Dağıdılmış daş yaddaşımız

 

 Ərazisi maddi mədəniyyət və dini abidələrlə zəngin olan,  tarixdə Bərgüşad mahalı kimi tanınan Qubadlı rayonu 1993-cü il avqust ayının 31-də  təcavüzkar Ermənistan tərəfindən işğala məruz qalıb. Rayon XVIII əsrin ortalarına qədər inzibati ərazi vahidi kimi Zəngəzur mahalının tərkibində Qaradağ xanlığına tabe olub.

Qubadlının tarixi, etnoqrafiyası və mədəniyyətinə aid qaynaqlarda bu mahalın  qədim türklərin yaşayış məskənlərindən olduğu dönə-dönə vurğulanır: "Rayonun ərazisində  mövcud olmuş abidələr də (son iyirmi ilə yaxındır ki, erməni vandalizminin işğalçılıq siyasətinin qurbanına çevrilib) bu faktı əyani şəkildə təsdiqləyir. Qubadlı torpağının tarixi uludur. Lakin onun adı bir mənbəyə ("Coğrafi adlar", Azərnəşr, 1982) əsasən, beş əsr bundan əvvəl yaranıb: "Qubadlı XVI əsrin sonunda Azərbaycana köçmüş səlcuq türklərinə mənsub Qubad nəslinin adını daşıyır". Azərbaycan xalqının tarixi faciəsi kimi yaşanan 1921-ci ildə rus-erməni, eləcə də daşnak-bolşevik ittifaqının nəticəsi olaraq, imperiya mahalı iki yerə bölüb. Qubadlı, Laçın və Zəngilan rayonları çətinliklə də olsa, Azərbaycan Respublikasının inzibati ərazisində qalıb.

Qubadlı rayonu 1933-cü ildə eyniadlı  kəndin əsasında təşkil olunub. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonu ilə birləşdirilib. 1964-cü ildə yenidən müstəqil rayona çevrilib. Qubadlı şimaldan Laçın, cənubdan Zəngilan, şərqdən Xocavənd və Cəbrayıl rayonları, qərbdən Gorusla həmsərhəddir. Bazarçay (Bərgüşad), Həkəri, Kiçik Həkəri, Meydan dərəsi çayları və çoxlu bulaqlar rayonun əsas su mənbəyidir.

Qubadlı torpağına səpələnmiş daş yaddaşlar - abidələr uzaq keçmişlərdən xəbər verir: Ulu babalar bu abidələri daha etibarlı tarix hesab etmişlər. Gavur dərəsindəki mağara-ibadətgah IV, Muradxanlıdakı, Qalalı, Əliquluşağı kəndindəki Göy qala abidələri V, Yazı düzündəki Cavanşir türbəsi, Dəmirçilərdəki iki türbə XIV, Gürcülüdəki türbə XVII, Xocamsaxlı kəndindəki türbə XVIII yüzilliklərdən xəbər verir. Əliquluşağı kəndindəki mağara-ibadətgah, Xocamsalıdakı qala, Seytasdakı Anabatbir çox əfsanəvi abidələr (Oğlan-qız qayası, Sınıq körpüs.) bəlkə də daha qədim dövrlərin salnaməsidir. Maddi-mənəvi abidələr də insanın özünüdərk erasının məhsuludur.

Rayonun ərazisindəki onlarla mağara (kaha) da təsdiqləyir ki, bu yerlər ilk insan məskənlərindən olub: "Aşağı Mollu ilə Həmzəlidə 9, Əliquluuşağı kəndində  qədim insan məskəni sayılan 5 kaha (mağara) işğala qədər durmaqda idi. Xanlıq, Çaytumas, Yusifbəyli, Məlikəhmədli, Məzrə və başqa kəndlərdə də qədim yaşayış məskənləri vardı. "Gavur dərəsi" deyilən ərazidəki IV əsrə aid mağara da qədim insanların sadalanan sığınacaq yerinə çevrildiyi güman olunurdu. Qubadlının ərazisində tarixi keçmişi olan, mühafizə, gözətçi funksiyasını yerinə yetirmiş qalalar mövcud idi. Əliquluuşağındakı Göy qala (V əsr), Muradxanlıdakı "Qalalı", Xocamsaxlıdakı qalalar rayon işğal olunana qədər qorunub saxlanırdı".

Qubadlının ərazisindəki daş yaddaşlar  yalnız mağaraqalalardan ibarət deyildi. Burada müqəddəs məkanlar, ziyarət yerinə çevrilmiş türbələr də var idi ki, öz dövrünün arxitekturasını qoruyub saxlamışdılar. Rayon ərazisində tarixin müxtəlif qatlarında tikilmiş türbələr öz gözəlliyi ilə həmişə diqqəti cəlb etmişdir. Dəmirçilərdəki türbə XIV, Gürcülüdəki "İmamzadə" türbəsi XVII, Yazı düzü adlandırılan sahədəki Cavanşir türbəsi XIV əsrin dondurulmuş daş kitabələr idi ki, hər birində müqəddəslər uyuyurdu.

Ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyinitalan etdilər. IV əsrə aid "Gavur dərəsi"ndəki ibadətgah, V əsrə aid "Qalalı" və "Göyqala" abidələri, XIV əsrdə tikilmiş "Dəmirçilər" Türbəsi, Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr hazırda işğal altındadır.

Tarixi qədim, taleyi keşməkeşli Qubadlını düşməndən azad edəcəkləri günə hər an hazır olan bu yurdun övladları dövlət başçısının apardığı sülh siyasətini dəstəkləyirlər. Müqəddəslər yurdunun işğaldan azad olunması həm də daşlaşmış yaddaşımızın bərpası deməkdir.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2012.- 31 avqust.- S. 4.