Azərbaycan yüksək səviyyədə
beynəlxalq
konfranslar keçirməyə qadirdir
Bu günlərdə Bakıda daha bir möhtəşəm toplantı keçirildi. Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QİƏT PM) Baş Assambleyasının 40-cı plenar sessiyasına ev sahibliyi etdi. Yüksək səviyyədə təşkil olunan bu toplantıda mühüm qərarlar qəbul edildi və Azərbaycana gələn 10 dövlətin nümayəndə heyəti ölkəmizin qısa bir zamanda sürətli inkişafının şahidi oldu.
Son dövrlər Azərbaycanın xarici əlaqələri daha da genişlənib, tərəfdaş ölkələrin sayı artıb və demək olar ki, Bakıda hər həftə müxtəlif beynəlxalq tədbirlər keçirilir. Bu da onu göstərir ki, Azərbaycan, həqiqətən, Avropa ilə Asiya arasında körpü rolunu oynayır.
Noyabrın 26-28-ində Milli Məclisdə təşkil olunan QİƏT PM Baş Assambleyasının 40-cı plenar sessiyasında isə Azərbaycan nümayəndə heyəti üzərinə düşən vəzifəni yüksək səviyyədə həyata keçirdi. Bütün iştirakçılara Azərbaycan həqiqətləri, ölkənin sosial-iqtisadi inkişafı və Ermənistanın işğalçı siyasəti barədə ətraflı məlumat verildi.
Qəzetimizin əməkdaşı ilə söhbətində Azərbaycanın QİƏT PM-dəki nümayəndə heyətinin rəhbəri, qurumun Parlament Məclisi sədrinin müavini Asəf HACIYEV bildirdi ki, noyabr ayında Bakıda bir sıra mühüm toplantılar keçirilib. Bunlardan biri Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) VII Baş Assambleyası, digəri isə QİƏT PM Baş Assambleyasının 40-cı plenar sessiyasıdır. Bu toplantılarda iştirak edən siyasətçilər, diplomatlar və digər şəxslər Azərbaycan həqiqətləri haqqında geniş məlumat əldə ediblər. Bu isə o deməkdir ki, artıq Azərbaycan beynəlxalq arenada həm Avropa, həm də Asiya dövlətləri tərəfindən tanınmış bir ölkə kimi qəbul olunur. Azərbaycan dünyada nüfuzlu bir dövlət kimi qəbul edilir. Onun sözlərinə görə, QİƏT PM Baş Assambleyasının 40-cı plenar sessiyası isə tarixi bir toplantı oldu: "Mən xatırlamıram ki, hansısa assambleyanın iclasında 3 ölkənin spikeri iştirak etsin. Bakıda keçirilən iclasda Azərbaycan, Türkiyə və Bolqarıstan parlamentinin rəhbərləri iştirak etdilər. Bu toplantıya 15-dən çox beynəlxalq təşkilatın nümayəndələri qatılmışdılar. Onlar hər zaman belə toplantılara qoşulmurlar. Bu isə o deməkdir ki, Azərbaycanın, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi siyasət bu gün dünya tərəfindən qəbul olunur".
Ermənistanın bu toplantıya qatılmamasına gəlincə isə, Asəf Hacıyev bildirdi ki, Azərbaycan torpaqlarını işğal etmiş və dünyanı öz yalan əməlləri ilə çaşdırmağa çalışan bu ölkənin parlament rəhbərliyinin yalan danışması QİƏT-yə üzv olan bütün dövlətləri təəccübləndirib. Çünki rəsmi şəkildə bu ölkəyə dəvət məktubu göndərilib və yazılı şəkildə təsdiq cavabı alınıb. Ancaq sonradan bu ölkənin spikeri açıqlama verərək onlara dəvətin gəlmədiyini deyir və sonra da həqiqət üzə çıxdıqda məktubun itirildiyi bildirilir: "Necə olur ki, bir gün öncə toplantıya qatılacaqlarını bildirirlər və sonra məktubun itdiyini deyirlər. Mən hesab edirəm ki, Ermənistan məktubu yox, artıq öz başını itirib. Bu da təbiidir. Çünki bütün sahələr üzrə tənəzzülə uğrayan bu dövlətdə istənilən hadisə baş verə bilər. Ancaq bütün iştirakçı dövlətlər onların bu yalanları barədə məlumatlı oldular və Ermənistan bir daha iç üzünü göstərdi".
