Yarı Haqq olan şair
XIX əsr təzkirəçiləri
və XX əsr ədəbiyyat tədqiqatçıları tərəfindən
adı xüsusi hörmət və ehtiramla çəkilən Fatma
xanım Kəminə Qarabağın üçüncü
qadın şairi olub.
Həyat və yaradıcılıqları qismən öyrənilmiş
bu üç şair klassik irsimizin ən görkəmli nümayəndələridir:
Aşıq Pəri, Xurşudbanu Natəvan
və Fatma xanım Kəminə.
Mir Möhsün Nəvvab
"Təzkireyi-Nəvvab" kitabına Fatma
xanımın şeirlərini daxil edərək
onun haqqında qısa məlumat vermişdir: "Mirzə Fatma
mərhum Mirzə Bəybaba Əlyarbəyzadə oğlu Tahirzadənin istəkli qızı olub. Qarabağın Şuşa
əhalisindəndir". Bu xanımın
yaradıcılığı haqqında M.M.Nəvvabın təzkirəsindən
başqa Firidun bəy
Köçərlinin "Azərbaycan ədəbiyyatı tarixi materialları" adlı kitabında da rast gəlmək olar. Başqa mənbələrdə
də bu qarabağlı şairin
adı çəkilib, yaradıcılığından
qısa söhbət açılıb.
Fatma xanım Kəminə 1841-ci ildə Şuşa
şəhərində anadan olub. hələ kiçik
yaşlarından ağıl və dərrakəsi ilə
yaşıdlarından seçilərək müasirlərinin
hörmət və ehtiramını qazanan
Fatma xanım ilk təhsilini
Şuşada alaraq dərin
bilik qazanıb. Doğma ana dilindən başqa fars dilini də mükəmməl
öyrənən Fatma xanım Kəminə
hər iki dildə şeirlər yazıb.
Onunla bağlı aparılan
araşdırmalar nəticəsində bir
məsələ də bəlli olur ki, Fatma xanım Kəminə
hətta dörd-beş il
İstanbulda təhsil alıb. Xalq yazıçısı Əzizə Cəfərzadə
yazılarının birində bu məlumatı
şifahi mənbələrdən
aldığını bildirib. Vaxtilə onun nəvə-nəticələrini görən,
hətta onlarla söhbət edən
görkəmli yazıçımız əldə etdiyi məxəslər əsasında bu xanımın mehriban, əliaçıq
və qayğıkeş insan olduğunu da bildirib. Təəssüf ki, XIX əsrin görkəmli ədəbi
simaları sırasında adı hörmətlə çəkilən
bu şairin əsərləri
hələ də tam şəkildə çap edilməmiş, demək olar ki, onun
şeirlərinin əksəriyyəti toplanaraq
oxuculara çatdırılmamışdır.
Yalnız 1971-ci ildə məhz Əzizə
xanım Cəfərzadənin təşəbbüsü ilə
"Fatma xanım Kəminə"
adlı kiçik bir kitabça işıq üzü
görmüş, orada
da şairin qəzəl,
qitə, qoşma və ona
həsr olunmuş şeirlərdən
nümunələr daxil edilmişdir.
İstər Mir Möhsün
Nəvvab, istərsə də Firidun bəy
Köçərli bildiriblər ki, şairin təxminən 500-ə yaxın şeiri və qəzəli olub.
Firidun bəy Köçərli bu xanımın məziyyətlərini belə
səciyyələndirirdi: "Fatma
xanım həqiqətdə çox
gözəl və zərif bir can idi. Zahiri gözəlliyinə müvafiq batini və mənəvi
tərəfdən dəxi əxlaqi - həsənə sahibəsi
olub, ziyadə xoşxülq,
mülayimə və xoşrəftar bir
nadireyi-zəmanə idi ki,
onun vəfatı cümlə-şüəranü
üzrəfayi-Qarabağda böyük bir yas oldu".
Cəmi 56 il ömür
sürən və iflic xəstəliyindən
vəfat edən Fatma xanım Kəminənin
dünyasını dəyişməsi həqiqətən də
nəinki Şuşada, cümlə Qarabağda dərin hüznlə
qarşılandı. Bu bölgənin bütün şair və
maarifpərvərləri onun vəfatını
özləri üçün ağır
itki hesab etdilər.
Fatma xanımın atası Bəybaba, əmisi Yəhya bəy
həm din xadimi, həm
də şair olublar.
İstər ata nəsli, istərsə də
ər qohum-əqrəbası güzəranı qələmə
bağlamış, bu nəsildən
çıxan insanların əksəriyyəti mirzə, katib, dilmanc işləmişdi.
