Qızıl səsin pərəstişkarları

 

Dahi Azərbaycan müğənnisi Müslüm Maqomayevin 70 illik yubileyi ərəfəsində elektron poçtla redaksiyamıza daxil olan məktublardan sətirləri oxuculara təqdim edirik. Bu qısa sətirlərdə müğənniyə pərəstişkarlarının rəğbəti, qənirsiz sevgisi açıq sezilir.

Hörmətli redaksiya!  Biz Azərbaycan xalqını dahi müğənni Müslüm Maqomayevin 70 illik yubileyi  münasibəti ilə təbrik edirik. İlk dəfə Müslümə Moskvada tələbə ikən İttifaqlar Evinin sütunlu zalında qulaq asmışam. Konsertə məni azərbaycanlı dostum dəvət etmişdi. Getmək istəmirdim, yox demək də ayıb idi.  Müslüm  "Ah dəniz, dəniz..." mahnısını oxudu.  Heç vaxt, heç kimdən eşitmədiyim heyrətamiz və güclü bir səs bütün əzəməti ilə ruhuma hakim kəsildi. Elə bil, İttifaqlar Evinin sütunları titrəyirdi. O oxuduqca səsi dəniz kimi dalğalanır,  şəlalələr kimi göydən başımıza tökülürdü. Biz özümüzü unudaraq onun qızıl səsinin əsirinə çevrilmişdik. Aradan 30 ilə yaxın vaxt keçməsinə baxmayaraq onun canlı səsini dinlədiyim üçün bu günözümü xoşbəxt sayıram. İnsanı saflığa, ucalığa çağıran o səsin kədər və nisgil dolu notlarını heç zaman unudan deyiləm.

 

Sudah Maruan,

İordaniya

 

***

 

Müslümün dahiliyini dərk etmək üçün bir ömür azdır, o, vaxt ötdükcə zamanın aynasında öz zirvəsinə doğru aramsız olaraq ucalacaq. Nə qədər aradan çox vaxt ötəcəksə, bir o qədər də onu duyan, dərk edən, sevən milyonların qəlbində möhtəşəm abidə kimi ucalacaqheç vaxt xatirələrdən silinməyəcək. Siz azərbaycanlılar Müslümü Azərbaycan xalqını Sovet İttifaqına, biz isə onu Rusiyanı dünyaya tanıtdığına görə sevdik.

 

Vitali Abramov,

Birinci Azərbaycan-Rusiya beynəlxalq

sülh forumunun iştirakçısı

 

 

***

 

 Müslümün ad günü hamımız üçün əziz bayramdır. Ona dünyaya gəldiyi üçün, bizimlə bir planetdə yaşadığı üçün, bizi özünə aludə etdiyi üçün minnətdarıq.  Onun səsi bu günruhumuza hakim kəsilib, bu günonu dinləyəndə heyran olmamaq, kövrəlməmək, onu arzulamamaq mümkün deyil. Moskvanın ürəyi yenə də Müslümün  səsi ilə döyünür.  Rusiyanın ən nüfuzlu qəzetləri ən gözəl məqalələrini Maqomayevə ithaf etdilər.  Bütün aparıcı telekanallar Müslümün yubileyinə sanballı verilişlər hazırlayıblar. Onlardan bir neçəsini sadalayaq: "Qırılan sükut. Müslim Maqomaev" (Rusiya, I kanal), "Müslüm Maqomayev" (NTV), "Respublikanln sərvəti" (I kanal), "Müslüm Moqamayev. Ürək qarlar içində" sənədli filmi,  "İstedadlar və pərəstişkarlar. Müslüm Maqomayev". Onun haqqında  bu günlərdə efirə gedən verilişləri, qəzetlərdə dərc olunan yazıları sayıb qurtarmaq mümkün deyil.  Bütün bunlar yalnız bu böyük insana Rusiya sevgisinin  təzahürüdür. Deyirlər ki, Müslüm sovet qadınlarının kumiri idi. Əslində, o, bütün dünyanın sevimlisi idi. Lakin onu hamıdan çox Rusiya sevirdi. Bu sevgi heç vaxt tükənməyəcək.

 

 

Nataşa REŞETNİKOVA,

 

Larisa ROMANTSEVA,

Lomonosov adına MDU-nun

məzunları

 

Azərbaycan.- 2012.- 26 avqust.- S. 6.