Azərbaycan şərqşünaslığının
ağsaqqalı
Ümummüsəlman mədəniyyətinin yaradıcılarından olan Azərbaycan xalqının mütəfəkkir və alimləri əsrlər boyu bu mədəniyyətə öz qiymətli töhfələrini verərək onu zənginləşdirmişlər. Bu zəka və ziya sahiblərinin yaratdığı əsərlər, onların adlarını islam mədəniyyəti tarixinə, eləcə də Azərbaycan xalqının tarixinə əbədi həkk etmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü akademik Vasim Məmmədəliyev məhz belə alimlərdəndir.
Akademik Vasim Məmmədəliyevin ilahi lütfdən qaynaqlanan istedadı, dərin elmi təfəkkürü, heyrətamiz hafizəsi, yorulmaz pedaqoji fəaliyyəti, əsl ziyalı və şəxsiyyətə xas səciyyəvi xüsusiyyətləri təzahür etdirməsi onu fenomen şəxsiyyətlər sırasına daxil etmişdir. Ziyalı adının məsuliyyətini çiyinlərində ləyaqətlə daşıyan, sahib olduğu mövqeyə uzun illərin gərgin zəhməti, inadkar fəaliyyəti ilə yetişən Vasim Məmmədəliyev həm elmi ictimaiyyət və xalq arasında, həm də Vətənimizin hüdudlarından kənarda böyük şöhrət qazanmışdır.
Vasim Məmmədəliyev 1942-ci ildə Bakıda həkim ailəsində anadan olmuşdur. 1959-cu ildə Bakının 113 saylı orta məktəbini bitirib Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş, 1964-cü ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1964-1967-ci illərdə ADU-nun sami dilləri üzrə əyani aspiranturasına daxil olmuş, Tbilisiyə ezam edilərək aspiranturanı orada akademik G.V.Seretelinin rəhbərliyi altında bitirmişdir. Alim 1968-ci ildə "Müasir ərəb, Azərbaycan dillərində və Bağdad dialektində felin zaman formalarının müqayisəli-tipoloji təhlili" mövzusunda namizədlik, 1974-cü ildə isə "Müasir ərəb ədəbi dilinin felin zaman, şəxs və şəkil kateqoriyaları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1979-cu ildən BDU-nun Ərəb filologiyası kafedrasının professorudur. 1981-1991-ci illərdə BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı, 1991-1992-ci illərdə BDU-nun humanitar fakültələr üzrə prorektoru vəzifəsində çalışmışdır.
Vasim Məmmədəliyev 1991-ci ildən indi yə qədər BDU-nun Ərəb filologiyası kafedrasının müdiri, eyni zamanda, 1993-cü ildən İlahiyyat fakültəsinin dekanıdır.
Alimin yaxınlarda işıq üzü görmüş biblioqrafiyasında onun bu günədək 41 kitab, 6 tərcümə əsəri, 19 redaktə kitabı nəşr etdirdiyi və 40 elmlər namizədi, 5 elmlər doktoru yetişdirdiyi göstərilir.
Akademik "Ərəb ədəbi dilində felin zaman, şəxs və şəkil kateqoriyaları", "Bəsrə qrammatika məktəbi", "Kufə qrammatika məktəbi", "Ərəb dilçiliyi" adlı əsərləri ilə ərəb dilçiliyinin ən ümdə məsələlərinin kamil tədqiqatçısı kimi şöhrət qazanmışdır. Onun elmi nəticələri VII əsrdən bəri Bəsrə, Kufə, Bağdad, Misir və Əndəlus filoloqları arasında böyük diskussiyalara, klassik ərəb dilinin fonetika, morfologiya, sintaksis və leksikologiyasında mübahisə doğurmuş bir çox məsələnin müasir dilçilik elminin nəticələri əsasında aydınlaşdırılmasına əsaslı zəmin yaradır.
