Kimsəsiz uşaqlara hər zaman sevinc bəxş edən Heydər Əliyev Fondu bu dəfə də ənənəsinə
sadiq qalmışdır
Xeyriyyəçiliyi, böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə olunmasını, müxtəlif humanitar aksiyaları fəaliyyətinin prioritet istiqamətləri hesab edən Heydər Əliyev Fondu məktəblilərin yay tətili günlərində onların istirahətinin səmərəli təşkili məqsədi ilə paytaxtdakı uşaq müəssisələrinin sakinləri üçün mütəmadi olaraq xeyriyyə tədbirləri keçirir.
AzərTAc xəbər verir ki, Fondun avqustun 25-də "Cresent Beach" hotelində Bakı şəhərindəki 1, 2 və 3 nömrəli uşaq evlərinin sakinləri üçün təşkil etdiyi növbəti humanitar tədbir də məhz belə xeyirxah missiyanın davamı olmuşdur.
Tədbirdə 150-dən çox kimsəsiz uşaq üçün süfrə açılmış, əyləncəli proqramlar təşkil olunmuşdur. Tədbirin əvvəlində uşaqlar onların istirahətinə rəngarənglik qatan şən klounlarla birgə açıq səma altında əylənmiş, müxtəlif maraqlı oyunlar keçirmişlər.
Sonra şənlik süfrə arxasında davam etdirilmişdir. Uşaqların sevincini bölüşmək, onların yanında olmaq kimi ali missiyanı üzərinə götürmüş Heydər Əliyev Fondunun təşkil etdiyi tədbirə şux mahnılar, rəngarəng rəqslər xoş ovqat qatmışdır.
Burada gözəl istirahət etdiklərini, əylənib, oynadıqlarını söyləyən uşaq evlərinin sakinləri - Nuridə Məmmədli, Yasəmən Ağayeva, Elvin Əlirzayev və başqaları bütün bunlara görə Heydər Əliyev Fonduna və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını çatdırmışlar.
Qumlu dəniz sahilində istədikləri kimi əylənən uşaqlar şənlikdən xüsusi zövq aldıqlarını dönə-dönə vurğulamışlar.
İsti yay aylarında təşkil edilmiş növbəti aksiya sayəsində uşaqlar daha bir mənalı və yaddaqalan gün yaşamışlar. Şənlikdə iştirak edən bütün uşaqlara Fondun hədiyyələri təqdim edilmişdir.
Bu, Heydər Əliyev Fondunun reallaşdırdığı yeganə humanitar aksiya deyildir.
Fond yarandığı gündən indiyədək çoxlu sayda humanitar layihələrə imza atmışdır. Fondun fəaliyyət proqramına təhsil, səhiyyə sahələri, uşaq evləri və internat məktəblərinin maddi-texniki təchizatı, ictimaiyyətin bu prosesdə iştirakının fəallaşdırılması sahəsində işlər daxildir.
Fəaliyyətində "Uşaqlara yaxşılıq nə qədər çox olsa, yenə də azdır" devizini əsas götürən Heydər Əliyev Fondunun və onun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum, kimsəsiz uşaqlara qayğı missiyasına uyğun olaraq Bakı şəhərinin internat məktəbləri və uşaq evləri üzrə hazırlanmış proqram bu istiqamətdə həyata keçirilən ən mühüm tədbirlərdəndir.
Bu layihə çərçivəsində uşaq evləri və internat məktəbləri haqqında məlumatlar toplanaraq Heydər Əliyev Fondunda təhlil edilmiş və bunların əsasında "Uşaq evlərinin və internat məktəblərinin inkişafı" beşillik proqramı hazırlanmışdır.
Heydər Əliyev Fondunun bu istiqamətdə
fəaliyyəti kimsəsiz, valideyn himayəsindən məhrum, fiziki imkanları məhdud, habelə Ermənistanın
Azərbaycana hərbi təcavüzü nəticəsində
məcburi köçkün həyatı
yaşayan uşaqlara
qayğı göstərmək baxımından bütün digər qurumlar
üçün layiqli
örnəkdir.
Azərbaycan.- 2012.- 26 avqust.- S. 4.