ABŞERON böyük tikinti-quruculuq meydanına çevrilib

 

İstənilən dövlətdə iqtisadi islahatın uğurları təkcə ölkənin malik olduğu təbii-bioloji resurslarla deyil, həm də cəmiyyətin tətbiq olunan yeniliklərə adekvat reaksiyası ilə şərtlənir. Azərbaycanda son illər yeni dövrün gerçəklikləri nəzərə alınmaqla həyata keçirilən iqtisadi islahatlar da məhz bu reallığa söykənərək cəmiyyətdəki yeniliklərin mahiyyətindən irəli gəlmişdir. Azərbaycanın bütün regionları kimi, Abşeron rayonu da yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

Abşeron rayonunda həyata keçirilən sosial infrastruktur layihələri vətəndaşların firavan həyat tərzinin təmini məqsədinə xidmət edir. Ayrı-ayrı sahələr üzrə ilin doqquz ayının yekunları da təsdiqləyir ki, ötən müddətdə rayon icra hakimiyyəti və inzibati-ərazi dairələri üzrə nümayəndəliklər yerlərdə kənd təsərrüfatı məhsulları istehsalının artırılması imkanlarından və ehtiyat mənbələrindən səmərəli istifadəni daim diqqət mərkəzində saxlamışlar.

 

 

 

Sosial obyektlərin və mənzil tikintisinin əhatəsi genişlənib

 

 Respublikamız iqtisadi sahədə keçid dövrünü başa vuraraq inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoymuşdur. Yeni mərhələnin səciyyəvi cəhətlərindən birimilli iqtisadiyyatın dayanıqlı və sabit inkişafı üçün qeyri-neft sektorunun daha da gücləndirilməsi, bu sahədə liberallaşma prosesinin dərinləşdirilməsidir. Bu mənada hökumətin bölgələrin inkişafına xüsusi qayğı ilə yanaşması da ilk növbədə bölgələrin disproporsional inkişafının qarşısını almaq, qeyri-neft sektorunu, sahibkarlığı milli iqtisadiyyatın intibah prosesinin lokomotivinə çevirməkdir. "Bizim üslubumuz belədir: bölgələrdə problemi müəyyən etmək, onun həlli üçün lazım olan yolları müəyyən etmək, axtarmaq və tədbirlər planı hazırlamaq. Bunu etmək üçün artıq bizim maliyyə imkanlarımız da var" - deyən dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu strategiya nəticəsində Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, bütün sahələrdə yeniləşən dövlətlərindən biri kimi tanınır.

Ötən müddətdə Xırdalan şəhərində, qəsəbə və kəndlərdə abadlıq və quruculuq işləri daha geniş miqyasda davam etdirilmiş, yeni istehsal müəssisələrinin, sosial obyektlərin və mənzil tikintisinin əhatəsi əhəmiyyətli dərəcədə genişlənmişdir. Əhalinin mədəni istirahətinin daha mənalı təşkili məqsədilə Xırdalan şəhərindəki mədəniyyət və istirahət parkında yenidənqurma işlərinə və Heydər Əliyev Mərkəzinin tikintisinə başlanılmış, şəhərin Heydər Əliyev prospektində sahəsi 3300 kvadratmetr olan istirahət guşəsi tikilərək istifadəyə verilmiş, Qobu qəsəbəsində isə 220 tamaşaçı-yerlik mədəniyyət mərkəzinin tikintisi tamamlanmaq üzrədir. Xırdalan şəhərində Olimpiya İdman Kompleksinin təməlqoyma tədbiri həyata keçirilmiş, hazırda tikinti işləri aparılır. Görədil kəndində sahəsi 6200 kvadratmetr olan idman-sağlamlıq meydançasının tikintisi davam etdirilir.

2006-cı ildə Heydər Əliyev adına Mədəniyyət və istirahət parkının mərkəzində yeni memarlıq üslubunda Heydər Əliyev Muzeyi tikilmişdir. 2009-cu ildə Əliağa Vahidin 115, Cəfər Cabbarlının 110, Nəbi Xəzrinin 85, Mənsum İbrahimovun 50, Abdulla Şaiqin 130, Süleyman Rüstəmin 105, Mirzə İbrahimovun 100, Cabbar Qaryağdıoğlunun 150, Məhəmmədhüseyn Şəhriyarın 105 illik yubileylərinin qeyd olunması görkəmli şəxsiyyətlərin yaradıcılığına diqqətin təzahürüdür.

