Yazılı sərvətlər xəzinəsi

 

Kitabxanaların tarixinə ideyaların inkişaf prosesi və onların tədricən həyata keçirilməsi dövrü kimi baxmaq olar. Kitabxanaların tarixi araşdırılarkən onlar tipinə görə antik, xristianlıq, orta əsr, dirçəliş, 18-ci yüz ilmüasir dövr kimi mərhələlərə ayrılır. XIX əsrdə muzey-kitabxana tipi üstünlük təşkil edirdi. Kitabxanaçının rolu isə yazılı sərvətlərin, qiymətli cildlərin toplanması və mühafizəsini təşkil etməkdən ibarət idi. Peşənin adı özlüyündə özü barədə məlumat verirdi: idealda kitabxanaçı mühafizəçi, "konservator" idi. XX əsrin əvvəllərində bu ideya bütün ölkələrdə qırıldı və Amerikadan başlayaraq, Avropada elmi işlərin yerinə yetirilməsi və mədəni səviyyənin yüksəlməsinə xidmət edən vasitəyə çevrildi. Kitabxana işinə ilham verən bütün ideya və prinsiplər beynəlxalq xarakter daşıyır. Müasir kitabxana öz fəaliyyətini biblioqrafik işlər sahəsində daha da gücləndirməyə çalışır. Dünyanın böyük kitabxanaları öz fondlarını təqdim etməkdən ötrü nəhəng biblioqrafik siyahılar hazırlayır.

Müasir kitabxana sistemi nəzəri cəhətdən təkcə öz fondu ilə deyil, müxtəlif ölkələrlə əməkdaşlıq ənənələrini qoruyub saxlamaqla da beynəlxalq aspektə malikdir. Bu əməkdaşlıq intellektual Kooperasiya İnstitutu, Biblioqrafiya Komissiyası və Beynəlxalq Milli Kitabxanalar Assosiyasiyası Konqresi səviyyəsində reallaşdırılır. Beynəlxalq Kitab Komitəsi də mövcuddur, lakin kitabxanalar haqqında vahid beynəlxalq qanunvericilik yoxdur.

Qafqazda ilk dövlət arxivi olan Azərbaycan SSR Mərkəzi Dövlət Arxivi 1921-ci ilin yanvarından etibarən fəaliyyətə başlayıb. Arxivin əsas vəzifəsi çar hakimiyyəti orqanlarının Bakı və Yelizavetpol quberniyalarındakı idarələrin, Azərbaycan ərazisində fəaliyyət göstərmiş xüsusi firmaların, ictimai təşkilatların, habelə 1918-1920-ci illərdə yaranmış ilk müstəqil Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyətinə dair sənədlərin toplanması və qeydiyyata alınması idi. 1920-ci ildə yaradılmış mərkəzi arxivin bazasında Azərbaycan SSR MİK Rəyasət Heyətinin qərarı ilə həmin ilin aprelində respublikamızda iki dəfə Mərkəzi Dövlət Oktyabr İnqilabı Arxivi (kino-fotoşöbəsi ilə) və  Mərkəzi Dövlət Tarix Arxivi yaradılıb.

