Alimin incilər xəzinəsi

 

 Elə insanlar var ki, onların haqqında düşünəndə, yazanda fikirlər gül kimi açılır. Dünyanın ən xoş sözlərini çiçək çələngi kimi qəhrəmanının ünvanına göndərmək istəyirsən. Bu da səbəbsiz deyildi. Bütün varlığı xeyirxahlıqdan, nəciblikdən yoğrulmuş şəxsiyyətlər həmişə öz işıqlı əməlləri, yaradıcılıqları ilə fərəh doğururlar. Onların haqqında yazanda özün də sevinirsən, qələmin dəE Qəhrəmanın şərəfli həyat yolu səhifələndikcə gözümüzün önündə dastanlara sığmayan alim ömrünün min bir naxışı cilvələnir.

Əlinə qələm alan gündən Söz adlı bir mülkün ucaldılmasında böyük cəfakeşlik və can yanğısı ilə çalışan görkəmli ədəbiyyatşünas alim filologiya elmləri doktoru, professor, Qəzənfər Paşayevin 75 yaşı tamam olur. İndiyədək müəllifi olduğu 13, tərtib etdiyi 21, tərcümədə çatdırdığı 4 və yaradıcılığı haqqında 2 kitab işıq üzü görüb. Möhtəşəm yubileyinə elə ilk hədiyyəni də özü bağışlayıb. "Təhsil" nəşriyyatında "Seçilmiş əsərləri"nin yeddi cildi çap olunub. Həmin kitabları müəllifin ədəbi hesabatı da adlandırmaq olar.

Əlbəttə, onun adı çəkiləndə ilk olaraq yada Kərkük düşür. 1987-ci ildə işıq üzü görən "Altı il Dəclə-Fərat sahillərində" adlı sanballı elmi-publisistik, daha dəqiq söyləsək, səyahət salnaməsi cəmiyyətdə böyük əks-sədaya səbəb oldu. O illərdə 130 min tirajla çap edilən bu məşhur əsər əllərdə gəzdi, dillər əzbərinə çevrildi. Məhz bu kitabın vasitəsilə oxuculara bəlli oldu ki, bizdən o qədər iraq olmayan İraqda dilimizdə danışan, dilimizdə düşünən böyk bir elat var - adına türkman deyirlər. Biz ilk dəfə məhz Qəzənfər Paşayevin bu kitabının vasitəsilə İraq ellərindən, Kərkükdən xəbər tutduq. Bizi təəccübləndirən təkcə bu xəbər deyildi. Bizi heyrətləndirən bütün buxovları, sədd və sərhədləri sözün böyük qüdrəti ilə vurub dağıtmağı bacaran Qəzənfər Paşayevin yazıçılıq məharəti, vətəndaşlıq cəsarəti idi. O zaman Qəzənfər Paşayev bizim üçün bir əfsanəvi insana çevrildi. Heç zaman ağlımıza da gəlməzdi ki, nə vaxtsa Qəzənfər Paşayevi yaxından tanıyıb onunla ünsiyyət qura bilərik.

Qəzənfər Paşayev İraq-Azərbaycan ədəbi əlaqələrində həqiqətən də, analoqu olmayan bir fəaliyyət göstərib. Adı çəkilən əsər barədə şair Qasım Qasımzadə vaxtilə ürək sözlərini belə ifadə edib: "Bu kitabı, necə deyərlər, birnəfəsə su kimi içdim. Ona görə ki, burada tarixi, ədəbi-sosioloji, etik-mənəvi problemlərə dair bir-birindən ötkün faktlar, epizodlar o dərəcədə cəlbedicidir ki, son cümləni oxuyub qurtarmayınca kitabı əlindən yerə qoymaq istəməzsən".

Unudulmaz tənqidçi Yaşar Qarayevin çox dürüst söylədiyi bir fikri təkrarlamaq yerinə düşərdi: "Bizim üçün İraq Füzulidən, Füzuli Kərbəladan başladığı kimi, Kərkük də Qəzənfər Paşayevdən başlayır". Bu, həqiqətən də, belədir. Onun bu sahədəki xidmətinin müqayisəsi yoxdur.

O, 27 avqust 1937-ci ildə Tovuz rayonunun Düzqırıqlı kəndində anadan olub. Orta təhsilini doğma kəndində alan Qəzənfər Paşayev 1956-cı ildə Azərbaycan Dillər İnstitutunu bitirib. İlk əmək fəaliyyətinə Əli Bayramlı (indiki Şirvan) rayonunun Vladimirovka kəndində ingilis dili müəllimi kimi başlayıb. İki il sonra isə İraqda ingilisrus dilləri üzrə tərcüməçi kimi çalışıb. Demək olar ki, fasilələrlə bir neçə dəfə İraq Respublikasında işləyib.

