Şəmkirin dinamik inkişafı dövlət qayğısının əyani nümunəsidir

 

İndi Şəmkirə istirahətə gedənlərin, turist marşrutlarına çıxanların da sayı artıb. Son illərin inkişafı, rayonda aparılan infrastruktur yenilikləri, turizm marşrutları, kənd və qəsəbələrin abadlığı göz oxşayır. İnsanları qayğıkeş, işgüzar və zəhmətkeşdirlər. Şəmkirlilərə təsərrüfatlarında becərdikləri məhsulları nəinki öz respublikamızda, hətta keçmiş ittifaq ölkələrinin şəhərlərinə aparıb satmağa şərait yaradılıb. Yığılan meyvə-tərəvəz, bağ-bostan bitkiləri, ət və süd məhsulları Bakı şəhərində yaradılan kənd təsərrüfatı məhsullarının satışı yarmarkasına hər həftənin cümə günləri maşın karvanları ilə daşınır. Elə bu ab-havaya görə vaxtilə rayondan köçüb getmiş neçə-neçə ailə, təsərrüfat adamı indi geri qayıdıb. Cari ilin iyun ayının sonlarında rayon əhalisinin sayı iki yüz min nəfəri keçmişdir.

Rayonda sosial-iqtisadi sahədə olduğu kimi, abadlıq-quruculuq işlərində də uğurlar  çoxdur. Şəhərin müxtəlif ünvanlarındakı yerli tarixi abidə hesab olunan binalarda, mərkəzi küçədəki Alban kilsə-abidəsində, Alman parkında (sovet dönəmində "Komsomol" parkı adlanırdı), eləcə də vaxtilə çar Rusiyası tərəfindən burada sürgün həyatı yaşayan almanlar tərəfindən salınmış küçələrdə, tikilmiş binalarda aparılan bərpa və yenidənqurma işləri şəhərin gözəlliyinə yeni çalarlar qatıb. Qərb və Şərq arxitektura elementlərini, qədimliklə müasirliyi  özündə əks etdirən bu binalara əl gəzdiriləndən sonra daha yaraşıqlı olub. Ərazisi köhnə tikililərin hesabına bir neçə dəfə genişləndirilən və yenidən qurulan İstiqlal parkına, başdan-başa yeniləşən Heydər Əliyev prospektinə ailəsi, həmyaşıdı, qonağı və dost-tanışı ilə  gəzintiyə çıxanların, parkda böyük Azərbaycan şairi Əhməd Cavadla Üzeyir Hacıbəylinin abidə-kompleksi önündə xatirə şəkli çəkdirənlərin sayı daha çox olur. Şəmkirin yeni simvollarına çevrilən - gecəsi gündüzündən füsunkar olan İstiqlal parkı, Heydər Əliyev prospekti Bakının küçə və parklarından gözəlliyinə görə geri qalmır. Rayon mərkəzində bütün küçələr, meydançalar abadlaşdırılır, vaxtilə necə gəldi tikilən iaşə obyektləri, hara gəldi qoyulan yöndəmsiz ticarət köşkləri yığışdırılır, küçələrdə müasir işıq sistemi qurulur. Şəmkir şəhərinin içməli su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması işi davam etdirilir.

