Gömrük nəzarətindən
keçməli olan malların yoxlanılmasının sürətləndirilməsi,
gömrük nəzarətinin səmərəliliyinin
artırılması və həyata keçirilmə müddətinin
azaldılması məqsədi ilə gömrük
orqanları tərəfindən istifadə olunan texniki vasitələrin
siyahısı və onlardan istifadə QAYDALARI
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2012-ci il 27 avqust tarixli 186 nömrəli qərarı
ilə təsdiq edilmişdir
1. Ümumi
müddəalar
1.1. Bu Qaydalar Azərbaycan
Respublikasının Gömrük Məcəlləsinin (bundan
sonra - Gömrük Məcəlləsi) 65.6-cı və 85.1-ci
maddələrinə uyğun olaraq hazırlanmışdır
və gömrük nəzarətindən keçməli olan
malların və nəqliyyat vasitələrinin
yoxlanılmasının sürətləndirilməsi,
gömrük nəzarətinin səmərəliliyinin
artırılması və həyata keçirilmə müddətinin
azaldılması məqsədi ilə gömrük
orqanları tərəfindən istifadə olunan texniki nəzarət
vasitələrinin növlərinin siyahısını və
onlardan istifadə qaydalarını müəyyən edir.
1.2. Texniki nəzarət vasitələrindən
gömrük nəzarəti altında olan malların və nəqliyyat
vasitələrinin, fiziki şəxslərin və onların əl
yüklərinin, müşayiət olunan və müşayiət
olunmayan baqajların və beynəlxalq poçt göndərişlərinin
yoxlanılmasının sürətləndirilməsi, sadələşdirilməsi,
gömrük nəzarətinin səmərəliliyinin
artırılması müddətinin azaldılması məqsədi
ilə istifadə edilir.
1.3. Texniki nəzarət vasitələrindən
istifadə gömrük nəzarəti zonalarında və
gömrük orqanları əməkdaşlarının öz
vəzifələrini yerinə yetirdiyi zaman müəyyən
edilən digər yerlərdə həyata keçirilir.
1.4. Gömrük orqanlarında stasionar,
səyyar (mobil), daşınan və portativ tipli texniki nəzarət
vasitələrindən istifadə edilir.
1.5. Texniki nəzarət vasitələrindən
istifadə zamanı texniki sənədlərdə göstərilmiş
istismar qaydalarına əməl edilməlidir.
1.6. Texniki nəzarət vasitələrindən
istifadə edilməsi insan həyatı və
sağlamlığı üçün təhlükəsiz
olmalı, ətraf mühitə, flora və faunaya ziyan
vurmamalı, mallara və nəqliyyat vasitələrinə zərər
yetirməməlidir.
2. Texniki nəzarət
vasitələrinin növləri
2.1. Texniki nəzarət vasitələri
texniki xüsusiyyətlərindən və təyinatından
asılı olaraq aşağıdakı növlərə
bölünür:
2.1.1. baxış-rentgen texnikası -
fiziki şəxslərin əl yükünün,
müşayiət olunan və müşayiət olunmayan
baqajların, malların və nəqliyyat vasitələrinin,
beynəlxalq poçt göndərişlərinin
yoxlanılması üçün rentgen
şüalarının aktivləşdirilməsi ilə
obyektin daxili quruluşu və içindəki əşyaların
təsviri barədə məlumat alınmanı təmin edir.
