Rusiyanın neft-qaz portalında Azərbaycan ərazisinin
qazlaşdırılması haqqında analitik
məqalə dərc olunmuşdur
Tanınmış neft-qaz portalı olan nefteqaz.ru "Azərbaycan əhalisi üçün qazlaşdırmanın səviyyəsi 2013-cü ilin sonunadək 95 faizə çatdırılacaqdır. Rusiya üçün yaxşı oriyentir" sərlövhəli analitik məqalə yerləşdirmişdir.
Məqalə müəllifi yazır ki, "Azəriqaz" İstehsalat Birliyi tərəfindən qazlaşdırma və qaz təchizatının yaxşılaşdırılması üzrə işlərin alınmasına dair 2012-ci il iyunun 14-də keçirilmiş açıq tenderin qalibi Britaniyanın "Global Services" şirkəti olmuşdur. "Azəriqaz" və "Global Services" arasında imzalanmış müqavilənin şərtinə görə, Azərbaycanda qazlaşdırmanın səviyyəsi 2013-cü ilin sonunadək 95 faizə çatdırılmalıdır.
İşlər çərçivəsində diametri 32-530 millimetr olan 1877 kilometr, diametri 25-400 millimetr olan 19377 kilometr boru kəməri çəkmək planlaşdırılır. Bundan əlavə, 463514 ədəd qaz sayğacının (48145 ədədi irəlicədən ödəmə kartları əsasında, 415369 ədədi mexaniki sayğac) quraşdırılması və bununla əlaqədar olaraq, diametri 20-25 millimetr olan 20896 kilometr boru kəməri çəkmək nəzərdə tutulmuşdur.
Həmin işlər çərçivəsində 429189 ədəd fərdi qaz tənzimləyicisinin, 1162 qaztənzimləyici şkafın, habelə 80 qazpaylayıcı stansiyada tənzimləyici və nəzarət-ölçü avadanlığının quraşdırılması nəzərdə tutulmuşdur. Lakin başlıca "fişka" "smart-kart" tipli sayğaclardır.
Hər bir yenilik ona adət olunmasını tələb edir. Hələlik bu sayğaclar çox yaxşı işləyir. Sayğaclardan ehtiyatsız istifadə etdikdə, qaz sızanda, sayğac göstərdiyindən çox qaz istehlak edildikdə, xəttə əlavə qoşulmalar olduqda, sayğaca müdaxilə edildikdə onun qapağı avtomatik surətdə bağlanır, kodu bloka alınır və müvafiq informasiya məlumat bazasına gedir.
Hazırda Azərbaycanda qazlaşdırmanın səviyyəsi 75,2 faizdir (əhali qrupundan 1403049 abonent). Bakıda bu göstərici daha yüksəkdir - (əhali qrupundan 632068), regionlarda 65,2 faizdir (əhali qrupundan 770981 abonent). Odur ki, "Azəriqaz" həmin göstəricini 95 faizə çatdırmaq üçün çalışmalı olacaqdır.
Məqalə müəllifi vurğulayır ki, Rusiyada qəsəbələr arasında çoxsaylı qaz kəmərlərinin çəkilməsinə baxmayaraq, orada qaz təchizatı sahəsində vəziyyət xeyli dərəcədə pisdir. Hazırda Rusiyanın təbii qazla təchizatının orta səviyyəsi 63 faizdir. Məsələn, 2006-cı ildə qazlaşdırmanın orta səviyyəsi 53 faiz təşkil etmişdi. Belə çıxır ki, Azərbaycanın 2013-cü ildə nail olmağı planlaşdırdığı səviyyəyə çatmaq üçün Rusiyaya təxminən 15 il tələb olunur.
AzərTAc
Azərbaycan.- 2012.- 26 avqust.- S. 1.