Yasamal dağlarının ətəyində, Sarxan massivində ötən ildən inşasına başlanılan 9 min kubmetr tutumu olan 4 su anbarının tikintisi başa çatdırılıb. Yaxın günlərdə anbarlara Gədəbəy dağlarından bulaq suyu axıdılacaq, şəmkirlilər evlərində saf bulaq suyundan  istifadə edəcəklər. Sudan söhbət düşmüşkən, Şəmkirdə ta qədimdən su mənbələri bol olub. Təsadüfi deyil ki, ölkədə həyata keçirilən ən böyük su layihələrindən biri Şəmkirdədir. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin üç il bundan əvvəl  2009-cu ilin günəşli may səhərində xeyir-duası ilə təməli qoyulan, tikintisinə başlanılan Şəmkirçay Su Anbarıdır.  Ümumi su tutumu 175 milyon kubmetr, bəndinin hündürlüyü 190 metr, su səthinin sahəsi 504 hektardan artıq, maksimum dərinliyi 122 metrə çatdırılacaq dəryaçanın tikintisində işlər yekunlaşma mərhələsinə qədəm qoyub.  Dəryaçada ildə azı 56 milyon kilovat-saat elektrik enerjisi istehsal edəcək su- elektrik stansiyası artıq hazırdır. İstehsal ediləcək elektrik enerjisinin "Şəmkir" yarımstansiyasına ötürülməsi üçün 27,5 kilometr uzunluğunda havaötürücü xəttin tikintisi başa çatdırılıb. Möhtəşəm Şəmkirçay dəryaçası istifadəyə veriləndən sonra Şəmkirdə 41 min, qonşu Goranboy, SamuxGöygöl rayonları da daxil olmaqla ümumən 75 min hektardan çox torpaq sahəsi suvarma suyu ilə təmin olunacaq. Dəryaçadan Şəmkir, Gəncə və Samux şəhərlərinə içməli su xətti də çəkiləcəkdir. Şəmkirə gələn içməli suyu qəbul etmək üçün ilin sonunda şəhərin mərkəzində tutumu 3 min kubmetr olan su anbarının tikintisinə başlanılması nəzərdə tutulub.            

Şəmkirçay dəryaçasını bolluq-bərəkət təknəsi adlandıranlar da çoxdur,  işıq və nur mənbəyi kimi dəyərləndirənlər də. Kənd adamlarının və mütəxəssislərin gəldiyi ən böyük qənaət budur ki, bu dəryaça bölgədə çox böyük islahatların reallaşmasına səbəb olacaq, yeni əkin sahələri dövriyyəyə buraxılacaq, yerləri açılacaq, istehsal sahələri yaradılacaq.

Şəmkirdə kənd təsərrüfatının sənayeləşməsinə xüsusi diqqət yetirilir. Yeni-yeni istehsalemal müəssisələri qurulur. Təkcə tərəvəz yetişdirilməsi üçün dörd min hektardan çox sahədə istilikxanalar yaradılıb. Bu dəyərli işə xarici ölkələrdən də maraq göstərirlər, hətta xarici  təşkilatlar müştərək işləməyə həvəslə qoşulurlar. İsrail mütəxəssislərinin layihəsi əsasında rayonun Sarıtəpə kəndi yaxınlığında 2,5 hektar sahədə yaradılmış "Azaqro" MMC-yə məxsus istilikxana kompleksi buna bariz nümunədir. Burada faraş tərəvəz yetişdirılir. Kompleksin ilkin uğurları onun böyük gələcəyindən xəbər verir. İsrailli mütəxəssislər hazırda istilikxana kompleksinin ərazisini genişləndirməklə məhsul istehsalını artırmaga və xarici ölkə bazarlarına çıxarmağa hazırlaşırlar. Bu barədə MDB və Avropa ölkələrindəki aidiyyəti qurumlarla müqavilə layihələri də hazırlanıb.  Fermerlərə, adamlarına və sahibkarlara göstərilən qayğının nəticəsidir ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında nəzərdə tutulan tədbirlər uğurla həyata keçirilir. Odur ki, Şəmkirdə ötən ilin müvafiq dövrü ilə müqayisədə  ümumi məhsul istehsalının həcmi 31,3 faiz artaraq 181 milyon manatdan artıq olmuşdur.

Rayonun iqtisadi gəliri artdıqca quruculuq işlərinə, qəsəbə və kəndlərin abadlığına diqqət də çoxalır. Ötən ildən rayonun bütün kənd və qəsəbələrində yolların təmiri və asfaltlanması işlərinə başlanılıb. Azərbaycan Prezidenti İlham Əliyevin  27 fevral 2012-ci il tarixli sərəncamına əsasən Kür qəsəbəsinə gedən 12 kilometrlik yol başdan-başa bərpa olunur. Ulu öndər Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə tikilən, yalnız Şəmkir və Yenikənd su-elektrik stansiyaları üçün salınan bu yolun rahatlığı, iqtisadi səmərəsi əhali üçün indi çox önəmlidir. Vaxtilə Şəmkir SES tikintisinə gündə beş-altı yük maşınının gedib-qayıtdığı bu yoldan indi hər gün yüzlərcə müxtəlif markalı avtomobil gedir. Kür qəsəbəsi ilə Gəncə-Oazax magistralını birləşdirən və bir neçə kəndin əhalisinin xidmətində olan bu yol genişləndirilir, hamarlama və bərkitmə işləri aparılır. bp şirkətinin köməyi ilə Qaracəmirli-Təzəkənd arasındakı 8 kilometrlik yol yenidən qurulur və asfalt döşənir.

