Prezident İlham Əliyev Nigeriyanın Azərbaycanda

 yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da Nigeriya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Alhaji Tukur Maninin etimadnaməsini qəbul etmişdir.

Diplomat fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Səfir Alhaji Tukur Mani etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi. Azərbaycan ilə Nigeriya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı bu əməkdaşlığı daha da gücləndirməyin zəruriliyini qeyd etdi. Prezident İlham Əliyev Seulda keçirilən nüvə sammitində Nigeriya Prezidenti ilə görüşünü məmnunluqla xatırladı. Ölkələrimizin bütün beynəlxalq təşkilatlarda  bir-birini dəstəklədiyini qeyd edən dövlət başçısı bu dəstəyin qarşıdakı illərdə davam edəcəyinə əminliyini bildirdi.

Fövqəladə səlahiyyətli səfir Alhaji Tukur Mani Nigeriya  Prezidenti Qudlak Conatanın salamlarını dövlət başçısına çatdırdı. İkitərəfli əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğulayan səfir bu münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini dedi.

Görüşdə ölkələrimiz arasında əlaqələrin iqtisadi, enerji, ticarət, təhsil digər sahələrdə daha da möhkəmləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlət başçısı Prezident Qudlak Conatanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Nigeriya dövlətinin başçısına çatdırmağı xahiş etdi.

 

 

AzərTAc

Azərbaycan.-2012.- 1 dekabr.- S.1.