Milli-mənəvi
yüksəlişə xidmət edən nəcib missiya
XXI əsrin başlanğıcı bütövlükdə dünya siyasətinin transmilliləşməsi, qloballaşma proseslərinin geniş vüsət alması dövrü kimi səciyyələnir. Bununla belə, hər bir xalqın milli özünəməxsusluğunun qorunub saxlanması zərurətindən irəli gələn, lokalizasiya adlandırılan əks cərəyan da özünü qabarıq göstərir: ayrı-ayrı dövlətlər milli ənənə və dəyərləri sarsıdan kütləvi mədəniyyət stereotiplərinə qarşı çıxır, müxtəlif beynəlxalq təşkilatlar milli-mədəni suverenliyin yad təsirlərdən hifz olunması zərurətini diqqətə çəkirlər. Aşkar görünür ki, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması bu gün qloballaşan dünyada sülh və sabitliyin, əmin-amanlığın, dinc yanaşı yaşamağın vacib meyarına çevrilmişdir.
Müstəqillik tarixi o qədər də böyük olmayan Azərbaycan ötən əsrin sonlarına doğru qloballaşma "qasırğası"na düşsə də, məhz ulu öndər Heydər Əliyevin müdrikliyi, uzaqgörən siyasəti sayəsində milli-mənəvi, dini dəyərlərini, adət-ənənələrini kənar təsirlərlərdən qorumağa nail olmuşdur. Ümummilli lider xalqa daxilən, qəlbən yaxın, milli düşüncə və məfkurə sahibi olan şəxsiyyət kimi milli kimliyi ifadə edən dəyərlərə daim həssaslıqla yanaşmış, onların hifz edilərək gənc nəslə aşılanmasını vacib saymışdır. Eyni siyasi kursu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətində də milli mədəniyyətə, mənəvi, əxlaqi dəyərlərə, adət-ənənələrə hörmət prinsipi ön plandadır. Dövlət başçısı milli mədəniyyətin total təsirlər nəticəsində assimilyasiyaya məruz qalmasına nəinki yol vermir, əksinə, xalqın əsrarəngiz mədəni irsinin dünya miqyasında təbliğini vacib sayır.
Prezident İlham Əliyevin dövlətin inkişafı, qüdrətlənməsi naminə həyata keçirdiyi çoxşaxəli siyasətinə töhfələrini verən Heydər Əliyev Fondu da mədəniyyətimizin, mənəvi dəyərlər sisteminin qorunmasında, habelə cəmiyyətdə mərhəmətin, xeyirxahlıqın, humanizmin təbliğində misilsiz xidmətlər göstərir. Xalqın mənafeyi naminə bir sıra strateji əhəmiyyətli layihələri inamla həyata keçirən fond hazırda Azərbaycan cəmiyyətində milyonlarla insanın ümid ünvanına çevrilmişdir. Ümummilli liderin xeyirxah və nəcib əməllərini yaşatmaq məqsədilə bu nüfuzlu qurum ictimai həyatın müxtəlif sahələrində fundamental layihələr həyata keçirir, hər bir vətəndaşın zəruri istək və arzularının gerçəkləşməsinə, problemlərinin operativ həllinə maddi-mənəvi dəstək verir.
Xeyirxahlıq, mərhəmət və humanizm bəşər övladını daxilən saflaşdıraraq başqalarının gözündə ucaldan ali dəyərlərdən sayılır. Bu dəyərlərə tapınan fondun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva da son illərdəki əzmkar fəaliyyəti ilə məhz belə bir ucalığa yüksəlmiş, cəmiyyətdə böyük nüfuz qazanmışdır. Azərbaycanın birinci xanımının təşəbbüsü ilə həyata keçirilən çoxşaxəli layihələri birləşdirən ümumi ortaq xətt isə milli genefondun qorunması, saf duyğuların ictimai şüurda möhkəmlənməsidir. Heydər Əliyev Fondunun prezidenti qloballaşmanın qarşısıalınmaz prosesə çevrildiyi, informasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə insani və mənəvi-əxlaqi amillərin yad təsirlərdən qorunmasına daha çox ehtiyac olduğunu bildirir. Belə nəcib məqsədlərlə cəmiyyətin mənəvi yüksəlişinə, saflaşmasına çalışan Mehriban xanım Əliyeva nəinki respublika hüdudlarında, eləcə də beynəlxalq miqyasda böyük nüfuz qazana bilmişdir.
