Ermənistanda vəziyyət gündən-günə ağırlaşır

 

Ölkəni tərk edənlərin sayı isə durmadan artır

 

 

Getdikcə daha böyük problemlər məngənəsinə yuvarlanan Ermənistanın tənəzzülü bir qədər də sürətli xarakter almaqda, ölkənin üzləşdiyi çətinliklərin miqyası davamlı şəkildə genişlənməkdədir. Bütün bunlar isə prezident seçkiləri ərəfəsində hakimiyyətdə olan indiki prezident Serj Sarkisyanın sayı sürətlə azalmaqda olan əhali arasında nüfuzunun daha da aşağı düşməsi ilə müşayiət olunmaqdadır. Aparılan son rəy sorğuları da Ermənistan əhalisinin Sarkisyanı yenidən dövlət başçısı postunda görmək istəmədiyini üzə çıxarır.

Bunu yaxşı bilən hakim komanda isə iki ay sonra keçiriləcək prezident seçkilərinin saxtalaşdırılması üçün genişmiqyaslı fəaliyyət planları hazırlayır. Buraya səslərin saxtalaşdırılmasından tutmuş seçki zamanı "karusel əməliyyatları"nın həyata keçirilməsi kimi ən müxtəlif metodlar aiddir. Bu səbəbdən əksər ekspertlər qarşıdakı prezident seçkilərində hansısa ciddi dəyişikliyin olacağına inanmırlar və onlar bədbin proqnozlarla çıxış etməkdədirlər.  Erməni ekspert Arutyun Mesropyan da etiraf edir ki, ölkəsində partiyaların siyasi fəaliyyəti konkret şəxslər ətrafında formalaşıb və bu sıraya hakim partiya da aiddir: "Ölkədə hər 5 ildən bir namizədlər, sanki olimpiya oyunlarında olduğu kimi, çempion titulu uğrunda mübarizə aparırlar. Reallıqda isə bu seçkilərin Ermənistanın gələcəyinə heç bir aidiyyəti yoxdur. Ermənistanın siyasi səhnəsi ölkəni idarə etmək qabiliyyətində olmayan uğursuzların qapalı klubuna çevrilib. Kimin prezident olmasından asılı olmayaraq, ölkədə miqrasiya axını, demoqrafikiqtisadi böhrandan xilas olmaq mümkün deyil".

Həqiqətən də, araşdırmalar göstərir ki, Ermənistanda iqtisadiyyatın ifrat mərkəzləşdirilməsi, bütün resursların hakimiyyətdəki ailə ilə oliqarxların əlində cəmləşməsi, vergilərin qarətə çevrilməsi nəticəsində Ermənistanda ağır bir situasiya formalaşıb. Bundan xilas olmaq üçün isə sadə vətəndaşlar xaricə qaçmağa üstünlük verirlər. Aparılan sorğulardan məlum olub ki, əhalinin 80 faizi yaşayış səviyyəsindən narazıdır. Respondentlərin 20 faizi ölkəni tərk etmək istədiyini bildirib.

ABŞ-ın bu ölkədəki konsulu Corc Lin Ermənistanı tərk etmək istəyən insanların sayının artdığını təsdiq edib. Onun sözlərinə görə, konsulluğa 2013-cü ildə Ermənistanı birdəfəlik tərk edib ABŞ-da yaşamaq istəyən 97 min 679 vətəndaş müraciət edib.

Belə bir vaxtda "Armenia Today" portalında yer alan xəbərdə qeyd olunur ki, Rusiyada yaşayan ermənilərin sayında daha 650 min nəfər artım müşahidə olunub. Araşdırmalar erməni əhalisinin Rusiyada artmasına səbəb kimi yüksək doğum göstəricilərinin deyil, məhz miqrasiya proseslərinin səbəb olduğunu göstərir.