Rayon rəhbərliyinin təşəbbüsü və aidiyyəti qurumların səyi ilə mənzil fondunun saxlanılması, ötən əsrin 70-ci illərində əsasən iri panellərdən quraşdırılmış çoxmənzilli yaşayış evlərinin fasadlarının müasir örtük materialları ilə üzlənməsi və dam örtüklərinin mansard formada yenidən qurulması binaları göz oxşayan görkəmə gətirmişdir. Aşağı Güzdək qəsəbəsindəki 12 ədəd ikimərtəbəli, çoxmənzilli yaşayış evlərinin əsaslı surətdə yenidən qurulması, Ceyranbatan qəsəbəsində və Xırdalan şəhərində çoxmərtəbəli, çoxmənzilli binaların əsaslı təmiri aparılır.

 

 

 

Abadlaşdırma və quruculuq işləri vüsətlənir

 

 Son illərdə icrasına uğurla başlanılmış qlobal layihələrin yüksək dinamizmlə həyata keçirilməsi nəticəsində Abşeron bu gün böyük tikinti meydanını xatırladır. Təkcə paytaxt üçün deyil, ümumən respublika əhəmiyyətli infrastruktur layihələrinin gerçəkləşdirilməsi bu rayonla xeyli dərəcədə bağlıdır.

2005-ci ilin sonlarından geniş vüsət almış abadlaşdırma və quruculuq işləri cari ildə də uğurla davam etdirilmişdir. İlin əvvəlindən Xırdalan şəhərində, habelə digər qəsəbə və kəndlərdə küçə və yollara 205157 kvadratmetr asfalt döşənmiş, 68688 kubmetr çınqıl və qraviy döşənərək bərkidilmişdir. Həmin dövrdə 9927 p/metr səki daşı düzülmüş, 12194 kvadratmetr hasar hörülmüş, hasar və tikililərin 14921 kvadratmetr sahəsi müxtəlif üzlük materiallarla üzlənmişdir.

Yaşıllıqların qorunması və becərilməsinə də diqqət artırılmışdır. Cari ildə rayon ərazisində yol infrastrukturunun inkişafı istiqamətində daha sanballı tədbirlər həyata keçirilir. 73 min əhalisi olan 5 yaşayış məntəqəsini birləşdirən Saray-Novxanı-Mehdiabad-Fatmayı-Görədil avtomobil yolunun tikintisi barədə Prezident İlham Əliyevin 24 may 2012-ci il tarixli sərəncamı uğurla həyata keçirilir. Ötən müddət ərzində Görədil və Fatmayı kəndləri ərazisində 38650 kvadratmetr sahə asfaltlanmışdır.

Rabitə xidmətinin müasir tələblər səviyyəsinə qaldırılması istiqamətində də tədbirlər ardıcıl olaraq davam etdirilir. 9 ayda 2817 vətəndaşa telefon çəkilmiş, internet istifadəçilərinin sayı isə ümumi telefon istifadəçilərinin 97 faizinə çatdırılmışdır. Xidmətin aparıcı sahələri olan elektrik enerjisi, təbii qaz və içməli su təminatını daha da yaxşılaşdırmaq məqsədilə köklü tədbirlərin həyata keçirilməsi əhalinin razılığı ilə qarşılanmışdır. Qeyd olunan şəbəkələrin yenidən qurulması və genişləndirilməsinə rayon rəhbərliyinin gündəlik fəaliyyətində geniş yer verilmişdir.

Cari ilin doqquz ayında "Azərenerji" ASC-nin "Azenko" müəssisəsi Mehdiabad-Fatmayı-Görədil istiqamətində 300-dən artıq yüksək gərginlikli və 0,4 kV-luq dirəkləri və müvafiq ölçüdə naqil və kabelləri yenidən qurmuşdur. Bu dövrdə yaşayış məntəqələrində 31,6 km özünüdaşıyan izolyasiyalı naqil çəkilmiş, 43 ədəd müxtəlif gücə malik transformator, 121 ədəd dayaq, 19,5 km naqil, 2935 ədəd sayğac quraşdırılmışdır. Doqquz ay ərzində 206,9 km daşıyıcı və küçədaxili qaz xətti çəkilmiş, 3852 ədəd sayğac quraşdırılmışdır.