1925-ci il iyun ayının 6-da Azərbaycanda arxiv işinin inkişafını və tənzimlənməsini təsbit edən Azərbaycan SSR-də arxiv işi barədə daha bir qərar qəbul olunub. Azərbaycan MİK və Azərbaycan SSR XKS-nin bu dekreti arxivlərə olan ehtiyatsız münasibətin dəyişdirilməsinə nəzarətin gücləndirilməsini, ölkə ərazisində milliləşməyə qədərki və sonrakı dövrlərdə fəaliyyət göstərən bütün idarə və müəssisə arxivlərinin fondlarının Vahid Dövlət Arxivi fondunun tabeçiliyinə verilməsini tələb edirdi. 1926-cı il oktyabrın 30-da isə Azərbaycan İcraiyyə Komitəsnin sədr müavini Məşədi Hüseynin imzası ilə köhnə dövrü ədəbiyyatın Dövlət Arxivinə verilməsi ilə bağlı sərəncam çıxıb. Sərəncamda qeyd edilir ki, mədəniyyət, fəhlə hərəkatı, ictimai-siyasi cərəyanlar və xüsusilə də inqilab tarixi ilə bağlı qiymətli material hesab olunan köhnə dövrün bütün ədəbiyyatları, həmçinin fevral inqilabı, I Kommuna, Sentrokaspi diktaturası və Müsavatla bağlı Azərbaycanın sovetləşməsinədək bütün nəşrlər Dövlət Arxivinə təhvil verilsin. Həmin sərəncam 25 noyabrda "Bakinskiy raboçiy" qəzetinin 274-cü nömrəsində dərc edilib.

Nəşriyyatlar, poliqrafiya müəssisələri, redaksiyalars. yerlərdən Dövlət Arxivinə xeyli miqdarda ədəbiyyat daxil olmağa başladı. Bu işin tənzimlənməsi isə Dövlət Arxivinin yeni bir struktur bölməsinin-Arxiv kitabxanasının yaradılmasını zəruri edirdi.

Məlum sərəncamdan sonra müxtəlif müəssisisə və təşkilatlardan xeyli sayda kitab və qəzetlərin daxil olması ilə böyük həcmli işin yaranması əlavə işçi qüvvəsi və bu işlə məşğul ola biləcək ixtisaslı kadrların cəlb edilməsinə zərurət yaradırdı. Beləliklə, kitabxana 4 nəfər işçi heyəti ilə 1927-ci ilin noyabr ayından etibarən fəaliyyətə başladı. O Xalq Daxili İşlər Komissarlığı yanında arxiv şöbəsində arxiv-məlumat  kitabxanası adı daşıyırdı.

Tipinə görə qapalı kitabxana hesab olunurduXDİK-nin arxiv şöbəsinə tabe idi. 1957-ci ildə isə hər iki kitabxana birləşdirilərək Azərbaycan SSR Daxili İşlər Nazirliyinin Arxiv İdarəsinin, 1960-cı ildən isə Azərbaycan SSR Nazirlər Kabinetinin yanında Arxiv İdarəsinin "vahid elmi-məlumat kitabxanası"na çevrilib.

Qeyd etmək lazımdır ki, kitabxana təşkil olunduğu vaxtdan təkcə respublika daxilindəki təşkilatlardan deyil, həmçinin keçmiş SSRİ-nin ayrı-ayrı şəhərlərindən də çap məhsulları alırdı. Təkcə o zamankı Leninqrad (Sankt-Peterburq) şəhərindən 57 adda 86 cilddə Azərbaycan dilində və XIX əsrin sonu, XX əsrin əvvəllərində çap edilən jurnallar daxil olmuşdu. Bundan əlavə kitabxananın fondunda Bakı Qradonaçalnikliyindən daxil olmuş Azərbaycan dilində çox qiymətli orijinal və tərcümələrdən ibarət əlyazmaları da var idi. Həmin əlyazmalar müxtəlif teatr pyeslərindən ibarət idi. Öz növbəsində o zamankı teatr muzeyi həmin əlyazmaları Dövlət Arxivinin kitabxanasından almaq istəsə də, bu niyyət baş tutmadı. Halbuki bu, gələcəkdə Azərbaycan teatr tarixinin, daha çox isə həmin dövr Azərbaycan ədəbiyyatının inkişaf dövrlərinin öyrənilməsi baxımından məqsədyönlü bir idi. Əlyazmalarda rəsmi senzura möhürlərinin olması onların ictimai-siyasi xarakter daşıyan sənəd kimi gələcəkdə çar hökumətinin əyalətlərdə ruslaşdırılmış siyasətləri barədə məlumat verə bilərdi. Bu məsələnin qaldırılmasının hələ çox tez olmasını və bunun üçün xüsusi komissiya yaradılmasının vacibliyi məsələsinin 1927-ci ilin may ayında kitabxananın ilk rəhbərlərindən olan Qiyasbəyov qaldırmışdı və bu narahatlıq öz bəhrəsini verdi. Lakin sonralar həmin əlyazmaları geriyə qaytarmaq şərtilə istifadə etmək üçün muzeyin o zamankı direktoru A.N.Şərifovla bağlanmış müqavilə əsasında teatr muzeyinə təhvil verilsə də onların sonrakı taleyi naməlum olaraq qalır.

