MƏRHƏMƏT KÖRPÜSÜ

 

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) məzunları arasında söhbət gəzirdi ki, İlham səfirliyə təyinat alacaq, hətta iki ölkənin adını da hallandırırdılar - İngiltərə, Belçika. Belə təyinat xeyli nüfuzlu sayılırdı: Paris və London, Roma və Brüssel gənc karyeristlərin ən əziz arzusu idi. Amma İlham Əliyev nüfuzlu ezamiyyətdən imtina etdi. İlham doğma institutun aspiranturasına daxil oldu və parlaq şəkildə "Müasir mərhələdə Böyük Britaniyada antihərbi hərəkat və siyasi partiyaların ona münasibəti" mövzusunda dissertasiya müdafiə elədi. İlham tarix elmləri namizədi oldu.

 

Bir dəfə kurs yoldaşlarından biri maraq göstərərək ondan soruşdu:

 

- Sən evlənmək haqqında nə düşünürsən?

 

İlham təbəssümünü gizlətməyə çalışaraq diplomatik cavab verdi:

 

- Bu məsələ ilə mənim anam məşğul olur.

 

Beləliklə, MDBMİ-nin aspirantı kurs yoldaşının ailə qurmaq məsələsi ilə bağlı sualına diplomatik cavab verməsinə baxmayaraq, artıq öz seçimi barədə fikirləşirdi. Bu məsələdə "kurator" rolunu oynayan ana İlhamın seçimindən tamamilə razı qaldı: Mehriban Paşayeva.

"Öz əsrimdə mənim yaratdığım ən böyük əsər mənim ailəmdi". Bu, Paşayevlər nəslinin patriarxı - yazıçı, professor Mir Cəlalın sevə-sevə tez-tez dilinə gətirdiyi ifadədir. Ədəbiyyat nəzəriyyəsinin və filologiya elminin inkişafına böyük töhfələr verən, filologiya elmləri doktoru Mir Cəlal Paşayev "Füzuli yaradıcılığının bədii xüsusiyyətləri", "Səməd Vurğunun poeziyası", "Cəlil Məmmədquluzadənin hekayələri", "M.F.Axundovun Şərqdə ardıcılları", "Azərbaycanda ədəbi məktəblər" kimi fundamental elmi əsərlərin, Azərbaycan sovet nəsrinin ən qiymətli nümunələrindən biri olan "Bir gəncin manifesti" və "Dirilən adam" romanının, çoxsaylı oxucular tərəfindən məhəbbətlə qarşılanan "Vətən haqqında hekayələr", "Vətən oğlu", "Silah qardaşları", "Yeni şəhər", "Dağlar dilə gəlir" və başqa əsərlərin müəllifidir.

Mehribanın atası böyük alim, istedadlı fizik Arif Paşayev bu ailədə böyüyüb. Arif müəllim öz atası, milli ədəbiyyatın klassiki, məşhur yazıçı Mir Cəlal kimi sadə insandır, mətbuatla öz arasında məsafə saxlayır, pedaqoji, elmi fəaliyyətini zəngin axtarışlar və nailiyyətlərlə davam etdirir. Təbii ləyaqət duyğusu, bu sözün ən böyük anlamında ziyalılıq - Əliyevlər, Paşayevlər, İmanquliyevlər nəslinin alın yazısıdır. İmanquliyeva Mehribanın anasının qızlıq soyadıdır. Füsunkar gözəlliyə malik məlahətli Aida xanım görkəmli jurnalist, Azərbaycan mətbuatının aparıcı simalarından biri, yüksək mənəvi keyfiyyətləri ilə yaddaşlarda əbədi qalan Nəsir İmanquliyevin qızıdır.

