Azərbaycan regional əməkdaşlığa böyük töhfələr verir
Bu fikir
Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı
Parlament
Məclisi (QİƏT PM) Baş
Assambleyasının 40-cı plenar sessiyasında bir daha ifadə
olundu
Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) ilə əməkdaşlığıdır. Beynəlxalq regional təşkilata çevrilən QİƏT Qara dəniz, Xəzər dənizi və Aralıq dənizini əhatə edən regional və subregional səviyyədə inteqrasiya proseslərinə və iqtisadi əməkdaşlığa yardım məqsədi daşıyır.
Sözügedən təşkilatla regional əməkdaşlıq sahəsində layihələrin həyata keçirilməsi müsbət nəticələr vermişdir. Quruma daxil olan dövlətlərlə əməkdaşlığa dair razılaşmaların əldə edilməsi bütövlükdə Qara dəniz regionunda iqtisadi tərəqqinin yaşanmasına xidmət edir. QİƏT üzvü olan ölkələrin dövlət və hökumət başçılarının zirvə görüşlərində perspektiv əməkdaşlığın konkret istiqamətləri müəyyən olunur.
12 dövlətin parlamentlərini birləşdirən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QİƏT PM) Baş Assambleyasının 40-cı plenar sessiyasının Bakıda keçirilməsi əlamətdar hadisə kimi dəyərləndirilməlidir. Plenar sessiyada QİƏT-in üzvü olan 12 ölkədən 11-nin nümayəndə heyətinin, 15-dən çox beynəlxalq təşkilatın təmsilçilərinin iştirak etməsi tədbirin mühüm əhəmiyyət daşıdığını təsdiqlədi.
Azərbaycan Respublikasının Milli Məclisi QİƏT PM çərçivəsində region ölkələri ilə əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsinə böyük əhəmiyyət verir. Təxminən 7 ay əvvəl Azərbaycan parlamenti quruma sədrliyi qəbul etmiş və bu missiyanı layiqincə yerinə yetirmişdir. Bu müddətdə təşkilatın fəaliyyəti daha da təkmilləşmiş, onun beynəlxalq nüfuzu bir qədər də yüksəlmişdir. Prezident İlham Əliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Viktor Tvirkun ilə görüşü zamanı region ölkələri arasında əlaqələrin genişləndirilməsində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının rolu vurğulanmışdır. Təşkilatın Parlament Məclisinin Baş Assambleyasının Bakıda keçirilən növbəti iclasında müzakirəyə çıxarılan məsələlərin əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunmuşdur.
Prezident İlham Əliyevin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 40-cı sessiyasının iştirakçılarına ünvanladığı müraciətdə deyilir: "Müasir dövrdə regional təşkilatlar dövlətlər arasında siyasi və iqtisadi əlaqələrin genişləndirilməsi, sülhün və təhlükəsizliyin qorunması, sabitliyin təmin olunması proseslərində getdikcə mühüm rol oynayırlar. İyirmi il öncə yaradılmış Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı keçən müddətdə bölgəmizdə əməkdaşlığın genişləndirilməsi məqsədi ilə müxtəlif təşəbbüslər irəli sürmüş və onların həyata keçirilməsi üçün ciddi səylər göstərmişdir. QİƏT və onun Parlament Məclisi ilə münasibətlərin inkişaf etdirilməsi Azərbaycan Respublikasının xarici siyasətinin vacib istiqamətlərdən birini təşkil etmiş və bu gün də etməkdədir. Biz bu qurumun region ölkələrinin ikitərəfli və çoxtərəfli əməkdaşlığının dərinləşdirilməsinə, ümumi problemlərimizin həllinin tapılmasına verdiyi töhfələri daim yüksək qiymətləndirmişik".
QİƏT üzvü olan dövlətlərin birgə səyi ilə həyata keçirilmiş və icra edilməkdə olan transmilli layihələr bölgəmizin dinamik inkişafı üçün əlverişli imkanlar yaratmışdır. Qara dəniz bölgəsinin mövcud potensialı və iqtisadi inkişafı getdikcə dünyanın diqqət mərkəzinə çevrilir. Təşkilatın İstanbul sammitinin yekun bəyannaməsində üzv dövlətlər üzərlərinə öhdəliklər götürmüşlər. Bu öhdəliklərə əsasən, region ölkələri arasında ticarət dövriyyəsinin artırılması, davamlı inkişaf strategiyasının hazırlanması, ekoloji problemlərin həlli, gender bərabərliyi, birgə nəqliyyat infrastruktur layihələrinin həyata keçirilməsi, təhsil və gənclər sahəsində investisiyaların yatırılması aiddir. Baş Assambleyanın 40-cı sessiyasının plenar iclasında ötən müddətdə görülmüş işlərə qiymət verilmiş və perspektiv istiqamətlər müəyyən edilmişdir.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QİƏT PM) Baş Assambleyasının 40-cı plenar sessiyası çərçivəsində III Qara Dəniz Ticarət və İnvestisiya Forumu, Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin 39-cu iclası da keçirilmişdir. Qara Dəniz Ticarət və İnvestisiya Forumunda ölkələrdən 400-dək iş adamı iştirak etmişdir. Baş Assambleyanın 40-cı plenar sessiyası çərçivəsində bu forumun keçirilməsinin əsas məqsədi quruma üzv olan 12 ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi olmuşdur.
Plenar iclasda prosedur məsələlərə də baxılmış, reqlamentdə dəyişikliklər edilmiş, QİƏT PA-nın yaranmasının 20-ci ildönümü ilə bağlı bəyannamə qəbul edilmişdir. QİƏT PA sədrinin müavinləri, QİƏT PA-nın baş katibinin inzibati və maliyyə məsələləri üzrə müavini seçilmiş, Assambleyanın 2013-cü il yaz sessiyasının tarixi və yeri müəyyən edilmişdir. Türkdilli Ölkələrin Parlament Assambleyasına müşahidəçi statusu verilmişdir. QİƏT PM-in 2013-cü ilin büdcəsi 1 milyon 100 min avro təsdiqlənmişdir. Eyni zamanda, büdcə-audit komissiyası seçilmiş, rotasiya qaydasında QİƏT PM-ə sədrlik Azərbaycandan Bolqarıstana keçmişdir.
Azərbaycanın regional əməkdaşlığa verdiyi töhfə nüfuzlu beynəlxalq qurumlar tərəfindən də təqdir olunmaqdadır. Azərbaycan ərazisindən keçən enerji dəhlizləri təkcə ölkəmizin deyil, eyni zamanda təşkilata üzv olan dövlətlərin də inkişafına öz müsbət təsirini göstərir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin işə düşməsi, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin reallaşması mövcud iqtisadi potensialımızı daha da artırmışdır. Əldə olunan nəticələr iqtisadi uğurlarımızın daha da artacağına əminlik yaradır.
Elnur HACALIYEV,
Azərbaycan.- 2012.- 5
dekabr.- S.2.