Alimin bu əsərlərində bir sıra faktlar müxtəlif sami dilləri ilə müqayisəli şəkildə araşdırılmış, klassik ərəb dilinin materiallarına müraciət olunmuş, həmçinin Azərbaycan, rus, ingilis, fars, tacik və sair dillərin faktlarından müqayisəli şəkildə istifadə olunmuşdur. Həmçinin ərəb dilçilik elminin təşəkkülü haqqında yeni mülahizələr irəli sürülmüş, müasir dilçiliyin bir sıra cərəyanlarının mövzu ətrafında fikir və mülahizələri geniş təhlil olunmuşdur.
V.Məmmədəliyev kökləri orta əsrin dərinliklərinə gedib çıxan Azərbaycan şərqşünaslığının ən layiqli davamçısı, müasir şərqşünaslıq elmimizdə Mirzə Kazım bəy ənənələrinin daşıyıcısıdır. Həqiqətən, əsas tədqiqat sahəsinin ərəb dilçiliyi olmasına baxmayaraq, onun əsərlərində Şərq filologiyası, Şərq poeziyası, islam tarixi, kəlam, fəlsəfə, təfsir, quranşünaslıq, leksikoqrafiyanın ən mühüm məsələləri tədqiq olunmuşdur və o bu sahələrdə də qiymətli əsərlərin müəllifidir.
Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsi keçmiş SSRİ-də yüksək səviyyəli şərqşünas mütəxəssislər hazırlayan məktəb imicini qazanmışdır. Dünyanın hər yerində Ələsgər Məmmədov kimi ərəbşünas alim-pedaqoqun məktəbinin məzunları seçilib-sayılan ərəbşünaslar hesab edilirdi.
Bu məktəbin nümayəndəsi, sonralar isə akademik G.V.Seretelinin nəzəri məktəbini keçmiş Vasim müəllim geniş diapazonlu, universal biliklərə sahib ərəbşünas kimi formalaşmışdır. Klassik və müasir dilçiliyin bir çox nümayəndələrinin əsərlərinə dərindən vaqif olan və onlara yaradıcı şəkildə şərh verməyi bacaran, dilin ruhunu və məna dünyasını idrak edən Vasim müəllim məhz bu istiqamətdə araşdırmalar aparmağa üstünlük vermişdir.
Hörmətli akademik ilk dəfə olaraq ərəb qrammatika məktəblərini sistemli şəkildə tədqiq etmiş, məşhur Bağdad, Əndəlus, Bəsrə, Kufə, Misir qrammatiklərinin əsaslandıqları nəzəri və metodoloji prinsipləri yüksək səviyyədə öyrənmişdir. Bir çox qədim ərəb mənbələrindən faydalanan alim ərəb dilçilik elminin əsas inkişaf yollarını izləməklə, bu mühüm qrammatika məktəblərinin təlimlərini müqayisəli şəkildə şərh etmişdir. V.Məmmədəliyev özünün "Ərəb dilçiliyi" adlı fundamental əsərində ilk dəfə olaraq "ərəb dilçiliyinin Azərbaycan məktəbi" ifadəsini işlətmiş və Azərbaycanda dilçilik ənənəsinin çoxəsrlik tarixə malik olduğunu sübut etmişdir. Ümumiyyətlə, akademikin "Ərəb dilçiliyi" monoqrafiyası nəinki ərəb dilçiliyinin ən ümdə məsələlərinin mükəmməl tədqiqi, həmçinin ümumi dilçilik elminin inkişafına təkan verən mühüm bir hadisə kimi dəyərləndirilməlidir. Ərəb qrammatika elminin təşəkkülü və onun məktəblərinin öyrənilməsinə həsr olunmuş bu fundamental əsər Vasim müəllimin dünya şərqşünaslığına layiqli töhfəsidir. Təsadüfi deyil ki, akademikin bir sıra beynəlxalq elmi konfrans və yığıncaqlardakı məruzələri həmişə sanballı elmi nəticələri ilə ərəb dili mütəxəssislərinin böyük marağına səbəb olmuşdur. O, İraq Elmlər Akademiyasının, Suriya İslam Elmləri və Ərəb Filologiyası Akademiyasının və İslam Konfransı Təşkilatının İslam hüququ Akademiyasının akademiki kimi şərəfli ad daşıyır və ərəb dilçiliyi sahəsində danılmaz nüfuz sahibidir.