Aida xanım təməlini babası Yusif bəyin qoyduğu, nəcib əməlləri ilə tanınan, kökdən gələn adət-ənənələri yaşadan bir ailədə böyüyüb, ərəbşünaslıqla məşğul olaraq elmlər doktoru olub, şərqşünaslıq institutuna başçılıq edib. Aida xanım xalqlar və mədəniyyətlər arasında mənəvi körpülər atılmasına yaxından kömək edirdi. Səmərəli şəkildə, zəhmətlə çalışırdı. Amma çox təəssüflər olsun ki, bu cür parlaq zəkalı və mənəviyyatlı xanım qısaca bir ömür yaşadı, ömrünün çiçəklənmə çağında dünyadan köçdü. "O, son dərəcə güclü qadın idi, o, həm də çox xeyirxah, həssas bir xanımdı. O, harada olur-olsun dərhal hamının diqqətini özünə çəkirdi. Mən onu həmişə öz yanımda hiss etmişəm, hətta xeyli uzaqda - Moskvada yaşayanda da. O, bu dünyanı tərk edən gün mənə elə gəldi ki, bir saatın içində yaşımın üstünə xeyli yaş gəldi. Əlbəttə, həyat davam edir, amma müəyyən məqamlarda, - xüsusən də sevincli dəqiqələrimizdə, mən ona görə çox xiffət çəkirəm ki, anam yanımda deyil və mən öz sevincimi onunla bölə bilmirəm. Bu kövrək duyğular həmişəlik mənim qəlbimdə qalıb", - bunlar Aida xanımın sevimli övladı Mehribanın sözləridir. Amma nə etmək olar? Ağrı və acılara səbir və dözümlə yanaşmaq lazımdır. Çünki doğrudan da həyat davam edir...

 

1982-ci ildə görkəmli alim, son dərəcə qayğıkeş və mehriban ana olan Zərifə xanım Əliyeva Mehribanın valideynlərindən onların qızının İlhamla ailə qurması haqqında razılıq aldı. Adətə görə belə hallarda şirniyyat stolu açırlar, şirin çay içirlər. İndi də belə oldu. Bu həyəcanlı səhnəni təsəvvür edək. Təntənəli süfrə arxasında iki ana, iki nurlu qadın. Yeni ailə haqqında sakit söhbət. Zərifə xanım təklif edir ki, xeyir işi ləngitməsinlər, toyu yubatmasınlar. Sanki ürəyinə damıbmış ki, yer üzündə yaşamaq üçün ona ayrılmış zaman kəsiyi əriməyə başlayıb... Toyu təvazökarcasına, cəh-cəlalsız, yalnız ən yaxınların iştirakı ilə etdilər. Əliyevlər ailəsində ilk nəvə - füsunkar Leyla dünyaya gəldi. Baba da, nənə də ona pərəstiş edirdilər. Körpəyə İrəvan xanlarının nəslindən olan Leyla xanımın - ulu nənəsinin adını qoydular.

 

 

* * *

 

Bu hadisə Qubada baş vermişdi. Orada Xınalıq adlanan, qədim ənənələrimizi qoruyub yaşadan, əsrarəngiz bir dağ kəndi var. Onun tarixi minilliklərin dərinliyindən gəlir. Xınalığın yaşının dörd min ildən artıq olduğunu hesab edirlər. Bəli, bəli, minillər - əsrlər yox. Xınalıqlılar azərbaycanca sərbəst danışır, amma əcdadlarının dilini də qoruyub saxlayırlar. Onlar öz qədim həyat tərzlərini əziz tuturlar. İllərlə, onillərlə bu kəndə yalnız hava yolu ilə getmək mümkün idi. Budur, asfalt şose kəndi böyük dünya ilə birləşdirirdi. Və bu dağ yolunu Prezident İlham Əliyev "Cip"də qət elədi. Mehriban xanım da yanında. Dağlılara Heydər Əliyev Fondundan hədiyyə olaraq telefon stansiyası gətirdilər. İndi dünya onlara həqiqətən də yaxın olacaqdı.

 

- Sizə də zəng edəcəyik, cənab Prezident!

