“Sarı
gəlin”in yallısı
da var
2012-ci ilin Naxçıvan Muxtar Respublikasında
"Milli dəyərlər
ili" elan olunması biz jurnalistlərin
də üzərinə
mühüm vəzifələr
qoyub. Bunlardan biri də unudulmaqda
olan milli dəyərlərimizin üzə
çıxarılması, onların araşdırılması,
təbliği və gələcək nəsillərə
ötürülməsidir. Bu baxımdan Şərur rayonunda yaşayan yaşlı qohumlarımdan
adını tez-tez eşitdiyim, lakin ifa olunduğunu görmədiyim "Sarı
gəlin" yallısı
barədə yazı hazırlamaq qərarına
gəldim. Onu da deyim ki,
bu yallı indi "Şərur" xalq yallı ansamblının nə repertuarında var, nə də hər hansı bir toyda oynanılır.
Bəs niyə?
"Sarı gəlin" yallısını
ən çox qadınlar oynayardı
Bəs yallının vətəni olan Şərur rayonunda sakinlər bu barədə nə bilirlər? Bunun üçün biz də,
necə deyərlər,
yallının təməlinin
qoyulduğu Şərur
rayonunun Çərçiboğan
kəndinə üz tutduq. Yallının mahir ifaçıları olan insanlarla görüşdük. "Nurani"
ansamblının ilk ifaçılarından
biri, hazırda onun tərkibində böyük şövqlə
yallı gedən 80 yaşlı Ələsgər
Məmmədov "Sarı
gəlin" yallısı
barədə dedi:
- Əvvəllər toylarımızda digər
yallılarla yanaşı,
"Sarı gəlin"
yallısı da tez-tez çalınardı.
Asta hərəkətlərlə
ifa edilən yallı olduğu üçün ən çox qadınlar bu yallını gedərdilər. Böyük
Vətən müharibəsinin
başlaması ilə
kənddə toylar da dayandı, təbii ki, yallılar da, o cümlədən "Sarı
gəlin" də yaddan çıxdı.
- "Sarı gəlin" digər yallılardan nə ilə fərqlənir? - sualına Ələsgər
Məmmədov belə
cavab verdi:
- Bu yallı çalınanda bir nəfər zurnaçının
yanında durub oxuyardı:
Bu dərənin uzunu,
Oğlan, qaytar
quzunu.
Get babana deginən,
Versin mənə
qızını.
Bundan sonra
yallı gedənlər
xorla ona səs verirdilər:
"Sarı gəlin hey, Sarı gəlin hey!"
Ələsgər kişi yallı ilə bağlı yalnız bunları xatırlaya bildi.
"Nurani" ansamblının üzvlərindən
olan Sabir Cabbarov isə "Sarı gəlin" yallısı haqqında bunları söylədi:
- "Sarı gəlin" yallısı
"Sarı gəlin"
xalq mahnısı əsasında yaranmışdır.
Çünki yallı
"Sarı gəlin"
mahnısının ritminə
uyğundur. Atam kənddə yallının
mahir ifaçılarından
biri olduğu üçün onun bütün yallılar barədə ətraflı
məlumatı var idi. Toylarda "Sarı gəlin" yallısını çaldırmasını,
qadınları yallıya
dəvət etməsini
yaxşı xatırlayıram.
Mən də ona baxıb bu yallının hərəkətlərini əzbərləmişdim.
Sevindirici haldır
ki, Sabir Cabbarov "Sarı gəlin" yallısının
həm musiqisini, həm də ayaq hərəkətlərini
unutmayıb.
Azərbaycan Respublikasının
əməkdar mədəniyyət
işçisi, zurna ifaçısı Kamal Babayev "Sarı gəlin" yallısı
haqda eşitdiklərini
diqqətimizə çatdırır:
- Rayonun Tənənəm kəndində
yaşamış zurnaçalan
İsa Allahverdiyevdən
"Sarı gəlin"
yallısının adını
çox eşitmişdim.
O deyirdi ki, ötən əsrin 30-cu illərində Moskvada
festival keçirilirdi. Həmin
festivalda Həsən bəy adlı bir nəfərin rəhbərliyi ilə
"Şərur" xalq
yallı ansamblı
" Sarı gəlin"
yallısını ifa
etmişdi. O zaman bu yallı böyük
əks-sədaya səbəb
olmuş, onu ayaq üstə alqışlamışlar.
Qeyd etdiyimiz kimi, "Sarı gəlin" yallısı Kəngərli
rayonunun Qarabağlar kəndində keçirilən
toylarda da çalınırmış. Bu haqda kənd sakini 75 yaşlı Əsmər Tarverdiyeva belə deyir:
- O zamanlar kəndimizdə Cəbi Tağıyev adlı bir nəfər vardı. Həmin yallının mahir ifaçısı idi. Onun dediyinə görə, "Sarı gəlin" yallısı
başlayanda yallı gedən də, getməyən də oxuyarmış:
Bu dərə, uzun dərə,
Getdikcə uzun
dərə.
İstərəm, bir bağ salam,
Yar gələ,
üzüm dərə.
Əsmər nənə əlavə edir:
- Hərdən televiziyada izləyirəm.
"Sarı gəlin"
mahnısını ermənilər
öz adlarına çıxmaq istəyirlər.
Qəlbim sızlayır.
Belə bir şey ola bilməz!
Mənim nənəm deyərdi ki, "Sarı gəlin" mahnısı məhz Naxçıvanda yaranıb.
O mahnı əsnasında
da "Sarı gəlin" yallısı.
Bu yallı bizim toylarda çalınanda ermənilərin bu mahnıdan heç xəbəri belə yox idi!
