Belarus və Azərbaycan maşınqayırma sahəsində istehsal kooperasiyasını genişləndirirlər

 

Belarus və Azərbaycan maşınqayırma sahəsində istehsal kooperasiyasını genişləndirirlər.

BELTA agentliyindən daxil olan məlumatda bildirilir ki, Belarusun Baş nazirinin birinci müavini Vladimir Semaşko və Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov bu barədə ticari-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının avqustun 27-də keçirilmiş iclasının yekunlarını şərh edərkən məlumat vermişlər.

Vladimir Semaşko qeyd etmişdir ki, Azərbaycan nümayəndə heyəti "Amkodor" ASC-də olmağı və Belarusun bu müəssisəsi ilə Gəncə avtomobil zavodu arasında əməkdaşlıq haqqında protokol imzalamağı planlaşdırır. Onun sözlərinə görə, beləliklə, bu iki müəssisə danışıqlar fazasından real istehsal kooperasiyası fazasına keçir.

Hazırda Azərbaycanın Gəncə avtomobil zavodunda Belarus traktorlarının yığma istehsalatı fəaliyyət göstərir. Burada ildə 800 avtomobil istehsal etmək mümkün olacaqdır. Həmin müəssisədə yük avtomobilləri və MAZ markalı digər texnika da yığılır. Keçən il zavodda 650 dəst maşın yığılmışdır. Bu gün Azərbaycanda daha artıq sayda avtomobil, kommunalyol-inşaat texnikasına  ehtiyac vardır. Elə bu məqsədlə "Amkodor" ASC ilə istehsalat kooperasiyasını inkişaf etdirmək nəzərdə tutulur.

Belarus Baş nazirinin birinci müavininin fikrincə, texnologiyaların, traktor və avtomobillər, kommunal texnika üçün bütün asma avadanlıqlar sisteminin təchizatını təşkil etmək lazımdır. Bundan əlavə, tərəflər informasiya-telekommunikasiya texnologiyaları, kosmik tədqiqatlar, nanotexnologiyalarbiotexnologiyalar sahələrində əməkdaşlığı fəallaşdırmaq niyyətindədirlər. Tərəflər gələn ilin birinci rübündən gec olmayaraq Minskdə elmi-texniki forum keçirməyi qərara almışlar. Vladimir Semaşko demişdir: "Biz konkret həllərə nail olmağı, o cümlədən kosmik texnologiyalar sahəsində ikitərəfli tədqiqatlar, təcrübə və bilik mübadiləsi aparmağı planlaşdırırıq".

Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov qeyd etmişdir ki, iki ölkə arasında təkcə iqtisadiyyat sahəsində deyil, həm də siyasətdə və mədəniyyətdə yaxşı dostluq münasibətləri vardır.

Tərəflər Hökumətlərarası Komissiyanın növbəti iclasını 2013-cü ildə Bakıda keçirmək barədə razılığa gəlmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 28 avqust.- S. 1.