Qürur yerimiz olan Tərtər düşmənə göz dağıdır

 

 Bu yerlərin təbiəti çox gözəldir. Havası təmiz, suyu saf, torpağı münbitdir. Tərtərdən baxanda ucalığı, əzəməti ilə qürur duyduğumuz Murov dağı çox aydın görünür. Qarabağ savaşında tərtərlilər çox sayda şəhid versələr də, uzun illər mələk qiyafəsinə girib məkrli niyyətlərini gizlədən, sonda azğın düşmənə çevrilən ermənilərin qarşısını mərdliklə kəsdilər. Üstəlik bir əsrdən də artıq ermənilərin istifadəsində olan xeyli ərazimizi geri aldılar. Nankor qonşularımıza elə o vaxt da, indigöz dağıdır Tərtər.

Qarabağ savaşının son dərəcə ağır anlarında yumruq kimi birləşib düşmənin başında ildırım kimi çaxdılar. Ermənistan silahlı qüvvələrinin atdığı "qradlar", "alazanlar" Tərtər rayonunun mərkəzinə yağış kimi yağsa da, doğma yurdunu, isti ev-eşiyini kimsə tərk etmədi. Vətən sevgisi, torpaq qeyrəti bu ölüm-dirim savaşında tərtərlilərə yenilməz güc verdi. Əli silah tutan hər kəs qəlbinin sonsuz nifrəti, tökülən nahaq qanların intiqam hissi ilə düşmən qabağına çıxdı. Bunlar o zaman baş verirdi ki, yenicə müstəqillik qazanmış Azərbaycanı başdan-başa xaos bürümüşdü. Səriştəsiz AXC-Müsavat iqtidarı dövlətin idarə olunmasını taleyin ümidinə buraxmışdı. Zorla müharibəyə cəlb olunmuş bir ölkədə ayrı-ayrı silahlı dəstələr könüllülər kimi döyüşürdülər. Belə ağır zamanda Tərtər oğulları qanları, canları bahasına doğma rayonu qorudular. Düşmənin qana susayan dişlərini sındırıb geri oturtdular. O vaxt alınmaz qalaya dönən Tərtər düşmənin göz dağına çevrilmişdi. Bu gün isə Tərtər heyrət doğuran yüksəlişi, bütün sahələri əhatə edən dinamik inkişafı, göz qamaşdıran gözəlliyi ilə bizlər üçün qürur yeri, düşmən üçün isə yenə də göz dağıdır. Tərtərdə dövlətə sədaqət, vətənə sonsuz məhəbbət hissi ilə əlçatmaz yüksəkliyə ucaldılmış üç rəngli bayrağımızı ermənilər də çox aydın görürlər. Bu bayrağın ucalığı və savaş içində yaşayan bölgənin sıçrayışla inkişafı bir addımlıqda iqtisadiyyatı böhranda boğulan düşmənə göz dağıdır. İstəsələr də, istəməsələr də dərk etməlidirlər ki, şəhidlərin qanından rəng alan bu bayraq gec-tez bütün Azərbaycan ərazilərində - Ağdərədə, Kəlbəcərdə, Laçında, Şuşada, Ağdamda... dalğanacaqdır.

Son vaxtlar Tərtərə yolu  düşən hər kəs rastlaşdığı gözəllik qarşısında heyrətini gizlədə bilmir. Sərin sulu bulaqlar, nəğməkar fəvvarələr, al-əlvan parklar, zümrüd xiyabanlar göz oxşayır. Təbiətin səxavətlə verdiyi gözəlliyə bu yurdu sonsuz məhəbbətlə sevən övladları hər gün bir yeni naxış vururlar. Daş üstə qoyulan hər daş, ucalan hər yeni bina, əkilən hər çiçək, hər gül kolu, çəkilən yeni rahat yollar, salınan körpülər fəal vətəndaş mövqeyinin, vətənpərvərliyin, yurdseverliyin məntiqi nəticəsi kimi könüllərdə xoş duyğulat oyadır, sürətli inkişafımızın doğuracağı firavan həyata, işıqlı sabahlara olan inamı birə min artırır, sonsuz həvəslə qurub-yaradan insanları yeni uğurlara səfərbər edir.

