Ənənəvi yay treninq kursları keçirilib

 

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü, eyni zamanda təşkilatçılığı ilə artıq bir neçə ildir ki, bu şəbəkəyə daxil olan mədəni-maarif müəssisələri əməkdaşlarının dincəlməsi, onların asudə vaxtlarının mənalı və səmərəli keçirilməsi, təcrübə mübadiləsi aparmaları məqsədilə respublikamızın dilbər guşələrində treninq kursları təşkil edilir. Növbəti treninqlər  avqustun 14-dən 16-dək Xızı rayonunun Altıağac qəsəbəsindəki "Cənnət bağı" istirahət mərkəzində keçirilib.

Treninqlərdə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyindəki kitabxana, muzey və mədəniyyət evləri təmsil olunub. Bakı şəhərinin 11 rayonunda fəaliyyət göstərən Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin əməkdaşları kurslarda iştirak ediblər. Kitabxana işçiləri üç gün davam edən tədbirdə "Ədəbi dərnəklərin təşkili", "Kitabxana proseslərinin kompyuterləşdirilməsi", "İctimai-siyasi ədəbiyyatın təbliği", "Mədəni-kütləvi tədbirlərin təşkili və keçirilməsi", "Kitabxanalarda turizmin təbliği" mövzularında məruzələr dinlənilib, təcrübə mübadiləsi aparılıb.

Yeni yaradılan Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin fəaliyyətinin nizamlanması, muzey və mədəniyyət evlərində çalışan mütəxəssislərə metodiki kömək məqsədilə 2011-ci il "Turizm ili" çərçivəsində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən təşkil edilən treninqlər ənənəvi hal alıb. Bundan əvvəl belə tədbir Qubanın Qəçrəş istirahət mərkəzində gerçəkləşib. Səbail rayon MKS-in direktor müavini Rəhilə Əliyeva bildirir ki, mədəniyyət işçiləri treninqlərdə iştirak etməklə yanaşı, tarixi yerləri gəzərək, təbiətin qoynunda dincəlirlər: "Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin son illərdə həyata keçirdiyi bir çox layihələrə əlavə olaraq ənənəvi yay treninqlərini irəliyə atılan yeni bir addım kimi dəyərləndirmək olar. Təşkil edilən yay treninqlərinin mədəni-maarif müəssisələrinin işinin daha da yaxşılaşdırılmasında, ölkəmizin turizm potensialının inkişafı və tanıdılmasında mühüm rolu vardır. Bu layihə insanların istirahətinin təşkil olunması və təcrübə baxımdan da çox əhəmiyyətlidir".

Hazırda respublikamızda turizm istirahət mərkəzlərinin yaradılması, mədəniyyət evləri, klub və kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması, onların maddi-texnıki bazasının möhkəmləndirilməsi, müasir avadanlıqlarla, informasiyakommunikasiya texnologiyaları, proqram təminatları ilə təmin edilməsi, xidmət mədəniyyətinin günün tələbləri səviyyəsində qurulması sahəsində də mühüm işlər görülür. Maddi mədəniyyət abidələrinin bərpası, qorunub saxlanılması, tariximizi yaşadan muzeylərdə yenidənqurma işlərinin aparılması və turizm şəbəkəsinin genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir.

 

 

Azərbaycan.- 2012.- 26 avqust.- S. 8.