«Azərbaycan
2020: gələcəyə baxış» Konsepsiyası respublikamızın
inkişaf etmiş ölkəyə
çevrilməsində mühüm rol oynayacaq
Akademik Ramiz
MEHDİYEV: "Konsepsiya çərçivəsində
Azərbaycan qlobal miqyasda
çağırışlara
cavab verərək innovasiya və
modernləşmə fəaliyyətini keyfiyyətcə yeni
müstəviyə qaldıracaq"
Ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə
irəli sürdüyü, həyata keçirilməsinin
elmi, nəzəri və praktiki
yollarını müəyyənləşdirdiyi inkişaf prioritetlərinin Prezident
İlham Əliyevin ötən 9 ildə dövrün sosial-iqtisadi
tələblərindən irəli gələrək keyfiyyətcə
yeni mərhələdə
davam etdirilməsi nəticəsində Azərbaycanın
uğurları davamlı və sabit xarakter alıb. Ölkəmiz nəqliyyat, ərzaq
və enerji təhlükəsizliyini təmin
edərək öz siyasi
və iqtisadi müstəqilliyinə nail olub. Bu
gün respublikamızda sosial-iqtisadi
modernləşməyə əsaslanmaqla yüksək əzmkarlıqla
və yaradıcılıqla həyata keçirilən inkişaf strategiyası bütün
sahələrdə öz nəticələrini
göstərir.
Prezident İlham Əliyevin yeni dövrün tələblərinə uyğun həyata keçirdiyi sürətli və davamlı inkişaf strategiyasının nəticəsi olaraq 2009-cu ildə Azərbaycan iqtisadi sahədə keçid dövrünü başa vurdu. Özünün uzunmüddətli inkişaf strategiyasının istiqamətlərini müəyyən edən müstəqil Azərbaycan dünya miqyasında iqtisadi artım sürətinə görə ön sıralarda gedərək islahatçı ölkə kimi tanınır. Respublikamızda neft və qeyri-neft sektorlarının yüksəlişi, çoxşaxəli iqtisadiyyatın ahəngdar inkişafı təmin olunub. Ümumi daxili məhsul, büdcə və valyuta ehtiyatları ildən-ilə artır.
Ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın Azərbaycan modeli formalaşıb. Bu modelin əsasında əsas məqsədlərinə çatıb. Azərbaycanda sərbəst bazar münasibətlərinə və inkişaf qabiliyyətinə malik sosialyönümlü, diversifikasiya olunmuş iqtisadiyyat formalaşıb və dünya təsərrüfat sisteminə inteqrasiya tam təmin olunub. Davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu siyasətin həyata keçirilməsi nəticəsində əvvəllər qazanılmış uğurlar daha da möhkəmləndirilib, qeyri-neft sektorunun, regionların inkişafı sürətlənib, strateji valyuta ehtiyatları artıb, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşıb. Bütün bunlar isə, təbii ki, həm də Azərbaycanın beynəlxalq imicinin və dövlət müstəqilliyinin daha da möhkəmlənməsinə xidmət edən çox mühüm amillərdir.
Qarşıda isə daha böyük hədəflər durur. Ümdə vəzifələrdən, o cümlədən Azərbaycan xalqının ən xoş arzularından biri ölkəmizdə əldə edilmiş uğurların davamlı olması, Azərbaycanın inkişaf etmiş ölkələrin cərgəsinə qoşulmasıdır. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının 20 illiyinə həsr olunmuş təntənəli mərasimdə bu barədə deyib: "Bizim artıq güclü dövlətimiz vardır - müstəqil Azərbaycan dövləti. Bizim dəqiq konsepsiyamız, inkişaf proqramımız vardır. Bu proqramın reallaşması nəticəsində Azərbaycan inkişaf etmiş ölkələrin sırasına daxil ediləcəkdir. Əgər gələcəklə bağlı fikirlərimizi bir cümlə ilə ifadə etsək, deməliyik: biz inkişaf etmiş ölkəyə çevrilməliyik! İnkişaf etmiş ölkələrin meyarları vardır. Bunları bilirik və biz hər bir istiqamət üzrə o meyarlara çatmalıyıq - həm siyasi, iqtisadi islahatlar, sosial siyasət və digər istiqamətlərdə".
