Azərbaycan və Litva gənclərinin yay düşərgəsi fəaliyyətə başladı

 

 Avqustun 24-də Azərbaycan və Litva gənclərinin birgə yay düşərgəsində iştirak etmək məqsədilə bir qrup litvalı gənc Bakıya gəlmişdir.

Dünən Azərbaycan və Litva gənclərinin ilk görüşü keçirilmişdir. Yay düşərgəsinin iştirakçılarını salamlayan təşkilat komitəsinin üzvləri bu tədbirin iki ölkənin gəncləri arasında əlaqələri genişləndirmək, kreativ düşüncəli gənclər arasında fikir mübadiləsi aparmaq məqsədi daşıdığını bildirib.

Azərbaycan və Litva gənclərinin birgə yay düşərgəsi Qəbələ və Nabranda təşkil ediləcəkdir. Yay düşərgəsində ikitərəfli əməkdaşlıq məsələlərinə həsr edilmiş konfrans, mədəniyyət gecəsi, müxtəlif intellektual və əyləncəli oyunlar keçiriləcəkdir. Qəbələ, Şəki və Quba rayonlarının tarixi və gəzməli yerlərinə ekskursiyaların, Qubadakı soyqırımı məzarlığına ziyarətin təşkili, Bakı şəhəri ilə tanışlıq və Qobustan Dövlət Qoruğuna səyahət də nəzərdə tutulub.

Yay düşərgəsi zamanı litvalı gənclər Azərbaycanın təhsil sistemi və universitetləri haqqında məlumat əldə edəcək və Azərbaycanda təhsilin özəllikləri ilə tanış olacaqlar.

Xatırladaq ki, iki ölkənin gəncləri arasında birgə tədbirlərin, o cümlədən yay düşərgələrinin təşkili bu ilin aprel ayının 2-də Bakı şəhərində keçirilən Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın ikinci iclası zamanı imzalanmış protokolda nəzərdə tutulmuşdu. Təhsil və mədəniyyət sahəsində həyata keçirilən belə tədbirlər iki ölkə arasında əməkdaşlıq əlaqələrini dərinləşdirmək, ictimai qurumlar və gənclər təşkilatları arasında dialoqu genişlətmək məqsədi daşıyır.

 

 

Azərbaycan.- 2012.- 25 avqust.- S. 8.