Cari ilin ötən dövründə "Azərsu" ASC-nin sifarişi əsasında Xırdalan şəhərində 3058 metr yeni su xətti, 1450 metr yüksək təzyiqli kanalizasiya xətti, 1254 metr yağış sularının ötürülməsi xətti çəkilmiş, Hökməli qəsəbəsində hər birinin tutumu 250 kubmetr olan iki ədəd su anbarı və nasosxana tikilərək istismara verilmiş, Mehdiabad qəsəbəsində 3750 metr yeni su xətti, Fatmayı, MehdiabadDigah yaşayış məntəqələrində isə 19752 metr uzunluqda yeni kanalizasiya xətti tikilmişdir. Daxili imkanlar hesabına isə 8053 metr su borusu dəyişdirilmiş, 35476 metr uzunluqda yeni su xətləri çəkilmiş, 5381 ədəd sayğac quraşdırılmışdır. Masazır kəndində 1520 metr uzunluqda kanalizasiya xətti çəkilmişdir.

Birinci Dövlət Proqramının icra edildiyi vaxtdan 2012-ci ilin birinci yarısınadək Abşeron rayonunun şəhər, qəsəbə və kənddaxili, həmçinin qəsəbə və kəndlərarası yollarına bütövlükdə 517635 kubmetr qırmadaş tökülərək yayılmışdır. Həmin dövrdə rayonun bütün yaşayış məntəqələrində daxili yollara, küçə və səkilərə asfalt salınmışdır.

 

 

 

Sahibkarlığın inkişafına davamlı qayğı

 

 Azərbaycan qeyri-neft sektorunun prioritetliyinə əsaslanan inkişaf yolu seçməklə yanaşı, tarixən arqar-sənaye respublikası kimi tanınmış və ixtisaslaşmışdır. Son illərdə institusional baxımdan torpaqaqrar islahatlarının uğurla başa çatması,  kənd təsərrüfatı istehsalçıları üçün yeni imkanların yaranması qarşıdakı illərdə də sərbəst bazar münasibətlərinə əsaslanan və özünüinkişaf qabiliyyətinə malik bütöv iqtisadi sistemin - müstəqil milli iqtisadiyyatın formalaşdırılması prosesi ilə səciyyəvi olacaqdır. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edəcəkdir.

Son illərdə kənd təsərrüfatı sahəsində çalışan fermerlərin lazımi texnika, gübrə və toxum məhsulları ilə təmin edilməsi məqsədilə "Aqrolizinq" Səhmdar Cəmiyyətinin yaradılması, onların gəlir vergisindən azad edilməsi, güzəştli şərtlərlə yanacaqmotor yağları ilə təmini də sahibkarlığa göstərilən qayğının mühüm tərkib hissəsi kimi xüsusi vurğulanmalıdır. Abşeron rayonunda da  tərəvəz, bostanquru subtropik meyvə istehsalının artırılması istiqamətində əməli tədbirlər həyata keçirilir. Ötən illər ərzində 58 gənc fermerə və  sahibkara respublika Sahibkarlığa Kömək Milli Fondundan 8,3 milyon manat   kredit verilmişdir.

İstehsalın genişləndirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli  Fondundan "Bünövrə" MMC-yə 31 min manat, "Elşən-Ə" MMC-yə 40 min manat, "Həmid-Dostu" MMC-yə 96 min manat, fiziki şəxs Davud Yusifova 15  min manat kredit verilmişdir. Aşağı Güzdək qəsəbəsində iki kərpic sexi  məhsul buraxılışına başlamışdır. Buradakı "Qlobal-Xatam" firması daha bir  istehsal xəttini  işə salmış, "AKMA" MMC, "Asiman" MMC, "Həmid-Dostu" kiçik müəssisəsi, Qobu Kərpic Zavodu və digərləri isə kərpic istehsal edir.  "Mətanət-A" şirkətinin keyfiyyətli kafel-metlax yapışdırıcısı istehsal edən yeni  sexi istifadəyə verilmişdir. Aparılmış texniki dəyişikliklərdən sonra  "Azbentonit" MMC-də hazırda sutkada 600 ton sement istehsal olunur.

