Seçilmişlər. Onlara
hamının köməyi lazımdır
3 dekabr Beynəlxalq Əlillər
Günüdür
Əgər həyatda alın yazısına, bəxtə, taleyə inanırıqsa, deməli, onların taleyi, bəxti belə yazılıb. Çünki taledən, bəxtdən, alın yazısından qaçmaq mümkün deyil. Bəlkə heç qaçmağa da dəyməz, ona cəhd eləməyin də mənası yoxdur. Axı bu, özlüyündə nə qədər çətin, problemli olsa da, bunda bir seçilmişlik hüququ da var. Allah-taalanın seçdiyinə isə diqqət, qayğı və sevgi həmişə lazımdır. Bu, həm dövlətin, həm cəmiyyətin qarşısında duran ən vacib məsələlərdən biridir.
Artıq neçə ildir ki, dünya səviyyəsində qeyd olunan təqvim günləri arasında 3 dekabr Beynəlxalq Əlillər Günü də özünə yer tutub. Ümumiyyətlə, əlillərin, fiziki cəhətdən natamam insanların problemi bütün dövrlərdə diqqət mərkəzində olub. Ancaq milli-etnik qarşıdurmalarla, aramsız müharibələrlə, kataklizmlərlə zəngin olan XX əsr bu problemi bütün aktuallığı ilə bir daha ortaya qoydu. Əsrimizin faciəsinə çevrilən qaçqınlıq və məcburi köçkünlük böyük sayda insan kütlələrinin yerdəyişmələri, eləcə də əlillər və onların qurtarmayan problemləri, cəmiyyətə inteqrasiyası da hamını daha çox narahat etməkdədir.
Ümumiyyətlə, hər bir dövlət, normal, sivil cəmiyyət əlillərə və onların qayğılarına normal yanaşmağa, həmin şəxsləri fəal ictimai həyata cəlb etməyə çalışır, hamı kimi onlara da bərabər iş, təhsil və digər hüquqların verilməsinə, hətta daha üstün şəraitin yaradılmasına can atır. Bunu isə bütün beynəlxalq təşkilatların birgə səyi nəticəsində müəyyən qədər həll etmək mümkündür.
Bu mənada, Beynəlxalq Əlillər Gününün yaranma tarixi o qədər də uzaq deyil. O, Rusiya Federasiyasının təşəbbüsü ilə 3 dekabr 1992-ci ildə BMT-nin Baş Assambleyasında qəbul edilib. Artıq o vaxtdan başlayaraq hər il bu tarixdə BMT-yə üzv olan ölkələrdə əlil insanların cəmiyyətdəki mövqelərinin daha da möhkəmlənməsinə yönəlmiş tədbirlər həyata keçirilir, əlillərin və fiziki qüsurlu insanların maddi-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müəyyən addımlar atılır. Beynəlxalq Əlillər Gününün qeyd olunması, eyni zamanda, bir sıra digər məsələləri ortaya qoyur - bunlar əlillərin ehtiyacını başa düşmək, sağlamlığı, fiziki imkanları, fəaliyyəti məhdud olan belə insanların ləyaqət, hüquq və rifahına dəstəyi irəli sürmək, həmçinin fiziki cəhətdən məhdud imkanlı insanların siyasi, sosial və mədəni həyatın müxtəlif sahələrinə cəlb olunması üçün hamının səfərbər edilməsi, onlara lazımi bilgilər verilməsi və məlumatlandırılmasıdır. Bu günün elan olunması həm də insan hüquq və azadlıqlarına tam və bərabər riayət etmək və əlillərin cəmiyyətdə fəal iştirakına nail olmaqdan, beləliklə, hələ 1982-ci ildə BMT-nin Baş Məclisi tərəfindən qəbul edilən əlillərə münasibətdə Ümumdünya Hərəkət Proqramında da əsas məqsədlərə can atmaqdan ibarətdir.
XX əsrin bəlasına çevrilən yoxsulluğun aradan qaldırılması, sosial ehtiyacların tam ödənilməsi, imkansızlara daha çox diqqət ayrılması ölkəmizdə aparılan siyasətin də prioritet istiqamətlərindən birinə çevrilib. Son illər əlillərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə görülən işlər sosialyönümlü siyasətin ölkə rəhbərliyi üçün nə qədər vacib olduğunu bir daha sübut edir. Hər il dövlət büdcəsindən bu sahəyə xeyli vəsait ayrılır.
Azərbaycan Respublikasının Nazirlər Kabineti ayrı-ayrı vaxtlarda əlillərin sosial müdafiəsi ilə bağlı müxtəlif tədbirlərin maliyyələşdirilməsi barədə qərarlar qəbul edib. Həmin sənədlərdə də qeyd olunur ki, "başlıca məqsəd ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində əldə olunmuş dinamik inkişafa, davamlı tərəqqiyə əsaslanaraq əhalinin xüsusi qayğıya ehtiyacı olan təbəqəsinin - əlillərin və sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyasını kompleks şəkildə həll etməklə onların sosial müdafiəsinin və son nəticədə cəmiyyətə fəal inteqrasiyasının təmin olunmasından ibarətdir".
