Şah İsmayıl Səfəvi ali məramlı
tarixi şəxsiyyət kimi
Müdrik əcdadlarımızdan
miras qalmış üç şeyi sizə vəsiyyət
edirəm:
- ana dilimizi
-
vicdanımızı
- Vətənimizi.
Şah
İsmayıl Xətai
Azərbaycanın, Azərbaycan xalqının, onun tarixi və mədəniyyətinin çoxəsrlik kökləri var. Buna baxmayaraq, bədxahlarımızın şüurunda Azərbaycan və onun tarixi haqqında hələ də yanlış təsəvvürlər yaranmaqdadır. Mənim fikrimcə, buna təəccüblənməyə dəyməz, çünki bunu uyduranlar anlamazlıq sindromu kompleksindən əziyyət çəkənlərdir. Bu sindrom onları elə vəziyyətə gətirib çıxarır ki, klinik müdaxilə olmasa, daimi hallüsinasiyalardan yaxa qurtarmaq mümkün deyildir.
İş elə gətirmişdir ki, tarixin dərk olunmasında siyasət müəyyənedici rol oynayır. Nəticədə biz tarixin anlaşılmasında siyasətin mahiyyətini təşkil edən məqamlardan çıxış etməyə məcburuq. Lakin biz siyasətdən kənar yaşaya bilmərik, çünki siyasət müasir dövrdə insanın həyat fəaliyyətinin bütün sahələrinə nüfuz etmişdir. Bu səbəbdən də biz öz tariximizə münasibətdə bəzən səhvlərə yol veririk: ya öz keçmişimizi inkar edirik, yaxud da gələcəyin artıq çoxdan başlanmasını görmədən yalnız keçmişlə yaşamaqda davam edirik.
Xalq öz tarixinin və tarixi yaddaşının vəhdətini hiss etdikdə onda özünə inam, mənəvi qüvvə yaranır. Öz etnik mənşəyini dərk etmiş fərdin həyatı tarixiliklə dolğunlaşır, o, öz xalqının tarixində baş vermiş bütün hadisələrlə, onun mədəniyyəti ilə bağlılığı barədə düşünməyə, özünü ən azı bu tarixin bir hissəsi kimi dərk etməyə başlayır. O, yaradıcı şəxsiyyətə çevrilir, "özünün kim olması", mənsub olduğu etnosun keçmişi ilə onu nəyin bağlaması barədə düşünməyə başlayır. Yalnız bu suallara cavab tapandan sonra insan öz cəmiyyəti üçün "nə etməli" olduğunu qərara alır.
Özünü dərk edən fərd ona tarixi obyektiv qiymətləndirmək imkanı verən dəyərlərlə zənginləşir. Çünki əvvəlki tarix, daha dəqiq desək, keçmiş insanın özündə müdriklik formalaşdırması üçün təcrübədir. Ona görə də keçmiş həmişə indiki zamandan daha müdrikdir, çünki indiki zamandakılar hələ gerçəkliyə çevrilməlidir. Deməli, indiki zamanda keçmişin izləri nə qədər qalmışdırsa, o, bir o qədər müasirdir. Elə buna görə də keçmiş həmişə bizimlədir və o, heç vaxt indiki dövrlə əvəz edilə bilməz. Məhz bu səbəbdən insan özündə öz keçmişinə hörmət hissi tərbiyə etməlidir. Nəinki ayrıca bir insana, həm də bütövlükdə millətə münasibətdə öz keçmişindən yüksəkdə olmaq mümkün deyil, çünki bu, millətin tarixidir. Ona görə də öz keçmişimizə tənqidi münasibət bildirərkən həddindən artıq ehtiyatlı olmaq lazımdır. İnsan öz keçmişi ilə nə dərəcədə həmrəy yaşayırsa, o, özü ilə də eyni dərəcədə həmrəy yaşayır deyənlər haqlıdırlar. İnsan öz keçmişini inkar edəndə və onu pisləməyə başlayanda fəlakət yaranır. Öz keçmişindən məhrum olan insan mənəvi boşluq dilində danışmağa başlayır. O, nəsillərin varisliyindən kənarda qalır, bununla da nəinki tarixin vəhdətini, həm də tarixin özünü alt-üst edir. Öz keçmişi ilə həmrəyliyin yoxluğu inkişaf etmiş mənlik şüurunun olmamasına və deməli, milli mənafe və dəyərlərin başa düşülməməsinə bərabərdir.
Qədim dövrə və orta əsrlərə aid ilk mənbələri öyrənməklə asanlıqla yəqin etmək olar ki, Azərbaycan tarixində həm siyasi, həm də mədəni və elmi sahələrdə parlaq şəxsiyyətlər çox olmuşdur. Lakin indi böyük təəssüf hissi ilə deməliyik ki, Azərbaycanın bir sıra layiqli oğulları, onların fəaliyyəti və irsi insafsızcasına unudulmuşdur və heç kəs etiraz edə bilməz ki, bunun səbəbi bizim tarixçilərin və mənbəşünasların passivliyidir.
Əgər bir anlığa keçmişə nəzər salsaq və bu gün iki kəlmə ilə xatırladığımız və yaxud nadir hallarda yada saldığımız şəxsiyyətləri diqqətlə sadalasaq, əminliklə deyə bilərik ki, onların hər biri istənilən xalq üçün əbədi qürur mənbəyi ola bilərdi. Çox böyük diqqətə layiq olan, lakin unudulmuş şəxsiyyətlərdən heç olmasa bəzilərini yada salaq.
Fəzlullah Rəşidəddin Həmədani (1247-1318) - görkəmli dövlət xadimi. Onun yaradıcılıq və siyasi irsi öz miqyasına görə Qərb tarixində Rişelye, Mazarini və digər parlaq siyasi şəxsiyyətlərlə layiqli rəqabət apara bilər. Yəqin bir faktı heç də hamı bilmir ki, məhz Həmədaninin dövründə Təbrizdə orta əsrlərdə müsəlman dünyasının ən iri elm və təhsil mərkəzlərindən biri olan "Rəbi-Rəşidi" yaradılmışdır. Bu mərkəzdə dövlət vəsaitləri hesabına tələbələr təhsil alır və elmi araşdırmalar aparılırdı. Məhz onun təşəbbüsü ilə Azərbaycan tarixində ilk dəfə alimlərə, şairlərə və rəssamlara dövlət mükafatları ayrılması sistemi tətbiq edilmişdir. Bununla bərabər, o həm də "Cami ət-təvarix" ("Salnamələr məcmusu") adlı fundamental tarixi əsərin müəllifidir. V.V.Bartold, K.Yan, İ.P.Petruşevski, J.P.Ru kimi nəhəng alimlərin fikrincə, bu əsər müasir anlamda ümumdünya tarixinə dair ilk universal əsər hesab edilir. Çox təəssüf ki, bu əsərin bütün dünyada tanınmasına baxmayaraq, o, indiyə qədər Azərbaycan dilinə tərcümə və nəşr olunmamışdır. Fəzlullah Rəşidəddinin siyasi irsinin öyrənilməsi üçün görkəmli Azərbaycan şərqşünası Ə.Əlizadənin başladığı təşəbbüs isə öz layiqli davamını tapmamışdır.
Eyni sözləri Nəsirəddin Tusi (1201-1274) haqqında da demək olar. O, yeganə azərbaycanlıdır ki, Aydakı bir kraterə və 1979-cu ildə sovet astronomu N.Çernıx tərəfindən kəşf edilmiş asteroidlərdən birinə onun adı verilmişdir. Bu ensiklopedist alimin çox zəngin elmi irsindən cəmi iki əsər - "Əxlaqi-Nasiri" ("Nəsirin etikası") və mineralogiyaya aid kiçik həcmli bir əsəri ana dilinə tərcümə edilmişdir. Tusinin Hülakü xanın iqtisadi məsələlər üzrə məsləhətçisi vəzifəsində fəaliyyəti də, demək olar ki, işıqlandırılmamışdır və bu baxımdan professor Ağababa Rzayevin "N.Tusi. Həyatı, elmi və dünyagörüşü" əsərini yeganə təsəlli hesab etmək olar.
Xalqımızın mədəniyyət xəzinəsinin digər əlamətdar səhifəsi - görkəmli bəstəkar və musiqi nəzəriyyəçisi Səfiəddin Urməvini (1230-1294) nadir hallarda xatırlayırıq. O, özünün "Kitab əl-ədvar" ("Musiqi dövrləri haqqında kitab") adlı əsərində nəinki muğamlar barədə tam informasiya vermiş, həm də gözəl və aydın not sistemi təklif etmişdir. Akademik Çingiz Qacarın "Qədim və orta əsrlər Azərbaycanının görkəmli oğulları" adlı kitabında yazdığı kimi, Urməvinin təklif etdiyi sistemdə musiqi hərflər və rəqəmlər vasitəsilə yazılırdı. Ərəb "əbcəd" say sistemindəki hərflər səsin şərti yüksəkliyini, rəqəmlər (yəni bu sistemin hərfləri - R.M.) isə səsin uzunluğunu göstərirdi. Melodiyanın ladı, düzümü və ritmi xüsusi rəqəmlərlə qeyd edilirdi. Müasir Qərb not sistemi yarımtonlardan kiçik intervalları yazmağa imkan vermir, buna görə də muğamların və ümumiyyətlə, Şərq musiqisinin bütün incəliklərini çatdırmaq üçün yetərli deyildir.
Digər həmvətənimiz Eynəlqüzat
Miyanəçinin (1099-1131) fikirləri və həyatı
humanizm və tolerantlıq idealları uğrunda mübarizə
dərsliyi hesab edilə bilər. O, hələ XII əsrdə
bəşəriyyəti tolerantlığa və sülhə
çağırır, aşağıdakı sözləri
ilə bütün ideoloji maneələri alt-üst edirdi: "Ey dost, əgər İsaya xristianların
gözü ilə baxsan, xaçpərəst olarsan, Musaya yəhudilərin
gözü ilə baxsan, yəhudi olarsan, bəlkə də
bütə bütpərəstlərin gözü ilə
baxsan, bütpərəst
olarsan". (Əlisa Nicat. "Müdriklik məbədi".
Bakı, 2005, s.136)
Təəssüf ki, müəyyən
amillərin təsirinə, bəlkə də öz
keçmişimizə bir qədər passiv münasibət bəslədiyimizə
görə, Nyu-Yorkda BMT-nin inzibati binasının fasadında
Miyanəçinin "Bəşəriyyət vahid bədəndir
və əgər onun bircə hissəsi xəstələnərsə,
bütün bədən əziyyət çəkəcəkdir"
sözləri deyil, ondan yüz il sonra yaşamış fars
şairi Sədinin (1181-1291) sözləri həkk
edilmişdir: Bir-biri ilə qovuşmuş Adəm
övladları bir bədənin əzalarıdır.
Çünki onlar bir mahiyyətdən
yaradılmışdır. Əgər tale bu əzalardan birini
zədələyərsə, onda başqa əzaların da
rahatlığı olmayacaqdır. (Saadi. Qulistan. Kritiçeskiy
tekst. Perevod, predislovie i primeçaniə
P.M.Alieva. M.İVL, 1959)
Bu siyahını davam etdirmək və genişləndirmək
olar. Lakin əsas məqsədimiz bu deyildir. Əsas məsələ odur ki, zəngin tarixi irsimiz
bu irsi bizə yenidən qaytara biləcək və bununla da Azərbaycan
xalqının mənəvi zənginliyini dünyaya
açıb göstərəcək peşəkar tədqiqatçılarını
gözləyir.
Mən bu məqaləni qəlbimin hökmü ilə
yazmağa başladım. Ən əsası da ona görə ki, Azərbaycan
türklərinin birləşməsində və Azərbaycan
dövlətçiliyinin yaradılmasında ulu əcdadlarımızın
tarixi rolu hələ də sona qədər öyrənilməmişdir.
Bizim tarixçilər, digər sosial elm istiqamətlərini
araşdıranlar, tarixi romanlar yazmağı tərgitmiş
yazıçılarımız xalqımıza çox
borcludurlar. Tariximizin dünya elmi ictimaiyyəti
tərəfindən çoxdan qəbul edilmiş bir sıra
aspektlərini dərindən və sistemli şəkildə
ümumiləşdirən araşdırmalarımız, təəssüf
ki, hələ yoxdur. Azərbaycan
xalqının görkəmli siyasi, elm və mədəniyyət
xadimlərinin dünya sivilizasiyası xəzinəsinə
töhfələri haqqında elmi araşdırmaların
olmaması yalnız təəssüf doğurur. Elə buna görə də yaranmış
boşluğu son vaxtlar doldurmağa başlamış əsərlərdə
tariximizin ayrı-ayrı aspektləri barədəki mülahizə
və nəticələr olduqca birtərəflidir.