Yetişdirilən zeytun məhsulunun emalını və emalın keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədilə Hövsan qəsəbəsində, zeytun bağlarına bitişik sahədə 1 hektarlıq ərazidə "3MS-LTD" şirkəti tərəfindən illik istehsal gücü 2000 ton yağ və 150000 ədəd şərti banka olan zeytun emalı zavodu tikilmişdir.        2004-cü ildən başlayaraq rayonda istehsal olunmuş 5324 ton zeytun məhsulu  həmin zavodda emal olunmuşdur. Hazırda rayonda 1465 hektar məhsuldar zeytun bağı mövcuddur. Zeytun bağlarındakı seyrəkliyi aradan qaldırmaq və yeni salınacaq zeytun bağlarını tinglərlə təmin etmək məqsədilə kifayət qədər zeytun çubuğu əkilmişdir.

2009-cu  ildə zeytunçuluqla məşğul olan təsərrüfatlarda 430 ton zeytun (keçid  məhsulu) toplanaraq emal edilmişdir. 2010-cu ildə zeytunçuluq təsərrüfatlarından 925 ton zeytun emala göndərilmişdir. Zirə tərəvəzçilik-südçülük   sovxozunun istifadəsində olmuş ərazidən icarəyə torpaq götürmüş azad  sahibkarlar 80 hektarda yeni zeytun plantasiyası salıblar.

Zəfəran əkininin sahəsi də daxili imkanlar hesabına 5 hektar artırılaraq 23  hektara çatdırılıb. 2011-ci ildə rayonda 706,5 ton zeytun keçid məhsulu    toplanılaraq emal olunub. Sahibkarlar 50 hektar yeni zeytun bağı salıblar. Pirəkəşkül kəndində isə 15 hektar yeni üzüm plantasiyası salınıb. Rayon üzrə 6307 ton tərəvəz, 17,6 ton kartof, 989,2 ton bostan, 1195 ton meyvə, 145,3 ton  üzüm istehsal edilib.

Hazırda 31,5 hektar örtülü sahədə tərəvəz becərilir. 2012-ci ilin ilk altı ayı  ərzində rayonda 933 ton müxtəlif növ tərəvəz istehsal edilib. 2004-cü ilə nisbətən 2008-ci ildə tərəvəz istehsalı 39,9 faiz artırılaraq 4917 tona, bostan məhsulları istehsalı 12,7 faiz artırılaraq 612 tona çatdırılmış, quru subtropik  meyvə  isə 1672 ton olmuşdur. Son beş ildə salınmış 129 hektar yeni üzüm bağlarından 222 ton məhsul toplanılıb. Fərdi təsərrüfatlara aid istixanalarda gül becərilməsinə hərtərəfli şərait yaradılmış gülçülüyün inkişafı diqqətdə saxlanılmışdır. Oktyabrın 1-nə olan rəsmi statistikaya görə, bütövlükdə rayonda  1624 ton ət, 33381 ton süd, 72,9 milyon ədəd yumurta, 194,2 ton meyvə, 137,1 ton üzüm digər kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur.

Ulu öndərin hakimiyyəti dövründə özü üçün güclü istehsal potensialı, zəngin infrastruktur formalaşdırmış Abşeron rayonu Prezident İlham Əliyevin diqqət qayğısı ilə son 9 ildə böyük uğurlar əldə etmiş, daha da gözəlləşmiş, müasirləşmişdir. Bütün bunlar rayonun həyatında başlanmış yeni intibah mərhələsinin uğurlu başlanğıcıdır. Hər bir Abşeron sakini dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurları həyatında daha qabarıq hiss edir, yüksəliş tərəqqi kursunu ürəkdən dəstəkləyir.

 

 Elnur HACALIYEV,

Azərbaycan.-2012.- 4 dekabr.- S.2.