işğalı altındadır. Hazırda rayonun yeraltı, yerüstü sərvətləri erməni işğalçıları tərəfindən talan edilməkdədir. Təəssüf ki, dünya ictimaiyyəti bu qəddarlığı susaraq qəbul etməkdədir.

Qubadlının işğalı Qarabağ müharibəsi üçün nə demək idi? İşğalın 19-cu ilində qubadlılar hansı qayğı ilə yaşayırlar və onlarda doğma torpaqlara qayıtmaq hissinin gücləndirilməsində dövlətimizin apardığı siyasət əhali tərəfindən necə qarşılanır?. Bu və digər suallarla Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova müraciət etdik. M.İsaqov dedi: 

- Azərbaycanın qədim yurd yerlərindən biri olan Qubadlının özünəməxsus şöhrəti var. İnsanlar halal ruzilərini qəlbən bağlandıqları torpaqdan qazanırdılar. Əzəmətli dağlara baxanda qürur hissi duyurduq. Qubadlı Ermənistanla 120 kilometr, Dağlıq Qarabağla  40 kilometr həmsərhəd idi. Əkin-biçinlə, heyvandarlıqla məşğul olan insanlar ötən əsrin sonlarında yenidən erməni qəddarlığı ilə üz-üzə gəldilər. İlk günlər heç kim inanmırdı ki, ermənilər yedikləri duz-çörəyi yadlarından çıxara bilərlər. Amma sonralar baş verən hadisələr göstərdi ki, namərdlər onlara edilən yaxşılıqları unudublar. Yerli camaat dinclik üzünə həsrət qaldı. İstili-soyuqlu səngərlərə sinə gərdilər. Ancaq yurd, el-oba qeyrətini çəkən insanların, təəssüf ki, düşmənə cavab vermək üçün lazım olan silahları yox idi. Ermənilər müasir raketlərdən atəş açır, kompyuterlə idarə olunan tanklarla hücuma keçirdilər, Qubadlının özünümüdafiə dəstələri isə ov tüfəngi ilə cavab verməyə çalışırdılar. Bu "dayan-doldurum"ları da onlara çox gördülər.

1988-ci ilin payızında Azərbaycan KP MK-nın birinci katibi Ə.Vəzirovun xüsusi tapşırığı ilə sərhədlərimizin keşiyində dayananlardan ov tüfənglərinin yığılmasına başlanıldı. Əslində bu, düşmən yoluna yaşıl işıq yandırmaq idi. Beş ildən artıq müddətdə düşmən qubadlıların başına od ələdi, minlərlə evi, əkin-biçin sahələrini yandırdı. Həmin döyüşlərdə yüzlərlə şəhid verən qubadlıların qəhrəmanlıq ruhunu qırmaq mümkün deyildi. 1988-ci ilin noyabr ayında ermənilər rayonun ərazisində, Gorus-Qafan yolunun kənarındakı Eyvazlı kəndini yandırdılar. Respublika rəhbərləri yenə qəflət yuxusundan oyanmadılar.

Canlı qüvvəyə, silah-sursata böyük ehtiyac vardı, kömək isə yox idi. O dəhşətli, qanlı faciədən sonra ermənilər daha da fəallaşdılar. Ahıllar, uşaqlar vəhşiliklə qətlə yetirildi, girov götürüldü.

- Siz həmin günlərin canlı şahidisiniz. Hadisələrin belə istiqamətdə inkişafının qarşısını almaq mümkün deyildi?

- O ağır anlarda belə, qubadlılar ümidlərini üzmür, sabahkı günün daha yaxşı olacağına inanırdılar. Hələ o illərdə əhalinin dilindən tez-tez gileylər eşidilirdi: "Kaş hakimiyyətdə Heydər Əliyev olaydı, bu müsibətlər də başımıza gəlməzdi. Ermənilərin cavabını necə verərdik..."

Beş il qubadlılar Ermənistandan Qarabağa - Şuşaya, Xankəndiyə gedən yolu qorudular. Düşmən tərəfdən nəinki ağır texnika, heç minik maşını da həmin yoldan keçə bilmirdi. Məqsədlərinə çatmayan qarşı tərəf hücum istiqamətlərini dəyişdi, hər tərəfdən zərbə vurmağa başladılar. 238 nəfər şəhid verdik. 200 nəfərdən artıq sakin ağır yaralandı. Ancaq bu, özünümüdafiə dəstələrini sarsıtmırdı, amallarından çəkindirmirdi. Əksinə, daha mübariz olurdular. Cəsur oğullar doğma torpağımızın hər qarışını canlarından üstün tuturdular. Hər bir qubadlının dilində Əliyar Əliyevin, Aqil Məmmədovun, ümumiyyətlə, 8 nəfər Azərbaycanın Milli Qəhrəmanının, bütün şəhidlərin adları əzbərdir. Onlar həmişə hörmətlə yad olunur, ehtiramla xatırlanırlar.