Bütün bölgələri başdan-başa yenidən qurulan ölkəmizin yüksəliş salnaməsinə dövlətin qayğısından güc alan, halal zəhmətlərinə, mənalı əməklərinə güvənən tərtərlilər öz adlarını şərəflə yazırlar. "2009-2013-cü illərdə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Tərtər rayonunun inkişafına yönələn tədbirlər uğurla yerinə yetirilməkdədir. Cari ilin arxada qalan birinci yarısı dinamik inkişafın mühüm mərhələsi kimi tarixə çevrilmişdir. 2011-ci ilin eyni dövrü ilə müqayisədə rayonda ümumi məhsul buraxılışının həcmi 22 milyon manat artaraq 50,7 milyon manata çatdırılmışdır. Altı ay ərzində əsas kapitala yönəldilən investisiyalar 6,6  milyon manat, kənd təsərrüfatı məhsullarının ümumi həcmi 22,5 milyon manat, nəqliyyat sektorunda yükdaşımalar 220 min ton, rabitə və informasiya xidmətlərinin həcmi 157,2 min manat təşkil etmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sənaye məhsulunun həcmi 61,7 faiz, əsas kapitala yönəldilən investisiyalar 3 dəfə, istehsal edilən kənd təsərrüfatı məhsullarının həcmi 12,5 faiz artmışdır.

Bir kənd təsərrüfatı rayonu olaraq Tərtərin qazandığı uğurlar diqqət çəkəndir. Dövlətin torpaq istifadəçilərinə göstərdiyi davamlı qayğı, xüsusilə taxıl istehsalçılarına dövlət büdcəsindən ayrılan vəsaitlər Tərtər kəndlisini torpağa daha möhkəm tellərlə bağlayır, onların məhsuldarlığı artırmağa marağını stimullaşdırır. Cari ilin məhsulu üçün rayonda 30388 hektar sahədə əkin aparılmışdır. Ölkənin Ərzaq Təhlükəsizliyi Proqramına sanballı töhfələr verməyə çalışan rayon əməkçiləri bu il 17309 hektar sahədən 55194 ton taxıl biçmişlər. Hər hektarın məhsuldarlığı 32 sentnerə çatdırılmışdır ki, bu da keçən ildəkindən 2,7 sentner çoxdur. Eyni zamanda 680 ton lobya, 4058 ton kartof, 7848 ton tərəvəz, 1424 ton meyvə istehsal olunmuşdur.

Heyvandarlıq sahəsində yaxşı nəticələr qazanılmışdır. Altı ay ərzində 1572 ton diri çəkidə ət, 7462,5 ton süd, 5129 min ədəd yumurta, 117,6 ton yun istehsal edilməsi rayon fermerlərinin gərgin əməyinin nəticəsidir. Rayonda istehsal edilən bol və keyfiyyətli kənd təsərrüfatı məhsulları təbii ki, daxili ehtiyacları artıqlamasi ilə ödəyir. Səxavətli Tərtər kəndlisi paytaxt sakinlərini də unutmur. Bakı şəhərində keçirilən yarmarkalara bu il 354,4 ton müxtəlif kənd təsərrüfatı məhsulları göndərilmişdir.

Rayonda aqrar sahənin dinamik inkişafını təmin etmək üçün "Aqrolizinq" ASC-nin Tərtər filialının maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi fikir verilir. Bu istiqamətdə həyata keçirilən tədbirlər, Kənd Təsərrüfatı Nazirliyinə edilən müraciətlər nəticəsiz qalmır. "Aqrolizinq" vasitəsilə torpaq istifadəçilərinə güzəştli qiymətlərlə 565 ton mineral gübrə satılmışdır. Son vaxtlar rayon "Aqroservis" filialına 3 ədəd gübrəsəpən, 1 ədəd dərman çiləyən agreqat alınmışdır. 7280 hektar sahədə ziyanvericilərə və alaq otlarına qarşı mübarizə də yüksək aqrotexniki tələblər əsasında aparılmışdır.

Əkin sahələrinin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq məqsədilə suvarma sistemləri şəbəkəsində 431 min kubmetr həcmində lildən təmizləmə işi aparılmış, daşqın və selə qarşı 25 min kubmetr torpaq işi görülmüşdür. 10 ədəd hidrometrik qurğu, 18 ədəd hidrotexniki post, 1,4 kilometr uzunluğunda istismar yolu təmir edilmişdir. Əhalinin içməli suya olan ehtiyacını daha dolğun ödəmək məqsədilə HüseynliBuruc kəndlərində yeni subartezian quyuları qazılıb istifadəyə verilmişdir.