Görkəmli şərqşünas alim Azərbaycanda islam dininin elmi əsaslarla öyrənilməsinin təbliği məsələsinin ilk təşəbbüskarlarındandır. Bu gün akademik Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinə başçılıq edir. Həmin fakültə ölkəmizdə ilahiyyat və islamşünaslıq üzrə hərtərəfli savadlı mütəxəssislərin hazırlanmasında böyük rol oynayır. Respublikamızda islamla bağlı mövhumat xarakterli ədəbiyyatın yayılmasının qarşısını almaq üçün Qafqaz Müsəlmanları İdarəsinin nəzdində Elmi-Dini Şuranın yaradılması çox önəmlidir. Təsadüfi deyil ki, belə bir mötəbər şuraya məhz Vasim müəllim başçılıq edir. Yaddan çıxarmamalıyıq ki, Azərbaycan Şərqlə Qərbin mərkəzində yerləşir. Bu baxımdan ilahiyyat üzrə yüksək səviyyəli və peşəkar mütəxəssislər indi dünyaya inamla inteqrasiya edən müstəqil respublikamız üçün çox vacibdir. Ölkələrarası münasibətlərin, iqtisadi, mədəni, elmi əlaqələrin formalaşması və inkişafında din faktoru, bu dini təmsil edənlərin professionallığı mühüm əhəmiyyət kəsb edir.
Bu gün islam dininin mahiyyəti, eləcə də onun incəliklərinə bələd olan yüksək səviyyəli mütəxəssislərin hazırlanması obyektiv bir zərurətdir. Vasim müəllim bu çətin, lakin şərəfli işin də öhdəsindən uğurla gəlir.
1991-ci ildə müqəddəs kitabımız Qurani-Kərim mərhum akademik Ziya Bünyadov və akademik Vasim Məmmədəliyev tərəfindən Azərbaycan dilinə tərcümə edilmişdir. Bu, ölkənin elmi-mədəni həyatında mühüm hadisə idi. Tərcümənin nəşri ölkəmizdə islama, bu dinin tarixinə, fəlsəfəsinə və mədəniyyətinə dair araşdırmalara güclü təkan verdi və Quranın dəqiq məzmunu barədə təsəvvür əldə etməyə imkan yaratdı.
Qeyd etmək lazımdır ki Qurani-Kərimin Azərbaycan dilinə tərcüməsinə orta əsrlərdən cəhd olunsa da, bu iş yalnız 1904-1906-cı illərdə Bakı qazisi Mir Məhəmməd Kərim ağa tərəfindən həyata keçirildi. 3 cilddən ibarət tərcümə-təfsirin işıq üzü görməsində Azərbaycan xalqının fədakar oğlu Hacı Zeynalabdin Tağıyevin xidməti danılmazdır. 1908-ci ildə isə Zaqafqaziya şeyxülislamı Məhəmməd Həsən Mövlazadə Şəkəvi Tbilisidə Qurani-Kərimin 2 cildlik tərcümə-təfsirini nəşr etdirmişdir. Bu əsər öz kamilliyi ilə həm Zaqafqaziya, həm də Cənubi Azərbaycanda şöhrət qazanmışdır.
Qurani-Kərim çox bəlağətli, fəsahətli bir dildə nazil olmuşdu. Əsrlər boyu Şərqin ensiklopedik biliklərə malik nüfuzlu alimləri Qurana şərhlər yazmışlar, lakin müqəddəs kitabın bir çox ayələri öz əsrarəngizliyini qoruyub saxlamaqdadır. Qurani-Kərimin nazil olduğu ərəb dili öz leksik fonduna görə dünyanın ən zəngin dillərindən biridir. Qeyd olunan bu faktlar Qurani-Kərimin Azərbaycan dilinə tərcümə prosesinin mürəkkəbliyinə dəlalət edir. Vasim müəllim mərhum akademik Ziya Bünyadovla birgə bu məsuliyyətli işin öhdəsindən şərəflə gəlmiş və Azərbaycan oxucusuna Allah kəlamını ən yüksək səviyyədə çatdıra bilmişdir.