Qubadlı rayonu 1930-cu ildə təşkil edilmişdir. Rayonun ərazisi 802 kvadrat kilometrdi, bunun böyük hissəsini meşə və yaşıl zolaq təşkil edirdi. Hazırda 34,5 min Qubadlı sakini respublikanın 42 rayon və şəhərində müvəqqəti məskunlaşıb. Əhalinin əksər hissəsi Sumqayıt şəhərində yaşayır. Rayonun icra strukturları, idarə və təşkilatları burada fəaliyyət göstərir. Bu qədər əraziyə səpələnmiş 8905 ailənin sosial, kommunal, səhiyyə, təhsil və digər məsələlər ilə məşğul olmaq, onların üzləşdikləri problemləri həll etmək üçün icra strukturları xüsusi rejimlə işləyirlər. Onu da qeyd edək ki, ölkədə aparılan iqtisadi islahatların uğurlu nəticəsi məcburi köçkünlərin də həyatına müsbət təsir etmişdir. Ölkə başçısının imzaladığı bir sıra fərman və sərəncamlarda məcburi köçkünlərin hüquqlarının müdafiəsi, onların həyat şəraitinin yaxşılaşdırılması, sosial məsələlərin həlli öz əksini tapmışdır. İndi sənaye sahələrində, tikintidə, neft sektorunda çalışan xeyli köçkün soydaşımız var. Sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı da ilbəil artır. Bunlar köçkünlük həyatına müsbət mənada təsir edir. Ümumi inkişaf, həyat səviyyəsinin yüksəlişi yurd-yuvalarından didərgin düşmüş adamların sosial həyatında da açıq-aydın  hiss edilməkdədir.

- Respublikanın müxtəlif bölgələrində məskunlaşan rayon sakinlərinin problemlərinin həlli istiqamətində hansı işlər aparılır?

- Rayonun icra strukturları mütəmadi olaraq müxtəlif yerlərdə məskunlaşan qubadlılarla görüşür, icra aparatında məlumatlar hazırlanır və problemlər öyrənilərək onların həlli yolları araşdırılır. Onu da qeyd edək ki, məcburi köçkünlərin problemləri ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə edilən hər bir müraciət öz müsbət həllini tapır. Dövlət tərəfindən əməkhaqqının, təqaüdlərin müntəzəm artırılması, yeni yerlərinin açılması, ünvanlı sosial yardım proqramının həyata keçirilməsi məcburi köçkün ailələrinin maddi vəziyyətinin yaxşılaşmasına müsbət təsir edir.

Qubadlı Rayon İcra Hakimiyyəti tərəfindən respublikanın müxtəlif bölgələrində məskunlaşan həmyerlilərimizlə mütəmadi əlaqə saxlanılır. Hər ayın sonuncu həftəsi respublikanın bütün bölgələrindəki soydaşlarımızla keçirilən görüşlərin nəticəsi rayon icra hakimiyyəti aparatında müzakirə edilir və əgər lazım gələrsə uzaq dağ kəndi olsa belə oraya nümayəndə yola salınır. Çünki hər bir hadisənin nəticəsi həmin ərazidə baş verənlərlə birbaşa üz-üzə olduqda doğru qərar çıxarmaq mümkündür. Həmçinin ortaya çıxan problemlərin vaxtında həll edilməsi üçün rayonlardakı nümayəndəliklərlə vaxtaşırı görüşlər keçirilir.

- Respublikamızın iqtisadi inkişafı getdikcə sürətlənməkdədir. Qubadlılar da bu inkişafda yaxından iştirak edirlər. Bunda gənclərin fəallığı da çox nəzərə çarpır.

- Bəli, çox doğru dediniz. Bu gün qubadlılar didərginlik dövrü yaşasalar da, ölkənin iqtisadi-sosial həyatında fəal iştirak edirlər. Respublika iqtisadiyyatının elə bir sahəsi yoxdur ki, orada qubadlılar çalışmasın, öz köməklərini əsirgəməsinlər. Bunda gənclərimiz də xüsusi fəallıq göstərirlər.