Özü də bütün bunlar guya xoş niyyətlə,
"milli kodumuzu" dəyişməyin zəruri olması
kimi qələmə verilir.
Dövlət müstəqilliyi əldə etmiş millət,
vətəndaşlarımız öz tarixi keçmişi
haqqında mötəbər məlumatlara malik olmağa sadəcə
borcludurlar, bu, yeni nəsilləri tərbiyə etmək
üçün nümunə sayılan əsl milli obrazlara
müraciət etmək üçün əsas verərdi. Lakin bunun
üçün milli tariximizin sovet ideologiyasının təzyiqi
altında itirilmiş səhifələrinin bərpa edilməsi
çox vacibdir. Lakin "milli kodu" dəyişməyi
təklif edərkən keçmişimizlə bağlı hər
şeyi inkar etməyə aludə olmamalıyıq, əks
halda "çirkli su ilə bərabər körpəni də
tullamış" olarıq. Təəssüf
ki, son dövrlərdə işıq üzü
görmüş bəzi nəşrlər məhz bu cür təəssürat
yaradır.
Yuxarıda deyildiyi kimi, xalqımızın tarixində əsrlər
boyu bütöv bir ölkənin, vahid məkanda yaşayan,
eyni dildə danışan və ümumi dəyərlərə
şərik olan yüzlərlə nəsli və milyonlarla
insanı həyata səsləyən ideyanı təcəssüm
etdirən şəxsiyyətlər çox olmuşdur. Bu korifeylərin
mənəvi və praktik irsi bəzən ölkəmiz və
xalqımız üçün yolgöstərən ulduz
olmuşdur. Orta əsrlərdə Nizami və
Nəimi, Nəsimi və Füzuli belə şəxsiyyətlər
idilər. Biz nailiyyətlərimizin
çoxuna görə Azərbaycanın XIX-XX əsrlərdə
yaşayıb-yaratmış maarifçi və mütəfəkkirlərinə
borcluyuq. Onlar xalqın özünün necə
böyük mənəvi və tarixi irsi olduğunu başa
düşməsi üçün çox səy göstərmişlər.
Həyatlarını ali məqsədlərə
sərf etmiş bu fədakar insanlar Azərbaycan
xalqının şöhrətidir və cəmiyyətimizin hər
bir üzvü onlarla fəxr edə bilər. Azərbaycanın
yeni tarixində Ə.M.Topçubaşov, F.Xan Xoyski, M.Ə.Rəsulzadə
və Azərbaycan Xalq Cümhuriyyətinin digər görkəmli
qurucuları, ən yeni tarixdə Heydər Əliyev məhz bu
cür tarixi simalardandır. Bütün bu şəxsiyyətlər
XX əsrin axırları - XXI əsrin əvvəlində -
biz milli müstəqillik qazanandan və Azərbaycan dövlətçiliyi
güclənməyə başlayandan sonra özünün tam
təcəssümünü tapmış azərbaycançılıq
ideyasının daşıyıcılarıdır.
Lakin bu şəxsiyyətlər sırasında daha bir tarixi
sima var ki, onunla bağlı polemika və diskussiyalar artıq beş əsrdir səngimir. Söhbət
Səfəvilər dövlətinin banisi, böyük siyasi
xadim, istedadlı sərkərdə, gözəl şair və
vətənpərvər, Azərbaycan xalqının həqiqi
oğlu Şah İsmayıl Səfəvi (1487-1524)
haqqındadır.
Səfəvilər dövlətinin yaranması tarixinə
dair məsələlər heç də həmişə
düzgün qoyulmur və ciddi elmi meyarlara uyğun gəlmir. Bu problem barədə
yazmaq məsuliyyətini öz üzərinə
götürmüş bəzi müəlliflərin
baxışları bir sıra hallarda birtərəfli və
subyektiv xarakter daşıyır. Onların
əsərlərində vaxtilə taktiki əhəmiyyət kəsb
etmiş müəyyən məlumatların mütləqləşdirilməsi
müşahidə olunur. Eyni zamanda, Səfəvilər
hərəkatının Mərkəzləşdirilmiş Azərbaycan
Dövləti yaradılması uğrunda strategiyasının
məqsədi və əsas məzmunu arxa plana keçirilir.
Bu müəlliflər orta əsrlərdə tərtib
edilmiş şübhəli xarakterli bəzi mənbələrdən
istifadə edir, həmin mənbələrin hansı dövrdə,
nə vaxt və kim tərəfindən
yazılmasının, onları yazanların hansı
dünyagörüşünə xidmət etməsinin və
hansı siyasi hərəkatın tərəfdarları
olmasının mahiyyətinə dərindən varmırlar. Belə təsəvvür yaranır ki, sanki bu müəlliflər
bəzi hallarda real mənbələrə əsaslanırlar,
lakin elmilik prinsipinin nəzərə alınmaması
onları səhv nəticələrə gətirib
çıxarır.
Orta əsrlərdə və ən yeni tarixdə bəzi
müəlliflər lap əvvəldən Şah
İsmayılın həqiqi məqsədlərini inkar etmək
yolunu seçmiş, bu böyük şəxsiyyətə
münasibətdə qərəzli mövqe tutmuşlar. Bu müəlliflərin
subyektivliyi ondan ibarətdir ki, onlar çoxsaylı mənbələrdəki
məlumatların tənqidi şəkildə seçilməsi
və sistemləşdirilməsinə etinasızlıq
göstərir, nəticədə XV əsrin ikinci
yarısının və XVI əsrin ilk rübünün
tarixinin öyrənilməsinə obyektiv yanaşmırlar.
Ayrı-ayrı
əsərlərdə faktların elmiliyə və tarixi təfəkkürə
üstün gəlməsi hiss olunur ki, bu da qərəzli məlumatlardan
maksimum istifadə edilməsinin və onların kompilyativ şəkildə
sistemləşdirilməsinin nəticəsidir. Məlumdur
ki, orta əsr Şərq mənbələrinin bəzilərində
ayrı-ayrı hökmdarların fəaliyyəti mədh
edildiyi halda, digərləri onlara qara yaxmağa, dövləti
işlərdə onların rolunu azaltmağa yönəlmişdi.
Mənbələrdən qeyri-tənqidi şəkildə
istifadə edilməsi isə ayrı-ayrı şəxsiyyətlərin
dövlətin tarixində yerinin yanlış qiymətləndirilməsinə,
dövrün meyillərinin, ictimai-iqtisadi amillərin əhəmiyyətinin
təkzib olunmasına gətirib çıxarır. Tarixi detalların fetişləşdirilməsi
heç də həmişə baş verən hadisələrin
obyektiv mənzərəsini, tarixi proseslərin dərinliyini
görməyə imkan vermir.
Orta əsrlər tarixinə aid bəzi əsərlərdə
siyasi tarix məsələlərinə dini hərəkatlar
prizmasından baxılır, yəni bütün ictimai-siyasi
proseslərə siyasi-dini mənada yanaşılır. Halbuki dini
münaqişələr və müharibələr deyilən
hadisələrin tarixi göstərir ki, onların arxasında
siyasi maraqlar və məqsədlər gizlənir. Yəni, bu müharibələr mahiyyət etibarilə
siyasi məqsədlərin nəticəsidir. Tarixi proseslərin şərhinə dini mövqedən
yanaşma tədqiqatçılara bu proseslərin həqiqi
xarakterini açıb göstərməyə imkan vermir.
Görünür, gündəlik hadisələrin
arxasında strateji məqsədi görməyi heç də
hər kəs bacarmır. Tarixi şəxsiyyətlərin
siyasi fəaliyyətinin motivləri yalnız elmilik prinsiplərinə
və metodlarına riayət edildikdə, konkret siyasi proseslərin
bütün tərkib hissələri və dövrün meyilləri
nəzərə alındıqda obyektiv şəkildə
açıla bilər.
2012-ci il noyabrın 24-də "Zerkalo" qəzetində
tarix elmləri doktoru Fərid Ələkbərlinin
"Şah İsmayıl. Şair, qəhrəman,
yoxsa təfriqəçi?" sərlövhəli məqaləsi
dərc edilmişdir. Açığını
deyim ki, bu müəllifin vətənpərvərliyi
şübhə doğurmur. O, Azərbaycan tarixinə aid
yeni mənbələrin axtarışı ilə fəal məşğul
olan, bununla da bizim tarix və filologiya elmlərinə çox
faydalı kömək göstərən alim kimi
tanınır. Lakin onun "Şah
İsmayıl..." məqaləsini uğurlu hesab etmək
olmaz. Bu məqalədə düzgün
müddəalarla yanaşı, yumşaq desək, ciddi
nöqsanlar da vardır.
F.Ələkbərlinin fikrincə, Şah İsmayıl
Azərbaycan tarixində ən mühüm və eyni zamanda,
heç də birmənalı olmayan simalardandır. Müəllifin
bu sözləri göstərir ki, o, Şah
İsmayılın tərcümeyi-halında onun
böyüklüyünü heçə endirə biləcək
səhifələr axtarmağı qərara
almışdır. Şah
İsmayılın hakimiyyətində mənfi cəhətlər
axtarmaq ona yalnız və yalnız qara yaxmaqla məşğul
olanların dəyirmanına su tökməyə oxşayır.
Müəllifin
başqa bir fikrinə nəzər salaq: Şah İsmayıl
"Şirvanşahlar dövlətini görünməmiş
qəddarlıqla məhv etmiş və Osmanlı imperiyası
ilə uğursuz müharibəyə başlamış, bu
müharibədə uduzaraq, Azərbaycanın az qala
bütün ərazisini uzun müddətə itirmişdir".
Şah İsmayılın "müharibəyə
başlaması" fikri ilə razılaşmaq çətindir.
Bu, doğrudanmı belədir? Zənnimcə, burada
ölçülüb-biçilmiş yanaşma prinsipi
pozulmuşdur. XVI əsrin birinci
rübündə regionda cərəyan edən siyasi proseslərin
dərin, kompleks şəkildə təhlili tamam başqa mənzərə
yaradır. Özü də iki imperiya
arasında sülhün olması təkcə Şah
İsmayıldan asılı deyildi.
Müəllif belə hesab edir ki, Şah İsmayıl
"əvvəllər gülüstana dönmüş
ölkəni tam səfalət və dağıntı vəziyyətinə
salmışdır". O, "X-XVI əsrlərdə Şərqin mədəni
mərkəzlərindən biri kimi tanınan Azərbaycanın
1813-cü ildə çox acınacaqlı bir vəziyyətdə
Rusiya imperiyasının tərkibinə daxil olmasına"
görə məsuliyyəti Şah İsmayılın üzərinə
qoyur. Bu cür nəticələr
çıxarmaq təfəkkür qanunlarına ziddir. Onlar məntiqin qanunlarından birini, məhz kafi əsas
qanununu inkar edir. Şah İsmayıldan sonrakı iki
yüz il ərzində ölkədə mərkəzi
hakimiyyətdən asılı olmamaq iddiasına
düşmüş Azərbaycan xanlıqları tərəfindən
separatist ambisiyalar güclənmişdi. Dövlət
çevrilişləri, Azərbaycan türklərinin
elitasının məhv edilməsi, zəif şahların
hakimiyyətə gəlməsi, regionda və bütün
dünyada yeni güc mərkəzlərinin yaranması, xaricdən
daimi təhlükələr, dövlətin idarə edilməsində
və ordunun modernləşdirilməsində zəruri
islahatlar aparılmaması - bu və bir sıra başqa amillər
nəticəsində Azərbaycan özünü müdafiə
etmək qabiliyyətini itirmişdi. Buna görə də
Şah İsmayılın hakimiyyətindən iki yüz il sonra Azərbaycanın bir hissəsinin onun təqsiri
üzündən zorla Rusiya imperiyasına birləşdirilməsi
barədə iddialar tarixi inkişafın məntiqinə o qədər
də uyğun gəlmir. Bu, cəfəngiyat deməsək
də, ən azı, ədalətsizlikdir.
