Rumıniyanın milli bayramı şərəfinə

 

Dekabrın 4-də Rumıniyanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Birlik Günü münasibətilə rəsmi qəbul təşkil etmişdir.

Qəbulda Azərbaycanın dövlət və hökumət rəsmiləri, xarici ölkələrin Bakıdakı səfirləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Hər iki ölkənin dövlət himni səsləndirildikdən sonra səfir Daniel Kristian Çiobanu ötən müddətdə Rumıniyanın keçdiyi inkişaf yolundan danışmışdır. Azərbaycan-Rumıniya münasibətlərinə toxunan diplomat ölkələrimiz arasında hərtərəfli əlaqələrin son illər sürətlə inkişaf etdiyini vurğulamışdır. Bildirmişdir ki, Azərbaycan və Rumıniya prezidentləri arasında yaranmış münasibətlər hər iki ölkənin strateji əməkdaşlığının daha da inkişafına böyük töhfə verir. Ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsindən məmnunluğunu diqqətə çatdıran səfir münasibətlərimizin gələcəkdə daha sürətlə inkişaf edəcəyinə əmin olduğunu bildirmişdir.

Sənaye və energetika naziri Natiq Əliyev əlamətdar gün münasibətilə dost rumın xalqını Azərbaycan Prezidenti İlham Əliyevin adından təbrik edərək dövlətimizin başçısının salamlarını və xoş arzularını çatdırmışdır.

Rumıniyanın Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olduğunu deyən nazir dövlətlərimiz arasında əlaqələrin əsasının ümummilli lider Heydər Əliyevin 1995-ci ildə bu ölkəyə rəsmi səfəri ilə qoyulduğunu demişdir. Nazir əlavə etmişdir ki, dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri münasibətlərin daha da inkişafına təkan vermişdir. Rumıniya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləmişdir.

N.Əliyev Azərbaycan ilə Rumıniya arasında əməkdaşlığın istər ikitərəfli qaydada, istərsə də beynəlxalq və regional təşkilatlar çərçivəsində daha da inkişaf edəcəyinə əminliyini bildirmişdir.

Sonda Azərbaycan-Rumıniya əlaqələrinin inkişafındakı xidmətlərinə görə Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədova, xarici işlər naziri Elmar Məmmədyarova, sənaye və energetika naziri Natiq Əliyevə, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayevə, Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidova, Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədova, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevə Rumıniya Xarici İşlər Nazirliyinin diplomları təqdim olunmuşdur.

 

AzərTAc

 

Azərbaycan.- 2012.-  5 dekabr.- S.2.