Fondun prezidentinin hələ 2004-cü ildə UNESCO-nun, 2006-cı ildə İSESCO-nun xoşməramlı səfiri adına layiq görülməsi də nəcib və humanist missiyaya beynəlxalq səviyyədə verilən ali qiymətdir. Azərbaycanın birinci xanımı son illərdə "Qızıl ürək" beynəlxalq mükafatına, habelə Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı adına Ailə Sağlamlığı Fondunun mükafatına, "Əsrlərin xeyriyyəçiləri" Beynəlxalq Fondunun Yaqut Xaç ordeninə, Fransanın Şərəf Legionu ordeninə, UNESCO-nun "Qızıl Motsart" medalına layiq görülmüşdür. 2011-ci ildə Krans Montana Forumunun Qızıl medalı ilə təltif olunan Mehriban xanım Əliyeva 2012-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin fəxri professoru adını almışdır. Fondun prezidenti humanitar sahədəki fəaliyyətinə görə bu il həmçinin "Birlik ulduzları" mükafatı ilə təltif edilmişdir. Bu yüksək mükafat MDB iştirakçısı olan Dövlətlərin Humanitar Əməkdaşlıq Fondu tərəfindən təsis olunmuşdur.
UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın fəaliyyətində milli- mənəvi irsə, mədəniyyətə qayğı siyasəti xüsusi yer tutur. İctimai əhəmiyyətli layihələrin reallaşdırılmasına əsaslanan bu fəaliyyət, əslində, 15 ilə yaxın bir dövrü əhatə edir. Hələ 1995-ci ildə "Azərbaycan Mədəniyyətinin Dostları" Xeyriyyə Fondunu yaradan Mehriban xanım Əliyeva yüksək təşəbbüskarlığı, idarəçilik keyfiyyətləri ilə mədəniyyətimizin böhrandan çıxarılmasına köməyini əsirgəməmişdir. Qədim ənənələrə malik Azərbaycan xalqının maddi və mənəvi mədəniyyət nümunələrinin, incəsənətinin, folklorunun, musiqisinin qorunması, habelə dünya miqyasında təbliğ olunması məqsədilə 1996-cı ildən "Azərbaycan-İrs" jurnalının nəşrə başlaması da təqdirəlayiq məqam kimi xatırlanmalıdır. Azərbaycan, rus, ingilis dillərində işıq üzü görən jurnalda son 10 ildə mədəniyyətimizin, tarixi-milli irsimizin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi vacibliyi ilə bağlı çoxsaylı məqalələr işıq üzü görmüşdür. Mədəniyyətimiz və incəsənətimizlə bağlı aktual məsələlərin, sanballı materialların dərc edildiyi "Azərbaycan-İrs" jurnalı, habelə ölkə həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması və təbliği işinə böyük dəstək olmuşdur.
"Azərbaycan Mədəniyyətinin Dostları" Xeyriyyə Fondu bir ictimai-iqtisadi formasiyadan digərinə keçid dövründə milli mədəniyyətimizin üzləşdiyi taleyüklü problemləri, qarşıda duran məqsəd və vəzifələri düzgün müəyyənləşdirərək onların həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdir. Ötən illərdə musiqi təhsilinin inkişafı və gələcək nəslin maarifləndirilməsi işi fondun diqqət mərkəzində olmuş, ardıcıl keçirilən xeyriyyə konsertləri milli mədəniyyətimizin zəngin ənənələrinin qorunması məqsədinə xidmət etmişdir. 1996-cı ildə Azərbaycanda musiqi gimnaziyası və musiqi məktəbi əsaslı təmir edilmiş, minlərlə yeniyetmə və gəncin, ələlxüsus, imkansız ailələrdən olan gənclərin yüksək musiqi təhsili almasına əlverişli imkan yaradılmışdır.