Ön Asiyanın ərazisində əsrlər boyu
müxtəlif tayfalar yaşamışdır. Buna görə
də tamamilə təbiidir ki, onların bəziləri salamat
qalmaq uğrunda mübarizə aparır, öz dövlətçiliyini
yaratmağa çalışır, məhz onlara xas olan
spesifik əlamətlərə və xüsusiyyətlərə
malik olmaqla öz inkişaf yolu ilə irəliləməyə
cəhd göstərirdi. Başqa xalqlar
kimi, Azərbaycan xalqının da müstəqil tarixi
inkişaf yolu, bənzərsiz mədəniyyəti, etnik
xüsusiyyətləri və digər əlamətləri
vardır. Azərbaycan xalqının
formalaşması tarixinin kökləri uzaq keçmişə
gedib çıxır. Bu prosesi təkcə
Cənubi və Şimali Azərbaycan ərazisinə türk
tayfalarının gəlməsi ilə əlaqələndirmək
böyük elmi səhv olardı. Bu
baxımdan, F.Ələkbərli haqlı olaraq göstərir
ki, Azərbaycan xalqının formalaşması prosesi müxtəlif
mərhələlərdən keçmişdir. Tarixi
inkişaf nəticəsində çox vaxt qədim tayfaların dilləri və
adları dəyişmiş, onlar bir-biri ilə qaynayıb qarışaraq
yeni tayfa ittifaqları formalaşdırmış, yeni dövlətlər
yaratmış, yeni dinləri və ənənələri qəbul
etmişlər. Azərbaycan xalqının
formalaşmasının mühüm mərhələlərindən
biri XVI-XVII əsrlərdə Səfəvilər sülaləsindən
olan ilk şahların hakimiyyəti dövrü olmuşdur.
Həmin vaxtda qədim Azərbaycan etnosu onu digər
qohum türk xalqlarından fərqləndirən yeni səciyyəvi
milli xüsusiyyətlər qazanmışdır.
Bu müddəaların müəllifi olan F.Ələkbərli,
eyni zamanda, zənnimcə, Şah İsmayılın fəaliyyəti
barədə bəzi mülahizələrində subyektivizmə
meyillidir. Ümumiyyətlə, XVI əsrin əvvəlində
regionda baş verən proseslərin bütün
dolaşıqlıqlarını bilmədən təkcə
bir dövlət başçısının fəaliyyətini
tənqid etmək nə dərəcədə
düzgündür?!
Güntay Gəncalpın 2012-ci ildə Bakıda
"Qanun" nəşriyyatında nəşr edilən
"Səfəvilər" kitabı çoxlu suallar və
etirazlar doğurur. 272 səhifəlik bu kitab ayrı-ayrı
müəlliflər tərəfindən Səfəvilər
sülaləsinin, o cümlədən İsmayıl Səfəvinin
Mərkəzləşdirilmiş Azərbaycan Dövləti
yaradılması uğrunda mübarizədə tarixi rolunu və
onların bioqrafiyası ilə bağlı məlumatları
necə təhrif etməyə
çalışdıqlarını göstərən bir
nümunədir. Baxmayaraq ki, Şah
İsmayıl tərəfindən yaradılmış dövlətin
və Səfəvilərin fəaliyyətinə obyektiv
xarakteristika verilən ciddi nəşrlər və əsərlər
çoxdur.
Əslən Cənubi Azərbaycandan olan G.Gəncalp bu
kitabı yazarkən İran, Türkiyə, Rusiya, Qərb və
Azərbaycan müəlliflərinin külli miqdarda əsərlərindən
mənbə kimi istifadə etmişdir. O, kitabın sonunda həmin
müəlliflərin siyahısını vermişdir - 68 nəfərdir.
Lakin buna baxmayaraq o, obyektiv ola bilməmiş,
bəlkə də bunu istəməmişdir. Zənnimcə,
G.Gəncalp istifadə etdiyi çoxsaylı tarixi məlumatlar
arasında yaxşını pisdən seçə bilməmişdir.
Buna görə də onun
çıxardığı nəticələr görkəmli
tarixçilərin - Yaxın və Orta Şərqin XV-XVI əsrlər
tarixi sahəsində mütəxəssislərin elmi
baxışlarına ziddir. Kitabda qeyri-dəqiqliklər,
ziddiyyətlər, uydurmalar çoxdur, müəllif həqiqətə
uyğun olmayan faktlara istinad edir. Belə təsəvvür
yaranır ki, ona şəxsi taleyinin
qarmaqarışıqlığı, eləcə də
müasir İranda hökm sürən ictimai-siyasi, ideya-mənəvi
şərait təsir göstərmişdir.
Məsələn, onun belə bir fikri nə dərəcədə
əhəmiyyətlidir ki, Şah İsmayıl silah
gücünə insanları öz etiqadından dönməyə
və şiəliyi qəbul etməyə məcbur etmiş,
eyni zamanda, sünnilərə aid nə varsa
hamısını məhv etmişdir (s.139). Hərçənd,
G.Gəncalp bu məsələdə tək deyildir. Hətta bu deyilənlər həqiqətə
uyğun olsa belə, qızılbaşları bu addımı
atmağa məcbur edən səbəbləri göstərmək
lazımdır. Birləşmiş Azərbaycan
dövlətinin olub-olmaması məsələsi həll
edilirdi. Orta əsrlərdə müharibənin
sərt qanunları vardı. Hər halda,
görünür, müəllif öz qarşısına
başqa məqsəd qoymuşdur. Yeri gəlmişkən,
özü də bunu etiraf edir: "Bu kitab Səfəviyyətə
qarşı bir etiraz manifestidir". (s.20) Elə
bu tezisdən müəllifin məqsədinin nədən ibarət
olması görünür.
Səfəvilərin
fəaliyyəti barədə G.Gəncalpın
çıxardığı bəzi nəticələrə nəzər
salaq: "Bölgə tarixi yanlış yönə
sapmışdır... Səfəviliyin nəfəsi ilə zəhərlənmiş,
düşüncəsi devşirilmiş (zorla dəyişdirilmiş
- red) türklər modern fars milliyyətçiliyinin əsasını
oluşdurdular" (s.15); "Etnik mənsubiyyət duyğusu
Səfəvilərdən başlayaraq sönməyə
doğru getmişdir... Səfəviyyət bu
doğal duyğunu türk ulusunda
söndürmüşdür" (s.16). Müəllif
belə hesab edir ki, Şah İsmayıl özünün
qızılbaş tərəfdarları ilə birləşərək,
türk mədəniyyətini məhv etmişdir: "Sanki Səfəvilərdən
öncə nə bayandurlu Dədə Qorqud mədəniyyəti
olmuşdur, nə Səlcuqlu". (s.16) Onun fikrincə, fars dili Səfəvilərin dövründə
rəsmi dövlət dili olmuşdur: "Öz dilində
yazma imkanları Səfəvilərdən bəri tamamən
yox edilmişdir". (s.18) Müəllif yazır: "Tək
amacım Səfəviyyət zindanında həbs edilmiş
türklərin ağlına azadlıq qazandırmaq
olmuşdur". (s.18)
Bir sözlə, G.Gəncalp Şah
İsmayılı bütün günahlarda ittiham edir, Səfəvilər
dövrünü az qala, tariximizin qara səhifəsi
hesab edir. Etiraf etməliyəm ki, o, öz mühakimələrində
orijinal deyildir, çünki yüzilliklər boyu müxtəlif
siyasi və dini cərəyanların nümayəndələri,
o cümlədən İranda və Türkiyədə, elə
Qərbdə də XVI əsrdə Yaxın və Orta Şərqdə
Şah İsmayılın tarixi rolunu azaltmaq üçün
çox səy göstərmişlər.
Həqiqi alimlər, nüfuzlu tarixçilər
üçün Şah İsmayıl böyük dövlət
xadimi və istedadlı sərkərdə olaraq qalır. Azərbaycanlıların
şüurunda isə Şah İsmayıl Azərbaycan
torpaqlarını birləşdirmiş, Mərkəzləşdirilmiş
Azərbaycan Dövlətini yaratmış şəxsiyyətdir.
Şah İsmayıl Səfəvinin şəxsiyyətindən
söhbət düşəndə həmvətənlərimizin
əksəriyyəti çox vaxt onun bioqrafiyasını və
şiəliyi dövlət ideologiyası səviyyəsinə
çatdırmaqla bağlı fəaliyyətini
xatırlatmaqla kifayətlənir, bu addımın siyasi məqsədlərini
açıqlamırlar. Lakin Şah
İsmayılın böyük irsi qarşısında bu dəlillər
çox sönükdür, çünki bunlar onun öz
xalqı qarşısındakı böyük xidmətlərini
göstərməyə qabil deyildir.
Bu qeyri-adi şəxsiyyətin dövlətçilik
potensialını, dərin zəkasını və uzaqgörənliyini
bir məqalədə açıb göstərmək
mümkün deyildir. Ona görə də bu məqalə
yalnız Şah İsmayılın siyasi portretini, Mərkəzləşdirilmiş
Azərbaycan Dövlətinin yaradılması yolunda görkəmli
sərkərdə və dövlət xadimi kimi fəaliyyətini
ümumi cizgilərlə də olsa, göstərmək cəhdidir.
Orta əsrlərdə
xalqımızın dövlətçilik tarixində Səfəvilər
imperiyası onun rəhbərliyi altında ən yüksək
mərhələ kimi
əvvəlki və sonrakı Azərbaycan dövlətləri
zəncirində yalnız bir halqa olmuşdur. Bu siyasi qurumlar
bir-birini əvəz etməklə və çoxəsrlik Azərbaycan
dövlətçiliyinin əsasını
formalaşdırmaqla Azərbaycan türk tayfalarını birləşdirmiş,
dövlət quruculuğu ənənələrini, idarəçilik
vərdişlərini, qonşu
xalqlar haqqında bilikləri və informasiyanı, onlarla
ünsiyyət mexanizmlərini, hakimiyyətin çox vaxt atadan
oğula verilməsi təcrübəsini növbəti nəsillərə
ötürmüşlər. Deməliyik ki, Azərbaycan
dövlətçiliyinin tarixinin çoxsaylı əlaqələri
ilə birlikdə, habelə dövlətin
inkişafının varisliyi mövqeyindən öyrənilməsi
Azərbaycanın tarixi gerçəkliyinə dolğun
baxış formalaşdırmağa, XVI əsrdə Ön
Asiyada baş verən bütün hadisələrin
anlaşılmasına daha geniş mövqedən
yanaşmağa imkan verir.
Məlumdur ki, Şah İsmayıl ata xətti üzrə
Cənubi Azərbaycanın Ərdəbil şəhərindən
olan nüfuzlu Səfəvilər nəslinə mənsubdur. Bu nəslin banisi Şeyx Səfiəddin
Ərdəbili XIII əsrdə "Səfəviyyə" sufi ordenini təsis etmiş, sonradan bu orden ciddi
siyasi nüfuz qazanmışdır. Bu ordenin əvvəllər
sünni olmuş nümayəndələri tədricən
mötədil şiəlik məzhəbinə etiqad etməyə
başlamışlar. Sonrakı dövrdə
fasiləsiz siyasi mübarizənin gedişində bu məzhəb
xeyli dərəcədə fanatizmə çevrilmişdir.
Onu da demək lazımdır ki, bu orden
yarandığı ilk vaxtlardan hakim yuxarı təbəqəyə
münasibətdə müxalif mövqe tutmuşdur.
Şah İsmayıl ana tərəfdən Ağqoyunlu
hökmdarı Uzun Həsənin nəvəsi - onun
qızı Aləmşah bəyimin oğlu idi. Uzun Həsən
özü Trabzon imperatoru yunan IV İohann Komninin qızı
Teodora (Dəspinə) ilə evlənmişdi.
Sülalə nikahları əsrlər boyu sülhün və
dostluğun möhkəmlənməsinə kömək
etmişdir, eyni zamanda, dövlətin beynəlxalq nüfuzunun
artmasının mühüm göstəricisi idi. Məhz bu səbəbdən
Uzun Həsən Səfəvilər nəslinin çox
böyük siyasi və sosial təsirə malik olmasını
nəzərə alaraq, onlarla qohum olmağı qərara
almış və öz qızını bu nəslin
başçısı Şeyx Heydərə ərə
vermişdi.
Səfəvilərin əsas məqsədi Azərbaycan
torpaqlarını birləşdirmək olmuşdur. Bəzi tədqiqatçılar
Səfəvilər tarixində baş vermiş digər hadisələrə
aludə olaraq, məhz bu əsas məqamı diqqətdən
qaçırırlar. Görkəmli şərqşünas
İ.P.Petruşevski (1898-1977) yazır: "Səfəvilərin
şiəlik bayrağı altında Azərbaycanı siyasi cəhətdən
birləşdirmək məqsədi daşıyan hərəkatı
inkişaf edirdi". (Sbornik statey po istorii Azerbaydjana. Vıpusk I, Baku, 1949, str. 210) Bu məqsədlə
İsmayılın babası Şeyx Cüneyd və atası
Şeyx Heydər silahlı mübarizəyə
başlamış və bu mübarizədə onlar hər
ikisi həlak olmuşdu. Səfəvilərin
vahid Azərbaycan dövləti yaratmaq uğrunda mübarizə
cəhdlərinin qarşısı Ağqoyunlu və
Şirvanşahlar sülalələrinin nümayəndələri
tərəfindən müvəqqəti
alınmışdı.