Göründüyü kimi, dövlətin sosial siyasətinin əsas istiqamətləri hər bir vətəndaşın Azərbaycan Respublikasının Konstitusiyası ilə qeyd olunmuş hüquq və azadlıqlarının təmin edilməsinə, aztəminatlı ailələrin, o cümlədən əlillərin, fiziki cəhətdən qüsurlu insanların sosial müdafiəsinin təşkilinə, onlara cəmiyyətdə münasibətin kökündən dəyişdirilməsinə yönəldilib.
Bütün bunlar həm də "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunundan, BMT-nin Baş Məclisi tərəfindən 2006- cı il dekabrın 13-də qəbul edilmiş "Əlillərin hüquqları haqqında" Konvensiyadan və Azərbaycan hökumətinin bu sahə ilə bağlı öhdəliklərindən, qərar və sərəncamlarından irəli gələn vəzifələri əhatə edir.
Əlillərin sağlamlığının mühafizəsi və tibbi bərpası üçün onların müalicəsinə maliyyə yardımının ayrılması, dərman preparatları ilə təmin edilməsi, eyni zamanda, xarici ölkələrdə müalicələrinin təşkili, istedadlı əlil uşaq və gənclərin aşkar edilməsi, onların bədən tərbiyəsi və idmana cəlb olunması, beynəlxalq yarışlarda iştirak etmələrinə şərait yaradılması da böyük əhəmiyyət daşıyan məsələlərdəndir. Artıq xeyli vaxtdır əlil idmançılarımızın müxtəlif beynəlxalq yarışlardan xoş soraqları gəlməkdədir. Sidney, Afina, Pekin, London Yay Olimpiya Oyunlarında əlil idmançılarımızın - paralimpiyaçılarımızın uğurları hamını sevindirir. İkiqat paralimpiya çempionu, Azərbaycanın fəxri, Qarabağ savaşlarında gözlərini itirən İlham Zəkiyevin idmandakı uğurları, nailiyyətləri, yaxşı mənada, bir çox insana nümunə ola bilər.
Müxtəlif tarixi günlərdə və bayramlarda əlillərə xüsusi diqqət ayrılması, onların maddi-sosial vəziyyətinin daha da yaxşılaşdırılması, dövlət və qeyri-hökumət təşkilatlarının bu prosesə cəlb olunması da ölkəmizdə artıq xoş bir ənənəyə çevrilib. Belə günlərdə əlillərin mənzil şəraitinin yaxşılaşdırılması, onlara avtomobillərin verilməsi də xüsusi önəm daşımaqla təqdirəlayiqdir. Ölkə Prezidentinin də qatıldığı belə tədbirlər, sözün həqiqi mənasında, bir bayram şənliyinə çevrilir. "Azərbaycanda heç kim yoxsulluq şəraitində yaşamamalıdır. Yoxsul insan olmamalıdır", - deyən ölkə başçısı İlham Əliyev respublikamızda sosial dövlət prinsipinin uğurla reallaşdırılmasını belə ifadə etmişdir: "Büdcəmizin artımı bizə imkan verir ki, Azərbaycanda həm infrastruktur layihələri icra edilsin, həm də sosial məsələlər öz həllini tapsın. Son illər maaşlar və pensiyalar bir neçə dəfə artırılmışdır. Bu gün pensiyaların orta həcmi əməkhaqqının orta həcminin 40 faizini təşkil edir. Bu da onu göstərir ki, Azərbaycan özünü dünyaya sosial dövlət kimi təqdim edir. Bizim siyasətimiz məhz bundan ibarətdir".
Bu siyasəti dəstəkləyən insanlar arasında əlillərin xüsusi çəkisi var. Bu gün Azərbaycanda 300 mindən artıq vətəndaş əlilliyə görə pensiya alır. Onlar da hər birimiz kimi uğurlarımıza sevinir, çətinliklərimizə kədərlənirlər. Bu gün onların da hamımız kimi ev, ailə, uşaq qayğıları var. Bir sözlə, onlar inkişafımızın, gün-güzəranımızın güzgüsüdürlər. Yəqin hər kəs orada həm özünü, həm də yaxınlarını görə biləcək. Ona görə heç olmasa, belə bayram günlərində əlil insanların həyatına bir yüngüllük gətirməyə çalışaq. Xüsusilə ehtiyacı olanları sevindirmək, onların ürəyini açmaq çox sadə və asan olduğu qədər də vacib bir xüsusiyyətdir. Bunu öz üzərində hiss etməkdən gözəl, əziz nə ola bilər?
Bəxtiyar QARACA,
Azərbaycan.-2012.- 2 dekabr.- S.8.