Respublikamızda gənclərə qayğı daim diqqət mərkəzindədir. İcra hakimiyyətində onlarda vətənpərvərlik ruhunun yüksəldilməsi sahəsində aparılan işlərlə bağlı xüsusi proqram da hazırlanıb. Qubadlı gəncləri həmişə ölkənin inkişafında yaxından iştirak etmişlər və hazırda bu ənənə  davam etdirilir. Öz tarixi keçmişləri ilə fəxr edən Qubadlı gəncləri bu günön sıradadırlar və Azərbaycanın daha da çiçəklənməsində xüsusi xidmətlərini göstərirlər.

Ötən illər artıq tarix səhifələrində yeni izlər açıb. Ümummilli lider Heydər Əliyev siyasətinin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyilə həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində bütün ölkə gəncləri kimi Qubadlı gəncləri də diqqət və qayğı ilə geniş şəkildə əhatə olunmuşlar.

Gələcəyimiz olan gənclik böyük enerji, axtarış, həyata yeni baxış  deməkdir. Onlar bizim adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi gələcəyə daşıyan yaşam  qüvvəsidir. Gələcək həyatın məsuliyyəti gənclərin çiyninə düşdüyü üçün sözün əsl mənasında onlara diqqət və qayğı ilə yanaşılması tələb olunur.

Bu gün Azərbaycanın hansı bölgəsində yaşamasından asılı olmayaraq Qubadlı gənclərinin problemləri araşdırılır, yerindəcə həmin məsələlərin həlli yolları axtarılır. Bu yaxınlarda aparılan  siyahıyaalma nəticəsində məlum olmuşdur ki, respublikanın müxtəlif bölgələrində çalışan Qubadlı gənclərinin sayı 3600 nəfərdən çoxdur. Rayonda gənclərə diqqət və qayğıdan söhbət açarkən öncə onların təhsil almaları üçün yaradılan şərait göz önünə gəlir. İşğalın 19-cu ilini yaşayan qubadlıların əksəriyyətinin Bakı və Sumqayıtda məskunlaşdığı üçün məktəblər də məhz həmin şəhərlərdə fəaliyyət göstərir. Məktəblərin maddi-texniki bazası son dövrlər gücləndirilib.

Rayonda istedadlı gənclərin aşkara çıxarılması, onlara göstərilən qayğını daha da artırmaq məqsədilə Sumqayıt şəhərindəki 28 may Mədəniyyət Evində yerləşən Mahmudlu kənd uşaq musiqi məktəbinin yenidən qurulması da son illərdə əldə edilən uğurlardandır. İstedadların aşkarlanmasında, üzə çıxarılmasında bu məktəbin xüsusi əhəmiyyəti vardır. Keçirdiyimiz tədbirlərin çoxunda Qubadlının istedadlı gənclərinin iştirakı onların qabiliyyətlərinin üzə çıxmasında bir tramplin rolu oynayır.

Rayonun fəaliyyət göstərən təhsil müəssisələrində  tədris ləvazimatları, informasiya-kommunikasiya vasitələri ilə təminatı sahəsində görülən işlər  bu istiqamətdə öz müsbət nəticəsini verməkdədir. Hər il həmin məktəblərin yüzlərlə məzunu respublikanın müxtəlif ali təhsil müəssisələrinə qəbul olunur. Bu gün onlarla  Qubadlı gənci xarici ölkələrdə təhsillərini davam etdirir.

Onu da qeyd edək ki, xaricdə təhsil alan gənclər həmin ölkələrdə yaşayan həmvətənlərimizlə görüşür, diasporumuzun təşkil etdiyi müxtəlif tədbirlərdə yaxından iştirak edirlər. Bütün bunlar onların vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır.

- Ölkəmizdə insan amili ön plana çəkilmişdir. Yaşam tərzindən asılı olmayaraq sağlamlığın qorunması gələcək ailələrin təməlinin möhkəm qoyulmasına xidmət edir. Əhalinin sağlamlığının qorunması istiqamətində hansı işlər görülür?

- Müasir dövrdə ən aktual məsələlərdən biri insanların sağlamlığı ilə bağlıdır. "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nda bu sahəyə geniş yer verilmişuğurlu nəticələr əldə edilmişdir. Qubadlı Rayon Mərkəzi Xəstəxanası poliklinikasının fəaliyyətinin bərpası sakinlərin sağlamlıqlarının qorunmasında və müalicə almalarında əhəmiyyətli rol oynayır.

