Meksika Senatında Azərbaycan nümayəndə heyəti ilə səmərəli görüşlər keçirilmişdir

 

Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Həsənov Mexikoya rəsmi səfəri çərçivəsində avqustun 22-də bu ölkənin Senatının rəhbərliyi və senatorlarla, o cümlədən Senatın sədr müavini Fransisko Arroyo Vieyra, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə əlaqədar Meksika Senatında 2011-ci ildə qəbul edilmiş qərarın müəllifi, senator Karlos Ximenes Masias, Senatda çoxluq təşkil edən İnstitusional İnqilab Partiyasının qrup rəhbəri senator Karlos Navarrete Ruiz ilə geniş tərkibdə görüş keçirmişdir.

Baş nazirin müavini Əli Həsənovu salamlayan Senatın sədr müavini Arroyo Vieyra bu yaxınlarda Azərbaycanda səfərdə olduğunu xatırladaraq, ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən parlamentlərarası əlaqələrin inkişafından məmnun olduğunu qeyd etmişdir.

Senator Arroyo Vieyra, həmçinin Azərbaycanda olduğu müddətdə ölkəmizdə demokratik dəyərlərin yüksək qiymətləndirildiyinin, Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyinin şahidi olduğunu söyləmişdir. O, Bakıda Meksika nümayəndə heyətinə göstərilmiş qonaqpərvərliyə görə minnətdarlığını bildirmişdir.

Meksika senatoru, həmçinin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsi məsələsinə toxunaraq, xalqımızın yüksək dərəcədə tolerant olduğunu diqqətə çatdırmışdır. Senator regionda və Avropanın enerji təhlükəsizliyi məsələsində xüsusi rol oynayan Azərbaycanın iqtisadi və hərbi potensialının yüksək olmasına baxmayaraq, ölkəmizin indiyədək bu münaqişənin diplomatik vasitələrlə və danışıqlar yolu ilə həll edilməsinə üstünlük verdiyini qeyd etmişdir.

Baş nazirin müavini Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Meksika parlamentinə və xalqına çatdırmaqdan məmnun olduğunu bildirmişdir.

Ə.Həsənov ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini diqqətə çatdırmış, bu sahədə bir çox sənədlərin imzalandığını  vurğulamışdır.

Sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun yaranma səbəbləri barədə ətraflı məlumat verən Əli Həsənov Ermənistan silahlı qüvvələri tərəfindən ərazilərimizin 20 faizinin işğal olunduğunu, bir milyondan çox  insanın qaçqın və məcburi köçkünə çevrildiyini, Ermənistanın tutduğu qeyri-konstruktiv mövqe nəticəsində 20 il ərzində bu problemin həll edilmədiyini bildirmişdir.

Ə.Həsənov nümayəndə heyətinin hazırkı səfərinin məqsədinin  Mexiko şəhərində yaradılmış Meksika-Azərbaycan Dostluq Parkının, həmin parkda xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsinin və Xocalı soyqırımına həsr edilmiş abidənin qoyulduğu meydanın açılışı ilə əlaqədar olduğunu qeyd edərək, 2011-ci ildə Senatda Xocalı soyqırımı ilə bağlı qəbul edilmiş ədalətli qərara görə təşəkkürünü bildirmişdir.

O, belə bir parkın Azərbaycanda da yaradılmasının vacibliyini qeyd edərək, Mexikoda Meksika-Azərbaycan Dostluq Parkının və Xocalı soyqırımına həsr edilmiş abidənin qoyulduğu meydanın bu şəhərin sakinlərinin əsl istirahət mərkəzinə çevriləcəyinə əmin olduğunu vurğulamışdır.

Sonda Ə.Həsənov Senatın rəhbərliyini, üzvlərini, kütləvi informasiya vasitələrinin nümayəndələrini Azərbaycana səfərə dəvət etmişdir.

Görüşdə iştirak edən senator Karlos Navarrete Ruiz Azərbaycana səfərini xatırlayaraq, ölkəmizdə davam edən inkişaf prosesləri və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat əldə etdiyini diqqətə çatdırmışdır. O, Azərbaycan torpaqlarının indiyədək işğal altında qalmasını təəssüflə qeyd edərək, münaqişənin ədalətli həll ediləcəyinə əmin olduğunu bildirmişdir. Senator Azərbaycan torpaqları işğaldan azad olunandan sonra həmin ərazilərə səfər etməyi arzuladığını və buna inandığını söyləmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə əlaqədar Meksika Senatında 2011-ci ildə qəbul edilmiş qərarın müəllifi, senator Karlos Ximenes Masias ölkələrimizin parlamentləri arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bildirmişdir. O, bu yaxınlarda nümayəndə heyəti ilə birgə Azərbaycana səfərini xatırlayaraq onlara göstərilən qonaqpərvərliyə görə minnətdarlıq etmişdir.

Baş nazirin müavini Əli Həsənov Meksika Senatının xatirə kitabına ürək sözlərini yazmışdır.

Geniş tərkibli görüşdən sonra Azərbaycan nümayəndə heyəti Senatın sədri Xose Qonsales Morfin, habelə Konqresin hər iki palatası - senatorlar və deputatların iştirakı ilə ümumi sessiyalar salonunda təntənəli şəkildə qarşılanmışdır. Senatın sədri X.Q.Morfin Ə.Həsənovu konqresmenlərə təqdim etmiş, 2011-ci ildə Senatda Xocalı faciəsi ilə bağlı məsələ müzakirə edilərək qətnamə qəbul olunduğunu, dünya ictimaiyyətinin belə problemlərin həllində ədalətli olmağa çağırıldığını qeyd etmiş, işğaldan azad olunacaq Qarabağa səfər edəcəyini bildirmiş, Mexiko şəhərində Meksika-Azərbaycan Dostluq Parkı və Tlakskoake-Xocalı meydanının açılması ilə əlaqədar təbriklərini çatdırmışdır.

 

 

Azərbaycan.- 2012.- 26 avqust.- S. 4.