İsmayıl Səfəvi 12 yaşında olarkən Səfəvi
əmirlərinin və digər türk tayfalarının dəstəyi
ilə öz əcdadlarının başladığı
mübarizə yoluna qədəm qoymuşdur. Onun tərəfdarlarının
çıxışı 1499-cu ildə baş vermişdir.
Əvvəlki çıxışlardan fərqli
olaraq, bu dəfə hərəkat qısa müddətdə
Azərbaycanın hüdudlarından kənara yayıldı.
Səfəvilərin ilk
çıxışlarının məqsədi yalnız Azərbaycanı
birləşdirmək idisə, İsmayıl Səfəvi və
onun tərəfdarları bəzi başqa ölkələri də
əhatə edəcək böyük dövlət
yaratmağı qərara almışdılar. Ağqoyunlu və Şirvanşah qoşunları ilə
üç qanlı, lakin müzəffər döyüşdən
sonra, 1501-ci ildə İsmayıl Səfəvi Təbrizə
daxil olmuş, özünü Azərbaycanın və
İranın hökmdarı elan etmişdir. Yeni və eyni zamanda, Azərbaycan tarixində ilk mərkəzləşdirilmiş
dövlət - Səfəvilər dövləti və ya bəzi
mənbələrdə deyildiyi kimi, Qızılbaşlar
dövləti yaradıldı. Bundan sonra
Şah İsmayılın nəhəng imperiya yaratmağa
yönəlmiş aktiv siyasi, hərbi və ideoloji fəaliyyəti
başlanır. Bu fəaliyyət cəsarətli
işlərlə, çoxsaylı risklər, qurbanlar, məğlubiyyətlər
və qələbələrlə müşayiət olunurdu.
İ.P.Petruşevski
Şah İsmayıl haqqında danışarkən onun
istedadlı sərkərdə olmasını vəcdlə
vurğulayır: "Müasirlərinin ümumi fikrinə
görə o, hərbi istedada malik idi. Tarixçi
Xondəmir İsmayılın hərb dühasını
xüsusi tərifləyir. Tarixçi Həsən Rumlu
qeyd edir ki, İsmayıl öz həyatı boyu beş
böyük savaş aparmışdır: 1500-cü ildə
Cabani yaxınlığında Şirvanşah Fərrux Yəsarla,
1501-ci ildə Şərurda Ağqoyunlu Əlvənd ilə,
1503-cü ildə Alma Qulağı yaxınlığında
Sultan Murad Ağqoyunlu ilə, 1510-cu ildə Mərv
yaxınlığında özbək xanı Məhəmməd
Şeybani ilə və 1514-cü ildə Çaldıranda I
Sultan Səlim ilə. Bu beş
döyüşdən ilk dördü İsmayılın
parlaq qələbəsi və onun düşmənlərinin
tamamilə darmadağın edilməsi ilə nəticələnmişdir.
Yalnız sonuncu savaşda İsmayıl ... ondan
asılı olmayan səbəblər üzündən
uduzmuş, lakin son nəticədə düşməni geri
çəkilməyə məcbur edə bilmişdi".
(İ.P.Petruşevskiy.
Tam je. Str.242)
Şah İsmayıl Səfəvinin fəaliyyəti
haqqında həm Qərbdə, həm də Şərqdə,
o cümlədən onun vətəni Azərbaycanda çoxlu
müxtəlif kitablar və məqalələr
yazılmışdır. Lakin təəssüf
ki, müəlliflər heç də həmişə onun
dövlətçilik xidmətlərini və
uğurlarını ön plana çəkməyə, tam
şəkildə və həqiqi miqyasda göstərməyə
müvəffəq olmurlar. Səfəvilər
dövlətinin banisi haqqında çox vaxt təhrif
edilmiş obraz, dini fanatik və ya romantik şair barədə
bir mif yaradılır. Bütövlükdə
Səfəvilər sülaləsinin və İsmayılın
etnik mənşəyini təhrif edən əsərlər də
vardır.
Çoxlu
sayda ilk mənbələrin ("Səffat əs-səfa",
"Tarix-i aləmarayi-Abbasi" və s.) və şəhadətlərin
olmasına baxmayaraq, bəzi Qərb, habelə İran
tarixçiləri bu gün də Şah İsmayıl Səfəvini
yalnız İranın maraqları ilə bağlı şəxsiyyət
kimi təqdim etmək cəhdlərindən əl çəkmirlər.
Onlar Səfəvilər dövlətini
İranda ərəb, türk və monqol fatehlərinin
dövlətini əvəz etmiş milli İran dövləti
kimi xarakterizə edirlər. Şah
İsmayılın iranlıları türklərdən xilas
etməyə, əzəli İran torpaqlarını birləşdirməyə
və İran milli dövləti yaratmağa
çalışdığı bildirilir. Hərçənd,
alimlər orta əsr mənbələri əsasında
sübut etmişlər ki, Şah İsmayıl heç vaxt
öz qarşısına İranın siyasi və milli
birliyini bərpa etmək məqsədi qoymamışdır.
Şah
İsmayılın tarixinin gözəl bilicisi, Azərbaycan
tarixçisi Oqtay Əfəndiyev çoxsaylı mənbələrə
əsaslanaraq yazır: "Səfəvilər dövlətinin
tarixi Azərbaycan xalqının tarixi ilə, onun sonrakı
etnik konsolidasiyası ilə qırılmaz surətdə
bağlıdır. Azərbaycanın cənub və
şimal vilayətlərinin Səfəvilər dövlətinin
vahid, nisbətən mərkəzləşdirilmiş
hüdudları daxilində birləşdirilməsi bu vilayətlərin
keçmişə nisbətən daha sıx siyasi, iqtisadi, mədəni
və etnik inteqrasiyasına zəmin yaratmışdı.
Onilliklər boyu davam etmiş feodal pərakəndəliyindən
sonra Azərbaycan XVI əsrdə yenidən özünün
dövlət bütövlüyünü əldə
etmiş, iqtisadiyyat və mədəniyyət sahəsində
müəyyən tərəqqiyə nail olmuşdu".
(Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər
dövləti. B. 2007, s.6)
Böyük
şərqşünas, orta əsrlər dövründə Cənubi
Qafqazın və İranın tarixinə dair parlaq
araşdırmaların müəllifi M.F.Minorski hesab edirdi ki,
Səfəvilər Qaraqoyunlular və Ağqoyunlular sülalələrinin
birbaşa varisləri, onlarla çoxtərəfli qohum
olmuşlar. O, ilk Səfəvi hökmdarlarının dövlətini
İranda Azərbaycan dövlətinin üçüncü
fazası hesab edir. Bu halda həmin dövlətin
ilk iki fazası Qaraqoyunlu və Ağqoyunlu dövləti
olmuşdur. (Üit.
po O.A. Gfendiev. Sb. Protiv burjuaznıx falğsifikatorov istorii i
kulğturı Azerbaydjana. Pod red. A.S.
Sumbatzade. Baku, 1978, str. 134)
Səfəvilər sülaləsinin türk mənşəyi
haqqında V.V.Bartoldun fikri ən mötəbər fikir olaraq
qalır və tarixi mənbələrin yeni məlumatları
ilə təsdiqlənir. Alim həmin sülalənin banisi Şeyx Səfiəddinin
(1252-1324) və onun varislərinin mənşəyi ilə əlaqədar
yazırdı ki, bu Ərdəbil şeyxləri, heç
şübhəsiz, fars mənşəli
deyil, türk mənşəli olmuşlar. (V.V. Bartold. Soç.
t.II, ç.I. M. 1963, str.748)
Səfəvilər sülaləsinin kürdlərə də
heç bir aidiyyəti yoxdur, hərçənd bəzi
müəlliflər bunun üçün zəruri mənbələr
və ciddi dəlillər olmadığı halda, bu haqda
yazırlar.
İran
tarixi üzrə tanınmış mütəxəssis
N.D.Mikluxo-Maklay Səfəvilər sülaləsinin etnik mənşəyi
məsələsinə toxunaraq yazır: "Sonralar
qızılbaşlar adlanmış bu tayfalar öz dilinə və
mənşəyinə görə XV əsrdə
ardıcıl surətdə Azərbaycanın və
İranın böyük hissəsinin sahibi olmuş, Qaraqoyunlu
və Ağqoyunlu dövlətlərini yaratmış Azərbaycan
tayfaları ilə qohum idilər". (Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər
dövləti. B.2007, s.53.)
Sitatların çoxluğu oxucunu təəccübləndirməsin. Mən bu
iqtibaslara bilərəkdən müraciət edirəm ki, şərh
edilənlərin mötəbərliyinə heç kəsdə
şübhə yeri qalmasın.
Demək
lazımdır ki, Səfəvilərin etnik mənşəyi
barədə cəfəng mülahizələrin
yayılmasına şərait yaradan odur ki, son illərdə
Azərbaycan tarixşünaslığında səfəvilər
mövzusunda fundamental əsərlər, demək olar
yazılmır, bu isə Şah İsmayılın Azərbaycan
mənşəli olması barədə heç eşitmək
belə istəməyənlər üçün diskussiya
meydanı yaradır.
Bu qədər subyektiv cəhdlərə baxmayaraq,
sevindirici haldır ki, dünya şöhrətli alimlər
vaxtilə gözəl əsərlər yazmışdır. Həmin əsərlərdə
bütün əsas ittihamlar dəlillərlə təkzib
edilir və Azərbaycan xalqının böyük oğlunun
şəxsiyyəti öz həqiqi qiymətini tapır.
V.V.Bartold, İ.P.Petruşevski, A.Y.Krımski, B.N.Zaxoder,
V.F.Minorski kimi görkəmli şərqşünasların,
rusiyalı böyük iranist N.D.Mikluxo-Maklayın, türkiyəli
məşhur tarixçi F.Köprülüzadə və
başqalarının səyləri sayəsində Şah
İsmayıl irsi onu doğma Azərbaycandan ayırmağa
yönəlmiş subyektiv şərhlərdən
qorunmuşdur. Ədalət naminə,
tanınmış Azərbaycan tarixçisi, Səfəvi
şahlarının, o cümlədən Şah İsmayıl
Səfəvinin irsinin öyrənilməsi və
tanıdılması üçün çox işlər
görmüş O.A.Əfəndiyevin töhfəsini də
vurğulamaq lazımdır.
İlk mənbələrdə Səfəvilər
dövlətinin banisinə aid edilən çoxsaylı
mülahizələr onun türklərlə və Azərbaycanla
ayrılmaz əlaqəsini birbaşa göstərir. Şübhəsiz,
belə faktlardan ən məşhuru və
inandırıcısı İsmayıl Səfəvinin
Şirvandakı Gülüstan qalası mühasirəyə
alınan vaxt dediyi sözlərdir. İsmayıl
atası Şeyx Heydərin qatili, şirvanşah Fərrux Yəsar
üzərində qələbədən sonra öz
düşməninin qüvvələrini tamamilə
darmadağın etmək üçün
qoşunlarını irəlilətmişdi. Lakin Şirvan qoşunlarının qalıqları və
əhalinin bir hissəsi Gülüstan qalasında mövqelərini
möhkəmlədərək, İsmayılın
qoşunlarına müqavimət göstərməyi qərara
almışdı. Orta əsr Azərbaycan
tarixşünaslığının görkəmli nümayəndəsi
İsgəndər bəy Münşi (1560-1634) yazır ki,
İsmayıl Şirvanın ən əlçatmaz
istehkamlarından birini mühasirəyə aldıqdan sonra hərbi
şura çağıraraq, sərkərdələrə belə
bir sualla müraciət etmişdir: "Siz Azərbaycan səltənətinimi
(taxtgah), yoxsa Gülüstan qalasınımı istəyirsiniz!".
O,
mühasirənin çox üzücü olacağını
başa düşərək, qalanın ətrafından
keçməyi qərara almışdı, çünki əmin
idi ki, Yəsarın özü həlak olandan sonra Şirvan
qoşunları qısa müddətdə qüvvə
toplayaraq ona ciddi müqavimət göstərə bilməyəcəkdir.
İsmayıl vaxt qazanaraq, bütün Azərbaycan
boyu sürətli yürüşünü mümkün qədər
tezliklə qələbə ilə başa
çatdırmağa çalışırdı.
