O, ömrün səksəninci
payızını da bahar
həvəsi ilə yaşayır
Həyatda zamanla, məsafə ilə ölçülən hər şeyi qısaltmaq, yaxud uzatmaq mümkündür, təkcə ömürdən başqa. Ömür Tanrının bəndəsinə qismət payıdır. Nə qədər ömür sürəcəyini Yaradandan başqa heç kim bilməz. Odur ki, Tanrının verdiyi bu əvəzsiz sərvəti gərək elə "xərcləyəsən" ki, sonradan etdiklərinin əzabını, ağrısını çəkməyəsən, nəyə görəsə təəssüflənməyəsən. Bu məqamda Şərqin böyük düşüncə sahibi Mövlanənin dediklərini yenidən yada salmağı özümə borc bilirəm: "Ey insan, sən düşüncədən ibarətsən. Geriyə qalan ət və sümükdür. Gül düşünərsən, gülüstan olarsan, tikan düşünərsən, tikanlıq". Bu mənada, ömrünün 80-ci payızını bahar həvəsi ilə yaşayan, nəcib əməlləri, xeyirxah işləri həyat amalına çevirən Şəmsəddin Axundovun qismətinə də yunanların "yaşlılar xoşbəxtdir" kəlamının hikmətindən pay düşmüşdür.
Bu mülayim payız günlərində ömrün müdriklik zirvəsindən keçdiyi yola nəzər salan Şəmsəddin müəllim 80 illik yubileyini bahar həvəsi, gənclik əhval-ruhiyyəsi ilə qeyd edir. Kimdir Şəmsəddin Axundov? Bu dünyada onun missiyası nədən ibarətdir? Səksən illik ömür yolunda onun bioqrafiyasına nələr yazılmışdır?
Bu suallara axtardığım cavabları Şəmsəddin müəllimin tərcümeyi-halını vərəqləyərkən tapdım.
Şəmsəddin Axundov 1932-ci il dekabrın 3-də Bakı şəhərində sadə bir ailədə dünyaya göz açıb. Paytaxtımızdakı 51 nömrəli orta məktəbi əla qiymətlərlə başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) jurnalistika şöbəsinə daxil olub. 1956-cı ildə universiteti bitirdikdən sonra müxtəlif hökumət qurumlarında, ictimai-siyasi təşkilatlarda işləyib. Harada işləməsindən, hansı vəzifədə çalışmasından asılı olmayaraq mənəvi keyfiyyətləri, yüksək intellekti, peşəkarlığı və sədaqəti ilə seçilib, fərqlənib.
"Dünya insan üçün qaranlıq gecədir. Burada öz işığını hər kəs özü tapmalıdır" deyiminin həqiqət olduğuna hamıdan çox inanan Şəmsəddin Axundov öz işığını tapmaq və yandırmaq üçün çox zəhmətlərə qatlaşıb.
Şəmsəddin Axundov 1956-1965-ci illərdə Mədəniyyət Nazirliyində metodist-inspektor, baş metodist, şöbə müdiri vəzifələrində çalışıb. Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində məsul katib, sədr vəzifələrində çalışan Ş.Axundov 1969-1981-ci illərdə Azərbaycan Həmkarlar İttifaqları Şurasında şöbə müdiri işləyib. Hər bir oxucunun ən sevimli məkanına çevrilən və hamımızın yaddaşında məbədə dönən M.F.Axundzadə adına Milli Azərbaycan Kitabxanası Şəmsəddin müəllim üçün daha unudulmaz bir yerdir. Bizlərdən fərqli olaraq o bu məkana düz 6 il bir işçi kimi gəlib-gedib. 1981-1987-ci illərdə Şəmsəddin müəllim bu bilik məbədində elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb. Tale elə gətirib ki, Şəmsəddin Axundov yenidən Mədəniyyət Nazirliyinə qayıtmalı olub. Bu dəfə isə ona daha məsul işlər həvalə edilib. Ölkəmizin tarixində əsl sınaq dövrünə çevrilmiş 1988-ci ildə nazirliyin mədəni-maarif müəssisələri idarəsinə rəis təyin olunan Şəmsəddin Axundov burada bir çox vəzifələrlə yanaşı, nazir müavini postuna qədər irəliləyib, həmçinin Azərbaycan Respublikası Nazirlər Sovetinin qərarı ilə Mədəniyyət Nazirliyi Kollegiyasının üzvü təyin olunub.
