Azərbaycan Dövlət Teleqraf Agentliyi ilə Yaponiyanın

JIJI PRESS informasiya agentliyi arasında əməkdaşlıq

 məsələləri müzakirə olunmuşdur

 

Dekabrın 1-də Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) baş direktoru Aslan Aslanovun Yaponiyanın JIJI PRESS informasiya agentliyinin baş redaktoru İsao Adaki ilə görüşündə bu iki agentlik arasında əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.

Tokionun "İmperial" otelində keçirilmiş görüşdə AzərTAc-ın baş direktoru 1920-ci ildə Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış agentliyin tarixi, fəaliyyəti və beynəlxalq əlaqələri barədə ətraflı məlumat vermişdir.

O, AzərTAc ilə JIJI PRESS arasında əməkdaşlıq əlaqələrinin yaradılmasının vacibliyini vurğulamış, bunun hər iki agentliyin fəaliyyətinə müsbət təsir göstərəcəyini qeyd etmişdir. JIJI PRESS-in müasir texnologiyaların tətbiqi, multimedia və videoxəbər yayımı sahəsində təcrübəsinin AzərTAc üçün maraqlı olduğu bildirilmişdir. Vurğulanmışdır ki, AzərTAc Azərbaycan haqqında həqiqətlərin Yaponiyanın bu agentliyi vasitəsilə yayılmasına, ölkəmizin uğurlarının təbliği məqsədi ilə JIJI PRESS-in imkanlarından istifadəyə mühüm əhəmiyyət verir.

AzərTAc ilə JIJI PRESS arasında əməkdaşlığın, informasiya mübadiləsinin vacibliyi fikrini dəstəklədiyini deyən İsao Adaki təmsil etdiyi agentliyin AzərTAc ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirmişdir. Qeyd etmişdir ki, JIJI PRESS son illər sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrilmiş Azərbaycanın milli informasiya agentliyinin fəaliyyətini diqqətlə izləyir və AzərTAc ilə əməkdaşlıqda maraqlıdır.

Görüşdə AzərTAc ilə JIJI PRESS arasında əməkdaşlığın yaradılmasını nəzərdə tutan Saziş layihəsinin maddələri müzakirə edilmiş, irəli sürülmüş yeni təkliflər nəzərə alınaraq sənədin hər iki agentliyin ekspertləri tərəfindən yenidən işlənməsi barədə razılıq əldə olunmuşdur. Qeyd edilmişdir ki, agentliklər arasında əlaqələrin qurulması Azərbaycan ilə Yaponiya arasında informasiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsində mühüm rol oynayacaqdır.

 

 

Vüqar AĞAYEV,

AzərTAc-ın xüsusi müxbiri

Tokio

Azərbaycan.-2012.- 4 dekabr.- S.7.