Vasim müəllimin bu tərcüməyə yazdığı "Ön söz" və şərhlər elmi siqlətinə, nəzəri əhəmiyyətinə görə son dərəcə maraqlı bir əsərdir. "Ön söz"də əksini tapmış metodiki ideyalar Qurani-Kərimin tərcüməsində tam mənada gerçəkləşmişdir. Məhz bunun sayəsində tərcümə oxucuların rəğbətini qazanmış və bir neçə dəfə nəşr olunmuşdur.
Vasim müəllimin ərəb, fars, türk və bir sıra digər dilləri gözəl bilməsi, Şərq mədəniyyətinin nümunələri ilə yaxından tanış olması, islam dünyasının böyük alimlərinin, mütəfəkkirlərinin, ədib və şairlərinin əsərlərini dərindən mənimsəməsi onun universal ensiklopedist alim kimi formalaşmasında mühüm rol oynamışdır.
Ərəb və fars dillərini mükəmməl bilməsi ona klassik Şərq poeziyasının, xüsusilə Azərbaycan klassiklərinin poetik irsinin gözəl bilicisi kimi şöhrət gətirmişdir. Onun təsəvvüf və irfanla bağlı fikirləri Şərq xalqlarının ədəbiyyatındakı mühüm problemlərin öyrənilməsini xeyli asanlaşdırır. Alimin Yaxın və Orta Şərqin korifeylərinin əsərlərini təhlil edən fikir və mülahizələri bir çox mübahisəli məqamlara aydınlıq gətirmişdir. Əruz vəznini mükəmməl bilən V.Məmmədəliyev Azərbaycan divan ədəbiyyatının bir çox nümayəndələrinin əsərlərini səlis şəkildə şərh etmişdir.
Hörmətli akademik Azərbaycan musiqi mədəniyyətinin, muğam sənətinin mahir bilicisidir. O, dəfələrlə muğam gecələrində aparıcılıq etmiş, respublikamızın görkəmli xanəndə və müğənnilərinin yaradıcılıq gecələrində bir mütəxəssis kimi çıxış etmişdir.
Vasim müəllim Azərbaycan elmi və mədəniyyəti tarixində, ərəb filologiyası və ilahiyyat elmlərində görkəmli yer tutmuş, milli şərqşünaslıq elmimizə böyük töhfələr vermiş, onu beynəlxalq aləmdə tanıdan və həmişə ən yüksək səviyyədə təmsil edən böyük alimdir. Akademik sorağı müsəlman dünyasının ən böyük elm və tədris mərkəzlərindən gələn orta əsr Azərbaycan alimlərinin ənənəsinə sadiq qalan görkəmli ziyalımızdır.
Vasim müəllim AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu ilə sıx elmi əməkdaşlıq edir. İnstitutun Dissertasiya Şurasının təşkil etdiyi müdafiələrdə böyük məmnuniyyət hissi ilə iştirak edən hörmətli akademik gənc alimlərin hazırlanmasında öz qüvvə və potensialını əsirgəmir. Alim illər uzunu böyük zəhmət hesabına əldə etdiyi elm xəzinəsini Azərbaycan elminin gələcəyi yolunda səxavətlə paylayır.
Vasim müəllim bu gün elmi yaradıcılığının çiçəklənmə dövrünü yaşayır. İnanırıq ki, hörmətli akademik Vasim Məmmədəliyev hələ uzun müddət öz tədqiqatları ilə şərqşünaslıq elmini zənginləşdirəcək, onu yeni-yeni zirvələrə doğru aparacaqdır.
Gövhər BAXŞƏLİYEVA,
Milli Məclisin deputatı,
AMEA akademik Z.M.Bünyadov
adına Şərqşünaslıq İnstitutunun direktoru,
professor
Azərbaycan.-2012.- 2 dekabr.- S.6.