Heydər Əliyev Mərkəzinin, "Gənclər evi"nin, ondan bir az aralı ucaldılan Dövlət Bayrağı meydanının tikintisi sürətlə aparılır. 4 hektara yaxın sahəni əhatə edən Bayraq meydanında  son tamamlama işləri gedir, üçmərtəbəli "Gənclər evi"nin ikinci mərtəbəsi başa çatıb. Bakı-Qazax magistralı ilə rayon mərkəzini, yeni tikililəri, habelə "1941-1945-ci illər Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə" ucaldılmış abidəni özündə birləşdirən Heydər Əliyev prospektinin sağında və solunda kompleks yenidənqurma və yaşıllaşdırma işlərinə başlanılıb. Şəhərin Sabir küçəsi ilə H.Aslanov küçəsinin kəsişməsində 80 yerlik Avropa standartlarına uyğun hotel binasınn özülü qoyulub, inşaat işləri gedir. Bir neçə ay bundan öncə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikintisinə başlanılan 36 mənzilli binada artıq tamamlama işləri başa çatmaq üzrədir.

Mövsümlə əlaqədar rayonun ümumtəhsil müəssisələrində təmir-tikinti işləri də diqqətdədir. Şəmkirdə son bir neçə ildə dünya standartlarına uyğun 19 məktəb binası tikilib istifadəyə verilib. Bunlardan 6-sı Heydər Əliyev Fondunun hesabına tikilmiş müasir tipli məktəblərdir. İnşasına ötən ildən başlanılmış  Düyərli kəndində 480 yerlik, Şeyidlər kəndində 180 yerlik, Abbaslı kəndində 460 yerlik müasir tipli orta məktəb binaları artıq istifadəyə tam hazırdır. Günəşli kənd məktəbində isə bərpa, gücləndirmə və əsaslı təmir işləri yüksək səviyyədə başa çatmaq üzrədir. Tikintisinə cari ildən başlanan Sabirkənddə 960, Seyfəli kəndində 360, Qasım İsmayılov kəndində 460, Zəyəm qəsəbəsində 460, Qaralar kəndində 180 və İsgəndərli kəndində 80 yerlik müasir tipli məktəblərin tikintisi davam etdirilir.

Keçən ildən fəaliyyətə başlayan Bakı Oksford məktəbi Şəmkir filialının şagirdləri üçün yataqxana binasında son tamamlama işləri görülür.  Rayon mərkəzində İsrafil Məmmədov və Əzizbəyov küçələrinin kəsişməsində Bakı Oksford məktəbinin Şəmkir filialı üçün tikilən 80 yerlik müasir tipli uşaq bağçasının tikintisi başa çatmaq üzrədir.

Şəmkirdə nəinki rayon mərkəzində, bütün  qəsəbə və kəndlərdə abadlıq, tikinti-quruculuq və təsərrüfat işləri geniş vüsət alıb. Rayonun yeni simvolları yaradılır. Bu işgüzar ovqatın, bu uğurların səbəbi ilə maraqlananda rayon icra hakimiyyətinin başçısı Nazim Veysov dedi: "Hər işin başında ölkə Prezidentinin fərman və sərəncamları, sosial-iqtisadi inkişafa dair dövlət proqramları durur. Şəmkirin dinamik inkişafı dövlət qayğısının əyani nümunəsidir. Ölkə rəhbərliyinin  Şəmkirə göstərdiyi diqqət  və qayğı əhali tərəfindən yüksək dəyərləndirilir. Qarşıya qoyulan tapşırıq və tövsiyələrə layiqincə əməl edildiyindən istər iqtisadi,  istərsə də sosial sahədə uğurlarımız ildən-ilə çoxalır, camaatın həyat səviyyəsi daha da yaxşılaşır".

 

 

 Rəhman SALMANLI

 

Azərbaycan.- 2012.- 26 avqust.- S. 1.