Qeyd olunan avadanlıqlar üzvi və qeyri-üzvi
materialların bölünməsi əsasında yoxlanılan
obyektlərin ətraflı təsvirini verir;
2.1.2. yoxlama baxış sistemi -
gömrük sərhəd buraxılış məntəqələrindən
keçən malların və nəqliyyat vasitələrinin
(avtomobil və dəmir yollarında, eləcə də
gömrük orqanlarının müəyyən etdiyi digər
yerlərdə) yoxlanılması məqsədi ilə skanlaşdırma
əməliyyatı əsasında nəzarət ekranında
obyektlərin təsvirinə nəzarət etmək
üçün onların konturları, əşyaların
görüntüləri, daxili quruluşu və təsviri barədə
məlumat alınmasını təmin edir;
2.1.3. bölünən və radioaktiv
materialların müəyyən edilməsi məqsədi ilə
gömrük nəzarəti tətbiq edilərkən istifadə
olunan texniki nəzarət vasitələri - radioaktiv kimyəvi
elementlərin və radioaktiv izotopların müəyyən
edilməsini, lokallaşdırılmasını, onların kəmiyyət
və keyfiyyət göstəricilərinin, habelə aktivliyinin
müəyyən edilməsini təmin edir;
2.1.4. axtarış texniki nəzarət
vasitələri - gömrük nəzarəti həyata
keçirilərkən fiziki şəxslərin əl
yükünə, müşayiət olunan və müşayiət
olunmayan baqajlara, beynəlxalq poçt göndərişlərinə,
malların və nəqliyyat vasitələrinin daxilinə,
girişi çətin olan yerlərə baxış
keçirilməsini təmin edir;
2.1.5. eyniləşdirmə texniki nəzarət
vasitələri - gömrük nəzarəti həyata
keçirilərkən fiziki şəxslərin əl
yükünün, müşayiət olunan və müşayiət
olunmayan baqajların, malların və nəqliyyat vasitələrinin,
beynəlxalq poçt göndərişlərinin, o cümlədən
onlara aid sənədlərin eyniləşdirmə tədbirlərinin
həyata keçirilməsini təmin edir;
2.1.6. audio və video məlumat
daşıyıcıları üzrə texniki nəzarət
vasitələri - gömrük işi sahəsində qanun pozuntularının
aşkar edilməsi zamanı qadağan olunmuş məlumatların
silinməsini, eyni zamanda foto-kinoplyonkalara, slaydlara, USB və digər
yaddaş qurğularına baxılmasını təmin edir.
Gömrük Məcəlləsi ilə müəyyən
olunmuş hallarda foto, kino və video çəkilişlərdən
və ya digər yazan texniki vasitələrdən nəzarət
məqsədi ilə istifadə edildikdə, həmin materiallar
gömrük nəzarətinin həyata keçirilməsi
üzrə hərəkətlərin icraatı zamanı tərtib
edilən protokola əlavə olunur;
2.1.7. vizual texniki nəzarət vasitələri
- gömrük nəzarəti aparılan obyektlərin
müşahidəsini, hadisələrin, faktların və təsvirlərin
qeydə alınmasını təmin edir;
2.1.8. operativ rabitə üzrə texniki
nəzarət vasitələri - gömrük
orqanlarının vəzifəli şəxsləri tərəfindən
gömrük nəzarəti prosesinin operativ idarəçiliyinin
təşkil edilməsini və məlumatların
ötürülməsini təmin edir;
2.1.9. qlobal mövqetəyinetmə sistemi
(GPS) - Yer kürəsinin naviqasiya sistemi əsasında elektron
xəritə üzərində hava şəraitindən
asılı olmayaraq obyektin yerləşdiyi coğrafi koordinatların,
vaxtın və məsafənin müəyyən edilməsini
təmin edir;
2.1.10. gömrük təminatının
atributlarının vurulması vasitələri - malların və
nəqliyyat vasitələrinin gömrük orqanları tərəfindən
eyniləşdirilməsini və onların icazəsi olmadan
açılmasının qarşısının
alınmasını təmin edir.