Ötən əsrin 80-ci illərindən Azərbaycan Pedaqoji Dillər İnstitutunda çalışan Qəzənfər Paşayev ingilis dili fakültəsində dosent, dekan müavini, kafedra müdiri olmuşdur. 2003-cü ildən Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisidir. Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev çoxcəhətli yaradıcılığı ilə təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də məşhurdur. Əsərləri türk, ingilis, ərəb, rus dillərində çap edilib.

Qəzənfər Paşayev ədəbi yaradıcılığın müxtəlif istiqamətlərində maraqlı araşdırmalar aparıb. Neçə-neçə tanınmış alimin, şair və yazıçının həyatı, yaradıcılığı ilə bağlı sanballı monoqrafiyalar qələmə alıb, aşıq sənətinə güzgü tutub, xarici ölkə ədəbiyyatından tərcümələr edib, "Nostradamusun möcüzəli aləmi"ni Azərbaycan oxucularına çatdırıb. Bu mənada onun fəaliyyət dairəsi çox genişdir. Alim pedaqoq kimi işi başından aşır. Maraqlıdır ki, bütün bu vaxt aparan çalışmaların içərisində o, öz mövzularına həmişə sadiq qalıb. Çoxcəhətli yaradıcılığı onu 50 ildir ki, türkman elinə bağlayıb. Tədqiqatçılar çox haqlı olaraq Qəzənfər Paşayevi "Azərbaycan kərkükşünaslığının banisi" adlandırırlar. Məhz onun zəhməti, elmi hünəri sayəsində Kərkük elinin dilinin, folklorunun, tarixinin mükəmməl öyrənilməsi ilə bağlı müxtəlif kitablar işıq üzü gördü. Alim böyük məhəbbətlə təsdiq etdi ki, həqiqətən, gözdən uzaq olsa da, İraq könüllərdən iraq deyil.

Kərkük mövzusu Qəzənfər Paşayevin yaradıcılığından sarı sim kimi keçib. Ömrü boyu o, bu mövzuya sadiqliyi ilə diqqət çəkib. İstəyini də qətiyyətlə belə ifadə edib: "Bu sevda ölüncədir". İnsan var, bir ömür yaşadığı məmləkətdə beş nağıl öyrənib, bir dastanı axıra çıxara bilmir. Cəmi altı-yeddi il İraqda yaşayan və təkbaşına bir elmi institutun görə biləcəyi işi uğurla, fədakarlıqla, məhəbbətlə, məsuliyyətlə yerinə yetirə bilən Qəzənfər Paşayevin bu sahədəki mükəmməl xidməti həqiqətən, heyrət doğurur. Burada təkcə istedad yox, zəhmətə qatlaşmaq, vətənpərvərlik, millətsevərlik də öz sözünü deyib. 1962-ci ildən taleyini "Bilmirəm haralıyam, torpağım, daşım qərib" - deyən bir elatın - İraqda yaşayan, sayı 600 mindən artıq olan kərküklərin taleyinə bağladığı vaxtdan bu günədək onlarla kitab, yüzlərlə məqalə, eləcə də Kərkük dialektinə həsr olunmuş namizədlik dissertasiyası yazıb. Böyük Azərbaycan alimi Nəsrəddin Tusinin məqbərəsinin Bağdadda tapılması da Qəzənfər Paşayevin adı ilə bağlıdır. Maraqlıdır ki, Nəsirəddin Tusinin dəfn olunduğu türbə məhz dahi alimin 800 illik yubileyi UNESKO tərəfindən keçirilən ərəfədə aşkarlandı.

Qəzənfər Paşayevin başqa bir tapıntısı da İmaməddin Nəsimi ilə bağlıdır. "Nəsimi divanının İraq nüsxəsi və naməlum şeirləri"ni ədəbiyyatımıza ərməğan edən  məhz Qəzənfər Paşayev olub. Təqdim olunan əsər indiyədək Nəsimişünaslıqda məlum deyildi. Fədakar tədqiqatçı Nəsiminin bizə məlum olmayan şeirlərini üzə çıxarmaqla bu sahəyə öz töhfəsini verdi. Qəzənfər Paşayevin Nəsimi ilə bağlı başqa bir yeniliyionun doğulduğu yer və təvəllüdlə bağlıdır. "Nəsiminin həyat və yaradıcılığına yeni baxış" adlı araşdırmasından məlum oldu ki, İmaməddin Nəsimi İraqda türkmanlar (azərbaycanlılar) yaşayan Kifri qəzasının Nəsim kəndində anadan olub (təəssüf ki, bu kənd indi yoxdur. Müharibə zamanı yerlə-yeksan edilib - F.X.). Müəllif tarixi faktlarla göstərib ki, tayfalar arasında başlanan döyüşdən qurtulmaq üçün min evlik bir el İraqdan Şamaxıya qaçıb. Hamısı burada məskunlaşa bilməsə də, qalanlar arasında Nəsimi və qohum-əqrəbası da olub.