Tərtər Rayon İcra Hakimiyyətinin başcısı Ceyhun Cəfərov qazanılan iqtisadi yüksəlişi, əhalini narahat edən sosial problemlərin uğurlu həllini dövlətin davamlı qayğısı, respublika Prezidenti İlham Əliyevin cəbhə bölgəsinə xüsusi diqqətinin məntiqi nəticəsi, rayon əhalisinin dövlətçiliyə sədaqətinin, doğma yurda sonsuz məhəbbətinin təzahürü kimi səciyyələndirdi:

- Dövlətimizin beynəlxalq aləmdə artan nüfuzu, gündən-günə, aydan-aya güclənən iqtisadiyyatımız ölkəmizin hər bir vətəndaşında haqlı olaraq iftixar hissi doğurur. Necə sevinməyəsən ki, bu gün ölkəmizin paytaxtı Bakı ilə yanaşı, ən ucqar bölgələrdə də quruculuq, tikinti-abadlıq işləri geniş vüsət almışdır. Tərtərin daha da gözəlləşdirilməsi üçün görülən irimiqyaslı işlərdən danışmaq istəmirəm. Qoy adamlar Tərtərin bugününü gözləri ilə görüb qiymət versinlər. Bizim fəaliyyətimizin əsas istiqaməti isə dövlət başçısının verdiyi tapşırıq və tövsiyələri həyata keçirməkdir. Bu tapşırıqların mahiyyəti əhalinin həyat səviyyəsini hər vasitə ilə yaxşılaşdırmaqdan, rayonun sosial-iqtisadi inkişafını sürətləndirməkdən, kənd və şəhərlərimizə gözəl görkəm verməkdən ibarətdir. Dövlətin dəstəyi ilə bu aydın istiqamətdə xeyli görmüşük.

İcra başçısı rayonun sosial-iqtisadi həyatındakı yeniliklərdən, qazanılan nailiyyətlərdən söhbət açmasa da bunlar kifayət qədər çoxdur. Bərdə istiqamətində Tərtərə girişdə açılan mənzərə rayona qonaq gələn hər kəsdə elə ilk addımda xoş ovqat yaradır. Burada bir hektar sahəni əhatə edən ərazidə möhtəşəm Bayraq meydanı inşa edilmişdir. Bayrağın ətrafında 270 kvadratmetr əraziyə qranit daşları döşənmişdir. Meydanda 2  fəvvarə qurulmuş, 1 çayxana tikilmiş, 1 ədəd müasir tipli köşk qoyulmuşdur. Meydan boyu inşa edilən istinad divarları ağlay, mərmər və digər bəzək daşları ilə üzlənmişdir. Meydanda yüksək zövqlə yaşıllıq sahələri yaradılmış, gül və bəzək  ağacları əkilmişdir. Hazırda bura şəhər əhalisinin əvəzsiz istirahət yerinə çevrilmişdir. Tərtərin qonaqları da bu füsunkar ərazidən biganə ötüb keçmirlər.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin ideallarına tərtərlilər həmişə sədaqətli olublar. Ulu öndərə sonsuz məhəbbət və ehtiram Tərtərdə hər addımda hiss olunur. Şəhərin mərkəzi meydanında ucalan heykəlin önündən qızıl güllər əskik olmur. Ulu öndərin adını daşıyan park, Heydər Əliyev Mərkəzi, Heydər Əliyev prospekti müasir Azərbaycan dövlətinin banisinə cəbhə  bölgəsində yaşayan insanların sevgisinin təzahürüdür. Heydər Əliyevə ucaldılan ən böyük məhəbbət abidəsi isə tərtərlilərin ürəyindədir. Bu ürəklərin hər döyüntüsündə dövlətə sədaqət, vətənə məhəbbət, qürur mənbəyimizə çevrilmiş dövlətin qurucusuna sonsuz ehtiram duyulur.