Şəmsəddin Axundovun ömür tarixçəsini vərəqləyərkən istər-istəməz görkəmli ədiblərdən birinin "Böyük adam heç bir məslək və sənəti kiçik hesab etməyən adamdır" ölməz fikrini xatırlayıram. Bu mənada, Şəmsəddin müəllim harada və hansı işi görməsindən asılı olmayaraq, vəzifəsini böyük həvəs və ürəklə yerinə yetirib, həyatda nail olduqlarını zəhməti bahasına qazanıb.
Səksən yaşlı yubilyarın əməyi layiqincə qiymətləndirilib. O, "Şərəf nişanı", "Qırmızı əmək bayrağı" ordenləri, "Əla mədəniyyət işçisi" medalı ilə təltif edilib. Onun layiq görüldüyü mükafatları sadalamaqla hörmətli oxucuları yormaq istəmirəm. Bunu heç Şəmsəddin müəllimin özü də istəmir. Çünki təvazökarlıq, ağır oturub batman gəlmək Şəmsəddin müəllimin portret cizgilərini tamamlayan əsas ştirxlərdəndir.
Hazırda Şəmsəddin Axundov Milli Aviasiya Akademiyasında çalışır. O bu ali təhsil ocağında Aviasiya tarixi muzeyinin fəal qurucularından biri və ilk direktoru olub. İndi isə yubilyar akademiyanın ictimaiyyətlə əlaqələr üzrə prorektorudur. Ömrün müdrik çağında gənclərlə işləmək Şəmsəddin müəllimə zövq verir.
AzərTAc-ın müxbiri kimi yolum akademiyaya düşəndə mütləq Şəmsəddin müəllimlə görüşürəm. Onun şirin söhbətlərini dinləyir, hazırlayacağım materialın mənim üçün qaranlıq olan məqamlarını soruşur, məsləhətlərindən faydalanıram. Şəmsəddin müəllim mətbuat nümayəndələri ilə görüşlərə həvəslə razılıq verir. Çünki onun özü də ixtisasca jurnalistdir.
Bu yubiley günlərində Şəmsəddin müəllimə ünvanlanmış təbriklər sırasında Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin də məktubu vardır. Hörmətli rektorun səmimi təbrik məktubunda deyilir: "Siz yaşınızın bu müdrik çağında da Milli Aviasiya Akademiyasının uğurlu fəaliyyəti naminə yorulmaq bilmədən çalışır, bilik və bacarığınızı əsirgəmirsiniz. Elə sizi kollektiv üzvlərinə sevdirən də bu keyfiyyətinizdir. Bir daha sizə uzun, sağlam ömür arzulayırıq". İnsana bundan gözəl nə arzulamaq olar ki...
Vaxtın yel qanadında Şəmsəddin Axundov heç nəyə məhəl qoymadan çalışmaq, yaratmaq həvəsi ilə hər gün öz doğma iş yerinə - akademiyaya üz tutur. Onun üçün yaşın yox, yaşamağın, özü də mənalı, dəyərli yaşamağın fərqi var. Bəlkə də bu səbəbdəndir ki, onun ömür kredosunun ana xəttini insana, insanlığa xidmət, kimə isə gərəklilik, yaxşı işçi, gözəl dost, qiymətsiz həmkar, əvəzsiz ata kimi müqəddəs dəyərlər təşkil edir. Ömrünün 80-ci payızını bahar həvəsi ilə yola salan Şəmsəddin Axundovu yaşamağa-yaratmağa ruhlandıran da elə bu ülvi hisslərdir.
Suvar İbadov,
AzərTAc-ın müxbiri
Azərbaycan.-2012.- 2 dekabr.- S.6.