BMT-nin ali humanitar qurumu olan UNESCO qarşısında "Qafqaz xalq ənənələri evi"nin yaradılması təşəbbüsü ilə çıxış etməsi Mehriban xanım Əliyevanın bu sahədəki fəaliyyətinin sistemli və ardıcıl xarakter daşıdığını göstərmişdir. Bu təşəbbüsün irəli sürülməsi, dünyada maddi və qeyri-maddi irsin qorunub saxlanması vəzifəsini yerinə yetirən UNESCO-nun layihə çərçivəsində əməkdaşlığa dəvət edilməsi bir neçə cəhətdən xüsusi əhəmiyyət kəsb edir. Bununla, təkcə Azərbaycanın deyil, bütövlükdə Qafqaz xalqlarının zəngin maddi-mənəvi mədəniyyət abidələrinin qorunması və təbliği məqsədi ön plana çəkilir. "Qafqaz xalq ənənələri evi"nin yaradılması tarix boyu Azərbaycanın təkcə torpağına deyil, həm də zəngin mədəniyyət nümunələrinə, incəsənətinə, musiqisinə, mətbəxinə göz dikən, onları özününküləşdirməyə çalışan bədnam ermənilərin cəfəng iddialarının qarşısının alınması baxımından da önəmlidir. "Qafqaz xalq ənənələri evi"nin yaradılması, eyni zamanda, Avropa Birliyinin təşəbbüsü ilə Qafqaz regionunda həyata keçirilən "Yaxın qonşuluq siyasəti"nin səmərəliliyi baxımından da son dərəcə vacib əhəmiyyətə malikdir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın mədəni sahədə fəaliyyətinin mühüm istiqamətlərindən biri də respublikanın görkəmli şəxsiyyətlərinin yubileylərinin beynəlxalq miqyasda - nüfuzlu təşkilatlar səviyyəsində keçirilməsidir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2005-ci ildə Bakıda və Parisdə dahi bəstəkar Üzeyir Hacıbəylinin 120 illik yubileyi keçirilmiş, UNESCO çərçivəsində görkəmli kimyaçı-alim, akademik Yusif Məmmədəliyevin 100 illiyi qeyd olunmuş, dünya şöhrətli ifaçılar - mərhum Mstislav Rostropoviç və xanımı Qalina Vişnevskayanın 50 illik birgə fəaliyyətinə həsr edilmiş albom və disklər hazırlanmışdır. Mstislav Rostropoviçin, Şostakoviçin, Bülbülün yubileylərinə həsr olunmuş beynəlxalq festivallar keçirilmişdir. Dahi Üzeyir Hacıbəylinin "Arşın mal alan" əsərinin səhnələşdirilməsi haqqında Vyana kamera teatrı ilə razılığın əldə edilməsi də xalqımızın milli mədəniyyətinin dünyada təbliği yolunda mühüm hadisədir.
"Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinin beynəlxalq miqyasda qeyd olunması, UNESCO-nun "Dünya irs siyahısı"na İçərişəhərin Şirvanşahlar Saray Kompleksinin, Qobustan Qoruq Muzeyinin və Atəşgahın daxil edilməsi, tarixi mədəniyyət abidələrinin bərpası və digər layihələr "Azərbaycan Mədəniyyətinin Dostları" Xeyriyyə Fondunun fəaliyyətinin təqdirəlayiq məqamları kimi vurğulanmalıdır.
Bu fəaliyyəti rəhbəri olduğu Heydər Əliyev Fondunun xəttilə daha da genişləndirən Azərbaycanın birinci xanımının milli muğamlarımızın öyrənilməsi və təbliği ilə bağlı həyata keçirdiyi layihələr xüsusilə təqdirəlayiqdir. Hələ 2005-ci ilin martında Parisdə - UNESCO-nun qərargahında "Qarabağ xanəndələri" albomunun təqdimat mərasiminin keçirilməsi, qurumun qeyri-maddi irsinin şah əsərləri siyahısına muğamın və aşıq sənətinin də daxil edilməsi, eyni zamanda, Bakıda Beynəlxalq Muğam mərkəzinin təməlinin qoyulması fondun fəaliyyətinin kifayət qədər geniş spektri əhatə etdiyini göstərir.
Azərbaycana məxsus muğam incilərinin toplandığı alboma "Qarabağ xanəndələri" adının seçilməsi isə təsadüfi olmayıb, konkret siyasi məzmun daşımışdır. Bununla, Qarabağın əzəli və əbədi Azərbaycan torpağı olduğu, muğamın bu torpağın dünyaya bəxş etdiyi nadir sənət nümunəsi sayıldığı nümayiş etdirilmişdir. "Qarabağ xanəndələri" albomunda 24 sənətçinin muğam ifaları toplanmışdır. Şərqin əvəzsiz ifaçılarından Cabbar Qaryağdıoğlunun, Keçəçi oğlu Məhəmmədin, Məşədi Məhəmməd Fərzəliyevin, Məcid Behbudovun, Seyid Şuşinskinin, Xan Şuşinskinin, İslam Abdullayevin, Bülbülün, Zülfü Adıgözəlovun, Əbülfət Əliyevin ifasında səslənən bənzərsiz muğam sənəti nümunələri dinləyicilərin zövqünü oxşayır. Muğam ustalarının ürəkləri riqqətə gətirən ifası layihə çərçivəsində "Salnamə" studiyasında rejissor Xamis Muradovun rəhbərliyi ilə hazırlanmış sənədli filmin kadrlarının nümayişi ilə müşayiət olunur. Belə nadir sənətkarlar yetirən Azərbaycan torpağının misilsiz gözəllikləri bir daha göz önündə canlanır.