Heydər Əliyev Mərkəzi şəhər memarlığının təkrarolunmaz nümunəsi kimi yüksək zövqlə yenidən qurulmuşdur. Bura ən yüksək keyfiyyətli inventar və avadanlıqlar alınmışdır. Mərkəz yeni eksponatlarla zənginləşdirilmişdir, Heydər Əliyev irsinin dərindən öyrənilməsi üçün burada geniş imkanlar yaradılmışdır. Heydər Əliyev prospektində, Nizami küçəsində və Heydər Əliyev parkında bərpa və təmir işləri aparılmış, Tərtər-Bərdə və Tərtər-Dördyol istiqamətində yaşıllıq zolaqlarına 7 minə yaxın müxtəlif ağac əkilmişdir.

Tikintisinə cari ilin may ayında başlanılmış "Gənclər evi"nin inşası müvəffəqiyyətlə başa çatdırılmışdır. Müasir görkəmi ilə diqqət çəkən ikimərtəbəli bu bina Heydər Əliyev prospektinin ümumi mənzərəsini gözəl bir məzmunla  tamamlayır. Heç şübhəsiz ki, bu mərkəz tərtərli gənclərin Heydər Əliyev ideyalarına sədaqət, vətənə və dövlətə məhəbbət ruhunda yetişməsində mühüm rol oynayacaqdır.

Deyirlər, abadlıq yoldan başlayır. Tərtərdə də bu  həqiqəti hər kəs görür və razılıqla təsdiq edir. Bölgələrin inkişafına böyük önəm verən respublika Prezidenti İlham Əliyevin sərəncamı əsasında uzunluğu 19,5 kilometr olan və 9 min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Bayandur-Poladlı avtomobil yolunun tikintisi yüksək keyfiyyətlə başa çatdırılmışdır. Yolun hər iki başında, yəni Poladlı və Düyərli kəndlərində müasir üslubda 2 ədəd giriş qapısı quraşdırılmış, 2 ədəd dayanacaq tikilmişdir. Yol boyu 780 metr uzunluğunda istinad divarları inşa edilmişdir. Yeni çəkilən yolun kənarlarında olan səliqəsiz köşklər, uyğun olmayan yöndəmsiz tikililər götürülmüş, qurumuş ağaclar, kol-kos təmizlənmişdir. Bu möhtəşəm infrastruktur layihəsinin reallaşması bölgədə sözün həqiqi mənasında bayram əhval-ruhiyyəsi yaratdı. Rayon əhalisi dövlət başçısının onların firavanlığına hesablanmış qayğısını böyük minnətdarlıq və ruh yüksəkliyi ilə qarşıladılar. Əhalinin yüksək həyat səviyyəsini təmin etməyə yönələn tədbirlər isə davam etdirilir. İndi Tərtərdə elektrik enerjisi ilə təminatda heç bir problem yoxdur. Kəndlərə təbii qaz çəkilişi müvəffəqiyyətlə davam etdirilir. Su sarıdan korluq çəkən ərazilərdə yeni subartezian quyuları qazılır. Yolların, səkilərin təmiri diqqət mərkəzindədir. Mərkəzi rayon xəstəxanasının, rayon mədəniyyət evinin əsaslı təmiri əhalinin razılığına səbəb olur.

Hər şeyin insanların rifahına xidmət etdiyi bu bölgədə əhalinin aztəminatlı təbəqəsi daim diqqət mərkəzində saxlanılır. Bu ilin birinci yarısında sosial müavinət alan 6191 nəfər vətəndaşa 1,273 milyon manat vəsait ödənilmişdir. Cari ildə 3024 nəfərdən ibarət 691 ailəyə ünvanlı sosial yardım təyin edilmişdir. Tənha yaşayan 80 nəfər rayon sakininə evlərində sosial məişət xidməti göstərilir.

Rayonda sahibkarlığın inkişafına yaradılan əlverişli şərait özəl sektorun yüksəlişinə stimul verir. Bu il rayonda 644 yeni yerinin açılması məhz özəl sektorun inkişafının göstəricisidir.

Bəli, cəbhə bölgəsi olan Tərtər xaosda boğulan, iqtisadi böhranın uçurumlarına yuvarlanan düşmənin gözü qarşısında sabaha inamla addımlayır. Hər açılan sabah bizlərin qürur yerinə, beş addımlıqda olan düşmənlərimizin göz dağına çevrilən Tərtərin yeni uğurlarından soraq verir.

 

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2012.- 31 avqust.- S. 3.