 

 Mehriban xanım gülümsünür. Dağlılardan biri - yəqin bilə-bilə ki, bu sözü demək çoxlarının ürəyindən keçir - dillənir:

 

 - Nə gözəl cütlükdür!..

 

Mehriban xanımın mədəniyyət, sosial müdafiə, mənəvi irsin qorunması sahəsində ardıcıl fəaliyyəti üzvi surətdə İlham Əliyevin dövlət qayğıları ilə üst-üstə düşür.

Dünya şöhrətli siyasi və dövlət xadimi ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş təbliğ olunaraq praktik həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması müasir qloballaşma dövründə xüsusi aktuallıq kəsb edir. Yarandığı gündən bu ali prinsipləri qarşıya məqsəd qoyan, dahi öndərin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan saf ideallarının ictimai şüurda möhkəmlənməsinə çalışan Heydər Əliyev Fondu 8 illik fəaliyyəti ilə Azərbaycan cəmiyyətində bir çox insanların ümid yerinə çevrilmişdir. Fond ictimai təşkilat kimi fəaliyyət göstərsə də, əslində qarşıya qoyduğu məqsədlərə, miqyasına və sanbalına görə respublikamızda bənzəri olmayan nüfuzlu qurumdur. Fond özünü istər Azərbaycan cəmiyyətinə, istərsə də dünya ictimaiyyətinə həyata keçirdiyi çoxsaylı tədbirlərin parlaq nəticələri ilə təqdim edə bilmişdir. İnsanlar təşkilatın məqsədi, məramı barədə hər hansı yazılı mənbələrdən, mətbuat səhifələrindən deyil, fondun bilavasitə göz qabağında olan fədakar işlərindən məlumatlanırlar. Bütün bunlar, sözün əsl mənasında, Heydər Əliyev Fonduna, təşkilatın işgüzar rəhbəri, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya daha dərin rəğbət, ehtiram və məhəbbət qazandırmışdır.

Azərbaycanın birinci xanımının hələ 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaratması və "Azərbaycan-İrs" jurnalını təsis etməsi xeyriyyəçilik və xalqımızın əsrlər boyu malik olduğu istedad və bacarığının yaşadılması sahəsində zəngin milli ənənələrin davam etdirilməsi zərurətindən irəli gəlirdi. Dünya təcrübəsindən məlumdur ki, müasir tələblərə cavab verən yeni məktəblərin inşasına nail olmadan, təlim-tədris prosesinə sivil şərait yaratmadan, inkişaf etmiş ölkələrin mütərəqqi ənənələrini mənimsəmədən təhsil sistemini müasirləşdirmək, bu sahədə uğurlu nəticələr əldə etmək mümkün deyildir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən, dövlət qurumları və vətəndaş cəmiyyətinin bəzi strukturlarının da dəstəklədiyi "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində təkcə 2005-2007-ci illər ərzində Azərbaycanın müxtəlif bölgələrində 300-ə yaxın yeni məktəb binası inşa olunmuş və lazımi avadanlıqlarla təchiz edilmişdir. 2008-ci ilin fevralında isə fondun "Təhsilə dəstək" layihəsi ilə Pakistanın Müzəffərabad şəhərində dağıdıcı zəlzələ nəticəsində yararsız vəziyyətə düşən məktəb yenidən tikilərək yüksək səviyyəli tədrisə imkan yaradan avadanlıqlarla təmin olunmuşdur. Azərbaycanın birinci xanımının təşəbbüsü ilə eyni zamanda Rusiyada, Gürcüstanda, Misirdə yeni məktəb binaları tikilərək istifadəyə verilmişdir. 2004-2012-ci illər ərzində Heydər Əliyev Fonduna müraciət etmiş insanlara kömək göstərilməsi üçün səhiyyə müəssisələri ilə sıx əlaqə qurulmuş, 10 min nəfərdən çox insanın müayinə və müalicəsi üçün lazımi tədbirlər həyata keçirilmişdir. Kimsəsiz uşaqların sağlamlığının təmin olunması istiqamətində həyata keçirilən sosial layihələr xüsusilə təqdirəlayiqdir. Sağlamlığını itirmiş, canının ağrısından min bir əziyyət çəkən insanları yenidən həyata qaytaran Heydər Əliyev Fondu və onun humanist rəhbəri Mehriban xanım Əliyevanın onlara necə həyat eşqi bəxş etməsini sözlə ifadə etmək çətindir. Mehriban xanım Əliyevanın Milli Gimnastika Federasiyasının prezidenti kimi bu sahədəki fəaliyyəti gənc nəslin fiziki-mənəvi sağlamlığının təmin olunmasına xidmət edir. Qısa müddətdə Azərbaycanın həmin idman növünün inkişafı istiqamətində həyata keçirdiyi işlər, habelə 2005-2007-ci illərdə Bakıda bədii gimnastika üzrə mötəbər çempionatların keçirilməsi Mehriban xanımın bu sahədə də yaxşı təşkilatçı və qayğıkeş rəhbər olmasının daha bir təzahürüdür.

