Bir qolu dənizdədir,
biri torpaqda...
Neft tariximizdən
Pirallahı adasının yeraltı sərvətləri haqqında
ilk geoloji məlumatı
1861-ci ildə akademik Q.Abix verib. O sübut
edib ki, burada zəngin neft ehtiyatı var. Pirallahıda hələ
1870-ci ildə ilk neft istismar quyusu olub. Həmin vaxt neft 132 metr dərinliyə malik quyudan çıxarılıb.
Əgər bu quyu
1870-ci ildə istismar olunubsa, təbii ki, orada qazma
həmin müddətdən
xeyli əvvəl aparılıb. Bu faktın özü də neft tariximizin,
konkret olaraq Azərbaycanda qazılan
ilk istismar quyusunun
"təvəllüd"ünün daha qədimliyi barədə düşünməyə
sövq edir.
Pirallahıda axtarış-qazma işləri
1897-ci ildən başlanıb. O zaman hələ neft-qaz geologiyası mükəmməl
axtarış-kəşfiyyat üsullarına malik deyildi. Odur ki, kəşfiyyat
işləri sahibkarların
şəxsi fikirləri
əsasında sistemsiz
həyata keçirilirdi.
Bununla belə, yataqda Azərbaycanın digər
rayonlarına nisbətən
qısa müddətdə
kütləvi kəşfiyyat
işləri aparılmış
və ərazidə neftayırma zavodu tikilmişdi. Dənizdən neft və qaz
çıxarmaq üçün
birinci təcrübə-sınaq
neft mədənlərinin
inşasına başlanmışdı.
1897-ci ildə Nobel qardaşları
eyni vaxtda bir neçə qazma dəzgahı ilə kəşfiyyat quyularının qazılmasına
start verirlər. 1902-ci ilin
dekabr ayında 44 nömrəli quyunun sınağı zamanı
neft alınır və həmin vaxtdan Qirməki və Qirməki altı lay dəstəsi
horizontlarında axtarış-kəşfiyyat
işləri aparılır.
Pirallahı adasında neft tapılandan sonra burada əsaslı dəyişikliklər baş
verir. Daşdan yaşayış və sənaye tikililəri, 50
min kubmetr tutumu olan anbar, 1420 kilovat gücündə istilik elektrik stansiyası, mexaniki emalatxanalar və digər istehsalat obyektləri inşa edilir.
Eyni zamanda, adada, quru sərhədlərdən
kənarda mütəmadi
şəkildə kəşfiyyat
işləri aparılır. 1928-1929-cu illərdə müəyyən
edilir ki, adanın neft yataqlarının əsas hissəsi onun şimal sərhədlərində,
Xəzərin altında
yerləşir. Bu vaxt 10-cu mədənin bazasında Bibiheybət mədənlər qrupu sistemində Pirallahıda mədən yaradılır.
1935-ci ildə neft
hasilatı dünya təcrübəsində ilk dəfə
olaraq dənizə addımlayır. Adadan şimala doğru
böyük bir sahədə qazma işləri aparılmağa
başlayır. Burada qazılmış
ilk quyunun yaşı indi 77-ni haqlayır. Neftçilərin sadəcə olaraq
"birinci quyu" adlandırdıqları həmin
157 nömrəli quyu bu gün də
neft verir. Başqa sözlə, bu quyu öz varlığı
ilə neft tariximizi, dünyada ilk dəniz quyusunun məhz Azərbaycanda qazıldığını təsdiqləyir.
Hazırda bir hissəsi dənizdə, digər hissəsi quruda yerləşən "Pirallahı"nı və bir sıra digər
yataqları istismar edən "Abşeronneft"
Neft və Qazçıxarma İdarəsinin
(NQÇİ) əsası da elə həmin
vaxtlarda, 1936-cı ildə
qoyulub. Lakin çox təəssüf
ki, həm Pirallahı adası, həm də bu idarə uzun
illər öz həqiqi adları ilə çağırılmayıb.
Sovet hakimiyyəti illərində
bu məkana Artyom adası, idarəyə isə "Artyomneft" deməli olmuşuq.
Pirallahını Abşeron yarımadası
ilə birləşdirən
keçidin - dambanın
qurulması 1940-cı ilə
təsadüf edir. Bu hadisə adanın ümumi iqtisadiyyatının
inkişafında mühüm
rol oynayır. Bunun nəticəsində hətta
1949-cu ildə "Neft
Daşları" yatağı
sənaye istismarı üçün "Abşeronneft"ə
verilir.
İllər keçdikcə idarənin
istismar etdiyi yataqların sayı da artır. 1947-ci ildə adanın cənub qurtaracağında
"Gürgan-dəniz" yatağı işlənməyə
cəlb olunur. İki-üç il sonra bu sıraya "Darvin bankası" yatağı da qoşulur.
Əsrin ortasında "Abşeron
bankası"nda kəşfiyyat
işlərinə başlanır. 1961-ci ildə kəşfiyyatın
ilk müsbət nəticələri
alınır. 1966-cı
ildən isə yeni yatağın istismarına başlanır.
1985-ci ildə Xəzər
dənizi akvatoriyasında,
Abşeron yarımadasından
40 kilometr şimalda
"Qərbi Abşeron"
yatağı açılır. Bir neçə il
sonra yataq artıq istismar edilir.
"Abşeronneft" ən yüksək neft hasilatına 1952-ci ildə nail olur. Həmin
il 1 milyon
580 min ton neft hasil edilir. Lakin sonralar
təbii ki, hasilat get-gedə azalır, 1985-ci ildə
359 min tona, 1992-ci ildə
isə 148 min tona enir.
80-ci illərin sonu
- 90-cı illərin əvvəllərində
ölkə iqtisadiyyatında
məlum səbəblərdən
baş verən pozuculuq fəaliyyəti buradan da yan
keçmir. Lakin 1993-cü ildən başlayaraq ölkəmizdə
sabitliyin yaranması və ümummilli lider Heydər Əliyevin neft-qaz istehsalının vacibliyini
ön sıralara çəkməsi nəticəsində
hasilat yenidən tədricən artmağa başlayır.
Bakıdan 60 kilometrlik məsafədə
yerləşən "Pirallahı"
neft-qaz yatağının
bu gün başqa bir növrağı var. "Abşeronneft"in
mədənlərinə müasir
texnologiyalar gətirilir,
ehtiyac yarandıqca köhnə avadanlıqlar
təzələnir, əməyin
təhlükəsizliyi yeni
məna kəsb edir, neftçilərin sağlamlığı önəm
daşıyır. Bu mədənlərdə
çalışan neftçilərin
sayı isə az deyil.
"Abşeronneft" 1559 nəfər
neftçinin iş yeri, hünər meydanı, çörək
təknəsidir.
Flora SADIQLI
Azərbaycan.- 2012.- 26 avqust.- S. 5.