XV əsrin son rübündə ölkədəki vəziyyət
dövlətin oturuşmamasını açıq-aşkar
göstərirdi. Təbriz taxt-tacında sultanların tez-tez dəyişməsi
(10 il ərzində 8 hökmdar), feodal çəkişmələri,
sülalə müharibələri, müstəqilliyə can
atan vilayət hakimləri arasında mərkəzdənqaçma
əhval-ruhiyyəsinin güclənməsi, sadə xalqın
yoxsul vəziyyətdə olması, əmirlər və bəylər
arasında saysız-hesabsız silahlı toqquşmalarda
iştirak etməkdən təngə gəlməsi və s. -
İsmayıl Səfəvi və onun yaxın ətrafı
ölkəni tamamilə dağılmaqdan xilas etməyi qərara
alan vaxt belə bir kədərli mənzərə vardı.
İsmayıl Səfəvi öz vəzifəsini siyasi mərkəzi
Azərbaycanda olmaqla yeni qüdrətli imperiya yaratmaqda
görürdü. Onun məqsədi Azərbaycan türklərinin
hakim mövqeyinin bütün səviyyələrdə öz
təsdiqini tapdığı və mümkün olan
bütün formalarda təzahür etdiyi ilk mərkəzləşdirilmiş
dövlət yaratmaqdan ibarət idi.
Beləliklə, Azərbaycan torpaqlarının birləşdirilməsi
uğrunda mübarizə əsas özəyini Azərbaycan
türk tayfaları təşkil edən, sonrakı iki
yüzillik ərzində Osmanlı dövləti ilə rəqabət
aparan Səfəvilər dövlətinin yaradılması ilə
başa çatdı. Hətta İran, İraq, Əfqanıstan
və digər ərazilərdə müxtəlif xalqların
konqlomeratı olan nəhəng imperiya yaradılandan sonra da hərbi
və siyasi elita təşkil edən azərbaycanlılar
dövlətin əsas dayağı statusunu qoruyub
saxlamışdılar.
İ.P.Petruşevski
çoxsaylı mənbələrə əsaslanaraq yazır:
"İran, Rum, Kürdüstan və başqa ölkələrdə
qızılbaşların işğalının kortəbii
şəkildə yayılması onunla nəticələnmişdir
ki, İsmayılın yaratdığı dövlət Azərbaycanın
hüdudları ilə kifayətlənməmiş, ölkələrin
və xalqların konqlomeratına çevrilmişdir. Lakin bu dövlətdə XVI əsrin lap
axırlarına, I Şah Abbasın islahatlarına qədər
Azərbaycan elementi ... üstün siyasi rol
oynayırdı". (İ.P.Petruşevskiy. Sbornik statey po istorii Azerbaydjana. Str. 243)
Orta əsrlər
Şərqinin böyük bilicisi B.N.Zaxoder Səfəvilər
dövlətinin yaranmasında Azərbaycanın rolu
mövzusuna toxunaraq yazırdı: "Sosial-iqtisadi
inkişafın nisbətən yüksək pilləsində
olan Azərbaycan XVI əsrin əvvəlində Cənubi Qafqaz
və İran ərazisində yaranmış geniş dövlətin
özəyini təşkil edirdi. Bu dövlətə
çoxlu tayfa və xalqlar daxil idi, lakin orada uzun müddət
Azərbaycan feodalları üstünlük təşkil edir,
ilk Səfəvilər onların hərbi gücünə
arxalanırdı". (Vsemirnaə istoriə. T.IV, M. 1959, str.558)
O.Əfəndiyev yazır ki, müasir İran tarix məktəbinin
ən parlaq nümayəndələrindən biri, məşhur
tarixçi Nəsrulla Fəlsəfinin etirafları da çox
əlamətdardır. Səfəvilərin etnik mənşəyi
barədə İranda formalaşmış ənənəvi subyektiv
yanaşmanın əksinə olaraq, o, İsmayılın Azərbaycan-türk
hökmdarı olmasını qətiyyətlə qəbul
edir, obyektiv dəlilləri, məntiqi mühakimələri və
ciddi mənbələri şovinist nəşrlərdən
üstün tutur. O, öz əsərlərində
İsmayılın istər sarayda, istərsə də ədəbi
mühitdə türk, yəni, Azərbaycan dilinin mövqeyinin
möhkəmlənməsinə çox böyük
qayğı göstərməsi faktına xüsusi diqqət
yetirir. O yazır: "Şah İsmayıl ata tərəfdən
özünü seyid (yəni, Məhəmməd peyğəmbərin
nəslindən olan - O.Ə.) Əli nəsli
sayır və bu nəsil şəcərəsi ilə fəxr
edirdi. Ana tərəfdən isə o, Türkman Həsən
bəy Ağqoyunlunun (yəni, Uzun Həsənin - O.Ə.) nəvəsi
idi və haqlı olaraq özünü bu sülalənin
qanuni varisi hesab edirdi... Dövrün bütün tarixlərindən
məlum olduğu kimi, onun tərəfdarları da əsasən
türkman və tatar tayfalarından olanlar idi... Fars
dili Osmanlı imperiyasında və Hindistanda siyasət və ədəbiyyat
dili olduğu bir dövrdə Şah İsmayıl türk
dilini İran sarayının rəsmi dili etmişdi. Hətta o özü də yalnız türk dilində
şeirlər yazırdı. Nəticədə
türk dili Səfəvilər sarayında elə geniş
yayıldı ki, bu sülalənin hakimiyyətinin sonunadək
sarayın rəsmi dili olaraq qaldı". O, daha sonra
yazır: "Qızılbaşlar özlərini türk mənşələrinə,
əsil-nəcabət və ad-sanlarına görə
İranın yerli əhalisindən yüksəkdə tutur,
onları (iranlıları - O.Ə.) həqarətlə tatlar
və taciklər adlandırırdılar". (O.Əfəndiyev. Azərbaycan Səfəvilər
dövləti, s.34-35)
Şah İsmayıl Azərbaycan dilində təkcə
gözəl şeirlərin, mükəmməl ədəbi
abidə olan "Dəhnamə" ("On məktub")
poemasının müəllifi deyildi. O, həm də dövlət fərmanları
imzalayır və beləliklə, Azərbaycan dilini dövlət
müstəvisinə, siyasi müstəviyə
keçirmiş olurdu. Bununla bağlı
İ.P.Petruşevskinin bir fikrini xatırlatmaq istərdim.
O yazırdı: "Aldığı tərbiyəyə və
maraqlarına görə İsmayıl qızılbaş
tayfaları və köçəri əyanları ilə
sıx bağlı idi. O, yaxşı təhsil
görmüşdü, şair və alimlərə himayədarlıq
edirdi. Xətai təxəllüsü
götürmüş İsmayıl öz vaxtının
tanınmış şairi idi, özündən sonra şeirlər
toplusu (divan) qoyub getmişdir. Diqqətəlayiq cəhət
həm də odur ki, şair olan və özündən sonra
divan qoyub getmiş Osmanlı sultanı I Səlim yalnız fars dilində yazdığı halda,
İsmayıl Azərbaycan dilində yazırdı. Təkcə bu fakt bəzi Qərbi Avropa tədqiqatçılarının
İsmayılı İran vətənpərvəri kimi qələmə
vermək cəhdlərinin nə qədər cəfəng
olduğunu göstərir. Azərbaycan dili
İsmayılın ana dili idi, onun və ailəsinin əsas
dayağı Azərbaycan köçəriləri idi, onun
sarayında azərbaycanca danışırdılar".
(Petruşevskiy
İ.P. V kniqe Sbornik statey po istorii Azerbaydjana. Str. 242-243)
Şah İsmayıl Şərq tarixində görkəmli
sərkərdə və dövlət xadimi kimi
tanınırdısa, Azərbaycan klassik poeziyası xəzinəsində
Xətai təxəllüslü şair kimi də şərəfli
yeri vardır.
Heç də təsadüfi deyil ki, Şah
İsmayıl Xətai indiyədək yeddi böyük ələvi
şairindən biri sayılır.
Ana dilinə
qayğı və məhəbbətlə
yanaşmağın vacibliyi İsmayılın vəsiyyətində
də əksini tapmışdır: "Mən həmişə
doğma torpağın bir parçasını
qızıldan, ana dilinin bir sözünü ləl-cavahirdən
üstün tutmuşam. Qısa ömrümdə
sizin üçün nə bacardım elədim. Əldə
qılınc qələbələr qazanaraq, parçalanmış Vətəni
birləşdirməyə çalışdım". ("Xətaişünaslığa
töhfə". Tərtibçi:
Axund Hacı Soltan Hüseynoğlu. II kitab, Bakı, 1998, s.2)
Məxəzlərdə göstərildiyi kimi, artıq
XIII-XIV əsrlərdə Azərbaycan əhalisinin əksəriyyəti
Azərbaycan dilində danışırdı. Təkcə
Kürün cənubunda deyil, ondan şimalda - Şirvanda da Azərbaycan
dili üstünlük təşkil edirdi. O dövrdə
Azərbaycanda olmuş italyan müəllifləri də bu barədə
kifayət qədər məlumat verirlər.
XIII-XIV əsrlərdə Azərbaycan dilinin mədəni
rolu xeyli artmışdı. Tanınmış
şərqşünasların fikrinə görə, Azərbaycan
dili İranın, İraqın, qismən də Kiçik Asiya
regionunun müxtəlif tayfalardan ibarət türkdilli əhalisi
üçün ədəbi dilə çevrildi. Azərbaycanın hüdudlarından kənarda
yaşayan şairlər Nur Həsən, Qazi Bürhanəddin
(Sivasi) və digərləri Azərbaycan dilində
yazırdılar. XV əsrdə Azərbaycan
dili beynəlxalq əhəmiyyətini hələ
saxlayırdı. Dövlətin paytaxtı
Təbriz isə Mançester Universitetinin professoru K.E.Bosvortun
yazdığı kimi, təbiət elmlərinə xüsusi
önəm verilən böyük mərkəz idi. ("Musulğmanskie
dinastii". Nauka. M., 1971 q.)
O
vaxtın azərbaycandilli əhalisinin şair Həbibi, Sururi,
Tüfeyli, miniatürçü rəssam, Təbriz
miniatür məktəbinin banisi Sultan Məhəmməd kimi təhsil
görmüş
hissəsinin məhz
İsmayılın ətrafına yığılması
tarixi faktdır. Şah İsmayıl Azərbaycan
türkləri içərisindən çıxmış
elmli adamları öz ətrafında birləşdirməklə
dövlətçiliyin elmi və yaradıcı
potensialını formalaşdırırdı. O vaxt
olduğu kimi, bu gün də köhnəni qoruyanlar, eyni
zamanda, yenilik yaradanlar intellektuallardır. Mədəniyyətdə
həmişə gələcək inkişaf üçün
müxtəlif təməllər qoyulur. Bunlar
müasirlərin gözünə görünməyə,
onların diqqətini çəkməyə bilər, lakin
bunlar gələcək nəsillər naminə dövlətçiliyin
xüsusi qatını təşkil edir.
Beləliklə, Şah İsmayıl Xətainin öz
xalqı qarşısında xidmətləri həm də
ondan ibarətdir ki, o, Azərbaycan milli mədəniyyətinin
inkişafı üçün əlverişli şərait
yaratmışdır, onun hakimiyyətdə olduğu illər
ölkənin orta əsrlər tarixində tərəqqi
baxımından ən önəmli dövr sayılır. O, təkcə ana dilində
yaradan şairləri, Azərbaycan alimlərini, incəsənət
xadimlərini təşviq etmirdi, həm də
bütövlükdə incəsənətin, elmin
inkişafına himayədarlıq edirdi. Onun səyləri sayəsində Azərbaycan
dili nəinki fars dilinin güclü təsirindən
qurtardı, həm də sonrakı yüzilliklər boyu onu
üstələdi. Azərbaycan şairlərinin
başqa dillərdə yazıb-yaratması ənənəsinə
birdəfəlik son qoyuldu. Müasirlərinin
dediyinə görə, Şərq miniatür sənətinin
inkişafının ən parlaq zirvələrindən biri məhz
həmin dövrə təsadüf edir. Elm, sənət
xiridarı olan Xətainin sarayında yaradıcılıq
üçün əlverişli şəraitdə, diqqət,
qayğı, hörmətlə əhatə olunmuş mühitdə
böyük rəssam Behzad, habelə bir çox
digər istedadlı heykəltəraş, xəttat,
musiqiçi yaşayırdı. Hətta məşum
Çaldıran döyüşü ərəfəsində
belə, Şah İsmayıl ilk növbədə,
istedadlı rəssam və alimlərə qayğı göstərir,
onları təhlükəsiz yerdə gizlətməyi,
qorumağı əmr edirdi.
Şah
İsmayılın bütün fəaliyyəti kimi, dini
dözümlülüyü (xüsusən də, ölkənin
daxilində olan xristianlara münasibətdə), eləcə də
Avropanın xristian ölkələri ilə geniş diplomatik əlaqələr
qurması onu sülhün,
firavanlığın, ölkəsinin tərəqqisinin qeydinə
qalan müdrik hökmdar və düşmən dövlətlərə
qarşı mübarizədə etibarlı müttəfiqlər
axtarıb tapan böyük diplomat kimi səciyyələndirir.