1939-cu ilin sonuna olan hesabata görə, kitabxananın fondu 12.040, 1966-cı ildə 30.467, jurnallar 3.388 nüsxə təşkil edib.

2010-cu ilin iyun ayından etibarən elmi - məlumat kitabxanası Milli Arxiv İdarəsinin Yasamal rayonu, Mətbuat prospekti, 593-cü məhəllədə yerləşən yeni binaya köçürülür. Burada kitabxana üçün xüsusi ayrılmış sahədə bina inşa edilmişdir. Müasir informasiya texnologiyaları və xüsusi avadanlıqlarla təchiz edilmiş beş xidməti otaq, bir elmi zaldörd mühafizəxanadan ibarət kitabxananın səmərəli fəaliyyətinə öz təsirini göstərməkdədir. 2011-ci ilin yekunlarına görə, kitabxananın ümumi kitab fondu 41.552, jurnal isə 18.164 nüsxə təşkil edir. Kitabxanada 9.600 qəzet komplekti var.

Hazırda kitab abidələrinin qorunması və istifadəsi dövlət qanunvericiliyi aktları ilə nizamlanır. Respublikada mövcud unikalnadir nüsxələrin, əlyazmaların, dövlət səviyyəsində qorunması məqsədilə Azərbaycan Respublikasının Prezidenti 2007-ci il 11 aprel tarixində "Daşınan əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması Qaydaları"nı təsdiq edən fərman imzalamışdır. Həmin fərmanın icrası məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Kitab abidələri haqqında" Əsasnamə təsdiq edilmişonun əsasında nadirunikal nüsxələrin dövlət reyestrinin tərtib edilməsinə başlanılmışdır. Bu işin həyata keçirilməsində kitabxanamız üzərinə düşən vəzifələri yerinə yetirməklə öz töhfəsini verməyə hazırdır.

Müasir kitabxanaların işində bir sıra innovasiyaların yaranması müasir kompyuterlərin və telekommunikasiya texnologiyalarının tətbiqi ilə sıx surətdə bağlıdır.  Kompyuterin meydana gəlməsi biblioqrafiya işinə güclü təsir göstərib. Məlumat resurslarının hazırlanması kartotekaların həm ənənəvi, həm də maşınla oxunacaq formada aparılması, biblioqrafik göstəricilərin tərtibi, oxuculara avtomatlaşdırılmış məlumat xidmətinin həyata keçirilməsi, resursların internet vasitəsilə öyrənilməsi və s. kompyuterləşməni tələb edir.

