AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi Avropa Seysmoloji Komissiyasının assosiativ üzvü seçilmişdir

 

Avqustun 19-dan 24-dək  Moskvada Avropa Seysmoloji Komissiyasının Baş Assambleyasının toplantısı keçirilmişdir.

İclasda Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Mərkəzinin (AMEA RSXM)  baş direktoru, geologiya-minerologiya elmləri doktoru Qurban Yetirmişli və Zəlzələlərin Tədqiqatı Bürosunun  mühəndis-proqramçısı Vüqar Fərəcov iştirak etmişlər.

RSXM-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, toplantıda Q.Yetirmişli son illər Azərbaycanda aparılan seysmoloji müşahidələr və əldə olunmuş nəticələrə dair məruzə ilə çıxış etmişdir.

Baş direktor çıxışı zamanı həmçinin  AMEA RSXM-in Avropa Seysmoloji Komissiyasına üzvlüyü ilə bağlı təklif də irəli sürmüşdür. Təklif  Baş Assambleya üzvləri tərəfindən müsbət qarşılanmış və AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi  Avropa Seysmoloji Komissiyasının assosiativ üzvü seçilmişdir.

Avropa Seysmoloji Komissiyasının Baş Assambleyasının növbəti iclası 2014-cü ildə avqustun 19-dan 24-dək İstanbulda keçiriləcəkdir. Həmin toplantıda AMEA RSXM  təşkilatın tamhüquqlu üzvü statusu alacaqdır.

İstanbul toplantısında həmçinin AMEA RSXM-in Avropa Seysmoloji Komissiyası Baş Assambleyasının 2016-cı il toplantısının Bakıda keçirilməsi ilə bağlı Azərbaycan tərəfinin təklifinə də baxılacaqdır.

 

 

Azərbaycan.- 2012.- 28 avqust.- S. 3.