Səfəvilər dövlətinin daha bir səciyyəvi
xüsusiyyəti dövlətçilik ənənələrinin,
eləcə də tolerantlığın, çoxmədəniyyətli,
çoxmillətli dövlət ənənələrinin
varisliyidir. Səfəvi imperiyasında yaşayan xalqların
dilləri bu günə qədər qorunub
saxlanmışdır və eynilə incəsənət və
memarlıq abidələri kimi tarixi mirasdır.
Şah İsmayıl şair və filosof kimi
keçmişin mədəni və mənəvi irsinə
çox həssaslıqla yanaşırdı. O, qədim kitab
kolleksiyalarının saxlanıldığı, xəttatların,
rəssamların, nəqqaşların, cildçilərin
çalışdığı kitabxanaların
yaradılmasına xüsusi diqqət yetirirdi. Şah
İsmayılın Təbriz şəhərində çox
qiymətli kitabların, əlyazmaların toplandığı
Səfəvi saray kitabxanasının yaradılması barədə
imzaladığı fərman bunun bariz nümunəsidir.
O, Qaraqoyunlu sülaləsinin hələ Uzun Həsənin
dövründən toplanan zəngin kitab kolleksiyasına
xüsusi qayğı göstərmişdir. Əksər
tarixçilərin fikrincə, bu kolleksiya İsmayılın
ixtiyarına 1501-ci ildə, daha dəqiq desək, onun
Ağqoyunlu sülaləsinin sonuncu iki varisindən biri olan
Əlvənd Mirzə üzərində qələbəsindən
sonra keçmişdir. (O.F.Akimuşkin. "Srednevekovıy
İran: kulğtura, istoriə, filoloqiə", Sankt-Peterburq,
2004, str. 364)
Şah
İsmayıl fenomeninin ən mühüm əlaməti ondan
ibarətdir ki, poeziya, yaradıcılıq dövlət
başçısı üçün əyləncə,
ikinci dərəcəli məşğuliyyət deyildi, əksinə,
siyasi ideyaları daha təsirli, inandırıcı şəkildə
təbliğ etmək, öz ideallarını, məqsəd və
vəzifələrini yaymaq və izah etmək üsulu idi.
Şah İsmayılın Azərbaycan dövlətçiliyi
qarşısındakı ən böyük xidmətlərindən
biri də öz dövrü üçün xarici siyasət
mexanizmlərini formalaşdırmasıdır. Qüdrətli imperiya yaradan
Şah İsmayıl həm də Qərbi Avropada Papalıq,
Fransa, İspaniya, Venesiya, Genuya və s. ilə səmərəli
qarşılıqlı münasibətlərin möhkəm
bünövrəsini qurmuşdu.
Bu münasibətlərin əsasını Osmanlı
sultanlarının təcavüzkar niyyətlərini cilovlamaq
məqsədi ilə antiosmanlı koalisiyasının
formalaşdırılması təşkil edirdi. Bu əlaqələr
həmin dövlətlərlə ticarəti inkişaf etdirməyə
də müsbət təsir göstərirdi. Asiya ilə Avropa arasında ticarət
yollarının üstündə yerləşən Səfəvilər
dövləti tranzit daşımalardan böyük gəlir
götürürdü. Məhz Şah İsmayılla Qərb
arasında yaranmış sıx siyasi təmaslar sayəsində
Avropadan Təbrizə
ticarət missiyaları gəlməyə və
burada daimi nümayəndəliklər açılmağa
başlamışdı. O, diplomatik yolla zəmanəsinin digər
qüdrətli siyasi mərkəzi - Hindistandakı
Böyük Moğollar imperiyası ilə də kifayət qədər
möhkəm dostluq əlaqələri yaratmışdı. Osmanlı imperiyası ilə mehriban münasibətlərinə
baxmayaraq, Böyük Moğollar sona qədər Səfəvi-Osmanlı
müharibələrinə qarışmamağı
üstün tuturdular.
Şah İsmayılın səyləri ilə Azərbaycan
amili orta əsrlərdə siyasi elitanın və müsəlman
Şərqində Azərbaycanın ziyalı təbəqəsinin
simasında öz siyasi təşəkkülünü
tapdı. Artıq o vaxt bu amil müasir dövrdə bizim
"azərbaycançılıq" ideyası kimi
qavradığımız fenomeni formalaşdırdı.
Şah İsmayıl fəlsəfəsində Azərbaycan
amili xüsusi ideoloji konstruksiya kimi xalqın daxili tələbatının
ödənilməsinə, onun spesifik maraqlarının təmin
edilməsinə yönəlmişdi. Əgər o dövr
üçün işlədilə bilərsə, "azərbaycançılıq"
bir növ, milli identifikasiya forması kimi
çıxış etməyə başlamışdı.
İndi "azərbaycançılıq"
ideyasının məzmunu həm ölkə daxilində
dövlətçilik məsələlərinin həllinə,
həm də onun hüdudlarından kənarda maraqların
qorunmasına yönəlmiş yeni mənalarla zənginləşmişdir.
Lakin həmin illərdə olduğu kimi, elə
amillər var ki, onların təsiri altında bu ideya indiyə
qədər saflaşır. Həmin illərdə
olduğu kimi, azərbaycançılıq ideyası dövlət
müstəqilliyinin güclənməsinə və dövlət
suverenliyinin möhkəmlənməsinə xidmət edir.
Keçmişdə olduğu kimi, Avrasiya
kontinentindəki aralıq mövqeyi Azərbaycanın həm Qərbin,
həm də Şərqin siyasi təsiri rejimində fəaliyyət
göstərməsini şərtləndirmişdir.
Dövlət üçün istənilən xarici təhdid,
yaxud cəmiyyətin varlığı üçün təhlükə
yaradan hər hansı sarsıntı etnik identikliyin dərk
edilməsini gücləndirən mənbəyə
çevrilir.
Etnosun mahiyyəti isə xalqın mübarizəsində
özünü daha qabarıq şəkildə göstərir.
Bu mübarizə liderin rəhbərliyi
altında insanların müəyyən məqsədlərə,
əksər hallarda siyasi məqsədlərə nail olmağa
yönəlmiş fəaliyyətindən ibarətdir. Odur ki, əsas diqqəti böyük dövlət
xadimi Şah İsmayılın fəaliyyətinin və Azərbaycan
ideya-siyasi platformasını formalaşdırmaq cəhdlərinin
təhlili üzərində cəmləşdirmək
lazımdır. Bu, Səfəvilərin
ideoloji doktrinasını başa düşmək
üçün müəyyən baza yaradır.
Şah İsmayıla, bütövlükdə Səfəvilərə
qədər də Azərbaycan türklərinin Yaxın və
Orta Şərqdə baş verən hərbi proseslərdə
sanballı rolu olmuşdur. Azərbaycan türklərinin
qüdrəti bəzən yaratdıqları dövlətin
hüdudlarından da kənara çıxan Atabəylər
(Eldənizlər), Qaraqoyunlu və Ağqoyunlu kimi dövlətləri
buna misal ola bilər. Lakin
heç vaxt, bu sülalələrin heç bir nümayəndəsinin
dövründə etnik mənsubiyyət məsələsi bu
cür açıq şəkildə qabardılmamış və
hökmdarın şəxsi nümunəsi ilə dəstəklənməmişdi.
Üstəlik, Şah İsmayıla qədər Azərbaycan
hökmdarlarından heç kim
bütün Azərbaycan torpaqlarını məhz vahid siyasi və
ideoloji bayraq altında birləşdirə bilməmişdi. Beləliklə, milli identikliyin güclənməsi həm
Azərbaycan torpaqlarının birləşdirilməsinin, Azərbaycan
türklərinə və onların dövlətçiliyinin
mövcudluğuna yönəlmiş təhlükənin
artmasının, həm də dövlət
başçısının - güclü siyasi şəxsiyyətin
təsiri altında baş verirdi.
Tamamilə aydındır ki, vahid Azərbaycan Səfəvilər
dövlətinin yaradılması ölkənin siyasi
inkişafına kömək etməklə yanaşı, həm
də iqtisadi dirçəlişə səbəb olmuşdu. Vahid
sosial-tarixi və siyasi orqanizmin əhalisinin etnik tərkibinin
müxtəlifliyi imperiya hüdudlarında onlarca millətin
yaranmasına yalnız imkan vermişdi. Bu
imkanın gerçəkləşdirilməsi
üçün, təkcə etnik yox, digər amillərin - ən
başlıcası, iqtisadi və siyasi amillərin təsiri zəruri
idi. Məhz bu amillər Azərbaycan
xalqının formalaşması üçün baza
olmuşdur.
Bir sıra tarixçilər haqlı olaraq, Azərbaycanın
və azərbaycanlıların bütün orta əsrlər
dövründə ən güclü etnosiyasi amil kimi tarix səhnəsinə
çıxmasını Səfəvilər dövlətinin
mövcud olduğu mərhələyə aid edirlər. Azərbaycan
türklərinin Yaxın və Orta Şərqdə gedən
siyasi proseslərə təsiri o dərəcədə hissedilən
idi ki, bunu hətta ən bədbin meyilli tədqiqatçılar
belə inkar edə bilməmişlər.
Səfəvilər dövləti yarandığı
gündən qısa müddət ərzində bütün
Yaxın və Orta Şərqdə qüdrətli hərbi-siyasi
amilə çevrilmişdi. Özü də xalqın obrazı və siyasətin
mahiyyəti mövcud geosiyasi reallıqlar və digər
ölkələrlə münasibətlərin xarakteri ilə
müəyyən olunurdu. Şah
İsmayılın yaratdığı Azərbaycan dövlətçiliyi
Azərbaycan türklərinin
dünyagörüşünün təkamülünə, o
cümlədən öz-özünü və etnosiyasi məkanın
formalaşmasında rolunu yenidən qiymətləndirməyə
kömək etmişdi. Bu, Şah İsmayılın müasirlərinə,
eləcə də gələcək nəsillərə həm
dövlət suverenliyi və müstəqilliyini, həm də
ideoloji suverenlik və müstəqilliyi möhkəmlətmək
uğrunda mübarizənin zəruriliyini dərk etməyə
imkan yaratmışdı. Onun
dövründə Azərbaycan türklərinin baxış,
təsəvvür, dəyər, birlik sistemi, maraq prioritetləri
formalaşmağa başlamışdı. Azərbaycan təkcə
müstəqil dövlət deyildi, həm də orta əsrlər
dünyasının sosiomədəni və mədəni
strukturunun müstəqil subyekti idi.
Təəssüf ki, indiyə qədər də Səfəvilər
sülaləsinin ərəb əsilli olmasını sübut
etməyə cəhdlər göstərilir. Bunun
üçün vaxtilə səfəvi ideoloqları tərəfindən
ortaya atılmış müxtəlif ideyalardan istifadə
olunur. Bunların da ən
başlıcası Səfəvilər sülaləsinin
kökünün şiə imamlarına gedib
çıxması, yəni, türk yox, ərəb əsilli
olması barədə versiyadır. Bir
sıra hallarda Şah İsmayılın özü də sərkərdə,
uzaqgörən dövlət xadimi kimi yetişməsində
böyük rolu olmuş xilaskarları və tərbiyəçilərinin
lap uşaq vaxtlarından ona təlqin etdikləri bu versiyaya
müraciət etmişdir. Lakin sülalənin
tarixinin daha dərin tədqiqi sübut etdi ki, bu qəbildən
olan fikirlər ideoloji- konyunktura xarakteri, siyasi xarakter
daşımışdır və məqsəd böyük
xalq kütlələrini vahid mərkəz ətrafında birləşdirmək
idi. Həqiqətən də, strateji məqsədlərə
nail olmaq üçün birləşdirici ideya lazım idi.
Şiəlik təriqəti (ərəb dilində
"şiə" tərəfdarlar, partiya mənasını
verir) Azərbaycan qızılbaşlarının doktrinası
olaraq bu rolu öz üzərinə
götürmüşdü.
Səfəvilərin mənəvi rəhbəri olan
Şah İsmayıl dövləti fəaliyyətində dini
ideologiyadan daha çox siyasi doktrinaya əməl edirdi. Şiə-qızılbaş
hərəkatının beşiyi olan Azərbaycanda sünnilərin
çoxluq təşkil etməsinə baxmayaraq, Şah
İsmayıl və onun varisləri mötədil şiə
idilər və qızılbaş hərəkatındakı
qatı şiələrin yaydıqları baxışlarla
razı deyildilər.