Azərbaycanın birinci xanımı eyni zamanda Milli Məclisin fəal deputatı kimi öz seçiciləri qarşısında verdiyi hər bir vədi əməli işi ilə doğruldur. Deputatı olduğu Xəzər rayonunun sakinləri Mehriban xanım Əliyevaya ürəkdən inanır, güvənir, ona yüksək etimad və ehtiram göstərir.

2007-2009-cu illərdə Milli Məclisdə amnistiya təşəbbüsü ilə çıxış edən Mehriban xanım Əliyevanın insan hüquq və azadlıqlarına necə həssaslıqla yanaşdığı da öz təsdiqini tapmışdır. Milli parlamentimizin tarixində ilk dəfə olaraq məhz Milli Məclisin deputatı tərəfindən irəli sürülmüş və xalq arasında geniş ictimai dəstək almış amnistiya aktları mənəvi, əxlaqi, ictimai və siyasi məzmun kəsb etmişdir. Heydər Əliyev Fondunun prezidentinin təşəbbüsü əsasında icra olunmuş hər iki amnistiya aktı, həyatın ağır sınaqlarına tuş gəlib, lakin üstün keyfiyyətləri ilə seçilən vətəndaşların yenidən azad həyata, ailələrinə qaytarılması respublika ictimaiyyəti tərəfindən ürəkdən bəyənilmişdir.