Bəli, bu gün özünün uzunmüddətli inkişaf strategiyasının istiqamətlərini müəyyən edən Azərbaycanın qarşıdakı hədəfləri də bəllidir. Bu baxımdan Azərbaycanın hazırkı inkişaf mərhələsinin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması, əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Prezident İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli sərəncamına əsasən hazırlanacaq "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının mahiyyətində məhz bu məsələlər dayanır.
Sərəncamda da qeyd olunduğu kimi, son dövrdə ölkəmizdə həyata keçirilən islahatlar bütün sahələrdə müsbət nəticələrin əldə olunmasına şərait yaradıb. Bu illər ərzində, xüsusilə də son onillikdə Azərbaycanda makroiqtisadi sabitliyə, dinamik iqtisadi artıma nail olunub, yoxsulluğun azaldılmasında və əhalinin sosial rifahının yüksəldilməsində uğurlar qazanılıb. Bütün bunlarla bərabər, sərbəst bazar iqtisadiyyatı institutlarının yaradılması və sahibkar təşəbbüskarlığına söykənən iqtisadiyyat modelinin bərqərar olması, iqtisadi və sosial infrastrukturun təkmilləşdirilməsi ölkəmizin gələcək inkişafı üçün geniş imkanlar açıb. Bu mənada 2020-ci ilədək dövrü əhatə edəcək "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası respublikamızın perspektiv inkişaf hədəf və istiqamətlərinin müəyyən edilməsi baxımından mühüm sənəd olacaq.
Hazırda Azərbaycanda 60-a yaxın proqram və strateji sənəd müvəffəqiyyətlə icra olunmaqdadır. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası zəncirvari bağlı olan bütün istiqamətləri həm öz-özlüyündə, həm də bir-biri ilə uzlaşdırılmış şəkildə əhatə edəcək və başlıca məqsəd olan "dayanıqlı inkişaf" məsələsinə konseptual baxış və yanaşma imkanı yaradacaq. Dayanıqlı inkişaf təbii resursların istismarını, investisiya istiqamətlərini, innovasiya və ekoloji yönümlüyü, insan inkişafını, institusional dəyişiklikləri bir-biri ilə uzlaşdıran prosesdir və burada başlıca məqsəd mövcud və gələcək potensialın möhkəmləndirilməsi, gələcəkdə həyat tərzinin yeni keyfiyyətinin təmin olunmasıdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin, BMT-nin İnkişaf Proqramının, PwC şirkətinin və Azərbaycan Gənclər Fondunun birgə təşəbbüsü ilə dekabrın 3-də Bakıda keçirilən "Azərbaycan 2020: gələcəyə baxış" mövzusunda beynəlxalq konfransda da bu məsələlərə toxunuldu. Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin ötən 20 il ərzində Azərbaycanın keçdiyi inkişaf yolları ilə bağlı fikirləri konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. İyirmi il ərzində Azərbaycanın siyasi və iqtisadi müstəqilliyini möhkəmləndirərək dövlətçiliyini inkişaf etdirdiyini, demokratik dəyərlərə yiyələndiyini və özünün liberal prinsiplərə əsaslanan iqtisadi modelini yaratdığını deyən akademik Ramiz Mehdiyev bütün bu uğurların ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi prinsiplərin həyata keçirilməsi nəticəsində mümkün olduğunu diqqətə çatdırıb.
Artıq "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının layihəsi hazırdır. Burada yüksək rəqabət gücünə malik iqtisadiyyata doğru, səmərəli dövlət tənzimləməsinə və yetkin bazar münasibətlərinə əsaslanan iqtisadi modelin formalaşması, iqtisadiyyatın strukturunun, nəqliyyat, tranzit və logistika infrastrukturunun, sosial müdafiə sisteminin təkmilləşdirilməsi, qeyri-neft sektorunun inkişafı, elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənməsi, bölgələrin tarazlı inkişafı, informasiya-kommunikasiya texnologiyalarının inkişafı və informasiya cəmiyyətinə keçidin təmin olunması göstərilib. Konsepsiyada insan kapitalının inkişafı və səmərəli sosial müdafiə sisteminin qurulması, əhalinin sağlamlığı və səhiyyə sahəsində qarşıda duran başlıca vəzifələr, müasir təhsil sisteminin formalaşdırılması, gender bərabərliyinin təmin olunması və ailənin inkişaf etdirilməsi, gənclərin potensialının və idmanın inkişafi, qanunvericiliyin təkmilləşdirilməsi və institusional potensialın gücləndirilməsi, vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi, mədəni irsin qorunması və səmərəli idarə edilməsi, ətraf mühitin qorunması və ekologiya kimi məsələlər öz əksini tapıb.