Onun yaratdıqlarını "incilər xəzinəsi" adlandırsaq, bir-birinə bənzəməyən bu gövhərlərin hərəsinin öz dəyəri, qiyməti, söz sənətinin parlaqlığında xüsusi əhəmiyyəti var. Bir məziyyəti də söyləyək ki, Qəzənfər Paşayev işıqlı bir şəxsiyyətdir. Ona görə də yazılarının ahəngində nur var. O, hər hansı bir əbədiyaşarlıq qazanan sənətkardan, yazıçı və şairlərdən məharətlə, böyük ürəklə söz açmaqla öz əsərlərinin də zirvədə yer almasına nail olur. Qəzənfər Paşayev ötən əsrin 80-ci illərindən orijinaldan tərcümə edərək oxuculara çatdırdığı xarici ölkə yazıçılarının da Azərbaycanda tanınmasında, sevilməsində böyük xidmətlər göstərib. Bəllidir ki, Aleksandr Düma 1858-ci ilin ikinci yarısından 1859-cu ilin əvvəlinə qədər RusiyadaQafqazda olub. Səyahətinə Peterburqdan başlayan yazıçı Rusiyanın müxtəlif yaşayış yerlərindən keçərək Azərbaycana gəlib. Fransaya döndükdən sonra bu səfərlə bağlı müxtəlif əsərlər yazaraq nəşr etdirib. "Qafqaz səfəri" adlanan bu əsər 1859-cu ildə Parisdə fransızca, 1861-ci ildə Tiflisdə rusca, 1962-ci ildə Nyu-Yorkda ingiliscə, 1985-ci ildə Bakıda azərbaycanca (Qəzənfər Paşayevin tərcüməsində) çap edilib. Müəllifin fransız yazıçısı haqqında verdiyi məlumatda oxuyuruq: "A.Düma Qafqazı "bəşəriyyətin beşiyi" adlandırıb. Qafqaz, xüsusən də, Azərbaycan onun təbiəti və insanları yazıçının ürəyində dərin iz salıb. "Nə olaydı, mənə birbu yerlərə gəlmək qismət olaydı" - deyib... "Qafqaz əsəri"ndən görünür ki, A.Düma sadəcə olaraq yol qeydlərini qələmə alan adi səyyahlardan olmamışdır. Kitabı oxuduqca yazıçının müdrik Şərqi, Şərq xalqlarının adət-ənənələrini, mifologiyasını, tarixini dərindən bilməsi, onlardan yerli-yerində istifadə etməsi adamı heyran qoyur".

Məşhur Amerika alimi Sula Benet Qafqazda olub. Onun Azərbaycana həsr olunmuş əsəri ilk dəfə 1976-cı ildə Nyu-Yorkda, ikinci dəfə 1989-cu ildə Bakıda nəşr olunub. Qəzənfər Paşayev bu yazıçını da belə təqdim edib: "Müəllifin müşahidələri gəldiyi nəticələr inandırıcıdır: "Qafqazlıların (yəni, azərbaycanlıların - F.X.) gücü, qüdrəti şəxsi qəhrəmanlığında, var-dövlətindədir. Onların gücü, qüdrəti nəslə, kökə, soya bağlılığındadır" - deyib".

Dünyada "detektiv əsərlər kraliçası" kimi tanınan Aqata Kristi 100-ə qədər romanın müəllifidir. UNESKO-nun məlumatına görə, ingiliscə yazan ədiblər arasında əsərlərinin çapına yayılmasına görə Aqata Kristi dünyada birinci yer tutur. Dünyanın maraqla izlədiyi bu yazıçının Azərbaycan oxucularına doğma dilimizdə çatdırılması da məhz Qəzənfər Paşayevin xidmətidir.