3. Gömrük nəzarəti
zamanı texniki nəzarət vasitələrindən istifadə
qaydaları
3.1. Baxış-rentgen texnikası
gömrük sərhədindən keçirilən malların
və nəqliyyat vasitələrinin növündən,
texnologiyanın tətbiq edildiyi sahədən və şəraitdən
asılı olaraq aşağıdakılardan ibarətdir:
3.1.1. fiziki şəxslərin əl
yükünün və baqajlarının yoxlanılması
üçün stasionar baxış-rentgen texnikası;
3.1.2. fiziki şəxslərin əl
yükünün və baqajlarının yoxlanılması
üçün səyyar baxış-rentgen texnikası;
3.1.3. malların yoxlanılması
üçün stasionar baxış-rentgen texnikası;
3.1.4. beynəlxalq poçt göndərişlərinin
yoxlanılması üçün stasionar baxış-rentgen
texnikası;
3.1.5. səyyar baxış-rentgen
texnikası;
3.1.6. daşınan baxış-rentgen
texnikası.
3.2. Baxış-rentgen texnikası
gömrük nəzarəti tətbiq edilərkən
aşağıdakı məqsədlər üçün nəzərdə
tutulur:
3.2.1. obyektin daxilində olan əşyaların
aid olduğu qrup, növ, tip və siniflərin müəyyən
edilməsi;
3.2.2. yoxlanılan obyektdə gizli saxlanc
yerlərinin əlamətlərinin aşkar edilməsi;
3.2.3. gömrük sərhəd
buraxılış məntəqələrindən Azərbaycan
Respublikasının ərazisinə gətirilməsi və bu ərazidən
aparılması qadağan edilən malların və əşyaların aşkar edilməsi.
3.3. Baxış-rentgen texnikasından
aeroportlarda, dəniz və dəmiryol vağzallarında,
avtomobil yollarında yerləşən gömrük sərhəd
buraxılış məntəqələrinin sərnişin
zallarında, anbarlarda, bağlı yük
meydançalarında, poçtamtlarda və xüsusi olaraq
tikilmiş gömrük baxış terminallarında istifadə
olunur .
3.4. Yoxlama baxış sistemləri
gömrük sərhədindən keçən iriqabaritli
malların və nəqliyyat vasitələrinin növündən,
texnologiyanın tətbiq edildiyi sahədən və şəraitdən
asılı olaraq aşağıdakılardan ibarətdir:
3.4.1. malların və nəqliyyat vasitələrinin
yoxlanılması üçün stasionar tipli yoxlama
baxış sistemi;
3.4.2. malların və nəqliyyat vasitələrinin
yoxlanılması üçün səyyar tipli yoxlama
baxış sistemi;
3.4.3. malların və nəqliyyat vasitələrinin
yoxlanılması üçün daşınan tipli yoxlama
baxış sistemi;
3.4.4. dəmir yolu vaqonlarının yoxlanılması
üçün yoxlama baxış sistemi.
3.5. Yoxlama baxış sistemləri
gömrük sərhədindən keçən malların və
nəqliyyat vasitələrinin yoxlanılmasında
aşağıdakı məqsədlərlə istifadə
edilir:
3.5.1. gizli saxlanc yerlərinin aşkar edilməsi;
3.5.2. mal-müşayiət sənədləri
əsasında eyniləşdirmənin həyata keçirilməsi;
3.5.3. gömrük ərazisinə gətirilməsi
və bu ərazidən aparılması qadağan olunmuş
malların və qanunvericiliyin tələbləri pozulmaqla
keçirilən malların və əşyaların aşkar
edilməsi.
3.6. Bölünən və radioaktiv
materialların müəyyən edilməsi məqsədi ilə
gömrük nəzarətində istifadə olunan texniki nəzarət
vasitələri aşağıdakılardır:
3.6.1. stasionar radiasiya nəzarəti sistemləri;
3.6.2. radiometr-spektrometrləri;
3.6.3. qamma-spektrometrləri;
3.6.4. radiasiya peycerləri;
3.6.5. radiasiya dozimetrləri.
