Yaponiya şirkətləri Azərbaycandakı
investisiya imkanları ilə maraqlanır
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (Azpromo) ölkəmizdə səfərdə olan Yaponiyanın aparıcı şirkətlərinin nümayəndələri ilə görüş keçirilib.
Yaponiyanın "Kosugi" şirkətinin prezidenti Saki Kosuginin rəhbərlik etdiyi nümayəndə heyətinə qida və qida texnologiyaları, metallurgiya və bağçılıq sahələrində fəaliyyət göstərən, eləcə də Tokio Ticarət və Sənaye Palatasına üzv olan şirkətlər daxil idi.
Görüşdə Azpromo tərəfindən yaponiyalı qonaqlara Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkənin qazandığı uğurlar, əlverişli biznes və investisiya mühiti barədə məlumat verilib. Ölkəmizin xarici investisiyalar üçün "açıq qapı siyasəti" həyata keçirdiyi vurğulanıb və qeyd edilib ki, bir sıra iri layihələrin fəal iştirakçısı olan Azərbaycan həm də investisiya ixracatçısıdır.
Görüş zamanı həmçinin Azərbaycanın mövcud və potensial investisiya imkanlarına dair təqdimat keçirilib, qonaqları maraqlandıran suallar cavablandırılıb.
Azərbaycan.- 2012.- 31 avqust.- S. 5.