Qazanılan müvəffəqiyyətlər
gərgin zəhmət hesabına başa
gəlir
Elmlə məşğul olmaq, alim ömrü yaşamaq həm şərəfli, həm də çətindir. Alimin əldə etdiyi hər uğurlu nəticə, qazandığı müvəffəqiyyət gərgin zəhmət, uzun-uzadı axtarışlar, alın təri hesabına başa gəlir. Onlar üçün ən qiymətli qazanc əldə edəcəkləri nəticə, elmə verəcəkləri bəhrədir. Çoxları bu axtarış və tapıntıların müqabilində maddiyyəti də unudurlar. Bir sözlə, elmin zəhmət yükü ağırdır. Ələlxüsus da bu yük zərif qadın çiyinlərinə düşəndə.
Maraqlı faktdır ki, Azərbaycanda bütün elmi işçilərin 55,3 faizini məhz qadınlar təşkil edir. Statistik məlumatlara görə, son 5 ildə elmlər doktoru olan qadınların sayı 31,7 faiz artıb.
Bu gün ölkədə 1900 nəfərə yaxın elmlər doktoru var. Onların yalnız 9-u yaşı 40-dək olanlardır. Bu 9 nəfərdən də tək biri fizika elmləri doktorudur. Maraqlıdır ki, həmin fizik-alim xanımdır. Bu, Azərbaycan Dövlət İqtisad Universitetinin fizika və kimya kafedrasının dosenti Rəna Babayevadır.
...Bakının Nəsimi rayonundakı 42 nömrəli orta məktəbi bitirib. Atası Fikrət müəllim hələ kiçik yaşlarından qızının təhsilə böyük marağını duyduğu üçün onun elm dalınca getməsini arzulayıb. O, dəqiq fənləri daha yaxşı qavrayır, öyrənir və getdikcə də bu sahəyə meyli artırdı. Özü də hiss etmədən fizik kimi yetişirdi. Odur ki, Bakı Dövlət Universitetinə qəbul üçün sənəd təqdim edəndə düşünmədən "fizika fakültəsi"ni yazdı. 1986-cı ildə buraya daxil oldu.
Əmin idi ki, seçimində səhv etməyib. Elə auditoriyaya daxil olduğu ilk gündən müəllimlərin ümumi fizikaya aid mühazirələri, məşğələlər və laboratoriya dərsləri onun seçdiyi ixtisasa həvəsini daha da artırdı.
Azərbaycanın hələ yüz illərlə bundan əvvəl Bəhmənyar, Tusi kimi görkəmli filosofları, dəqiq elmlər sahəsində görkəmli alimləri olsa da, fizika sahəsində ilk elmi tədqiqatlar ötən əsrin 20-ci illərindən başlanıb. İlk vaxtlar bu tədqiqatlar digər elm sahələri ilə müqayisədə çox zəif idi. Yalnız 1950-ci illərdən etibarən Azərbaycanda H.Abdullayev, A.Abaszadə, Z.Əlizadə kimi fizika elmləri doktorları yetişdi.
1960-cı illərin əvvəllərində cəmi 3 nəfər fizika elmləri doktoru olan respublikada 1970-ci illərdə akademik Həsən Abdullayevin bilavasitə rəhbərliyi sayəsində onların sayı xeyli artdı və 1990-cı illərin əvvəllərində artıq 100-ü ötdü. İndi isə onlar 200 nəfərə qədərdir.
Rəna xanım söhbət zamanı vurğuladı ki, "Azərbaycan Respublikasında elmin inkişafı strategiyası haqqında" ölkə Prezidentinin sərəncamı, eləcə də dövlət başçısının fərmanı ilə "Elmin İnkişafına Yardım Fondu"nun yaradılması, AMEA-nın müxtəlif institutlarında aparılan yenidənqurma və onların müasir cihazlarla təmin edilməsi elmin inkişafına böyük təkan verir.