Böyük Britaniyanın Ermənistanda uşaqlara yardım göstərən missiyasının rəhbəri Domitill Laqurq da vurğulayır ki, erməni xalqının ağır iqtisadi vəziyyəti həyəcan doğurur. Onun sözlərindən belə məlum olur  ki, ölkədəki ağır iqtisadi vəziyyət əhalinin əksəriyyətini dilənçi kökünə salıb: "Biz bir neçə il əvvəl ölkəni necə tərk etmişdiksə, qayıdarkən yoxsulluğun yenə əvvəlki illər kimi tüğyan etdiyinin şahidi olduq. Sosial imkanlardan əsər-əlamət yoxdur. Əməkhaqqının cüzi artırılması bazarlarda qiymətlərin dərhal yüksəlməsinə səbəb olub. Ermənistanda həyat çox ağırdır və bahalıqdır. Yerevanda bir ailəni ərzaqla təmin etmək üçün ayda 400 avro tələb olunduğu halda, ölkədə orta aylıq əməkhaqqı 200 avrodur. Bundan başqa, enerji və qazın qiymətləri həddindən artıq yüksəkdir. Ölkənin şimalındakı kəndlərdə nə içməli su, nə də qaz var. Bir sözlə, erməni xalqının ağır iqtisadi vəziyyəti həyəcan doğurur".

Ermənistan Statistika Komitəsinin hesablamalarına əsasən, son dövrlərdə bahalaşma daha çox ərzaq məhsullarında qeydə alınıb. Sarkisyan hakimiyyətinin isə  yaxın vaxtlarda sadalanan problemlərin öhdəsindən gələcəyinə heç bir inam yoxdur. Digər tərəfdən bu gün Ermənistanın problemi yalnız yoxsulluq və əhalinin ölkəni tərk etməsi ilə bitmir. Hökumətin qarşısında duran əsas vəzifələrdən biri xarici borcların qaytarılmasıdır. Artıq Ermənistanın xarici borcu ümumi daxili məhsul istehsalının 70 faizinə yaxınlaşır. Ölkənin isə bu borcları qaytarmaq imkanları yoxdur.

Belə bir vəziyyətdə isə Ermənistan cəmiyyətinin böyük bir hissəsi ölkədə sərt dəyişikliklərin baş verməsini arzulayır. Lakin Ermənistandakı siyasi həyat iki qütbə ayrılıb: bir tərəfdə status-kvoda maraqlı olan hakimiyyət, o biri tərəfdə isə mövcud vəziyyətin sistemli şəkildə dəyişdirilməsini arzulayan siyasi qüvvələr. Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın sözlərinə görə, böhrandan çıxış yolunu əngəlləyən bir neçə faktor var. Oskanyanın qənaətincə, əhalidə inamın, ümidin olmaması, vətəndaşların seçki proseslərinə inamsızlığı və siyasi qüvvələr arasında çaxnaşma, maraqların toqquşması arzuolunan nəticəni əldə etməyə imkan vermir.

Bu səbəbdən də qeyd olunduğu kimi, ermənilər daha çox xaricə üz tutmağa üstünlük verirlər. Ermənistan əhalisinin 36,7 faizi kəndlərdə, 63,3 faizi isə şəhərlərdə yaşayır. Yerlərdə həyat şəraitinin ağırlığı kəndlərin sürətlə boşalmasına səbəb olmaqdadır. Buna konkret misal olaraq ölkənin Lori vilayəti göstərilir. Rəsmi məlumata görə, 10 il ərzində 36 min 248 nəfər vilayəti tərk etməyə məcbur olub. Dövlət rəsmiləri getdikcə sürətlə azalmaqda olan əhalinin sayını artırmaq məqsədilə bol vədlər verir, insanları şirnikləndirir, xaricdə yaşayan soydaşlarını isə Ermənistana dəvət etmək üçün müxtəlif addımlar atırlar. Amma onların şirin vədlərinə uyan ermənilərin sayı demək olar ki, yox həddindədir. Bütün bunlar isə Ermənistanda vəziyyəti gündən-günə ağırlaşdırır və ölkənin   məhvini daha da sürətləndirir.

 

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2012.- 4 dekabr.- S.6.