2009-cu ilin mart ayında Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən Beynəlxalq Muğam Festivalı Azərbaycan mədəniyyətinin, musiqisinin bütün dünyada tanıdılması və təbliği istiqamətində mühüm tədbirlərdən biri kimi yadda qalmışdır. Tədbirdə UNESCO-nun sabiq baş direktoru Koişirio Matsuura, habelə dünyanın 17 ölkəsindən çoxsaylı qonaq iştirak etmişdir.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 2005-ci, 2007-ci, 2009-cu və 2011-ci illərdə keçirilən, Azərbaycan televiziyası ilə canlı yayımlanan muğam müsabiqələri də Azərbaycanın milli sərvəti olan muğamın təbliğinə layiqli töfhə olmuşdur. Bakıda - dənizkənarı bulvar ərazisində Beynəlxalq Muğam Mərkəzinin tikilib istifadəyə verilməsi fondun qlobal mənədiyyət layihələri sırasında mühüm yer tutur. 2005-ci il avqustun 24-də Prezident İlham Əliyev və UNESCO-nun sabiq baş direktoru Koişirio Matsuuranın iştirakı ilə əsası qoyulan Beynəlxalq Muğam Mərkəzinin 2008-ci ilin dekabr ayında təntənəli açılış mərasimi olmuşdur.
2008-ci ilin sentyabr ayında "Gülüstan" sarayında Heydər Əliyev Fondunun "Üzeyir dünyası" və "Azərbaycan muğamı ensiklopediyası" layihələrinin təqdimatı da milli mədəniyyətə qayğı siyasətinin tərkib hissəsidir. Musiqi mədəniyyəti tariximizdə xüsusi yeri olan, müasir Azərbaycan professional musiqi sənətinin və milli operanın banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş "Üzeyir dünyası" layihəsinə "Ömür salnaməsi", "Üzeyir Hacibəyli ensiklopediyası", "Bədii və publisistik əsərləri" kitabları, "Leyli və Məcnun", "Koroğlu", "O olmasın, bu olsun" operaları və musiqili komediyalarının klavir, libretto və CD-ləri daxildir.
"Azərbaycanın muğam ensiklopediyası" layihəsi Azərbaycan muğamına həsr olunan xüsusi nəşrdir. İki cilddən ibarət olan bu ensiklopediya həm muğamla bağlı ətraflı məlumatları özündə cəmləşdirir, həm də Azərbaycan muğamlarını müxtəlif xanəndələrin ifasında təqdim edir.
Fondun mədəniyyət sahəsində reallaşdırdığı mühüm layihələrdən biri də Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin inşasıdır. 2008-ci ilin mayında Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin və UNESCO-nun sabiq baş direktoru Koişirio Matsuuranın iştirakı ilə təməlqoyma mərasimi keçirilmiş, Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və UNESCO-nun dəstəyi ilə inşa olunmuşdur.
Digər bir mühüm layihə 2009-cu ilin martında istifadəyə verilmiş Müasir İncəsənət Muzeyidir. Muzeydə Azərbaycanın gənc, avanqard üslubda işləyən rəssam və heykəltəraşlarının 800-dən çox işi toplanmışdır. Burada, həmçinin Azərbaycan xalq rəssamlarının əsərləri, rəngkar və heykəltəraşların işləri də sərgilənir. Qərbi Avropa incəsənəti salonunda isə dünya klassiklərinin rəsm əsərləri və əl işləri nümayiş olunur.
Heydər Əliyev Fondunun Azərbaycan xalçaçılıq sənətinin tarixi şöhrətinin, zəngin ənənələrinin inkişaf etdirilməsi sahəsindəki fəaliyyəti də xüsusi vurğulanmalıdır. Fondun dünya xalçaçılıq sənətinə misilsiz töhfələr verən, Azərbaycan xalçaçılığının zəngin ənənələrini yaşadan, istehsal etdiyi malları dünyaya çıxarmaqla bu qədim el sənətinin fəal təbliğatçısına çevrilən "Azər-İlmə" Məhdud Məsuliyyətli Cəmiyyətinə qayğısı həmin nadir sənət incisinə diqqətdən irəli gəlir. "Azər-İlmə" MMC-nin istehsal sahəsində xalqın tarixini, məişətini, adət-ənənələrini, müxtəlif inanclarını, estetik görüşlərini, fəlsəfi baxışlarını özündə əks etdirən, bu keyfiyyətləri sirli-sehrli ilmələrdə, naxışlarda yaşadan sənət nümunələri bütün dünyada məşhurlaşmışdır.