Fondun balanslaşdırılmış təşkili elmi-məlumat kitabxanasının əsas prinsipial vəzifəsidir. Respublikada elmi kitabxanalara dair kitab təminatı standartları işlənib hazırlanmadığından, komplektləşdirilmə sərbəst şəkildə və idarənin maliyyə imkanları hesabına aparılır. Komplektləşdirmə zamanı ilk növbədə arxiv əməkdaşlarının, tədqiqatçıların sorğuları və tələbləri əsas götürülür. Beləliklə, komplektləşdirilən sənəd axınının mövzunöv həddinin müəyyən edilməsi fondun modelinə uyğun həll edilir. Elmi-məlumat kitabxanasının komplektləşdirilməsi, adətən, kitabların satış yolu ilə alınması və çox az hallarda hədiyyə verilməsi hesabına olur. Gələcəkdə maliyyələşmə aparılarkən elektron resurslarla bağlı xərclərə dair xüsusi maddələrin ayrılması da məqsədəuyğun olardı. Bu işin müsbət həlli üçün birgə qərarlar vacibdir. Dövlətin komplektləşdirmə işində rolu böyükdür. 1999-cu il 27 iyul tarixdə ümummilli lider Heydər Əliyev Milli Arxiv Fondu haqqında Azərbaycan Respublikasının qanunu imzalamışdır. Həmin qanuna əsasən, əlyazmaları, xüsusi əhəmiyyətə malik kitablarkitabçalar, elmi, ədəbi, musiqi əsərləri və s. Milli Arxiv Fonduna daxil edilən çoxsaylı sənədlər təsnifatına aid edilmişdir. İdarənin elmi-məlumat kitabxanası adından göründüyü kimi, Azərbaycanın keçmişibugünü ilə bağlı qiymətli materialları respublikamızın gələcəyi naminə mühafizə edərək nəsildən-nəslə ötürmək prinsipi ilə fəaliyyət göstərir. "Kitabxana işi haqqında" Azərbaycan Respublikası Qanuna əsasən, kitabxanalar dövlət və qeyri-dövlət nəşriyyatları tərəfindən buraxılan, profilinə uyğun çap məhsullarını və digər informasiya daşıyıcılarını ilk növbədə almaq hüququna malik olsa da, təəssüf ki, müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilmiş qaydada kitabxana kollektoru, kitab ticarəti müəssisələri, nəşriyyat orqanları, ayrı-ayrı şəxslərlə aparılan müvafiq əməliyyatlar, məcburi nüsxələrin alınması, abunə, bağışlama və vərəsəlik əsasında miras qalmış nəşrlərin verilməsi, habelə beynəlxalq və ölkədaxili kitab mübadiləsi yolu ilə təmin edilir. Müvafiq icra hakimiyyəti orqanlarının tabeçiliyində olan kitabxana fondlarının yeni nəşrlərlə komplektləşdirilməsinə vəsait ayrılır. Lakin bəzi aidiyyəti maliyyə idarələri tərəfindən bu işin həyata keçirilməsinə bir sıra əngəllər törədilir.

Öz profilinə uyğun olaraq bu kitabxananın bütün kartoqrafik materiallarla təchiz edilməsi də olduqca vacibdir. Ölkə universitetlərində nəşr olunan dərgilərin və elmi əsərlərin rəqəmsal surətləri dövlət qanun, qərar və qətnamələrinin, sərəncamların, mikroafişaların verilməsi hesabına da sənəd fondumuzu zənginləşdirmək ən ümdə məsələlərdəndir.

Xidmət işində prinsipial məqsədimiz kitabxananın əsas fondunun əlçatan olmasıdır. Kitabxanamızın əməkdaşları tədqiqatçılara fondla tanışlıq və ondan istifadə etmək, sorğunu dəqiqləşdirmək və digər məlumatların alınması istiqamətində kömək edirlər. Hərtərəfli təşkil edilmiş kitabxana infrastrukturlarının-informasiya texnologiyaları, kitabxana sistemləri, rəqəmsal təşəbbüsçü kitabxana kimi vacib struktur bölmələri olması istifadəçiyə yüksək keyfiyyətli xidmətin təqdim edilməsi deməkdir. Müasir elmi-tədqiqat proseslərinin tələblərinə uyğunlaşmadan isə kitabxanaların cəmiyyətin məlumat institutu olaraq alternativ inkişafı mümkün deyil. Buna görə də XXI əsrdə kitabxanalar insanların sərbəst məlumat almaq hüququnu həyata keçirməsini təmin edən sosial institutlardan birinə çevrilməlidir.

 

 

Yemən CABBARLI,

Milli Arxiv İdarəsi Elmi-məlumat kitabxanasının müdiri

Azərbaycan.-2012.- 1 dekabr.- S.6.