«Qadınlara qarşı
zorakılığa yox deyək!»
layihəsinin nəticələri
açıqlanmışdır
Noyabrın 30-da Beynəlxalq Muğam Mərkəzində "16 günlük fəallıq" kampaniyası çərçivəsində "Qadınlara qarşı zorakılığa yox deyək!" layihəsinin yekunlarına həsr olunmuş tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, layihə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), BMT-nin Əhali Fondu, bu qurumun Qaçqınlar üzrə Ali Komissarlığı və İnkişaf Fondu, Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyəti ilə birgə həyata keçirilmişdir.
Tədbirdə çıxış edən AQUPDK-nın sədri Hicran Hüseynova bildirmişdir ki, qadınlara qarşı zorakılıq hallarının qarşısının alınması müasir dövrün mühüm məsələlərindəndir. Bu gün dünyanın diqqətində olan bu problem Azərbaycan cəmiyyətini də narahat edir. Dünyanın əksər inkişaf etmiş dövlətləri kimi Azərbaycanda da gender əsaslı zorakılığın qarşısının alınması üçün müsbət addımlar atılır. Bu, dövlətimizin qanunvericiliyində öz əksini tapmışdır.
Komitə sədri 2010-cu ildə "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikasının Qanununun qəbul olunmasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müstəsna rolunu qeyd etmişdir.
Qadınlara qarşı zorakılıq hallarının səbəblərindən danışan H.Hüseynova demişdir: "Qadınların bir çoxu öz hüquqlarını bilmir, dövlətin verdiyi imkanlardan istifadə etməyi bacarmır. Müstəqil dövlətimizin ali qanunları dövlət qadın siyasətinin həyata keçirilməsi üçün hüquqi müstəvidə böyük imkanlar açır".
BMT-nin rezident əlaqələndiricisi Antonius Broek bildirmişdir ki, zorakılıq hər bir cəmiyyətin iqtisadi, sosial inkişafına mənfi təsir göstərir. Məsələnin tamamilə aradan qaldırılması mümkün olmasa da, hər bir cəmiyyət bu hallara qarşı mübarizə aparmalıdır. Qadınlara qarşı zorakılığın aradan qaldırılması milli-mənəvi dəyərlərin qorunmasına və inkişafına müsbət təsir göstərir. BMT hər kəsin bərabərhüquqlu olmasına çalışır.
Məsələnin hüquqi baxımdan həlli yollarından danışan Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev Azərbaycanda qadınlara qarşı zorakılıqla mübarizə üzrə fəaliyyət proqramının hazırlandığını qeyd etmişdir.
Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayılova hər il noyabrın 25-dən başlayaraq "16 günlük fəallıq" kampaniyası çərçivəsində keçirilən "Qadınlara qarşı zorakılığa yox deyək!" layihəsinin nəticələri barədə məlumat vermişdir.
Tədbir
əməkdar mədəniyyət işçisi Rafiq Rüstəmovun
rəhbərliyi ilə Xan
Şuşinski adına uşaq musiqi məktəbinin məcburi
köçkün tələbələrindən ibarət
"Qarabağ bülbülləri" ansamblının
muğam konserti ilə davam etmişdir.
Azərbaycan.-2012.- 1 dekabr.- S.5.