2009-cu ildə aşıq sənətinin, habelə Novruz bayramının UNESCO-nun qeyri-maddi irs siyahısına daxil edilməsi fondun milli irsin dünyada tanıdılması sahəsindəki əzmkar fəaliyyətinin nəticəsidir. 2010-cu ilin oktyabrın 22-də Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə birinci beynəlxalq aşıq festivalının keçirilməsi isə milli mədəniyyətə qayğı siyasətini özündə ehtiva edir. Azərbaycanda ilk dəfə təşkil edilmiş bu beynəlxalq festivala 8 ölkədən - Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstan və Dağıstandan sənətkarlar qatılmışlar.
2011-ci ilin may ayında Azərbaycanın gənc ifaçılarının Almaniyada keçirilən "Evrovizion-2011" musiqi yarışmasındakı parlaq qələbəsində fondun fəal dəstəyi, təşkilatçılıq səyləri mühüm rol oynamışdır. Avropada bir nömrəli mötəbər musiqi yarışmasının lideri olan Azərbaycan bu coğrafi məkanda incəsənətini və musiqisini təbliğ etmək imkanı qazanmışdır. Heydər Əliyev Fondunun prezidentinin "Evrovizion-2012"nin Bakıda keçirilməsi ilə bağlı yaradılmış təşkilat komitəsinin sədri təyin edilməsi də, bu mənada, təsadüfi olmamışdır. Mehriban xanım Əliyevanın təşkilatçılığı sayəsində həmin müsabiqə ən yüksək səviyyədə baş tutmuş, milli musiqimizin, mədəniyyətimizin, incəsənətimizin 800 milyonluq bir auditoriyada təbliğinə əlverişli imkanlar açmışdır. Beləliklə, 2011-ci ildə Almaniyadan qələbə estafetini qəbul edən Bakı bir il sonra möhtəşəm şou ilə bütün dünyanın diqqətini özünə cəlb etmişdir. Təsadüfi deyildir ki, Avropa mətbuatında müsabiqənin yüksək səviyyədə keçdiyi bir daha təsdiqini tapmışdır.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 2008-ci ildən Qəbələ rayonunda keçirilən və xoş ənənə halını alan beynəlxalq musiqi festivalları da ecazkar musiqi sənətimizin dünyada tanıdılması baxımından mühüm əhəmiyyətə malikdir. Bir müddət əvvəl başa çatmış IV Qəbələ Beynəlxalq musiqi festivalının yaratdığı xoş təəssüratlar isə iştirakçıların və tamaşaçıların yaddaşından hələ də silinmir. Zəngin və rəngarəng proqramlı festivalın başa çatmasından xeyli vaxt keçməsinə baxmayaraq, onun uğurlu yekunları dünya mətbuatında aktuallığını qoruyub saxlayır.
Fond tarixi abidələrin qorunması üçün həyata keçirilən tədbirlərdə də yaxından iştirak edir. Şəxsən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə son illərdə Gəncə şəhərindəki Cavadxan türbəsi, habelə Comərd Qəssab məqbərəsi, Bakının Şüvəlan qəsəbəsindəki Pirhəsən ziyarətgahı, Abdulla Şaiqin ev-muzeyi əsaslı təmir edilmişdir. Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Mərdəkandakı ev muzeyinin müasir tələblər səviyyəsində təmir olunması da fondun reallaşdırdığı layihələrdən biridir.