Əzizə Cəfərzadə
yazırdı: "Onlardan bir
neçə hərbçi zabitlər yetişmişdirsə
də, əksəriyyəti ziyalıdır. Bu
ziyalılar zabitlər arasında hətta inqilabçı kimi də tanınmışdılar. Kəminənin
qayınlarından Hacı bəy Sultanov
Türkmənistanda, Fərəc bəy Sultanov
Qafqazda azadlıq uğrunda
mübarizə aparan insanlar
kimi tanınmışlar. Həyat
yoldaşı Sadıq bəy Mirzeynal oğlu isə indiki Füzuli rayonunun
Saracıq kəndindən idi. Onların Əşrəf
bəy və Rəşid bəy adlı iki
oğlu, Tutu, Humay və Qumru adlı üç qızı olub.
Bu nəslə mənsub olan
övladların çoxu öz
işləri və əməlləri ilə həmişə
seçilən məşhur simalar kimi tanınıb. Hətta sonralar
nəsildə Kəminə adlı cavan bir pöhrə də böyüyüb
(şairin kötücəsi). Vaxtilə
"Pravda" qəzetinin Azərbaycan
üzrə xüsusi müxbiri
işləmiş Lionid Tahirov,
respublikamızın uzun illər xarici işlər naziri olmuş Tahirə Tahirova məhz
Fatma xanım Kəminənin şəcərəsinə
mənsubdur.
XIX əsrdə Qarabağda yaşayıb yaradan
şairlərin ən çox müraciət
etdiyi qəzəl janrı bir
növ ədəbi yarış şəklini
almışdı. Hətta şairlər bir-birləri ilə
məktublaşanda da bu
janrdan istifadə edirdilər. Qəzəl
klassik ədəbiyyatın rəmzi idi. Onu dərindən bilmək
çətin olsa da,
istedadlılar bunun öhdəsindən gəlirdilər.
Fatma xanım Kəminə də
müasirləri kimi qəzəl
janrında yazıb yaradıb. Qəzəllərinin
əsas mövzusu məhəbbət, onun saflığı, təmizliyi və
gözəlliyi idi. Əsasən aşiqanə
qəzəllər yazan, hicrandan,
vüsaldan bəhs edən Fatma
xanım Kəminənin şeirlərində həmişə
bir ümid, inam qanadlanırdı. Məhz bu
cəhətləri onu müasirlərindən
fərqləndirirdi. "Kəminənin ən qəmli, ən
həzin parçalarından belə xoş,
nikbin bir əhvali-ruhiyyə
ilə ayrılırsan" (Əzizə Cəfərzadə).
Mənbələrdən
bəllidir ki, Fatma
xanım Kəminənin müasiri Xurşudbanu Natəvanla çox
yaxın rəfiqəliyi olub. Onlar hətta bir-birlərinə nəzirələr,
qəzəl janrında məktublar da
yazıblar. Rəvayətə görə, Xurşudbanu Natəvan "Məclisi-üns"ün
yığıncaqlarında süfrəyə buz
parçaları içində nar dənələri
gətizdirərmiş. Şamın işıqları da onun üzərinə
düşərək yaqut kimi
parıldayıb məclisə xüsusi
gözəllik verərmiş. Kəminə də həmin
ədəbi məclisin iştirakçısı kimi bu qeyri-adi
mənzərəyə laqeyd qalmayaraq qəzəllərinin birində Natəvan
xanımın bu zövqünü
bəyənərək yazırdı:
Cana, bu nə
cadudur, qaşu göz arasında,
Nitqim tutulur görcək
hərdəm, söz arasında.
Gər nə
görsə Züleyxavu
Yusif səni bəzmində,
Məbhut qalar onlar yüz min qız arasında.
Xan qızı da Fatma xanım Kəminəni çox dəyərləndirər, müasirləri
arasında ən çox bəyəndiyi onun qəzəlləri olardı. Hətta rəfiqəsinin
ağlına, dərrakəsinə,
əxlaqına, nəcibliyinə
onlarla şeir yazdığı haqqında
da məlumat var. Elə bu yaxınlığa
görədir ki, Xurşudbanunun oğlunun vəfatı Natəvanla bərabər Kəminəyə
də ağır təsir etmişdi. Bu kədəri, qəmi
onun şeirlərində
də duymaq mümkündür. Xurşudbanu
Natəvan belə nalə çəkirdi:
Varımdı sinəmdə dərdi-ğəmü-nihan,
ölürəm,
Fəda olum sənə,
gəl, eylə imtahan, ölürəm.
Rəfiqəsinin dərdini içindən keçirən Fatma xanım Kəminə də Natəvana üz vermiş bu ağır itkinin müqabilində hisslərini belə ifadə etmişdi:
Natəvanın gözünün nuru Abbas almadı kam,
Bircə an olmadı rahət,
ömürü oldu tamam.