3.7. Bölünən və radioaktiv
materiallar üzərində gömrük nəzarətinin
aparılması aşağıdakı mərhələlərə
bölünür:
3.7.1. ilkin radiasiya nəzarəti;
3.7.2. əlavə radiasiya nəzarəti;
3.7.3. ətraflı radiasiya müayinəsi;
3.7.4. ekspertiza.
3.8. İlkin radiasiya nəzarəti
gömrük orqanları tərəfindən mallar və nəqliyyat
vasitələri, fiziki şəxslərə məxsus əl
yükləri, müşayiət olunan və müşayiət
olunmayan baqajlar və poçt göndərişləri
gömrük nəzarəti zonasına daxil olarkən,
ionlaşdırma şüasının normadan artıq səviyyəsinin
aşkarlanması, eləcə də onların ümumi
axından çıxarılması məqsədi ilə həyata
keçirilir. İlkin radiasiya nəzarəti zamanı stasionar
və daşınan radiasiya nəzarəti vasitələrindən
istifadə olunur.
3.9. Əlavə radiasiya nəzarəti
daşınan radiasiya nəzarəti cihazları (dozimetr,
radiometr, radiometr-spektrometr) ilə ilkin radiasiya nəzarətinin
nəticələri əsasında avadanlığın həyəcan
siqnalı verməsinin səbəblərinin
aşkarlanması, normadan artıq olan ionlaşdırma
şüasının ölçülməsi və
lokallaşdırılması məqsədi ilə
aparılır. Normadan artıq olan ionlaşdırma
şüa mənbəyini daşıyan obyekt təhlükəsiz
məsafəyə uzaqlaşdırılmalı və
gömrük əməkdaşlarının və digər
şəxslərin bu obyektin yanında olma müddətləri
məhdudlaşdırılmalıdır. Həmin obyektin
yanına radiasiya təhlükəsi ilə bağlı
işarə qoyulmalıdır.
3.10. Ətraflı radiasiya müayinəsinin
aparılması üçün spektrometrik avadanlıqlardan
(radiometr-spektrometr, qamma-spektrometr) istifadə olunur,
bölünən və radioaktiv materialların ilkin eyniləşdirilməsinə
və maksimum lokallaşdırılmasına imkan yaradır.
3.11. Radioaktiv materialların ekspertizası
gömrük orqanlarının müraciəti əsasında
müvəkkil orqanlar tərəfindən həyata
keçirilir.
3.12. Axtarış texniki nəzarət
vasitələrinə aşağıdakılar aid edilir:
3.12.1. metal detektorları - gömrük sərhəd
buraxılış məntəqələrindən keçən
fiziki şəxslərin üzərində, onların əl
yüklərində və baqajlarında gizlədilmiş istənilən
formalı və istiqamətli metal əşyaların aşkar
olunması üçün istifadə olunan stasionar,
daşınan və portativ elektron cihazlar;
3.12.2. baxış güzgüləri - nəqliyyat
vasitələrinin çətin aşkar olunan yerlərinə
baxış keçirmək üçün istifadə olunan
müxtəlif ölçülərdə və formalarda dəyişən
güzgülərlə təchiz edilmiş teleskopik tutacaqlar və
əşyaların götürülməsi üçün
xüsusi qarmaqlar dəsti;
3.12.3. nəzarət şupları -
müxtəlif yerlərdə (yumşaq və karton
qablaşmalarda, nəqliyyat vasitələrinin oturacaq yerlərində
və malların qablaşdırılması mümkün
olmayan yerlərdə) gizlədilmiş malların və əşyaların
müəyyən edilməsi və həmin yerdən prob
götürülməsi üçün istifadə olunan
müxtəlif diametrdə və uzunluqda olan iti ucluqlu metal millər;
3.12.4. endoskoplar - malların və nəqliyyat
vasitələrinin, fiziki şəxslərə məxsus əl
yüklərinin, müşayiət olunan və müşayiət
olunmayan baqajların və poçt göndərişlərinin
çətin aşkar olunan yerlərində gizlədilmiş
qanunsuz mal və əşyaların aşkar edilməsi
üçün istifadə olunan avadanlıqlar;
3.12.5. buster cihazı - boşluqlarda gizlədilmiş
əşyaları aşkar etməyə imkan verən əl
cihazı;
3.12.6. baxış fənəri -
gömrük əməkdaşları tərəfindən gecə
vaxtı və ya az işıqlandırılmış yerlərə