XX əsrin
əvvəllərində Azərbaycanda maarifçilik hərəkatının
görkəmli nümayəndəsi, yazıçı, alim,
ictimai xadim və ideoloq Əhməd bəy Ağaoğlunun
(1869-1939) "İran və inqilabı" əsərində
bu məsələyə aydınlıq gətirilir: "Fəqət
bu sülalənin zəncirləmə təhriki ilə
İmam Rzaya bağlanması həqiqətdirmi? - zənn etmirik. Şərqdə
sülalələri qədim və nəcabətli hesab olunan əsillərə
bağlamaq bir adətdir. Məsələn,
Qacar ailəsinin əsli-nəcabəti hər kəsə məlum
ikən bir sıra düyünlərlə ta Daraya qədər
çıxarılır. Məhəmmədin
əcdadı məlum ikən İbrahimə qədər
götürülür. İnsanların nəzərində
qədimlik daim bir şərəf və nəcabət əlaməti
olmuşdur.
Səfəvilərin türk və Ağqoyunlu
tayfasına mənsub olmalarına şübhə edilməz. Bunlara ilk əvvəl
ağqoyunluların yerləşdiyi sahədə təsadüf
edirik. Sonra, bunlar ilk zamanlar yalnız
türkcə danışırlar. Ərəbcə
və farsca danışdıqlarına dair əlimizdə
heç bir dəlil yoxdur.
... Fəqət İsmayılın özünün
İmam Rzaya bağlanmasını dəstəkləməsinə
də şübhə edilməz. Bu təşəbbüs
onun quracağı sistem ilə irəli sürəcəyi
iddia üçün çox lazımdı. Ələvilər "Ricəti Əli Mühəmmədə",
İmam Rzanın kiçik nəvəsi olan Mehdinin zühuruna
intizar etmirlərmi? İştə, Şah
İsmayıl özü tam bu Mehdidir. İranın fars əhalisinin nəzərində bu nə qədər
qiymətli bir alətdir! Yuxarıda
gördük ki, Şah İsmayılın cəddi Şeyx Səfiəddin
Gilan və Mazandaran şeyxləri ilə əlaqə və
münasibətdə olmuş və Şah İsmayıl
özü də düşmənlərdən qaçarkən
Gilana sığınmışdı. İndi
onun zühuru bura xalqında nə qədər ümidlər
oyandırmış olacaqdı". (Ə.Ağaoğlu. İran və
inqilabı. Bakı,
2009, s.36-37)
Qızılbaş hərəkatı öz
sıralarına tərəfdarlar cəlb etmək məqsədi
ilə əhalinin böyük əksəriyyəti tərəfindən
razılıqla qarşılanan ideyadan istifadə etmişdir. O vaxt şiəlik əhalinin
yoxsul təbəqələri arasında
yayılmışdı. İ.P.Petruşevski
yazır ki, "Belə vəziyyətdə Şah
İsmayıl bir sıra ölkələri öz
hüdudlarına daxil edən böyük şiə məmləkəti
yaratmağa çalışan ardıcıllarının istəyini
dəstəkləmək məcburiyyətində
qalırdı". (İ.P.Petruşevskiy.
Azerbaydjan v XVI-XVII vv., str.288)
V.F.Minorski
yazır ki, Şah İsmayılın şeirlər toplusu erkən
Səfəvilərin sirli bidətinə açar ola bilər. "Bu dinamik, zahirən mistik görünən dini ideyalar
bilavasitə fəaliyyətdə asanlıqla öz ifadəsini tapır.
Bunlar hərəkatın zərbə qüvvəsini
təşkil edən həmin ünsürlərin siyasi xəttini
təmsil edirlər". (O.Əfəndiyev "Azərbaycan Səfəvilər
dövləti", s.52)
V.V.Bartold sübut etmişdir ki, Səfəvilərin əcdadları
heç də seyid (Məhəmməd peyğəmbərin nəsli)
olmamışlar, onların şəcərəsi sonradan səfəvi
tarixçiləri tərəfindən uydurulmuşdur. Hər necə
olsa, Şah İsmayılın birbaşa İmamın nəslindən
olması ideyası Səfəvilər dövlətinin
qurulmasında çox mühüm rol oynamışdır.
Bu cür taktiki və strateji gediş sayəsində
dövlət siyasəti hakimiyyət və idarəçiliyi
həyata keçirmək üçün bir sıra
mühüm keyfiyyətlər əldə etdi, kütlələri
birləşdirə bilən yeganə səmərəli
ideoloji vasitəyə çevrildi. Çox
sonralar, XIX əsrin əvvəllərində, bütün
Avropada milli özünüdərkin artması prosesi gedəndə
xalqların çoxunun ya öz dövləti yox idi, ya da
öz iradəsindən asılı olmayaraq, dövlətlərin
bir hissəsi idi. Məhz o vaxt, o tarixi
dövrdə dövlətlərin yaranmasında və millətlərin
formalaşmasında artıq din yox, millətçilik
böyük rol oynamışdır.
Bu gün
biz Tunisdə, Misirdə, Liviyada dinin yenidən müəyyən
qüvvələrin
hakimiyyətə gəlməsinə kömək edən
çox rahat siyasi alətə çevrilməsinin
şahidiyik. İndi isə bu, Suriyada tətbiq
olunur.
Şah İsmayıl dövlətin başında
durduğu bütün illərdə praqmatik olmuşdur. Bütün
Azərbaycanı və İranı birləşdirməyi
qarşısına məqsəd qoyan Şah İsmayıl lap əvvəldən
türk tayfalarının hərbi dəstəyinə
arxalanırdı. Türk əsilli
olması ona Azərbaycan türklərinin Əfşar, Qacar,
Ustac, Şamlu və digər tayfalarının dəstəyi və
köməyindən bəhrələnməyə imkan
vermişdi. Bu tayfalar Şah
İsmayılı özlərinin əsl
başçısı sayırdılar.
Səfəvilərin hakimiyyətini möhkəmləndirən
bu cür siyasət nəinki digər ölkələri
regional ekspansiyadan çəkindirir, hətta Osmanlı
imperiyasının daxili sabitliyinə ciddi təhdid
yaradırdı. Müasirlərinin sözlərinə görə,
Şah İsmayıl klan və tayfa
başçılarının əhval-ruhiyyəsi və
maraqlarından məharətlə istifadə edir, tez-tez
onların türk düşüncəsini
xatırladırdı. Məhz dövlət
maraqlarını dərk etməsi onu fəaliyyətə
sövq edir və bu prosesdə həmin maraqlar həyata
keçirilirdi. Şah İsmayılın
xalqın və dövlətin həyatının bütün
tərəflərini əhatə edən fəaliyyəti
xalqın öz köklərini dərk etməsinə,
dayanıqlı etnik kodun və mədəni identikliyin formalaşmasına
kömək edirdi. Prinsipcə bu,
suverenliyini və müstəqilliyini yenicə qazanmış
dövlətdə qanunauyğun haldır. Lakin
dağınıq cəmiyyəti vahid ideya ətrafında birləşdirmək
üçün lider dühası tələb olunur.
Şah İsmayılın strateji məqsədi dövlət
maraqlarını müdafiə etmək idi. Dövlətin ərazisinin
yeni torpaqlar hesabına
genişlənməsinə, Azərbaycan dövlətinin
keyfiyyətcə yeni xarakter almasına baxmayaraq, yeni türk əyaləti
deyil, öz xüsusi məqsəd və maraqları olan
imperiya yaradılmışdı. Bu, vahid, mərkəzləşdirilmiş,
öz etnik tarixi, ərazisi və ideologiyası, bütün zəruri
dövlət atributları olan Azərbaycan dövləti idi və
təsir dairəsi uğrunda rəqabət aparan qonşularla
münasibətlərdə özünü göstərməyə
bilməzdi.
Qızılbaş
ordusunun Yaxın Şərqdə sürətli irəliləyişini
cəsarətlə Şah İsmayıl Xətainin uzağa
hesablanmış planları üçün ilkin zəmini
kimi qiymətləndirmək olar. Əbəs
yerə deyil ki, qızılbaşların təbliğat
maşını onun ətrafında şiə müsəlmanların
nicatı, göylərin elçisi, sünniliyin
dayağının - Osmanlı imperiyasının
zülmündən qurtaran xilaskar obrazı yaradırdılar.
Bu ideoloji kontekstdə Osmanlı imperiyasının əsas
rəqib kimi seçilməsi heç də təsadüfi
deyildi. Səfəvilər çox gözəl başa
düşürdülər ki, Yaxın Şərqdə
nüfuz uğrunda mübarizədə sultan Türkiyəsi ilə
toqquşma qaçılmazdır. Yalnız bircə sual
qalırdı - "nə vaxt?". I Səlimin
atası II Bəyazidin hakimiyyəti dövründə
(1481-1512) tərəflər, müxtəlif təxribatlar
istisna edilməklə, açıq toqquşmalardan
yayınmağa müvəffəq ola
bilirdilər. Döyüş meydanında onlar yalnız 1512-ci
ildə, artıq Səlimin vaxtında üz-üzə gəldilər.
Bunu
qabaqcadan duyan Şah İsmayıl Orta Asiya istiqamətində
Şeybanilər dövlətinə qarşı hərbi əməliyyata
başladı və bu yolla Osmanlı Türkiyəsi ilə
toqquşma ərəfəsində imperiyanın arxadan təhlükəsizliyini
təmin etdi.
Həmin vaxt bu iki türk fövqəldövlətinin Yaxın
Şərqdə ciddi geosiyasi, ideoloji və iqtisadi maraqları
var idi. İki türk imperiyasının
toqquşmasını şiələr və sünnilər
arasında din müharibəsi hesab edənlər kökündən
yanılırlar. Həm Səfəvilər
imperiyasının, həm də Osmanlı imperiyasının
son məqsədi yeganə dünya dövləti olmaq idi.
Bunun üçün dünya müsəlmanlarının
iki əsas müqəddəs mərkəzi olan Məkkə və
Mədinənin yerləşdiyi Hicazı ələ
keçirmək lazım idi. Bu strateji məqsədə
can atılması Çaldıran döyüşündən
sonra müşahidə olunan proseslərdə də öz təsdiqini
tapır. Belə ki Osmanlı sultanı I Səlim
Səfəvilər üzərində qələbə
çalandan sonra, əsas qüvvələri Ərəbistan
yarımadası istiqamətinə göndərmişdi. 1516-cı ildə Məmlükləri məğlub
edəndən sonra o, Misiri, daha sonra Hicazın yerləşdiyi
müasir Səudiyyə Ərəbistanının ərazisini
istila edir. Səlim 1518-ci ildə, Məkkəni
tutduqdan sonra bir vaxt monqollar tərəfindən tar-mar
edilmiş Xilafətin qalıqlarını ləğv edir və
özünü bütün mömin müsəlmanların xəlifəsi
elan edir. Nəticədə xəlifə
titulu Osmanlı sultanlarına keçir, xilafətin mərkəzi
isə İstanbula köçürülür. Mərkəz yalnız XX əsrin əvvəlində
Osmanlı imperiyası dağılandan sonra əhəmiyyətini
itirir.
Sultanı xəlifə kimi qəbul etməkdən qəti
boyun qaçıran yeganə qüvvə hətta Şah
İsmayılın ölümündən sonra da şiə
ideologiyasına sadiq qalan Səfəvilər idi. Bu fakt
qızılbaş ideoloqlarının son anadək Məkkəni
tutmaq və bununla da, bütün müsəlman dünyası
üzərində öz legitimliyini bərqərar və təsbit
etmək ümidlərini itirmədiklərini sübut edir.
Buna nail
olmağa və öz dövlətçiliyini qorumağa
çalışan qatı şiələr sünniliklə
bağlı istənilən meyilləri beşikdəcə
boğurdular. Səfəvi
sarayında ənənəvi hörmət və ehtiram
göstərilən rəssamlar, şairlər, alimlər də
bağışlanmırdı. Böyük
Azərbaycan rəssamı və xəttatı Mir
İmadın (1553-1615) faciəli taleyi Səfəvi
sultanlarının prinsipial mövqeyinin kədərli və
qanlı nümunəsidir. Qatı
qızılbaş ideoloqları Şah İsmayıl Xətainin
Azərbaycan torpaqlarını birləşdirmək məqsədi
ilə bir vaxtlar ideya-siyasi platforma qismində istifadə etdiyi
şiəliyə əsas ideoloji silah kimi baxaraq sonadək
mübarizə aparmaq əzmində idilər.