Hər birimizin ağrılı yeri olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə olduğu kimi çatdırılması, təcavüzkar və işğalçı ölkənin ifşası baxımından Heydər Əliyev Fondunun müxtəlif dillərdə nəşr etdirdiyi və yaydığı kitablar böyük əhəmiyyətə malikdir. İngilis, fransız, ərəb, alman, rus dillərində "Qarabağ həqiqətləri" adlanan bukletlər toplusunun hazırlanması, Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diaspor təşkilatları, habelə yerli qeyri-hökumət təşkilatları vasitəsilə dünyaya çatdırılması bu son dərəcə vacib məsələdə həyata keçirilən əsas işlərdən biri olmuşdur. Bu istiqamətdəki fəaliyyətinin davamı olaraq Heydər Əliyev Fondu Xarici İşlər Nazirliyi ilə birgə "Azərbaycana qarşı müharibə: Mədəni irsin hədəfə alınması" kitabını ingilis dilində çapdan buraxmışdır. Qeyd etdiyimiz kimi, Azərbaycan həqiqətlərini və ümumilikdə Qarabağ münaqişəsinin əsl mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılmasında xüsusi rol oynayan Heydər Əliyev Fondu neçə illərdir ki, ardıcıl olaraq dünyanın bir çox nəhəng şəhərlərində - Moskvada, Berlində, Strasburqda, Buxarestdə, Cenevrədə, Ankarada, İstanbulda, Parisdə, Vaşinqtonda, Nyu-Yorkda, Londonda, Varşavada, Dubayda, Haaqada, Kiyev və Tbilisidə Xocalı soyqırımı və onun ildönümünə həsr olunmuş aksiyalar keçirir. Ölkə reallıqlarının internet şəbəkəsi vasitəsilə dünyaya yayılması və xalqın min illər boyu yaratdığı maddi-mənəvi dəyərlərin dünyaya tanıdılması məqsədi ilə hələ neçə illər bundan əvvəl fond tərəfindən materialların həcminə, zənginliyinə və əhatəliyinə, habelə istifadə olunmuş texnologiyalara görə ölkədə analoqu olmayan "Azərbaycan" internet portalı yaradılmışdır. İstifadəçilərinin sayı milyonlarla olan portalda Azərbaycanın bugünü, tarixi keçmişi, Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin əsl mahiyyəti ilə bağlı məlumatlar yerləşdirilmişdir.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva milli-mənəvi irsin təbliğatını, onun qorunmasını özünün başlıca fəaliyyət sahəsi sayır. Belə ki, Mehriban xanımın şəxsi müşahidəsi altında unikal Muğam Mərkəzi - Azərbaycan musiqi mədəniyyətinin bənzərsiz mülkü inşa olunub. Bu sıraya musiqi kitabxanası da daxildir. Müsəlman Şərqində ilk teatr, ilk opera və daha sonra ilk balet XIX yüzilliyin axırlarında, XX əsrin əvvəllərində Azərbaycanda yaranıb. Milli simfonik və opera musiqisinin başlanğıcında böyük Üzeyir Hacıbəyli və Müslüm Maqomayev dayanır. Məşhur musiqiçinin və müğənninin babası "Şah İsmayıl" operasını yaradıb və bu sənət incisi Hacıbəyli yaradıcılığının məhsulu olan "Leyli və Məcnun", "Koroğlu", "Arşın mal alan" kimi Azərbaycan incəsənətinin qızıl fonduna daxil olub. Bəstəkarlardan Qara Qarayevin, Fikrət Əmirovun, Tofiq Quliyevin, Arif Məlikovun, adlı-sanlı dirijor və bəstəkar Niyazinin, muğam ifaçısı Xan Şuşinskinin, təkrarolunmaz Bülbülün, Rəşid Behbudovun milli muğam elementləri ilə caz sənətini birləşdirən cazmen Vaqif Mustafazadənin yaradıcılığı dünya musiqi sənətinə töhfə deyilmi? Mehriban Əliyevanın rəhbərliyi altında dahi Üzeyir Hacıbəylinin bütün əsərləri yenidən çap olunub, disklərə yazılaraq xalqın istifadəsinə verilib. Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondu "Qarabağ xanəndələri" albomunu hazırlayıb və nəşr edib ki, bu, kökü dərinliklərə gedib çıxan Azərbaycan milli xəzinəsinin mühafizəsi ilə bağlı həyata keçirilən ilk layihələrdən biri idi.

 Genişmiqyaslı, o cümlədən folklor və musiqi ənənələrinin inkişafındakı xidmətlərinə görə Mehriban xanım Əliyeva 2004-cü ildə UNESCO-nun xoşməramlı səfiri təyin olunub. Xoşməramlı səfir olmaq - vətən qarşısında, dünya qarşısında məsuliyyətdir, böyük şərəfdir. Bu yüksək adı öncə daşıyan, bu şərəfli ada layiq görülən şəxsiyyətlərin bir qismini yada salaq: Mstislav Rostropoviç, Klaudiya Kardinale, Mərakeş şahzadəsi Lalə Məryəm, Böyük Lüksemburq hersoqinyası Mariya-Tereza, Zurab Sereteli... Əsas prinsiplərdən biri mədəniyyəti və ümumbəşəri irsi qorumaq olan UNESCO-nun cəmi 30 xoşməramlı səfiri var.