Həm Azərbaycan, həm xarici ölkə ədəbiyyatının təbliğində böyük əməyi olan Qəzənfər Paşayevi bəzən necə təqdim etməkdə çətinlik çəkirsən: alim, yazıçı, tədqiqatçı, folklorşünas, tərcüməçi, tənqidçi... saymaqla uzanır. Fərəh doğuran haldır ki, qələmini hansı sahədə işlədibsə, mükəmməl alınıb. Bu, onun təkcə dərin biliyi, geniş dünyagörüşü ilə deyil, həm də zəngin daxili aləmi ilə bağlıdır. Gördüyü hər bir işə ürəklə yanaşır. Bu səbəbdən də nəticə uğurluyaddaqalan olur. Əlbəttə, Qəzənfər Paşayevin sənət aləmində öz zirvəsi var. Məmməd Araz deyərdi ki, sənətdə son zirvə olmur. Çünki bu zirvələr silsilə dağlar kimi bir-birinə bənzəyir və uzanıb gedir. Bu mənada Qəzənfər Paşayevin sənət zirvəsindəki onlarla kitabını oxuyub keçsək də, qarşıda yeni zirvələr görünür.

Qəzənfər Paşayevi yaxından tanıyanlar bilirlər ki, o, həm də gözəl danışıq qabiliyyəti ilə seçilən, yaddaqalan çıxışları ilə dinləyici qəlbini fəth edən maraqlı natiqdir. Həmkarlarının yubileyində, ədəbi məclislərdə, kitab təqdimatlarında, yaradıcılıq gecələrində, radioteleviziya verilişlərində onun müxtəlif mövzularda çıxışlarını eşitmişik, həmişə də heyrətlənmişik. Bir neçə dəqiqənin içində ünvanına xoş sözlər deyəcəyi insanın, şairin, alimin, yazıçının, aşığın əsas cizgilərini ustalıqla ifadə edir. Sözlə həmin şəxsiyyətin portretini yaratmaq natiqdən təkcə danışıq qabiliyyəti, bədii düşüncə tələb etmir. Gərəkdir ki, həm də böyük ürək sahibi olasan ki, başqasının məziyyətini dilə gətirməyə qısqanclıq keçirməyəsən. Bu mənada Qəzənfər Paşayevin daxili aləmi çox zəngindir.

Doktorluq və namizədlik dissertasiyalarına yazdığı rəylərdə də obyektiv və qayğıkeşdir. Onun bu sahədəki zəhmətini yüksək dəyərləndirən akademik Fuad Qasımzadə deyərdi ki, Qəzənfər müəllimin bütün fikirləri ürəyinin səmimiyyətindən su içdiyindən təbii və təsirlidir.

Kitablarının birinə Bəkir Nəbiyev və Yaşar Qarayev tərəfindən yazılmış ön sözdə oxuduğumuz məlumat qəlbimizi fərəhləndirdi. Çoxşaxəli yaradıcılığı və şəxsiyyəti ilə həmkarları tərəfindən sevilən bu sadə, mehriban, təvazökar insanın həm də başqa bir meyarının da şahidi olduq. Bu da xeyirxahlığıdır. Vaxtilə Nizami adına Ədəbiyyat İnstitutunda öz vəsaiti hesabına "İraq-türkman ocağı" yaratmışdır. Ehtiyacı olanlara, xüsusən də, gənclərə həmişə xeyirxahlıq etməyi özünün mənəvi borcu sayan Qəzənfər Paşayev ona dərs demiş müəllimlərini də ehtiramla xatırlayır. Məhz adını çəkdiyimiz ön sözdə  öyrəndik ki, Qəzənfər müəllim böyük şərqşünas alim, akademik Məmmədağa Şirəliyevin və ədəbiyyatşünas Abbas Zamanovun məzarının üstünü abadlaşdırmışdı. Maraqlısı da odur ki, o, tez-tez həmin şəxsiyyətlərin qəbirlərini ziyarət edir. Bəlkə də bu, ilk baxışda adi təsir bağışlayar. Amma bir qədər də dərinə getsək, insan təbiətinin aliliyinin və sədaqətinin göstəricisi kimi dəyərləndirmək olar.

...Avqustun bu isti günlərində 75 yaşı tamam olan görkəmli ədəbiyyatşünas alim, professor Qəzənfər Paşayevə uzun ömür və cansağlığı arzulayırıq. Böyük Azərbaycan şairləri Nəsiminin, Füzulinin uyuduğu torpaqdan - Hələb və Kərbəladan çox narahatdır. Arzu edərdik ki, müsəlman ölkələrinin başı üzərindəki qara buludlar tezliklə çəkilsin. O müqəddəs torpaqlara əbədi bir sülh qanad sərəydi. Eləcə də Şuşada Vaqifin ruhu rahatlıq tapaydı. Bax, elə ən böyük diləyi də torpaqlarımızın bütövlüyünü görməkdir!

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2012.- 26 avqust.- S. 7.