Heydər Əliyev Fondunun Rusiyanın "Puşkin kitabxanası" fondu ilə ötən ildən yaranmış əməkdaşlıgı ölkədə elm, təhsil və mədəniyyətin inkişafına, rus dili vasitəsilə dünya mənəvi-mədəni xəzinəsinə çıxış əldə edilməsinə yönəldilmiş dəyərli hadisədir. Sirr deyildir ki, Rusiya ilə 200 ildən çox davam etmiş birgə yaşayış xalqımızın siyasi-ictimai, elmi-mədəni dünyagörüşünə böyük təsir göstərmiş, rus dili vasitəsilə dünya mədəni irsi ilə tanış olmuş, dəyərli ədəbi-bədii fikir nümunələrini dünyaya tanıda bilmişdir. Keçmiş İttifaq dağıldıqdan sonra bu sahədə davam edən boşluğu məhz Heydər Əliyev Fondu doldurmağa nail olmuşdur. Rusiyada son illər nəşr edilmiş müxtəlif elm sahələrinə aid minlərlə kitabın şəxsən Mehriban xanımın təşəbbüsü ilə alınıb respublikamızın ali məktəblərinə hədiyyə edilməsi də bu istiqamətdə mühüm addımlardan biridir. Belə xeyirxah məramın arxasında Mehriban xanımın dövlətçiliyə, azərbaycançılığa, xalqımızın gələcəyinə və bir də kitaba münasibəti durur. Mehriban xanım Əliyevanın kitab barədə dedikləri də kifayət qədər maraq doğurur: "Ümumiyyətlə, mən televiziya adamı deyil, kitab adamıyam. Kino da mənim üçün ədəbiyyatdan törəmədir. Bugünkü cəmiyyətdə televiziya çox zaman, sadəcə, vaxt keçirmək vasitəsidir. Mənim üçünsə əsas kitabdır. Mən həyatda öyrəndiyim bütün yaxşı şeylər üçün kitablara borcluyam".
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti təkcə Azərbaycan mədəniyyətinin, elminin, incəsənətinin dünyada təbliği və tanıdılması ilə məhdudlaşmır, eyni zamanda, dünya mədəni irsinin qorunmasına, bəşəriyyəti ciddi narahat edən qlobal problemlərin həllində mövqelərin yaxınlaşdırılmasına xidmət edir. 2008-ci ildə Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü, UNESCO-nun və İSESCO-nun dəstəyi ilə keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda Beynəlxalq Bakı Forumu da sivilizasiyalararası dialoq, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması, ümumbəşəri konsolidasiya prosesində qadınların rolunun araşdırılması, bu yönümdə konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.
2011-ci ilin oktyabrında Moskvada Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Mədəniyyət Mərkəzinin açılması da mühüm layihələrdən biri kimi vurğulanmalıdır. Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında yerləşən mərkəzin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti və Moskva nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyeva çıxış edərək bildirmişdir ki, mərkəzin başlıca fəaliyyət prinsipi iki ölkə arasında mədəniyyət sahəsində əlaqələri inkişaf etdirməkdir: "Ümid edirəm ki, bu mərkəz yaşından asılı olmayaraq hamı üçün maraqlı olacaqdır. Moskva sakinləri burada Azərbaycanın mədəni irsi ilə yaxından tanış olacaqlar. Mərkəzdə mədəniyyətimizi təbliğ edən sərgilər, təqdimatlar keçiriləcəkdir. Burada eyni zamanda, Azərbaycan dili tədris ediləcəkdir".
Azərbaycanın 2011-ci ildə UNESCO Baş Konfransının vitse-prezidenti seçilməsində Heydər Əliyev Fondunun prezidentinin təşkilatla sıx əməkdaşlığının böyük rolu olmuşdur. Ölkəmizin Almaniya, ABŞ, Çin, Fransa kimi dünyanın aparıcı dövlətləri ilə bir sırada UNESCO-nun ən mötəbər və mühüm qurumuna vitse-prezident seçilməsi Azərbaycanda bütün sahələrdə gedən inkişafın və UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın yüksək fəaliyyəti sayəsində ölkəmizlə qurum arasında yaranmış əlaqələrin bariz göstəricisidir.
Heydər Əliyev Fondunun mədəni sahədəki layihələri təkcə respublikanın hüdudları ilə məhdudlaşmır. Hələ 2009-cu ildə Heydər Əliyev Fondu Avropanın ən möhtəşəm memarlıq abidələrindən olan Strasburqdakı "Bizim ledi" kilsəsinin təmirinə 40 min avro ayırmışdı. Hazırda isə Romanın Kapitoli Muzeyində bərpa işlərinin bir hissəsi məhz Heydər Əliyev Fondunun maliyyəsi ilə həyata keçirilir. Roma şəhərinin meri Canni Alemenno Heydər Əliyev Fondunun Kapitoli Muzeyinin bərpasına maliyyə dəstəyini Azərbaycan tərəfinin yalnız İtaliyanın deyil, bütövlükdə bəşəriyyətin mədəni irsinin qorunmasına verdiyi töhfəsi kimi qiymətləndirmişdir.
