Azərbaycan
Respublikası Prokurorluğunun nümayəndə
heyəti Beynəlxalq Forumda ermənilərə
layiqli cavab vermişdir
Azərbaycan
Respublikası Baş Prokurorluğunun
nümayəndə heyəti İstanbulda keçirilmiş Transmilli
Mütəşəkkil Cinayətkarlığa Qarşı
Mübarizə üzrə Prokurorların 15-ci Beynəlxalq Forumunda iştirak etmişdir.
Baş
Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər
ki, baş prokurorun müavini Namiq Əsgərovun rəhbərlik
etdiyi nümayəndə heyətinə Baş prokurorun köməkçisi
Elşən Albəndov və Beynəlxalq əlaqələr
idarəsinin beynəlxalq hüquqi əməkdaşlıq və
protokol xidmətinin rəhbəri İsmayıl Qayıbov daxil
idilər.
Dünyanın 26 ölkəsindən yüksək səviyyəli nümayəndə heyətinin qatıldığı tədbir Avropa Komissiyasının Texniki Yardım və İnformasiya Mübadiləsi Proqramı (TAİEX), Almaniyanın Saksoniya Torpağının Baş Prokurorluğu və Türkiyə Respublikası Ali Apelyasiya Məhkəməsinin Baş Prokurorluğu tərəfindən təşkil olunmuşdur.
Forumda beynəlxalq müstəvidə olan cinayətlərin təqibi, mütəşəkkil cinayətkarlığın təqibində texniki yardım, cənub-şərqdən Qərbi Avropaya siqaret qaçaqmalçılığı, Avropanın şərq və qərb marşrutları üzrə insan alveri, internet vasitəsilə qumar oyunları və idman oyunlarında dələduzluq elementləri mövzularında məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.
Forum çərçivəsində keçirilmiş 4-cü sessiyada Ermənistanın Baş prokurorunun müavini protokol qaydalarına zidd olaraq Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun Macarıstandan Azərbaycan Respublikasına verilməsinin qeyri-legitimliyi barədə siyasi bəyanat səsləndirmişdir.
Bununla əlaqədar forum təşkilatçıları adından Saksoniya Torpağının Baş prokuroru Klaus Fleixmann çıxış edərək Ermənistan nümayəndəsinin tədbirin reqlamentini kobud şəkildə pozmaqla mövzuya aid olmayan siyasi məsələyə toxunduğunu və belə bir bəyanatla çıxış etməyin qətiyyən yolverilməz olduğunu xüsusi qeyd etmişdir.
Azərbaycan nümayəndə heyətinin rəhbəri N.Əsgərov Ermənistan tərəfinin qaldırdığı məsələnin tam əsassız olduğunu qeyd etmiş, Ramil Səfərovun Azərbaycana verilməsinin 1983-cü il tarixli "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" Avropa Konvensiyasının tələblərinə müvafiq həyata keçirildiyini, onun Azərbaycan Prezidenti tərəfindən ölkə Konstitusiyasının 109-cu maddəsinə əsasən, qüvvədə olan qanunvericiliyə və beynəlxalq normalara tam uyğun əfv edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
N.Əsgərov çıxışında həmçinin Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətini həyata keçirdiyini, bu siyasətin tərkib hissəsi kimi Azərbaycan torpaqlarının 20 faizdən çoxunun erməni silahlı birləşmələri tərəfindən işğal olunduğunu, bir milyondan çox insanın öz doğma yurd-yuvalarından qaçqın və məcburi köçkün düşdüyünü, minlərlə dinc və günahsız azərbaycanlının qətlə yetirildiyini, işğal faktının 20 ildən artıq müddətdə davam etdiyini, Ermənistanın işğalçı qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasına dair BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin bu günədək icra olunmadığını xüsusi vurğulamışdır.
Azərbaycan.- 2012.- 5 dekabr.- S.2.