Çox təəssüf
ki, pənah bürcünü Ay tərk
elədi,
Möhnət üz
verdi seyid
nəslinə bir nəhs axşam.
Fatma xanım
Kəminənin əsərlərinin
bir hissəsini də fars
dilində yazdığı
qəzəllər təşkil
edir. Onun qəzəllərini farscadan
tərcümə edən
M.Sultanov bildirib ki, Fatma xanım
Kəminə fars bədii dilinə çox dərindən bələd
olub. Bu səbəbdən
də yazdığı
saqinamə və qəzəllərinin əksəriyyəti
fars şairlərinin
əsərlərindən üstündür.
Haqqı-ədaləti hər şeydən yüksəkdə görən,
qəzavü-qədərin "bəxşiş"lərindən zərbələr alan, təmiz və saf məhəbbətin
tərənnümçüsü olan Fatma xanım
Kəminə fələyin
yandırdığı qəm
odunda dərdlənəndə
yenə də mərdanəliyini saxlayaraq
yazırdı:
Haqqı tap, düşməndən qorxma,
Kəminə,
Başını uca tut, haqdır
sənə, yar.
Uzun illər
dillər əzbəri
olan şifahi xalq ədəbiyyatının
nümunəsi kimi təqdim edilən bir qoşma var ki, məhz
onun da müəllifi
Fatma xanım Kəminədir:
Ay ağalar, bir tərlanım uçubdur,
Sağ əlimdən
sol əlimə alınca.
Onu tutan
xeyrin-bəhrin görməsin,
Mən fəqirin naləsi
var dalınca.
Aparılan tədqiqatlar nəticəsində
bəlli olur ki, Fatma xanım
Kəminə öz dövründə çox
böyük hörmət
və izzət qazanıb. Həm yaradıcılığına,
həm də şəxsiyyətinə görə
çoxundan seçilən
bu qarabağlı xanımın şeirləri
müasirlərini də
heyrətə gətirib.
Bu səbəbdən də hələ sağlığında ona
həsr edilən çoxlu şeirlər, qəzəllər yazılıb.
Xüsusilə də qadın
şairlər Kəminəni
özlərinə bir
ustad, müəllim hesab ediblər. Ərdəbilli Mustafa xanın qızı
Ziba xanım Ləli, Qəmər bəyim Şeyda (bu da qarabağlıdı,
lakin yaradıcılığı
tədqiq edilməyib)
və başqaları
şuşalı xanımı
vəsf edən qəzəllər yazıblar.
36 misradan ibarət olan bir mənzum
məktubda Şaxis təxəllüslü bir
şair öz müasiri Kəminə xanımın kasıblara əl tutan, böyük ürəyə
sahib, insanpərvər olduğunu
dilə gətirərək
yazırdı:
Mehri-lütfün füqəranın başına
sayə salıb,
Əzhəri-şəmsidi bu, mən necə inkar qılım?!
Həqiqətən də yaxşı
əməl sahibinin işini görmək də, onu etiraf
etmək də bir böyüklükdür. Həm öz şeirlərini, həm də ona ithaf olunan
bədii nümunələri
oxuyanda bir daha yəqinləşdirirsən
ki, Fatma xanım Kəminə həqiqətən də yarı haqq olan bir şəxsiyyət
idi. Bu səbəbdən
də yaşadığı
dövrdə xalqı
tərəfindən sevilib,
hörmət və izzət qazanıb. Elə ona görə də Firidun bəy Köçərlinin
təbirincə desək,
dünyasını dəyişəndə
külli-Qarabağ yasa
batıb.
Respublika Əlyazmalar İnstitutunda
Fatma xanım Kəminənin bəzi şeir və əlyazmaları mühafizə
olunmaqdadır. Hətta
bir sıra Qarabağ şairlərinə
yazdığı məktublar,
xüsusilə də nəzirələri var. Klassik
irsimizin Şuşa
qanadını dəqiqliklə
araşdırıb, dürüst
mənbələri müqayisə
edərək Fatma xanım Kəminənin əsərlərinin latın
qrafikasında oxuculara
çatdırmaq çox
gərəklidir. Azərbaycan
ədəbiyyatının görkəmli
simalarından olan Firidun bəy Köçərli əgər
bu şuşalı xanımı Qarabağın
üçüncü qadın
şairi kimi dəyərləndiribsə, elə
bu ilkinliyə də hörmət və ehtiramla yanaşmaq gərəkdir!
Flora XƏLİLZADƏ
Azərbaycan.-
2012.- 25 avqust.- S. 7.