Mədəni sahədəki layihələrdə Heydər Əliyev Fondunun vitse-prezidenti və Moskva nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın fəal dəstəyini də xüsusi qeyd etmək lazımdır. Leyla xanım Əliyeva Azərbaycanın milli-mənəvi dəyərlərinin, mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının təbliği istiqamətində bütün lazımi tədbirləri həyata keçirmişdir. Rusiya ilə Azərbaycan arasında mədəni dialoqun genişləndirilməsi istiqamətində atılan addımlar da bu baxımdan təqdirəlayiqdir.
Leyla xanım Əliyevanın Azərbaycanı Rusiya sosiomədəni məkanına gənc və müasir ölkə kimi təqdim edən "Baku" aylıq jurnalını nəşr etdirməsi də Azərbaycanın təbliğində müstəsna rol oynayır. 2007-ci ildə yeni, nəfis tərtibatlı "Baku" jurnalının təqdimat mərasimi mühüm hadisə olmuşdur. Fəaliyyətindən qısa müddət keçməsinə rəğmən, "Bakı" jurnalı Azərbaycan və Rusiya arasında mədəni dialoqun inkişafında mühüm rol oynaya bilmiş, o, təkcə Rusiyada yox, bütün MDB məkanında kifayət qədər populyarlaşmışdır. 2011-ci ilin noyabrında isə Moskvadakı Ostojenka küçəsində yerləşən "Multmedia Art Muzey"də "Baku" jurnalının ingilisdilli "Baku İnternational" versiyasının birinci nömrəsinin təqdimatı keçirilmişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru Leyla xanım Əliyeva mərasim iştirakçıları qarşısında çıxış edərək xatırlatmışdır ki, 2007-ci ilin dekabr ayında Moskvada "Baku" jurnalının birinci nömrəsi təqdim edilmiş və elə həmin vaxtdan bu nəşrin beynəlmiləl versiyasını yaratmaq ideyası meydana gəlmişdir. Leyla xanım Əliyeva demişdir: "Oktyabrın 4-də "Conde Nast" nəşriyyatı ilə əməkdaşlıq sayəsində jurnalın ingilis dilində olan versiyası çapdan çıxmışdır. İndi bizim oxucular bu jurnalı təkcə Bakıda və Moskvada deyil, həmçinin London, Paris, Roma, Berlin, Nyu-York və dünyanın digər şəhərlərində tapa biləcəklər".
2012-ci ilin aprelində Parisdə "Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti" sərgisinin açılması Heydər Əliyev Fondunun Azərbaycanın incəsənətinin dünyada tanıdılması istiqamətində növbəti layihələrindən biri olmuşdur. Heydər Əliyev Fondunun və "Baku" jurnalının ingilisdilli versiyasının dəstəyi və təşkilatçılığı ilə təşkil olunan sərgi Azərbaycan mədəniyyətinin və milli bənzərsizliyinin nümayişi üçün daha bir imkan yaratmışdır. Sərgi Parisin məşhur Salomon de Rotşild malikanəsində açılmışdır. Yüzlərlə xarici vətəndaş mədəniyyətimizin zəngin və sehrli aləmini heyranlıqla seyr etmişdir. Bu genişmiqyaslı və müxtəlif istiqamətli sərgiyə göstərilən maraq deməyə əsas verir ki, tədbirin uğuru Parisin mədəni həyatında geniş əks-səda doğurmuş və əsl hadisəyə çevrilmişdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti və Moskva nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyeva mərasimdə çıxış edərək bildirmişdir ki, sərgidə nümayiş olunan əsərlərdəki dinamizm və yaradıcılıq ruhu bu gün Azərbaycanda baş verənlərin böyük bir hissəsini əks etdirir. "Mənim ölkəm misli görünməmiş inkişaf dövrü yaşayır və bu, özünü müasir incəsənət sahəsində daha da qabarıq göstərir" - deyən Leyla xanım Əliyeva Azərbaycanın qədim tarixindən, eləcə də indi Parisdə də satışda olan "Baku" jurnalından danışmış, bu nəşrdə gənc rəssamlara da yer ayrıldığını vurğulamışdır.