Heydər Əliyev Fondu müasirliklə tarixi birləşdirən mənəvi bağ kimi ümumbəşəri dəyərlərin xidmətində nüfuz qazanır. Elə götürək 2005-ci ilin avqust ayında Bakıda "UNESCO - Azərbaycan: gələcəyə körpü" mövzusunda keçirilən konfransı.

"Bu gün biz müasir texnika ilə qloballaşma əsrində yaşayırıq, - xanım Əliyeva düşüncələrini bölüşərək deyir, - zənnimcə, dövrün ən böyük dissonansı ondadır ki, əldə olunmuş tərəqqi, kommunikativ imkanlar insanların birləşməsinə, daha geniş ünsiyyətə şərait yaratsa da, insanlar arasında uçurum dərinləşir. Biz nəinki bəşəriyyətin səsini eşitmirik, hətta qonşu qonşunu eşitmir, qardaş qardaşa kömək əli uzatmır. Hazırda dünyanın üzləşdiyi ən ağrılı problemlərdən biri mənəvi idealların inflyasiyası, onların saxta işlərlə əvəzlənməsidir". Göründüyü kimi, bu həqiqi və ürəkağrıdan fikirlər hədəflərə həssaslıqla toxunub insanlığı və insan təfəkkürünü yenidən və daha dərindən düşünməyə sövq edir.

O, böyük dünya forumlarında, beynəlxalq konfranslarda, "dəyirmi masa"larda iştirak edir və hər yerdə də humanist, insanpərvərlik dəyərlərinin keşiyində dayanır.

"Yer üzündə insanın və yeniyetmələrin təhsildən kənarda qalması dözülməzdir, - Mehriban xanım Əliyeva konfransın tribunasından deyir - bütün problemlər savadsızlıqdan yaranır".

Mehriban Əliyeva, demək olar, bütün tədbir və mərasimlərdə erməni işğalından canını qurtara bilmiş bir milyondan çox qaçqın və məcburi köçkünümüzün dözülməz vəziyyəti haqqında danışır. Azərbaycanın ən dərdli problemlərindən birini tez-tez yada salır. Bu tədbirlərdə də həmin mövzuya toxunmağı unutmayan birinci xanım uğursuz ailələrdə böyüyən uşaqların təhsil almasına kömək olunmasının vacibliyindən də söz açır. Mehriban Əliyeva vurğulayır ki, UNESCO və İSESCO ilə sıx şəkildə əməkdaşlıq edən Azərbaycan, ola bilər ki, təhsil problemlərinin öyrənilməsində regional mərkəzə çevrilsin.

Bakıda Qafqaz xalqları ənənələri evinin yaradılması ideyası da ona məxsusdur. Bu dəyərli təşəbbüs də UNESCO-da səslənib.

 

Mehriban xanım Əliyeva eyni zamanda ABŞ və Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəridir, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının, Milli Olimpiya Komitəsinin üzvüdür. Dünya arenasında tanınmış siyasi xadim kimi də özünü təsdiq edib. Onun ünvanına hər gün 200-dən artıq məktub gəlir. İşlərin çoxluğuna baxmayaraq, onların biri də diqqətdən kənarda qalmır. Birinci xanım konkret iş görmək, konkret adamlara kömək etmək istəyini dəfələrlə bəyan edib. Problemləri həll etmək, bu alınanda sevinmək, ondan asılı olmayan səbəblərdən nəsə alınmayanda kədərlənmək, tale, əlacı olmayan xəstəlik qarşısında gücsüzlüyünü dərk edəndə əzab çəkmək və xilas edilmiş uşağın təbəssümünü görəndə yenidən sevinmək onun həyat seçimidir. Mehriban xanım Əliyevanın xidmətləri istər böyük dövlətlər, istərsə də nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilib, o, xeyli sayda ən ali mükafatlara layiq görülüb. Bu mükafatların ardı-arası kəsilmir, ona olan hörmət və ehtiramın təzahürü kimi davam edir.

