Azərbaycanın və Macarıstanın hakim partiyaları əməkdaşlıq

 sazişinin imzalanması barədə razılıq əldə etmişlər

 

Yeni Azərbaycan Partiyası ilə Macarıstanın hakim Fides Partiyası arasında yaxın zamanlarda əməkdaşlıq sazişinin hazırlanması və imzalanması barəsində razılıq əldə edilmişdir.

Bununla bağlı razılıq Macarıstanda səfərdə olan Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov ilə Fides Partiyası sədrinin birinci müavini, Debretsen şəhərinin meri, Macarıstan parlamentinin üzvü Koşa Layoş ilə görüşdə əldə olunmuşdur. Görüşdə hakim partiyalar və onların gənclər təşkilatları arasında münasibətlərin daha da genişləndirilməsi, ikitərəfli və çoxtərəfli müstəvidə parlament fəaliyyətinin əlaqələndirilməsi barəsində fikir mübadiləsi aparılmışdır.

Bundan əlavə, hər iki partiyanın gənclər təşkilatlarının Azərbaycanda və Macarıstanda təşkil olunan "yay məktəbləri"ndə iştirakı ilə bağlı təklif də məmnunluqla qarşılanmışdır. Partiyalararası dialoqu davam etdirmək məqsədi ilə YAP sədrinin müavini Əli Əhmədov Koşa Layoş başda olmaqla Fides Partiyasının nümayəndə heyətini Azərbaycana səfərə dəvət etmişdir. Dəvət məmnunluqla qəbul olunmuşdur.

Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev və YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı görüşdə iştirak etmişlər.

 

 AzərTAc

Azərbaycan.-2012.- 2 dekabr.- S.3.