Bakı Dövlət Universitetində yubiley mərasimi
Bakı Dövlət Universitetində görkəmli Azərbaycan fiziki, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Vladimir Tahirovun anadan olmasının 80 illiyi ilə əlaqədar mərasim keçirildi.
BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov tədbiri giriş sözü ilə açaraq Vladimir Tahirovun şərəfli alim ömründən, səmərəli elmi-pedaqoji və ictimai fəaliyyətindən danışdı.
Professor Məmmədəli Ramazanov Vladimir Tahirovun elmi-pedaqoji fəaliyyəti haqqında məruzə etdi. 1956-cı ildən Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirən Vladimir Tahirov ömrünü elmə bağlayaraq akademiyanın müxbir üzvlüyünə qədər şərəfli bir yol keçib. Hazırda universitetin Yarımkeçiricilər fizikası kafedrasının professoru olan V.Tahirov 400-dən çox elmi əsərin, 10 dərsliyin, 6 monoqrafiyanın, 35 patentin müəllifidir. Onun rəhbərliyi ilə 7 doktorluq, 36 namizədlik dissertasiyası müdafiə edilmişdir. 2001-ci ildən AMEA-nın müxbir üzvü seçilən Vladimir Tahirov bu il də Avropa mətbuat və yayım evi tərəfindən qızıl medala layiq görülüb.
Çıxışlarda akademik Maqsud Əliyev, professorlardan Nadir Qəhrəmanov, Adilə Abbasova, "Azərbaycan" qəzetinin şöbə redaktoru Flora Xəlilzadə və başqaları Vladimir Tahirovun həm alim, həm də insan kimi məziyyətlərindən danışdılar. Uzun illər ərzində tələbələrə "Yarımkeçiricilər fizikası" və "Ümumi fizika" kursları üzrə yüksək səviyyəli mühazirələr oxuyan, genişmiqyaslı tədris-metodiki işlər aparan Vladimir Tahirov Azərbaycan elminin təbliği sahəsində də gərgin əmək sərf edib. O, fizika sahəsində görkəmli alim olmaqla yanaşı, həm də ədəbiyyatı, tarixi dərindən bilən yaradıcı şəxsiyyət kimi də fəaliyyət göstərir. Görkəmli alimin elmi əsərləri, monoqrafiyaları ilə bərabər bədii töhfələri də onun çoxcəhətli yaradıcılıq fəaliyyətindən xəbər verir.
Mərasimin
sonunda Vladimir Tahirov çıxış edərək
universitet rəhbərliyinə, onun əməyini dəyərləndirən,
ünvanına xoş sözlər deyən həmkarlarına,
ardıcıllarına, bütün məclis
iştirakçılarına öz təşəkkürünü
bildirdi.
Azərbaycan.-2012.- 1 dekabr.- S.6.