Mehriban xanım etiraf edir ki, o, bütün ömrü boyu etdiyi yaxşılıqları nəzərə çarpdırmamaq qaydasına riayət etməyə çalışıb. Gözəl rus şairi Mixail Svetlov "Ey alicənablıq, sən gizlənənsən" demişdir. Amma əfsuslar olsun ki, birinci xanım statusu imkan vermir ki, onun xeyirxah aksiyaları kölgədə, gizli qalsın. Bu məqamın mənə rahatlıq verməməsinə baxmayaraq, - Mehriban Əliyeva sözünə davam edir, - mən buna özündənrazılıqdan uzaq olan adamtək adi bir şey kimi baxıram.

Bəli, o, nə edirsə, ölkəmizin müxtəlif guşələrində insanlarla keçirdiyi görüşlərdə hər şey məhz bu sözlə müşayiət olunur. Gördüyü bütün işləri  təbiətinə xas olan çox böyük, heç bir ölçüyə gəlməyən nəcibliklə, təvazökarlıqla edir. Düşünürük ki, bu da təsadüfi deyil, çünki biz onun dahi azərbaycanlı, unudulmaz Preziden Heydər Əliyevin yanında necə böyük, məzmunlu, hərtərəfli gözəl və bənzərsiz bir məktəb keçdiyini yaxşı bilirik. Bu, həyat məktəbi idi və bu gün də ona kömək edir.

İndi dünyada çoxları xeyriyyəçiliklə məşğul olur. Amma bizim ziyalıların, eləcə də cəmiyyətimizin müxtəlif təbəqələrinin əksəriyyəti Mehriban xanım Əliyevanın yalnız etdiklərinə deyil, həm də necə elədiklərinə heyrandır. Bu mənəvi yüksəlişin ikitərəfli əlaqəsi var. Mehriban xanım xeyriyyəçilik etdikcə həm özü mənən yüksəlir, həm də onları elə edir ki, diqqətini, qayğısını yönəltdiyi şəxs də, fəaliyyətindən bəhrələnənlər də mənəvi cəhətdən zənginləşsinlər, yüksəlsinlər; beləliklə, qarşılıqlı mənəvi zənginləşmə gedir. Bu cəhət isə Mehriban xanımın Azərbaycandakı fəaliyyətini başqalarından fərqləndirir. Təkcə Azərbaycanda yox, olduğu hər yerdə fərqləndirir. Əsas məsələ isə, bizə belə gəlir, həm də odur ki, akademik Arif Paşayevin dediyi kimi: "Mehribanı sadəliyinə görə, təbii olduğuna görə sevirlər..." Anadan olanda ona çox dəqiq ad qoyublar: Mehriban. Həqiqətən də çox rəhmli, mülayim, mehriban insandır Mehriban xanım!

Unutmaq olmaz ki, Mehriban xanım həm də elm adamıdır. Böyük ailənin böyük elmi ənənələrini sədaqətlə davam etdirir. Elmi dairələrdə Mehriban Əliyevanın tədqiqat və araşdırmalarını çox yüksək qiymətləndirmişlər. O, "Evtanaziya və təbabətdə humanizm problemləri" mövzusunda dissertasiya müdafiə etmiş və fəlsəfə elmləri namizədi olmuşdur. Mehriban xanımın fədakar xidmətləri davam edir. Heydər Əliyev Fondunun və UNİCEF-in dəstəyi ilə Bakı 2012-ci il aprelin 2-də - Dünya Autizm Günündə beynəlxalq miqyasda qeyd olunan "Mavi işıqla işıqlandır" aksiyasını həyata keçirmək üçün dünyanın digər şəhərlərinə qoşulmuşdur. Həmin gün Milli Parkdakı binalardan biri - Bakı Biznes Mərkəzi mavi işıqla işıqlandırılmışdır. Artıq üçüncü ildir ki, həyata keçirilən "Mavi işıqla işıqlandır" aksiyası getdikcə yayılmaqda olan autizm xəstəliyi haqqında insanların məlumatını artırmağa yönəldilmiş nadir qlobal təşəbbüsdür.

