Azərbaycan ilə
Meksika arasında ikitərəfli
münasibətlərin inkişaf etdirilməsi
ilə bağlı fikir mübadiləsi
aparılmışdır
Azərbaycan Respublikasının Baş nazirinin müavini Əli Həsənov Meksikaya rəsmi səfəri çərçivəsində avqustun 23-də bu ölkənin Deputatlar Palatasının sədri Oskar Arse ilə görüşmüşdür. Görüşdə, həmçinin Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov, Milli Məclisin deputatı Ayaz Orucov, Meksika Konqresinin üzvləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Deputatlar Palatasının sədri Oskar Arse cari ilin iyulunda Bakıya səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olmasından, Milli Məclisin deputatları və hökumətin üzvləri ilə görüşlərindən məmnunluqla söz açmışdır. O, Azərbaycana səfərinin uğurlu olduğunu və gələcək əməkdaşlıq üçün yeni perspektivlər açdığını söyləmişdir.
Ölkələrimiz arasında əlaqələrin inkişafının məmnunluq doğurduğunu vurğulayan Baş nazirin müavini Əli Həsənov görüş iştirakçılarına Mexiko şəhərində Meksika-Azərbaycan Dostluq Parkının, burada ümummilli lider Heydər Əliyevin abidəsinin və Tlakskoake-Xocalı Meydanının açılışı mərasimində Mexiko şəhər rəhbərliyi və əhalisinin nümayiş etdirdiyi xoş münasibət haqqında danışaraq, təəssüratlarını bölüşmüşdür.
Baş nazirin müavini Əli Həsənov, həmçinin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Xocalı soyqırımının baş verməsini təsdiq edən qətnamənin 2011-ci ilin dekabr ayında Meksikanın Deputatlar Palatası tərəfindən qəbul edildiyinə toxunaraq, nümayiş etdirilmiş demokratik və ədalətli mövqeyə görə Azərbaycan hökuməti adından dərin təşəkkürünü bildirmişdir.
Görüşdə ölkələrimiz arasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Bununla da, Azərbaycan Respublikasının Baş nazirinin müavini Əli Həsənovun başçılıq etdiyi nümayəndə heyətinin Meksikaya rəsmi səfəri başa çatmışdır.
Şəfəq
AKİFQIZI
Azərbaycan.- 2012.- 26 avqust.- S. 4.