baxış keçirmək məqsədi ilə istifadə
olunan cihaz;
3.12.7. alətlər dəsti -
gömrük əməkdaşları tərəfindən
fiziki baxış zamanı malların və nəqliyyat vasitələrinin,
sərnişinlərə məxsus əl yüklərinin,
müşayiət olunan və müşayiət olunmayan
baqajların və poçt göndərişlərinin
açılması üçün istifadə olunan fərdi
alətlər dəsti;
3.12.8. termovizorlar - gömrük sərhəd
buraxılış məntəqələrindən keçən
sərnişinlərin məsafədən hərarətinin
müəyyən edilməsi məqsədi ilə istifadə
olunan avadanlıqlar;
3.12.9. georadarlar - radioimpulslar və
radiodalğalar vasitəsilə bircinsli yüklərin daxilində
gizlədilmiş əşyaların aşkar edilməsi
üçün istifadə olunan cihazlar.
3.13. Eyniləşdirmə texniki nəzarət
vasitələrinə aşağıdakılar aid edilir:
3.13.1. gömrük və digər sənədlərin,
plomb və möhürlərin həqiqiliyini müəyyən
edən cihazlar - gömrük orqanlarına təqdim olunan
mal-müşayiət sənədlərinin üzərindəki
məlumatların və möhürlərin, həmçinin
malların üzərindəki plomb və möhürlərin
həqiqiliyini yoxlayan cihazlar;
3.13.2. qiymətli daşların və
metalların əyarını müəyyən edən
detektorlar - qiymətli daşların və metalların əyarlarının
eyniləşdirilməsi üçün qiymətli
daşlarda şüaların bölünməsi və qiymətli
metallarda elektrikötürücülük metodu əsasında
işləyən detektorlar;
3.13.3. narkotik və partlayıcı maddələri
müəyyən edən cihazlar və ekspress test dəstləri
- narkotik və partlayıcı maddələrin
yoxlanılması, narkotik və partlayıcı maddələrin
buxarının və mikrohissələrinin analizi
üçün detektorlar;
3.13.4. rentgenoflüressent cihazlar - bərk,
maye və ya toz halında olan maddələrin təhlili
üçün rentgenflüressent analizatorlar;
3.13.5. tərəzilər - maddələrin
kütləsini müəyyən edən cazibə qüvvəsinə
əsaslanan cihazlar;
3.13.6. xətkeşlər, ruletkalar və
ştangenpərgarlar - malların və yüklərin həndəsi ölçülərini
müəyyən edən cihazlar;
3.13.7. banknotların yoxlanılması və
hesablanması üçün cihazlar - pul
nişanlarının həqiqiliyini və miqdarını
yoxlamaq üçün istifadə olunan cihazlar;
3.13.8. aksiz markalarının həqiqiliyini
müəyyən edən cihazlar - mal üzərinə
vurulmuş aksiz nişanlarının həqiqiliyinin
yoxlanılması və eyniləşdirilməsi
üçün istifadə olunan cihazlar;
3.13.9. nəqliyyat vasitələrinin
nişanlarının eyniləşdirilməsini həyata
keçirən cihazlar - nəqliyyat vasitələrinə məxsus
şassi, ban və mühərrik nömrələrinin həqiqiliyini
yoxlayan cihazlar;
3.13.10. ağac növlərinin eyniləşdirilməsini
həyata keçirən cihazlar - ağac növlərini, onun
təxmini yaşını müəyyən edən cihazlar;
3.13.11. qaz analizatorları -
ozondağıdıcı və soyuducu reagentlərin və digər
qazların təyini üçün ekspress analizatorlar;
3.13.12. qida məhsullarının təhlükəsizliyinin
yoxlanılması üçün ekspress cihazlar və testlər
- qida və yem məqsədi ilə istifadə olunan duzun tərkibində
yodun miqdarının, qida məhsullarında genetik dəyişdirilmiş
orqanizmlərin və onlarda konserogen və təhlükəli
maddə olan aflotoksin və mikrotoksinlərin təyin edilməsi
üçün ekspress cihazlar və testlər;
3.13.13. toksik və zəhərli maddələrin
axtarışı üzrə texniki vasitələr - toksik və
zəhərli maddə tərkibli yüklərin tərkibinin
yoxlanılması üçün texniki vasitələr.