İndi,
üstündən beş yüz il
keçəndən sonra, 1514-cü ildə Çaldıran
döyüşünə gətirib çıxaran səbəbləri
və işləri başa düşmək bizə daha
asandır. Həmin münaqişə təkcə
siyasi, iqtisadi və sosial maraqlar deyil, iddialı məqsədlər
zəminində yaranmışdı. Osmanlı
və Səfəvi dövlətləri arasında
özünün geosiyasi və geoiqtisadi kulminasiya nöqtəsinə
çatan rəqabət tam qarşıdurma forması
almışdı. Təəssüf ki, dövlət
maraqları ilə birlikdə rəqabətin bu cür kəskinliyi
vahid coğrafi məkanda inkişaf edən bu iki türk imperiyasının
ifrat qütbləşməsinə gətirib
çıxardı və onları uzunsürən,
üzücü müharibələrə sürüklədi.
Bu müharibədə dövlət
başçılarından hansının günahkar
olmasında israr edərkən son dərəcə ehtiyatlı
olmaq lazımdır. Çox güman ki,
"günahkar" ortaya çıxan rəqabətdir.
Bu, elə bir vaxt idi ki, dövlətlər
arasında geosiyasi rəqabəti dinc vasitələrlə,
danışıqlar və qarşılıqlı güzəştlər
yolu ilə həll etmək mümkün deyildi.
Onu da nəzərə
almaq vacibdir ki, burada hər bir dövlətin, hətta hər bir siyasi qurumun (nəsil,
tayfa, orda) öz geosiyasi sərhədlərini qonşuları
hesabına durmadan genişləndirdiyi dövrdən söhbət
gedir. Bu isə
güclü rəqiblərlə toqquşmalara səbəb
olurdu. Sərhədlər yalnız bu
cür tarazlıq nəticəsində bu və ya digər dəqiqliklə
müəyyən edilirdi, lakin həmişə mübahisəli
olur, həmişə dəyişilirdi. Məhz
bu səbəbdən siyasi qurumların hərbi münaqişəsi
kimi müharibə fenomeni bəşər tarixində
barışıqdan daha çox olmuşdur. Müharibə
məsələlərində ən böyük mütəxəssislərdən
biri olan Karl fon Klauzevisin sözlərini dəyişərək
deyə bilərik ki,
heç kim müharibə ilə nəyə və
müharibənin özündə nəyə nail
olacağını düşünmədən müharibəyə
başlamır. Burada birincisi - müharibənin
məqsədidir, sonuncusu - müharibənin
qarşısında qoyulan məqsəddir.
Ən yeni tarix göstərdi ki, hətta uzunmüddətli
sülh dövrlərində də unutmaq olmaz ki, bu, yalnız
rəqabətdə olan qüvvələrin
tarazlığının nəticəsidir. Buradan belə
bir qənaətə gəlmək olar ki, dövlətin sərhədləri
statik formalar deyil, maraqların kəsişdiyi, daxili və
xarici təzyiqlərin tarazlığa gətirildiyi güc xətləridir.
Bu tarazlıq pozulanda dövlətin ərazicə
genişlənməsi, kiçilməsi, yaxud məhvi baş
verir.
Səfəvi-Osmanlı
münasibətlərinin kəskinləşməsinə digər
amil - Qərbi
Avropa ölkələrinin türk imperiyalarını bir-biri
ilə salışdırmağa yönələn siyasəti
də təsir göstərmişdir. Hər
şey son dərəcə sadədir - Qərb diplomatiyası
öz ölkələrini təhlükədən qorumaq
üçün I Səlimin müsəlman Şərqində
hökmranlığı ələ keçirmək istəyindən
bəhrələnmiş və proseslərin gedişini
vaxtında öz xeyrinə yönəldərək, Şah
İsmayılın xarici siyasətdəki oxşar cəhdlərindən
öz maraqları naminə istifadə etmişdir. Bütün dünya tarixi göstərir ki, beynəlxalq
siyasətdə fəal rol oynayan dövlətlər -
Osmanlı və Səfəvi imperiyaları isə o vaxt öz
fəallıqlarının zirvəsində idilər -
müharibə formasındakı mütəşəkkil
zorakılığa ya daim hazırlaşmış, ya cəlb
olunmuş, yaxud da müharibədən sonra qüvvəsini bərpa
etmişlər. Əfsuslar olsun ki, etnik
birliyə baxmayaraq, iki türk imperiyasının bir-birini inkar
edən maraqları var idi və Avropa bundan istifadə etmək
fürsətini əldən vermədi.
Çaldıran döyüşünün nəticələrindən
asılı olmayaraq, Şah İsmayılın dühası,
onun Azərbaycan xalqı qarşısındakı xidmətləri
danılmazdır. O, həm mərkəzləşdirilmiş qüdrətli
Azərbaycan dövləti qurmuş, həm də milli
poeziyamızın, bütövlükdə Azərbaycan mədəniyyətinin
inkişafı üçün əlverişli şəraitin
formalaşmasına imkan yaratmışdır. Onun
dövrü haqlı olaraq orta əsrlərdə Ön Asiya
tarixində ən mütərəqqi dövrlərdən biri
sayılır.
Şah İsmayıl Xətai Azərbaycan tarixində ilk
dəfə olaraq azərbaycanlıların bütün səviyyələrdə
(Azərbaycan dilinin dövlət müəssisələri və
hərbi işdə tətbiqi də daxil olmaqla) üstün
yer tutduğunu təsdiq edən dövlət
yaratmışdı.
Azərbaycan
hər zaman öz dini dözümlülüyü və
tolerantlığı ilə seçilsə də, bu
keyfiyyətlər rəsmi siyasət qismində hərtərəfli
təzahürünü yalnız Şah İsmayılın
hakimiyyətdə olduğu illərdə
tapmışdı. Məhz vahid siyasi məkana mənsubluğun dərk
edilməsinin insanlarda əmin-amanlıq və öz ölkəsinə
inam hissi doğurması dövlətin təhlükəsizliyi
və sabitliyi üçün son dərəcə vacib idi.
Şah İsmayıl qızılbaşlığın
vahid ideologiyasını yaratdı. Bu ideologiya bütün Azərbaycan
türklərini o vaxt üçün öz ətrafında uğurla birləşdirdi və
onlara nəhəng ərazidə siyasi dominant statusunu əldə
saxlamağa imkan verdi.
Şah İsmayıl səmərəli dövlət idarəetmə
mexanizmi formalaşdırdı. Həm dil
baxımından, həm də xarakter etibarı ilə bu,
yalnız türk-Azərbaycan mexanizmi idi. Nəticədə,
Azərbaycan dili çox böyük sayda inzibati və hərbi
terminlərlə zənginləşdi.
Şah
İsmayıl irsini nəzərə alaraq indi deyə bilərik
ki, Kabildən Dərbəndə qədər uzanan Səfəvilər
imperiyasının səciyyəvi cəhətlərindən
biri təcrid olunmağı, etnik
ifratçılığı, milli və dini ədavəti qəbul
etməməsidir.
Azərbaycan xalqının Şah İsmayılla təkcə
böyük dövlət xadimi kimi deyil, həm də cəsur,
istedadlı sərkərdə, yüksək mənəvi
keyfiyyətləri hətta o vaxtlar Azərbaycana gələn Qərb
diplomatlarında da heyranlıq doğuran şəxsiyyət
kimi fəxr etməyə tam haqqı vardır. Biz onun sərkərdə
istedadı sayəsində yaranmış tarixi dövlətin
varisləriyik, elə bir dövlətin ki, sonralar ərazisində
bır sıra dövlətlər yaranmışdır və
indi də mövcuddur.
İ.P.Petruşevski bu sübutları ümumiləşdirərək,
Şah İsmayılın çox gözəl portretini
yaradır. O
yazır: "I Şah İsmayıl Xətainin şəxsiyyəti
müasirləri tərəfindən müxtəlif cür qiymətləndirilirdi.
Siyasi və dini meylindən asılı olaraq, bəziləri
onun haqqında şövqlə danışır, digərləri
isə ona qatı nifrət bəsləyirdilər. Belə şəraitdə müasirləri tərəfindən
İsmayıla qarşı qərəzsiz münasibət
gözləmək, belə bir münasibətə rast gəlmək
çətindir. Lakin müasirləri onun hərbi istedadının
etiraf olunmasında yekdildirlər. Tarixçi Xondəmir
İsmayılın hərbi dühasını xüsusilə
şişirdir... Şah İsmayılın
böyük çoxtayfalı dövlət təşkil etmək
uğrunda fəaliyyəti və mülki idarəçiləri
seçmək bacarığı onun böyük siyasi xadim
olduğunu göstərir". (İ.P.Petruşevskiy. V kniqe Sbornik statey po istorii Azerbaydjana,
Vıpusk I, str.242)
İndi,
beş əsrdən sonra Şah İsmayılın
böyük xidmətlərini (onlarsız Azərbaycanı
sonrakı əsrlərdə nələr gözləyə biləcəyini
söyləmək çətindir) təsdiq etmək
üçün heç də hər kəs özündə
cəsarət və obyektivlik
tapa bilmir. Şah İsmayıl zəmanəsinin
övladı idi. Bunu dərk etmək əvəzinə,
Şah İsmayılda ona yaraşmayan xüsusiyyətlər
axtarmaq lazım deyildir. Ən
başlıcası isə o, əsl vətənpərvər
idi, çox mürəkkəb, qarışıq bir vaxtda
öz ölkəsini birləşdirmək və ayağa
qaldırmaq üçün əlindən gələni
etmişdi. Şah İsmayıl Səfəvinin
timsalında biz daxili problemləri uğurla çözələyən,
beynəlxalq vəziyyətdən gözəl baş
çıxaran böyük dövlət lideri obrazını
görürük. Sosial təcrübənin inanılmaz
mürəkkəb şəraitində iti zəkasını
qoruyub saxlayan, ruhdan düşməyən Şah
İsmayıl hər tərəfdə siyasi hərc-mərcliyin
tüğyan etdiyi bir vaxtda dövlət məsələləri,
xalqın mənəvi problemləri barədə
düşünür və bunları həll edir, müstəqil
dövlət qurmaq ideyasını tam həyata keçirməyə
ciddi hazırlaşırdı. XV əsrin sonunda feodal pərakəndəliyi vəziyyətində
olan, daxili müharibələrin
didib-dağıtdığı Azərbaycan, on altıncı
yüzilliyin əvvəlində müsəlman Şərqində
hökmranlıq üstündə qüdrətli Osmanlı
imperiyası ilə uğurla rəqabət aparan dövlətə
çevrilmişdi.
Şah İsmayılın obrazı təbiətin Azərbaycan
xalqına necə böyük mənəvi və fiziki
potensial bəxş etməsinin nümunəsi olmuşdur və
olacaqdır. Biz əcdadlarımızın böyük əməlləri
ilə yalnız fəxr etməklə kifayətlənməməliyik,
həm də bu keyfiyyətləri itirməmək, həyatda
onların bizə yol yoldaşı olması üçün əməli
fəaliyyət göstərməliyik. Bunu
xüsusilə, yaşlı nəsli əvəz edəcək
gənclər yadda saxlamalıdırlar. Haradan
qaynaqlandığından asılı olmayaraq, tariximizə
edilən hücumlara layiqli cavab vermək üçün
ictimai rəyi səfərbər etmək çox vacibdir. Zəngin keçmişə malik
formalaşmış millət olmağımızı dünyaya yalnız bu yolla bəyan
edə bilərik.
Heç şübhəsiz, öz tarixi keçmişi kimi möhkəm bünövrəyə arxalanmayan xalqın gələcəyi ola bilməz. Xalqın keçmiş tarixinin məşhur obrazları, bu tarixdə böyük şəxsiyyətlərin quruculuq rolu milli "Mən"in təsdiqlənməsində mühüm amildir. Dünya tarixinin təcrübəsi göstərir ki, dövlət quruluşunun istənilən formasında əgər dövlət başçısı postuna liderlik keyfiyyətləri olan şəxsiyyət gəlirsə, bir qayda olaraq o, xalqının həyatı və inkişafında aparıcı rol oynayır. Siyasi xaos və birliyin olmadığı vaxtda dövlət sükanı arxasına keçən Şah İsmayılın şəxsiyyəti və əməlləri, dünya nizamının dağıldığı dövrdə xalq tərəfindən dövlət başçısı postuna çağırılmış Heydər Əliyevin şəxsiyyəti ilə çox baxımdan oxşardır. Məhz belə dövlət xadimlərinin zəkası və istedadı sayəsində millət öz müstəqilliyinə və suveren dünyagörüşünə nail olur. Siyasi düha keyfiyyətlərinin təzahürü və əsl vətənpərvərlərin qələbəsi bu deyilmi?
Ramiz MEHDİYEV,
Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının rəhbəri,
akademik
Azərbaycan.-
2012.- 5 dekabr.- S.3-6.