A.Hacıyev onu da bildirdi ki, Azərbaycan Milli Məclisi QİƏT PM çərçivəsində əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin dərinləşməsinə böyük əhəmiyyət verir. Altı ay bundan əvvəl Azərbaycan parlamenti quruma sədrliyi qəbul etdi və bu şərəfli missiyanı layiqincə yerinə yetirdi. Bu müddətdə təşkilatın fəaliyyəti daha da təkmilləşdi, onun beynəlxalq nüfuzu bir qədər də yüksəldi.
QİƏT PM-in Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin sədri, Milli Məclisin deputatı Jalə ƏLİYEVA isə deyir ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bir çox beynəlxalq təşkilatların bərabərhüquqlu üzvüdür və gedikcə artan nüfuzu ölkəmizin dünya dövlətləri içərisində layiqli bir yer tutmasına yol açmaqdadır: "Bir çox beynəlxalq təşkilatların üzvü olduğu kimi, Azərbaycan 20 il öncə yaradılmış Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının da üzvüdür. Altı ay öncə qurumun toplantısı Ermənistanda keçirildi və biz orada ev sahibliyini qəbul etdik. Bu gün Azərbaycanın QİƏT PM Baş Assambleyasında təmsilçiliyi ölkəmiz üçün çox vacibdir. Çünki istər iqtisadi, istərsə də sosial və digər sahələrdə Azərbaycanın qazandığı uğurlar bu quruma üzv olan ölkələr tərəfindən qəbul edilir və əməkdaşlıq artır. Müstəqilliyini 21 il öncə qazanmış bir ölkənin belə sürətli inkişafını görmək istəyən dövlətlərin sayı artır. Bütün bunlar Azərbaycan dövlətinin uğurlarıdır, aparılan məqsədyönlü siyasətin nəticəsidir".
J.Əliyeva deyir ki, QİƏT PM Baş Assambleyasında iştirak edən 100-dən artıq əcnəbi deputat Azərbaycanın iqtisadiyyatının astronomik sürətlə inkişaf etdiyinin canlı şahidi olublar. Bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edən Azərbaycan dövləti artıq dünya tərəfindən qəbul edilir və təhlükəsizlik baxımından da toplantıların keçirildiyi ən müsbət məkan hesab olunur. Artıq Azərbaycan həm Avropa, həm də Asiyada tolerantlığı, humanistliyi, mədəniyyəti ilə tanınan bir dövlətə çevrilib.
QİƏT PM-də Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Musa Quliyevin sözlərinə görə, Azərbaycanın son illərdə beynəlxalq nüfuzunun artması adı çəkilən qurumdakı fəaliyyətində də özünü göstərir. Bu gün Azərbaycanın razılığı olmadan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında heç bir qərar qəbul olunmur. İstənlən qərarın qəbulu zamanı Azərbaycanın rəyi öyrənilir və bu, dövlətin gücündən xəbər verir. "Azərbaycanda hər ay, hər həftə siyasət, iqtisadiyyat, hüquq məsələləri, mədəniyyətlə bağlı beynəlxalq tədbirlər keçirilir və bu, ölkəmizin dünya miqyasındakı nüfuzunu göstərir. Eyni zamanda, bütün sahələrdə inkişaf edən Azərbaycanın beynəlxalq birlik tərəfindən qəbul edildiyini təsdiq edir. Çünki bu gün Azərbaycanın istənilən səviyyədə, istənilən formada toplantı keçirmək imkanı, gücü vardır". Deputat hesab edir ki, bütün bunlar Azərbaycan iqtisadiyyatının inkişafının, dövlətçiliyinin möhkəmlənməsinin nəticəsidir. M.Quliyev onu da bildirdi ki, QİƏT PM Baş Assambleyasının 40-cı plenar sessiyasında çıxış edən deputatların əksəriyyəti bu toplantının digər ölkələrdən daha fərqli keçirildiyini, Bakının qısa zamanda zövq oxşayan paytaxta çevrildiyini, Azərbaycanın tolerant bir ölkə olduğunu söylədilər.
Bütün
bunlar onu göstərir ki, Azərbaycanın gələcək
dövrdə Cənubi Qafqaz regionu ilə müqayisə olunmayacaq
dərəcədə belə bir ünvana çevrilməsi və
mühüm transmilli proseslərin, geopolitik hadisələrin
önəmli bir nöqtəsində olması ölkənin
beynəlxalq sistemdə yerini möhkəmləndirəcək
və gələcəkdə Azərbaycanı ən vacib
problemlərin həllində mühüm söz sahibinə
çevirəcəkdir.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2012.- 2 dekabr.- S.4.