2013-cü ilin dövlət
büdcəsi qəbul olundu
Noyabrın 30-da Milli Məclisin növbəti plenar iclası keçirildi. Deputatları salamlayan spiker Oqtay Əsədov dedi ki, Milli Məclisin noyabrın 13-ü, 14-ü və 15-də keçirilən iclaslarında "Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında" qanun layihəsi və büdcə zərfinə daxil olan digər məsələlər geniş müzakirə edilmişdir. Müzakirələrdə 75 deputatın çıxışı dinlənilmiş, səslənən təklifləri araşdırmaq üçün hökumətə vaxt verilmişdir.
Maliyyə naziri Samir Şərifov 2013-cü ilin dövlət büdcəsi layihəsində edilmiş dəyişikliklərlə bağlı məlumat verdi. Bildirdi ki, müzakirələr zamanı deputatlar tərəfindən əhalinin rifahının, ölkənin müdafiə potensialının daha da gücləndirilməsi, elm, təhsil, səhiyyə, mədəniyyət və aqrar sahələrdə çalışanların əmək haqlarının artırılması, qeyri-neft sektoruna, sosial ipotekaya, sahibkarlığa və siyasi partiyalara maliyyə köməkliyinin gücləndirilməsi, regionların inkişafı ilə bağlı məsələlər qaldırılmış, təklif və tövsiyələr irəli sürülmüşdür. Deputatların təklif və tövsiyələri hökumət tərəfindən ilkin olaraq təhlil edilmiş, onların bəzilərinin müsbət həlli üzrə əməli addımlar atılmışdır. Təhlili daha çox vaxt tələb edən digər təkliflərlə bağlı hökumət tərəfindən görüləcək tədbirlər barədə məlumatlar bir qədər sonra veriləcək.
Samir Şərifov dedi ki, deputatların təklifləri nəzərə alınmaqla 2013-cü ilin dövlət büdcəsi haqqında qanun layihəsində səhiyyə müəssisələrinin, o cümlədən xüsusi təyinatlı səhiyyə ocaqlarının maddi-texniki təminatının, dərman və ərzaq təchizatının yaxşılaşdırılması üçün onların xərclərinin 3 milyon manat artırılması məqbul hesab edilir.
2013-cü ilin dövlət büdcəsi haqqında qanun layihəsində siyasi partiyalara maliyyə dəstəyi üçün nəzərdə tutulmuş vəsaitin də artırılması bəzi deputatlar tərəfindən təklif olunmuşdur. Bu təkliflər nəzərə alınmaqla əlavə 500 min manatın ayrılması və siyasi partiyalar üçün dövlət büdcəsində maliyyə vəsaitinin 2,5 milyon manata çatdırılması nəzərdə tutulur.
Milli Məclisin xərclər smetasının müzakirəsi zamanı səslənən təkliflər əsasən nəzərə alınmaqla parlamentin maddi-texniki təminatının möhkəmləndirilməsi, o cümlədən xarici ezamiyyə, nəqliyyat vasitələrinin saxlanılması, alınması və digər xərclərin tənzimlənməsi üçün əlavə olaraq 726 min manat vəsaitin ayrılması məqbul hesab edilmişdir.
Dövlət büdcəsindən maliyyələşən bir sıra büdcə təşkilatlarının büdcədənkənar fəaliyyətləri nəticəsində gördükləri işlərə və həyata keçirdikləri xidmətlərə, həmçinin qanunvericiliyin tətbiqi ilə bağlı müxtəlif cərimələrdən nəzərdə tutulan ayırmalara görə bu təşkilatlarda büdcədənkənar gəlirlərin artması gözlənilir. Bunları nəzərə alaraq büdcədənkənar xərclərin 35 milyon manat artırılması nəzərdə tutulub.
Beləliklə, edilmiş dəyişikliklər nəticəsində 2013-cü ilin dövlət büdcəsinin gəlirlərinin 5 milyon manat artırılaraq 19 milyard 159 milyon manata, xərclərinin 40 milyon manat artırılaraq 19 milyard 850 milyon manata, kəsirinin isə büdcə təşkilatlarının büdcədənkənar gəlirləri hesabına 35 milyon artırılaraq 691 milyon manata çatdırılması məqsədəuyğun sayılmışdır. Bu dəyişikliklərdən sonra 2013-cü ilin icmal büdcəsinin gəliri 20 milyard 729 milyon manat, xərcləri isə 24 milyard 500 milyon manat olacaq.
Bu məlumatlardan sonra "Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi qəbul olundu.
"Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun layihəsində edilmiş dəyişikliklərlə bağlı Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov məlumat verdi. Bildirdi ki, müzakirələr zamanı sanatoriya-kurort və sağlamlıq tədbirlərinin maliyyələşdirilməsi üçün ayrılan vəsaitin artırılması barədə təkliflər yer almışdır. Bu təkliflərlə əlaqədar pensiya və müavinətlərin əhaliyə çatdırılması xərclərində nəzərdə tutulmuş 20 milyon manatın 300 min manat azaldılması və bu vəsaitin sığortaolunanların uşaqlarının sağlamlıq düşərgələrində istirahətinin təşkili maddəsinə əlavə edilməsi nəzərə alınmışdır. Beləliklə, həmin maddə üzrə xərclər 17,45 milyon manatdan 17,75 milyon manata qaldırılmışdır. Müavinətlərin əhaliyə çatdırılması xərcləri isə 19,7 milyon manata endirilmidir.
Səlim Müslümov onu da bildirdi ki, bankomatların sayının artırılması ilə bağlı təkliflərlə əlaqədar müvafiq banklarla danışıqlar aparılmış, söylənən təkliflər nəzərə alınmışdır. Belə ki, Kapital Bank tərəfindən Azərbaycana növbəti ilin əvvəlində 30 yeni bankomat gətiriləcək. Azərbaycan Beynəlxalq Bankı tərəfindən isə yaxın vaxtlarda iki səyyar bankomat ölkəyə gətiriləcək.
İclasda "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi təsdiq olundu.
"Azərbaycan Respublikasında 2013-cü il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2013-cü il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri, həmçinin Milli Məclisin və Hesablama Palatasının 2013-cü il üçün xərclər smetası haqqında məsələlər də təsdiq olundu.
Milli Məclisin Sədri Oqtay Əsədov 2013-cü ilin dövlət büdcəsi layihəsinin və büdcə zərfinə daxil olan məsələlərin qəbulu ilə əlaqədar deputatları və hökumət nümayəndələrini təbrik edərək dedi: "2013-cü ilin dövlət büdcəsi müstəqil Azərbaycanın tarixində ən böyük büdcədir. Əminəm ki, cənab Prezidentin rəhbərliyi altında gələn il də dövlət büdcəsi yüksək səviyyədə icra olunacaq".
Milli
Məclisin Sədri həmçinin əmin olduğunu bildirdi
ki, əgər gələn ilin may ayında büdcəyə
dəyişikliklərlə bağlı məsələyə
baxılsa, deputatların bəzi təklifləri də nəzərə
alınacaq.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2012.- 1 dekabr.- S.3.