Azərbaycanın birinci xanımının yüksək təşkilatçılığı sayəsində 4 ay əvvəl Bakıda keçirilən "Evrovizion-2012" mahnı yarışması bütün Avropa geosiyasi məkanında ölkəmizin zəngin mədəni irsi, musiqisi, incəsənəti, xalqımızın qonaqpərvərliyi barədə kifayət qədər dolğun təəssürat formalaşdırdı. Beləliklə, 2011-ci ildə Almaniyada qələbə estafetini qəbul edən Bakı bir il sonra möhtəşəm şou ilə bütün dünyanın diqqətini bir daha özünə cəlb etdi və bəşəriyyəti heyran qoydu. Müsabiqə ərəfəsində Bakıda olan minlərlə əcnəbi qonaq müsabiqənin çox yüksək səviyyədə təşkil olunduğunu, eyni zamanda, Azərbaycanın sürətlə inkişaf etdiyini açıq etiraf etdilər.

Bundan başqa, Azərbaycan musiqisinin dünyada təbliği məqsədilə 2009, 2010, 2011 və 2012-ci ilin yay aylarında Qəbələ rayonunda təşkil olunan beynəlxalq musiqi festivalları da ümumən Azərbaycan mədəniyyətinin dünyada təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Bu ilin avqust ayında keçirilmiş dördüncü belə festival beynəlxalq miqyasda hələ də aktuallığını itirmir, ölkəmizin yüksək mədəni sivilizasiyasının nümunəvi göstəricisi kimi dəyərləndirilir. Bu məqamlarda UNESCO-nun keçmiş baş direktoru Koişiro Matsuuranın sözləri yada düşür: "O, uğurlu fəaliyyətini yalnız Azərbaycanda, yalnız Azərbaycana yaxın bölgələrdə yox, mən hətta deyərdim ki, qlobal miqyasda aparır".

Sonda fikirlərimi yenə ailə ilə bitirmək istəyirəm. 3 gözəl övlad, 3 mələk kimi nəvə sahibi olan Mehriban xanım çox haqlı olaraq deyir ki, "mənə uşaqlıqdan bu barədə bir fikir təlqin edilib ki, ailə hər şeyin əsasıdır. Ailə birinci növbədə həmfikirlərdir. Onlar - kişi və qadın - oxşar həyat prinsipləri və mənəvi dəyərləri olan adamlardır. Odur ki, radikal mənada müxalifət, zənnimcə, ailədə olmamalıdır. Mənimlə İlhamın çox məsələlərdə baxışlarımız eynidir. Biz təxminən eyni mühitdə böyümüşük. Bu, ötən əsrin bütün çətinliklərinə baxmayaraq, öz ideallarına, mənəvi dəyərlərə, milli ənənələrə sədaqətini saxlaya bilmiş Azərbaycan ziyalılığıdır. Belə kökləri olmaq xoşbəxtlikdir. Qadın, Prezidentin xanımı olsa belə, ailədə sülhün, asayişin və məhəbbətin rəhnidir. Ərimin hədsiz dolğun və gərgin iş günündən sonra məhz başa düşüldüyü və dəstəkləndiyi, dəyərləndirildiyi və sevildiyi evə gəlməsi mənim üçün çox vacibdir. Mən həm dost, həm də sevimli olmaq istəyirəm".

 

 

Hüseynbala MİRƏLƏMOV,

Milli Məclisin deputatı,

yazıçı-publisist

 

Azərbaycan.- 2012.- 26 avqust.- S. 2.