3.14. Audio və video məlumat
daşıyıcıları üzrə texniki nəzarət
vasitələrinə aşağıda göstərilən
avadanlıqlar aid edilir:
3.14.1. fotoaparatlar;
3.14.2. videokameralar;
3.14.3. videomaqnitofonlar;
3.14.4. diktofonlar;
3.14.5. maqnitofonlar;
3.14.6. USB və digər yaddaş
qurğuları;
3.14.7. bütün yazı və format
sistemlərinin pleyerləri;
3.14.8. telemonitorlar;
3.14.9. diaproyektorlar;
3.14.10. DVD-lər;
3.14.11. xüsusi kompyuter nəzarət
sistemləri.
3.15. Vizual texniki nəzarət vasitələrinə
aşağıdakılar aid edilir:
3.15.1. videonəzarət sistemləri;
3.15.2. binokllar;
3.15.3. gecə müşahidə
cihazları;
3.15.4. gecə müşahidə sistemləri;
3.15.5. lupalar.
3.16. Operativ rabitə texniki vasitələrindən
gömrük orqanları tərəfindən operativ əlaqənin
yaradılması üçün istifadə olunur.
Gömrük orqanlarında müəyyən olunmuş
dalğalarda işləyən əlaqə radiovasitələrindən
istifadə edilir. Onlar daşınan, səyyar və stasionar
vasitələrdən ibarətdir.
3.17. Qlobal mövqetəyinetmə sistemindən
(GPS-dən) Azərbaycan Respublikasının gömrük ərazisində
iki gömrük orqanı arasında daşınan malların
və nəqliyyat vasitələrinin müəyyən
olunmuş marşrut və müddətlər ərzində təyinatı
üzrə çatdırılmasına nəzarət
olunması üçün istifadə olunur.
3.18. Gömrük təminatının
atributlarının vurulması vasitələrinə
aşağıdakılar aid edilir :
3.18.1. plomblayıcılar;
3.18.2. plomblar və məftillər;
3.18.3. möhürlər;
3.18.4. ştamplar;
3.18.5. markalar;
3.18.6. stikerlər.
3.19. Gömrük təminatının
atributlarının vurulması vasitələrindən mallara,
konteynerlərə, vaqonlara, çənlərə, nəqliyyat
vasitələrinə və digər taralara təminat atributları
vurulduqdan sonra onlara icazə olmadan müdaxilənin
qarşısının alınması üçün istifadə
olunur. Vurulmuş gömrük təminatı barədə məlumat
mal-müşayiət sənədlərində qeyd edilir.
3.20. Gömrük nəzarətindən
keçməli olan malların və nəqliyyat vasitələrinin
yoxlanılmasının sürətləndirilməsi,
gömrük nəzarətinin səmərəliliyinin
artırılması və həyata keçirilmə müddətinin
azaldılması məqsədi ilə zərurət olduğu
hallarda, gömrük orqanları tərəfindən xüsusi
təlim keçmiş xidməti itlərdən də istifadə
olunur.
Azərbaycan.-
2012.- 28 avqust.- S. 2.