Təqdim olunan konsepsiyanın beynəlxalq təcrübədə hazırlanan analoji sənədlərdən mahiyyətinə və əhatə etdiyi sahələrə görə fərqləndiyini deyən akademik Ramiz Mehdiyev bildirib ki, bir qayda olaraq, beynəlxalq təcrübədə hazırlanmış uzunmüddətli strateji sənədlər daha çox sosial-iqtisadi hədəfləri özündə əks etdirir, hazırda təqdim edilən sənəd isə cəmiyyətimizin qarşısında duran məsələlərin böyük əksəriyyətini özündə ehtiva edib.
Təbii ki, İnkişaf Konsepsiyası yeni proqramların da qəbul edilməsini şərtləndirəcək. Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev bu barədə deyib: "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının qəbul edilməsinin məntiqi davamı olaraq strateji hədəflərin reallaşdırılması üçün müxtəlif sahələri əhatə edən məqsədli proqramlar qəbul ediləcəkdir. İnkişaf Konsepsiyası orta və uzun müddətli iqtisadi proqnozlaşdırma və planlaşdırma ilə əlaqələndiriləcəkdir ki, bu da müəyyənləşdirilən hədəflərə nail olmağın etibarlı yollarını, həmçinin resursların rasional bölüşdürülməsini təmin edəcəkdir. Konsepsiya çərçivəsində Azərbaycan qlobal miqyasda çağırışlara cavab verərək innovasiya və modernləşmə fəaliyyətini keyfiyyətcə yeni müstəviyə qaldıracaqdır. İqtisadi inkişafın innovativ xarakteri rəqabətədavamlılığı yüksəldəcək və dünya iqtisadiyyatına səmərəli inteqrasiya imkanları yaradacaqdır".
Konfransda BMT-nin İnkişaf Proqramının Azərbaycanda rezident nümayəndəsi Antonius Bruk, Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, PwC şirkətinin baş qlobal məsləhətçisi Yan Sturesson, nəqliyyat nazirinin müavini Musa Pənahov, Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Larisa Leşenko, Asiya İnkişaf Bankının ölkəmizdəki daimi nümayəndəliyinin rəhbəri Olli Noroyono, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov konsepsiya ilə bağlı fikirlərini bildirərək bu sənədin uğurla həyata keçiriləcəyinə əminliklərini ifadə ediblər.
Tədbirdə o da qeyd olundu ki, Azərbaycanın strateji vəzifəsi biliklərə əsaslanan iqtisadiyyatın yaradılması və inkişaf etdirilməsidir. Lakin inkişaf birtərəfli olmayacaq, davamlı xarakter daşımaqla iqtisadi, sosial və ekoloji məsələləri əhatə edəcəkdir. Bu, konsepsiyanın əhatə etdiyi dövrdə ölkədə adambaşına düşən ümumi daxili məhsulun həcminin iki dəfədən çox artaraq 13 min ABŞ dollarına çatdırılmasına imkan verəcək.
Yeni İnkişaf Konsepsiyasının icrası nəticəsində Azərbaycanın növbəti faza üçün daha böyük nailiyyətlərə imza atacağı şübhəsizdir. Qarşıya qoyulacaq məqsədlərin reallaşması ilə respublikamız dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümündə dünyanın inkişaf etmiş ölkələrindən birinə çevriləcək.
Ümumiyyətlə, hər bir ölkənin uzunmüddətli inkişafının hədəflərini və prinsiplərini özündə əks etdirən bir sənədə ehtiyacı vardır. Bu mənada qarşıya qoyulmuş məqsədlərin həyata keçirilməsi baxımından "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası böyük əhəmiyyətə malik bir strategiyadır. Bu mükəmməl konsepsiyada heç bir sahə diqqətdən kənarda qalmayıb. Konsepsiya üzrə qarşıda duran məqsədləri reallaşdırmaq üçün Azərbaycanın geniş imkanları var və burada əksini tapan məsələlərin həyata keçirilməsi ölkəmizin daha sürətli inkişafını təmin edəcək.
Azərbaycan.- 2012.- 5 dekabr.- S.1.