Latviyanın Baş naziri Səngəçal neft terminalı ilə tanış olmuşdur

 

Ölkəmizdə səfərdə olan Latviya Respublikasının Baş naziri Valdis Dombrovskis noyabrın 30-da  Səngəçal neft terminalı ilə tanış olmuşdur.

Terminal ilə tanışlıq Xəzər Enerji Mərkəzindən başlanmışdır. Qonağa terminal və mərkəz, həmçinin Azərbaycanın neftqaz hasilatının tarixi barədə ətraflı məlumat verilmişdir.

Qeyd olunmuşdur ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin neft strategiyası çərçivəsində ölkəmizdə irimiqyaslı enerji layihələri həyata keçirilmişdir. Bu layihələrin təməlini qoyan ulu öndər Heydər Əliyev Azərbaycana milyardlarla dollar xarici sərmayələrin cəlb edilməsi üçün çox işlər görmüşdür. İlkin olaraq Xəzərin neftqaz yataqlarının işlənilməsi və neft kəmərlərinin tikintisinə yönəldilmiş vəsaitlər sonradan digər sahələrin, xüsusilə qeyri-neft sektorunun inkişafına, iri infrastruktur layihələrinin həyata keçirilməsinə, yeni yerlərinin açılmasına yönəldilmişdir. Azərbaycanın neft-qaz tarixində mühüm hadisələrdən biri - Xəzər dənizində "Ümid" qaz yatağının açılması dünya investorlarının ölkəmizə diqqətini daha da artırmışdır. Bu gün Azərbaycan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilmiş və artıq özü xarici dövlətlərə sərmayələr yatırır.

Vurğulanmışdır ki, tikintisinə 2001-ci ildə başlanmış terminalda xam neft üçün ümumi tutumu 880 min barrel olan 3 çən, baş nasos stansiyası, separatorlar, emal qurğuları və idarəetmə məntəqəsi vardır. Terminala fiber-optik rabitə kabelləri, sahildən 187 kilometr məsafədə yerləşən dəniz yataqlarından neftqaz kəmərləri çəkilmişdir.

Terminalla tanışlıqdan sonra qarşılıqlı xatirə hədiyyələri təqdim olunmuşdur.

 Daha sonra Latviyanın Baş naziri Səngəçal terminalının ərazisini avtobusla gəzmişdir. Ona terminaldakı texnoloji proseslər barədə ətraflı məlumat verilmişdir.

 

 

AzərTAc

Azərbaycan.-2012.- 1 dekabr.- S.3.