Bu poliklinika 2003-cü ildən fəaliyyət göstərir. Əvvəlki illərdə poliklinika üçün Sumqayıt şəhər səhiyyə şöbəsinin 1 saylı xəstəxanasında bir otaqlı yer ayrılmışdı. Həmin otaqda xəstəxananın yalnız adı var idi. Hazırda Qubadlı Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində mama-ginekoloq, terapevt, pediatr, cərrahiyyə, nevropatoloq, kardiologiya və digər müalicə-profilaktika  üzrə xəstələrə xidmət göstərilir. Burada hər gün 100-dən artıq ambulator xəstə qəbul edilir. 201 nəfər şəkərli-diabet xəstəsi qeydiyyatda durur ki, onlar pulsuz dərmanlarla təmin edilirlər.

Qubadlı Rayon Mərkəzi Xəstəxanasının nəzdində 2 tibb məntəqəsi fəaliyyət göstərir. Məntəqələrdən biri Sumqayıt mehmanxanası və Kompressorlar zavodu ərazisində, digəri "Şəfa" və "Metallurq" sanatoriyaları istiqamətində məskunlaşmış qubadlılara xidmət edir.

Bu səhiyyə ocağında 56 nəfər tibb işçisi çalışır. Poliklinikada müasir tipli ultrasəs müayinə və rentgen aparatları, klinik diaqnostika laboratoriyasında biokimyəvi və yoluxucu xəstəliklərin müayinəsini yoxlamaq üçün texniki avadanlıqlar var. Həmçinin stomatoloji qurğu, ensefaloqraf, exokardioqrafbir sıra fizioterapiya aparatları xəstələrin xidmətindədir.

Qubadlı Rayon İcra Hakimiyyətində vaxtaşırı yaşlı və gənc nəslin nümayəndələrinin görüşləri keçirilir. Yaşı 100-ü adlamış insanlarla gənc və yeniyetmələrin görüş və söhbətləri böyük maraq doğurur. Onların dünyagörüşü, həyat təcrübələri  müasir gənclik üçün əsl həyat məktəbidir.

Rayon ağsaqqalları ilə, Milli Qəhrəmanların ailə üzvləri ilə keçirilən görüşlər öz bəhrəsini verir. Qubadlı gəncləri hərbi xidmətə böyük həvəslə gedirlər. Mübarizlərin, Əlyarların, digər qəhrəmanların intiqam anı hələ öndədir. Rayonun hər bir sakini yaxşı bilir ki, ölkə iqtisadiyyatının dinamik inkişafı, həm də güclü ordu yaradılması deməkdir. Ərazi bütövlüyünün bərpası, torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasəti qubadlılar da ürəkdən bəyənirlər.

Ümummilli lider Heydər Əliyev Qubadlı rayonunun işğalı barədə öz fikrini belə bildirmişdi:  "...O torpaqlar əməksevər insanların qeyrət, bərəkət ünvanı idi. Qubadlılar Qarabağa, Laçına, Kəlbəcərə Ermənistandan gələn yolun üstündə möhtəşəm qala kimi dayanmışdılar. Onun işğalından da bərk sarsıldım".  Həmin ərazilərin düşmən tapdağından azad edilməsi həm ulu öndərin müqəddəs ruhu qarşısında and inancımız, həm də doğma torpaqlara dönüşümüzün başlanğıcı olardı.

Bu gün qaçqın və məcburi köçkünlərimizin məskunlaşdıqları bölgələrdə elə bir sahə yoxdur ki, orada qubadlılar çalışmasın və gənclərin qüvvəsindən istifadə edilməsin. İstər təhsildə, istərsə də gənclərin fəaliyyəti ilə bağlı digər sahələrdə qubadlılar respublikamızın öncül sırasındadırlar. Onların hər biri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin torpaqlarımızın işğaldan azad edilməsi uğrunda səslənəcək əmrinə hazırdır. Qubadlılar çox yaxşı bilirlər ki, bütün nailiyyətlərin əldə edilməsi ölkə başçısının diqqət və qayğısının nəticəsidir. Hər bir Qubadlı sakini - düşmən tapdağında inləyən vətənin azad olacağı həmin qələbə gününü gözləyir. Qubadlılar respublikamızın inkişafının indiki mərhələsində yaxından iştirak etməklə  uğurlu gələcək tarixinə öz layiqli töhfələrini yazacaqlar.

 

 

Akif ƏLİYEV

 

Azərbaycan.- 2012.- 31 avqust.- S. 4.