Azərbaycanda
kitabxanaların fəaliyyətinin
yaxşılaşdırılması üçün yeni
konsepsiya hazırlanmışdır
Mədəniyyət və Turizm Nazirliyi 2020-ci ilədək kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması məqsədi ilə konsepsiya layihəsi hazırlamışdır.
Nazirlikdən AzərTAc-a bildirmişlər ki, həmin layihədə kitabxanaların modernləşdirilməsini təmin etmək, kitabxanaları inkişaf etdirməklə əhalinin bütün təbəqələri üçün informasiya qeyri-bərabərliyini mümkün qədər azaltmaq, ölkənin bütün ərazisini səmərəli şəkildə kütləvi kitabxanalar şəbəkəsi ilə əhatə etmək, həm kitab mədəniyyətinin, həm də şəbəkə texnologiyalarının istifadə vərdişlərini inkişaf etdirilmək kimi məsələlər öz əksini tapmışdır.
Bununla yanaşı, layihədə qeyd edilmişdir ki, kitabxanalar əhalinin bütün kateqoriyalarına informasiya xidməti göstərən intellektual mərkəzlərə çevrilməli, qloballaşmaqda olan dünyada Azərbaycanın simasını qoruyub saxlamaq vəzifəsini yerinə yetirməlidir.
Artıq respublika əhəmiyyətli böyük kitabxanalarda - Mirzə Fətəli Axundzadə adına Milli Kitabxanada, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında, Prezident Kitabxanasında elektron kitabxana yaradılmışdır. Digər kitabxanalarda isə bu istiqamətdə iş aparılır.
Qeyd edək ki, hazırda Mədəniyyət və
Turizm Nazirliyinin kitabxana-informasiya şəbəkəsində
4 mindən çox kitabxana fəaliyyət göstərir.
Azərbaycan.- 2012.- 26 avqust.- S. 7.