Qadın alimlərimiz arasında fizika elmləri doktorlarının sayının az olması barədə fikrə isə Rəna xanımın öz münasibəti var:
- Düzdür, onların sayı kişilərə nisbətən xeyli azdır, lakin digər elmlərlə müqayisədə heç də geridə qalmır. Ümumiyyətlə, Azərbaycanda fizika elmləri doktorlarının hazırlanmasına əsasən 1960-cı illərin sonlarından başlanıb. Cəmi 10-15 il ərzində isə sayları 4-5 nəfərdən 200 nəfərə qədər çatıb. Həm də onlar bir qayda olaraq Rusiyanın Moskva, Sankt-Peterburq və digər şəhərlərinin elmi mərkəzlərində hazırlanırdı. Odur ki, milli mentalitetimizə uyğun olaraq qadınlar vətəndən kənara çıxmağa az meyil edirdilər. Lakin bu sahədə öz yeri və mövqeyi olan Bakı məktəbi yaranandan sonra vəziyyət xeyli dəyişdi. Akademik Həsən Abdullayev və digər fizik-alimlərin rəhbərliyi ilə qadınlar da neçə-neçə doktorluq dissertasiyası müdafiə etdilər.
Rəna çox sevdiyi fizika sahəsində onun özündən əvvəl bu yüksək elmi dərəcəyə çatmış xanımların adını qürurla çəkir. Deyir ki, həmin sırada başda Zərifə İsgəndərzadə dayanır. Onun ardınca isə S.Mehdiyeva, D.Hüseynova, T.Kərimova, D.Araslı, S.Abdullayeva, R.Qasımova və başqaları elmin bu pilləsinə çatıblar. Professor Zərifə xanım İsgəndərzadə bir laboratoriya və kafedra müdiri, elmi məsləhətçi, rəsmi opponent kimi fizik-alimlərin yetişməsində böyük rol oynayır.
Rəna Babayeva söhbət əsnasında elmdə indiyədək keçdiyi yoldan da danışdı:
- Üçüncü kursun sonuna yaxın belə
dedilər ki, kurs və
diplom işi, eləcə
də müstəqil tədqiqat aparmaq üçün özümüzə elmi rəhbər seçməliyik. Mən professor Əhməd Abdinova
yaxınlaşdım... Təxminən yarım saat
çəkən söhbətimizdən sonra
o, elmi rəhbərim olmağa razılığını bildirdi. Həm də dedi ki, məni rəhbərlik etdiyi
"Bərk cism elektronikası" elmi-tədqiqat
laboratoriyasına yarım ştat laborant vəzifəsinə işə götürür. Yarım ştat laborant işləmək ayda 50 manat məvacib almaq demək idi. Bu məbləğ əlaçı tələbənin
təqaüdündən 10 manat çox idi. Xeyli sevindim. Həmin gündən
dərslər arasında
boş vaxt tapan kimi, eləcə
də dərsdən sonra laboratoriyaya gedirdim. Oradakı müəllim, aspirant və elmi işçilərlə
birlikdə onların apardıqları elmi tədqiqatlarda iştirak edirdim.
Universitetin axırıncı kursunda diplom işini yerinə yetirəndə Rənanın artıq özünün təcrübə
qurğusu var idi. O, müstəqil ölçmələr
apara bilirdi.
Ali təhsilini başa
çatdırdıqdan sonra
gənc mütəxəssis
təyinatla AMEA-nın
Qeyri-üzvi və Fiziki Kimya İnstitutuna
göndərilir. Eyni zamanda, ona bitirdiyi
fakültənin elmi şurasının qərarı
ilə həmin il aspiranturaya
qəbul imtahanlarında
iştirak etmək üçün zəmanət
verilir. Beləliklə,
Rəna Babayeva elə həmin il professor Əhməd
Abdinovun rəhbərlik
etdiyi "Bərk cism elektronikası" elmi-tədqiqat laboratoriyasında
aspiranturaya qəbul olunur. Müsabiqədə
iştirak edən üç nəfər arasında ən çox balı
Rəna toplayır. Laylı quruluşlu indium selen monokristallarının elektron
xassələrinə disprozium
aşqarlarının təsirini
tədqiq etməklə
məşğul olur.
Bu yarımkeçiricilərdə
ilk dəfə olaraq bir sıra yeni
elmi nəticələr
alır.
O vaxt keçən əsrin 90-cı illərinin
əvvəlləri idi.
Ölkədə iqtisadi cəhətdən
tənəzzüllü, siyasi
baxımdan qalmaqallı
bir dövr yaşanırdı. Buna baxmayaraq, gənc alim dissertasiya işini vaxtında başa çatdırıb
müdafiə etdi.
Güman etmək olardı ki, Rəna elə
BDU-da qalıb işləyəcək. Amma bu, belə olmadı. Aspiranturanı əyani bitirən məzunları Təhsil Nazirliyi təyinatla özünün
tabeliyində olan ali təhsil
müəssisələrinə işə göndərirdi.