Rusiyada Azərbaycan gəncləri hərəkatının lideri olan Leyla xanım Əliyeva gəncləri bu ölkənin ictimai-siyasi həyatında daha fəal iştirak etməyə, Rusiya cəmiyyətinə daha sıx inteqrasiyaya və bununla bərabər, Azərbaycanın milli mədəniyyətinə qayğıkeşliklə yanaşmağa, onu qoruyub saxlamağa və yaymağa da çağırır. Bu mənada, Leyla Əliyevanın Rusiyanın müxtəlif ali məktəblərinin və şəhərlərinin tələbələri olan azərbaycanlı gəncləri ətrafında birləşdirən sima olması tamamilə qanunauyğun haldır. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri seçilməsini qonşu ölkədə yaşayan azərbaycanlı gənclərin təşkilatlanmasında yeni mərhələnin başlanması kimi qiymətləndirilmişdir.
2011-ci il dekabrın 7-də Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva Rusiyanın ali məktəblərində
təhsil alan azərbaycanlı tələbələrlə
görüşmüşdür. Görüşdə
Moskvadan və Rusiyanın regionlarından olan 500-dən
çox tələbə iştirak etmişdir. Leyla
Əliyeva tələbələri ali məktəblərə
qəbul olunmaları münasibətilə təbrik edərək,
Rusiya Azərbaycanlı Gənclər Təşkilatının
mövcud olduğu dörd il ərzində onun
gördüyü işlər barədə məlumat
vermişdir. O qeyd
etmişdir ki,
Rusiyanın 60 regionunda RAGT-nin regional bölmələri
mövcuddur. Leyla xanım Əliyeva demişdir: "RAGT səhiyyəyə,
sağlam həyat tərzinin təbliğinə də
böyük diqqət yetirir. Bizim "Qanın milləti
yoxdur" devizi altında keçirdiyimiz təmənnasız
qanvermə, habelə "Sağlam olduğunu yəqin et, xəstəliyə "yox" de"
aksiyaları ilə yəqin ki, siz hamınız
tanışsınız. Bu aksiyalar çərçivəsində
xəstələr pulsuz müayinə və müalicə
oluna bilərlər. Biz QİÇS,
narkomaniya, alkoqolizm və siqaret çəkməyə
qarşı mübarizə kampaniyasına da başlamışıq.
Bizim fəallar müxtəlif ali və
ümumtəhsil məktəblərində olur, mühazirələr
oxuyur, təqdimatlar keçirir, gənclərin zərərli
vərdişlərin mənfi nəticələrindən xəbər
tutmasına, sağlam həyat tərzi keçirməsinə
kömək edirlər. Əlbəttə, RAGT gənclərin
idmanla əlaqədar bütün təşəbbüslərini
dəstəkləyir. Hər il Heydər
Əliyev kuboku uğrunda mini-futbol turniri keçirilir və bu
yarışların iştirakçılarının
sayının artması bizi sevindirir. Biz
"Şən və Hazırcavablar Klubu" və "Nə?
Harada? Nə vaxt?"
intellektual oyunlarını da dəstəkləyirik. Əgər
kim isə hələlik bu oyunlarda
iştirak etmirsə, bizə qoşulsun, çox şad
olarıq".
Leyla xanım Əliyeva həmin görüşdə
2011-ci ilin oktyabr ayında start götürmüş yeni
kampaniya - "Ətraf mühitin qorunması kampaniyası"
- İDEA barədə söhbət açaraq bildirmişdir
ki, bu aksiyanın məqsədi ictimaiyyətin diqqətini
mövcud ekoloji problemlərə cəlb etməkdir. Təşkilatın
rəhbəri vurğulamışdır ki, kampaniyanın
başlıca məqamı görülən hər bir işə
kreativ yanaşma tapmaqdır. Bu da təsadüfi deyildir
ki, İDEA ətraf mühit kampaniyasının təsisçisi
Leyla xanım Əliyeva 2012-ci ildə "Ekoloji mühitin
qorunmasına görə" xüsusi beynəlxalq "Şərəf
mükafatı" ilə təltif olunmuşdur.
Ümumilikdə, Heydər Əliyev Fondunun prezidenti bu
gün milli mədəniyyətin inkişafına xidmət edən
çoxsaylı layihələri uğurla həyata keçirməklə
yanaşı, dünya mədəni irsinə də layiqli
töhfələrini verir. Bu fəaliyyəti ilə
Mehriban xanım Əliyeva həm də həyatının mənasını
xeyirxah və nəcib əməllərdə axtaran, bəşəriyyətin
nicatı, xilası üçün çalışan nəcib
insanlarla bir sırada dayanır.
Cəmilə
SƏTTAROVA,
Mədəniyyət
İşçiləri Müstəqil
Həmkarlar İttifaqı Respublika
Komitəsinin sədri, əməkdar
mədəniyyət işçisi
Azərbaycan.- 2012.- 26 avqust.- S. 3.