Əsmər nənənin
qohumlarından biri, əslən Qarabağlar kəndindən olan, hazırda Ordubad rayonunun Xurs kənd tam orta məktəbində Azərbaycan
dili və ədəbiyyatı müəllimi
işləyən Zəka
Mirzəyev isə
1970-ci illərdə toylarda
"Sarı gəlin"
yallısının çalındığını
yaxşı xatırladığını
dilə gətirdi. O, maraqlı bir faktı diqqətimizə çatdırdı. Bildirdi
ki, yallı zamanı yaxşı səsi olan ifaçılar "Sarı
gəlin" xalq mahnısı ilə yanaşı, "Apardı
sellər Saranı"
da səsləndirərmişlər.
Bu faktı Kəngərli rayon mədəniyyət
evinin bədii rəhbəri Vəzir Qasımov da təsdiq edir:
- 1986-cı il idi. Kəndimizdə toy çalınırdı. Mən
də yenicə toylarda oxumağa başlamışdım. Toyda
iştirak edənlərdən
biri musiqiçilərə
yaxınlaşıb "Sarı
gəlin" yallısını
çalmasını xahiş
etdi. Mənə:
"Sən də mahnısını oxuyarsan"
- dedi. Düzü, mən yaxşı oxuya bilmədim. Ancaq musiqisi çalındı. Toyda hamı - kişili-qadınlı
"Sarı gəlin"
yallısı getdilər.
Yadımdadır ki, bu yallını oynayanların ayaq ucları yerə dəyirdi. O zamandan toylarda müntəzəm iştirak etmişəm. Toylarda bu yallının
çalınması ilə
qarşılaşmamışam.
Kəngərli rayon mədəniyyət və
turizm şöbəsinin
müdiri Kərim Qazıbəyovdan öyrəndik
ki, neçə gündür rayon mədəniyyət
evində bu yallı barədə müzakirələr aparılır.
Yaxın günlərdə
yallı nota köçürüləcək
və ansamblın repertuarına salınacaq.
Milli dəyərlər
sahiblik sevir
Göründüyü kimi,
bizim "Sarı gəlin" adlı yallımız da olub. Amma bu
gün yallı barədə məlumatı
olan çox az adam var. Elm ocaqlarında bu haqda heç bir məlumata rast gəlmədik. Bir jurnalist kimi
xalq təfəkkürünün
məhsulu olan "Sarı gəlin" yallısı barədə
xalqın dilindən eşitdik. Amma təbii ki, bunun elmi cəhətdən
araşdırılmasına da ehtiyac var. Ən önəmli və etibarlı mənbə isə elə xalqın özüdür. Xalq heç bir musiqi təhsili almadan bu yallını
yaradıb, nəsildən-nəslə
ötürüb. Çünki
Naxçıvanın incisi
sayılan yallı bizim qanımızdan, milli kökümüzdən
gəlir. İmkan verməməliyik ki, nə zaman keşməkeşləri,
nə də ki, müasirləşmə,
yeniləşmə yallılarımızı
unutdursun! Onları göz bəbəyi kimi qorumalıyıq! Naxçıvan Muxtar Respublikası Ali Məclisi
Sədrinin "Milli dəyərlərimiz - milli
sərvətimiz" folklor
və muğam müsabiqəsinin yekun konsertində dediyi kimi: "Xalqın milli dəyərlərini qorumaq onun gələcəyini
qorumaq deməkdir. Azərbaycan xalqına məxsus milli dəyərlər min illər
boyu formalaşaraq bizə çatmışdır.
Ona görə də bu dəyərləri
qorumaq və yaşatmaq hər birimizin ən ümdə vəzifəsi
olmalıdır. Bu gün
uşaq və gənclərimiz musiqi məktəblərində təhsil
almadan xarici musiqi alətlərində
ifa edə bilmirlər. Lakin tarı, sazı, balabanı, zərb alətlərini musiqi təhsili almadan da ifa edirlər.
Bu, milli kökümüzə
bağlılıqdan irəli
gəlir. Bu həm də bizim qədim
mədəni irsimizə
hörmət və ehtiramımızın ifadəsidir.
Ümumiyyətlə, mədəni
inkişaf olmadan heç bir inkişafdan söhbət gedə bilməz. Hər bir xalqın
da inkişafının
əsas göstəricisi
onun mədəniyyətidir.
Azərbaycan xalqının
keçmişdən bu
günə daşıdığı
belə dəyərli
nümunələr xalqımızın
böyüklüyünün və yüksək mədəni səviyyəsinin
göstəricisidir".
Heç şübhə
yoxdur ki, "Milli dəyərlər ili" bu yallımıza
da yaşıl işıq yandıracaq. Tezliklə səhnələrdə,
toylarda, digər el şənliklərində "Sarı
gəlin" yallısını
da görəcəyik.
Əlbəttə, milli
sərvət sahiblik sevir! Laqeydlik, unutqanlıq dəyərlərimizin
əldən getməsinə
səbəb ola bilər. Bir gün ermənilər mahnımızı oğurlayırlar,
bir gün xalçamızın surətini
istehsal edirlər, gah abidələrimizi özlərininki etmək istəyir, gah da başqa mədəni
sərvətlərimizi. Biz öz dəyərlərimizin
keşiyində durduqca
onlar heç vaxt öz arzularına
çata bilməyəcəklər.
Əsas odur ki, biz öz sərvətimizin keşiyində
dayanaq, onu özümüz işlədək,
nümayiş etdirək,
göstərək, qoruyaq
və gələcək
nəsillərə çatdıraq.
Sara ƏZİMOVA,
Naxçıvan
Mətbuat Şurası
idarə heyətinin
üzvü
Azərbaycan.-
2012.- 26 avqust.- S. 7.