Həmin
vaxt yeni yaradılmış Bakı
Əmtəəşünaslıq-Kommersiya
İnstitutunda (BDƏKİ) bəzi ixtisaslarda fizika fənni tədris olunurdu. Fizika müəllimləri
isə az
idi. Namizədlik dissertasiyasını müdafiə
edəndən sonra Rənanı həmin ali məktəbə
baş müəllim vəzifəsinə göndərdilər.
Bu, Rəna üçün
gözlənilməz oldu.
O mənada ki gənc alim üçün etimad idi... Gənc tədqiqatçı həm də yarım ştatla BDU-da - "Bərk cism elektronikası" laboratoriyasında əvvəlcə
baş elmi işçi, daha sonra aparıcı elmi işçi kimi çalışaraq axtarışlarını davam
etdirdi.
Rəna xanım doktorluq dissertasiyasını yenə
də BDU-da, doğma "Bərk cism elektronikası" laboratoriyasında müdafiə
etməli oldu. Çünki çalışdığı Bakı Əmtəəşünaslıq
və Kommersiya İnstitutda tədris prosesi üçün yüksək şərait
yaradılsa da, ciddi elmi-tədqiqat işləri aparmaq üçün təcrübə
bazası yox idi. Odur ki, o, yenə
də Əhməd Abdinovun məsləhətçiliyi
ilə laylı quruluşlu kristallar tipli qismən nizamsız yarımkeçiricilərdə
elektron proseslərinin
tədqiqi ilə məşğul oldu və 2007-ci ildə doktorluq dissertasiyasını
müdafiəyə təqdim
etdi. O günləri
xatırlayanda Rəna
deyir ki, müdafiə zamanı elə bil müəllimlərim
qarşısında yenidən
imtahan verirdim. Bu imtahandan uğurla
çıxdığıma çox sevinirdim.
Hazırda R.Babayeva ADİU-nun fizika və kimya kafedrasının
dosentidir. BDU-da
isə fiziki elektronika kafedrasında saat hesabı ilə tələbə və magistrlərə ixtisas kursundan mühazirələr oxuyur.
Rəna xanımın doktorluq dissertasiyası "Nadir torpaq elementləri ilə aşqarlanmış laylı quruluşlu AIIIBVI kristalları tipli qismən nizamsız yarımkeçiricilərdə və onların əsasında hazırlanmış heterokeçidlərdə elektron hadisələrinin xüsusiyyətləri" adlanır. Maraqlıdır ki, alimin aldığı materiallar və onların əsasında yaratdığı strukturlar optimal şəraitdə öz xassələri ilə insan gözünün görmə xüsusiyyətləri ilə çox yaxşı uzlaşır. Bu da onları optoelektronika üçün çox perspektivli edir. Digər tərəfdən, bu nəticələr yüksək effektivliyə malik günəş fotoelementləri hazırlamağa imkan verir.
Uğurları çoxdur cavan alimin. Təhsil Nazirliyinin ilk dəfə keçirdiyi gənc tədqiqatçılar arasında müsabiqənin təbiət elmləri üzrə qalibi olub. Hər il 500-600 saat tədris yükü yerinə yetirməklə yanaşı, həm də elmi məqalələr, tezislər, dərs vəsaitləri yazır. İndiyədək müxtəlif nüfuzlu nəşrlərdə, o cümlədən xarici ölkələrdə - Rusiyada, Türkiyədə, İranda, Fransada, ABŞ-da, Ukraynada 100 elmi əsəri çap olunub. Ali məktəblər üçün 2 dərs vəsaitinin müəllifidir. Elə bir il olmaz ki, elmi konfranslarda çıxış etməsin.
Gələcək arzuları, planları barədə soruşanda isə Rəna xanım qısaca cavab verdi:
- İqtisadiyyat yönümlü ixtisaslar üzrə təhsil alan ali məktəb tələbələri üçün müasir tələblərə cavab verən bir "Ümumi fizika" dərsliyi və bir praktikum kitabı yazmaq, elmi tədqiqatlarımı davam etdirmək, sadəcə - öz işimin öhdəsindən layiqincə gəlmək istərdim.
Onun
bu sözlərində əsl alim təbiiliyi, ciddiliyi və məqsədyönlüyü
hiss edilir.
İradə
ƏLİYEVA,
Azərbaycan.-2012.- 1 dekabr.- S.6.